Modern.az

Azərbaycan hansı hicab formasına üstünlük verməlidir? –“Qızlar 9 yaşında başını bağlamalıdır”

Azərbaycan hansı hicab formasına üstünlük verməlidir? –“Qızlar 9 yaşında başını bağlamalıdır”

Hadisə

24 İyul 2018, 14:49

“Dini əhaliyə tanıtmalıyıq. Yaşı 14-dən az olan qızların hicab geyinməyinə yol vermək olmaz. Azərbaycanın tanıdığı bir neçə hicab forması olmalıdır. Ölkəyə gələn turist özünün istədiyi hicab formasını geyinə bilər. Lakin  vətəndaşlar üçün bir qayda olmalıdır. Türkiyə, İran və Ərəb ölkələrində geyinilən, insanlarda xof yaradan hicab formasının ölkəmizdə geyinilməsinə icazə verilməməlidir. Cəhalətə yol veriləcək məqamlardan əhalini uzaqlaşdırmalıyıq”.

Bunu ötən gün  deputat Fazil Mustafa “Media: dini radikalizmlə mübarizə” adlı konfransda çıxışı zamanı deyib.

Maraqlıdır, ölkədə hicab forması  necə olmalıdır? 

 

Mövzu ilə bağlı  Quranı tərcümə edən alim, sənətşünaslıq üzrə elmlər doktoru Sabirə Dünyamalıyeva Modern.az saytına danışıb.

  

“Ölkə internat deyil ki, məcburi uniforma geydirəsən. Kim necə istəyir, geyinsin”- deyə bildirib:

“Quranda buyurulur: “Mömin xanımlara de ki, evdən çıxanda üzərlərinə üst geyimi geysinlər”. Bu geyimin adının örtük, örpək ya da hicab olması ilə bağlı bir söz yoxdur. Ərəb ölkəsini təsəvvür edin. Ərəbistan çox isti yerdir, orada evdə geyinildiyi kimi çölə çıxmaq düz sayılmaz.

Quranda buyurulur ki, qadınlar örtüklərinin uclarını sinələrinin üstünə çəkməlidir. Burada sinə vurğulandığına görə, deməli sinə örtünməlidir. Qadının saçının tükünün görünməsinə gəlincə. Bununla bağlı qadağa yəhudilikdə olub ki, qadının saçının tükü görünməməlidir. Yəhudi dindar qadınlar evlənən kimi, saçlarına parik taxırlar ki, tükləri görünməsin. Xristianlıqda isə azad qadınlar, yəni ailə qadınları, bir də çox üzr istəyirəm, digər olan qadınlar olub.

Əmr belədir: həmin ailə qadınları saçlarını açsalar cəzalanacaqlar. İkincilər isə örtsələr cəzalanacaqlar. Bu onun üçündür ki, cəmiyyət baxan kimi, o qadınlar arasında fərqi görsün. Tanısınlar ki, buna söz demək olar, o birilərinə yox. İslamda buyurulan əmr isə sinənin üstünün örtülməsidir”.

 

“Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül düşünür ki, hicab formasına ehtiyac yoxdur:

 

“Bizim xanımlarımız təzə hicab bağlamağa başlamayıb ki, onlara bağlamaq formasını öyrədək. Ana-bacılarımız  qədimdən hicab bağlayıblar və bunun yollarını da çox gözəl bilirlər. Ümumiyyətlə çarşabın öz yeri var, başqa hicab formasının öz yeri..

Bizim vahid hicab formamız var. Axı İslamı təzə qəbul etməmişik... Türklərin, farsların, ərəblərin öz forması, bizim də özümüzəməxsus formamız mövcuddur. Ərəblər  ya da farslarla bizimki düz gəlmir”.

Hacı Əbdül qeyd edib ki, qızlar nə qədər tez hicab bağlasa, bir o qədər yaxşıdır:

“Mənim də həyat  yoldaşım, hətta  balaca qızlarım hicab bağlayır. Qızlar  9 yaşından hicab bağlamalıdır. 14 yaş məsələsi yanlışdır. Nə qədər vaxtından qabaq bağlansa, bir o qədər məqsədəuyğundur”. 

 

İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deputatın fikirləri ilə razılaşdığını deyib:

 

“Müqəddəs Quran kitabında Hicab ayəsi var, buna əsasən, müsəlman qadın hicablı olmalıdır. Lakin  biz digər ölkələrdən də fərqlənməliyik. Bu gün bir çox aydınlar düşünür ki,  ölkəmizdə ümumiyyətlə dini model fərqli olsa, yaxşıdır. Çünki  Azərbaycanın mədəniyyəti digər ölkələrlə  müqayisədə tamamilə başqadır. Hicab  məsələsində də qədimdən gələn, gözəl geyim formalarımız mövcuddur.  Məsələn, qadın başına sadəcə kəlağayı örtməklə kifayətlənir. Bu baxımdan deputat Fazil Mustafanın fikrləri ilə razıyam”. 

İlahiyyatçı bildirib ki, əksər  müsəlmanlar hicabı birmənalı qarşılamırlar:

“Qadınlar özləri də qapanmaq istəmirlər. Cəmiyyət buna hazır olmadığı üçün hazırda vahid hicab formasının tətbiqi mümkün  deyil. 

Dinimizdə buyurulub ki, qadınlar örtüklərinin uclarını sinələrinin üstünə çəkməlidir. Lakin konkret hicab forması qeyd edilməyib. Bunu artıq  cəmiyyətin özü formalaşdırır.  Məsələn, ərəb mədəniyyətində ancaq gözlər görünür, yaxud türklərdə ayrıdır.  Konkret forma tətbiq olunsa belə, heç kəs buna tabe olan deyil. İnsanlar məktəbli deyil ki...

Ümumiyyətlə cəmiyyətə hansı hicab formasının təklif olunacağı da məlum deyil. Nə vaxtsa ilahiyyatçıların bu barədə fikirləri müzakirə olunmalıdır. İnsanın yaşadığı cəmiyyətə uyğun forma olmalı və qəbul edilməlidir.  Lakin  heç kimi hicab örtməyə məcbur etmək olmaz”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü