Modern.az

Yalançı elmə qarşı mübarizə komissiyası Harun Yahyanın “elmini” araşdıra bilmir - Rəsədxana direktorundan AÇIQLAMA

Yalançı elmə qarşı mübarizə komissiyası Harun Yahyanın “elmini” araşdıra bilmir - Rəsədxana direktorundan AÇIQLAMA

Reportaj

27 İyul 2018, 14:14

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 7 dekabr 2016-cı il tarixli  qərarına əsasən, Yalançı elmə qarşı mübarizə üzrə Komissiya yaradılıb. Komissiyanın yaradılmasında məqsəd yalançı elmi iddiaların əsl mahiyyətini şərh etmək və ictimaiyyətə çatdırmaq, həmçinin yalançı elmə qarşı mübarizə üçün maarifləndirmə tədbirləri həyata keçirməkdir. Lakin komissiyanın hər hansı fəaliyyəti gözə çarpmır.

Yəni həqiqətən də Azərbaycanda “yalançı elm”  yoxdur?

 

Yalançı elmə qarşı mübarizə üzrə Komissiyanın üzvü, AMEA-ın NəsrəddinTusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru  Namiq Cəlilov Modern.az saytına deyib ki, quruma gün ərzində bir dənə şikayət  daxil olmur:

 

“Deyəsən Yalançı elmə qarşı mübarizə üzrə Komissiya yaranandan sonra belə şeylər aradan çıxıb. Amma əvvəllər yalançı elmlərlə bağlı kifayət qədər şikayətlər olurdu. Komissiyanın sədri Dilqəm Tağıyevlə həmsöhbət olan zaman da qeyd etmişdim ki, nəsə bu istiqamətdə sakitlik müşahidə edilir. Maraqlıdır, komissiya yaradılandan sonra bircə dənə də fakt, müraciət olmayıb ki, oturaq müzakirə edək. Komissiyanın üstün cəhəti odur ki, belə şeylər yavaş-yavaş sıxışdırılıb aradan çıxarılır. Bilirsiniz, hər bir neqativə qarşı mübarizə açıq olmalıdır. İnsanlar bilməlidir ki, yalançı elmlərə qarşı bir qüvvə var”.

 

Artıq neçə gündür, Türkiyə mətbuatının əsas manşet xəbərləri “hoca” ləqəbli Adnan Oktarın (Harun Yahya) həbsi, ortaya çıxan dəhşətli, iyrənc faktlarla bağlıdır. Türkiyə polisinin keçirdiyi əməliyyat zamanı həbs edilən “hoca” və onun cinayətkar şəbəkəsi ilə bağlı ortaya çıxan məlumatlar, şahidlərin açıqlamaları, etirafları gündəmi silkələməkdə davam edir. Bundan əvvəl də Adnan Oktar İslam dinini gözdən salan, yalançı ilahiyyatçı, əsl mason, İsrail agenti kimi tanınırdı.

Digər tərəfdən Azərbaycanda da Adnan Oktarın tərəfdarları var və kitablar, disklər vasitəsilə onun  ideyaları yayılırdı.

Həmçinin, Adnan Oktarın kitabları, ideyaları elmi həqiqət kimi ictimaiyyətə çatdırılırdı.

Maraqlıdır, Yalançı elmə qarşı mübarizə üzrə Komissiya Adnan Oktarın elmi ideya kimi təqdim olunan fikirlərini araşdırırmı?

N.Cəlilov bu haqda danışarkən deyib ki, dinlə bağlı olanlar məsələlər bir qədər ağırdır:

 

“Quran ayələrində dini, elmi faktlar həddindən artıq çoxdur. Amma yanaşmalar  müxtəlifdir.  Azərbaycanda bu məsələlərin araşdırılması üçün ayrıca qrup, institut yaradılmalıdır. Məsələn, Quranda elmə məlum olmayan şeylər üzə çıxarılmalıdır. Çünki Quran  əvvəlki sivilizasiyadan ötürülmüş  bilgilər sıxlığıdır. Bu, İslam dininə aiddir. Qaldı ki, digər dinlər, orda da buna oxşar şeylər mövcuddur. Bu baxımdan biz Adnan Oktarla bağlı məsələni birbaşa araşdıra bilmərik. Öncə bunun üçün müraciətlər də daxil olmalıdır. Digər tərəfdən elmin təsdiq etdiyi şeylər sonradan məlum olur. Lakin elmin əleyhinə olan, əksinə gedən, heç bir fakta söykənməyən iddialar da orda çoxdur.  Bu, böyük bir sahədir. “Elm və din” adında qurum yaradılmalıdır. Mən bu təkliflə bir neçə dəfə çıxış etmişəm, bəyənilib, ancaq real addımlar atılmayıb”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!