Modern.az

“Caspian NavTel” şirkəti məni necə ziyana saldı...

“Caspian NavTel” şirkəti məni necə ziyana saldı...

22 Sentyabr 2011, 16:23

Dostum Rəhim sürücülük məktəbini uğurla bitirən kimi özünə təptəzə ağ rəngli “07” Jiquli aldı. Məndən xahiş etdi ki, ona yollarda bələdçilik edim, çünki özü Bakı yollarını yaxşı tanımırdı.

Mən də 7-8 il bundan əvvəlki sürücülük təcrübəmə güvənib dostuma kömək etmək qərarına gəldim. Ancaq işin tərsliyindən hara gedirdiksə ya tıxaca düşürdük, ya da azıb getdiyimiz yeri tapa bilmirdik.  Saatlarla ilişib qalırdıq yollarda.

Hiss edirdim ki, Rəhim mənim bələdçiliyimdən razı qalmır. Axırı ona dedim:

– Dostum, bilirsən nə var, mənim əvvəllər maşınım olanda yollar belə qarmaqarışıq deyildi...İndi nəqliyyat yollarının çoxu dəyişdirilib, yeni yollar, körpülər salınıb... bu dəyişikliklərdən mən baş çıxarda bilmirəm. Yaxşı budur sən özünə başqa bələdçi tapasan!

Rəhim inciyən kimi oldu. Bir söz demədi. O gündən xeyli müddət gözə dəymədi. Nəhayət üç-dörd həftədən sonra gəldi. Xoş-beşdən sonra dedi ki, “çoxdandır görüşmürük, hazırlaş gedək Mərdəkana havamızı dəyişək. Axşam da qalarıq bizim bağda”.

Dedim:

 – Əşşi, Mərdəkana beş saata gedib çatarıq. O yolda o qədər qarışıqlıq olur ki...

Rəhim bic-bic gülümsəyib dedi ki, “mən səni ora uzağı yarım saata çatdıracağam”.

Dedim:

 – Bu mümkün deyil!

– Gəl mərc gələk. Uduzan Mərdəkanda yaxşı qonaqlıq verər! – deyə dostum əlini uzatdı.

Razılaşdım. Mərc kəsdik. Oturduq maşına. Maşında  dostum təzə aldığı mobil telefonu da göstərdi:

– Əla telefondur, əsl kompüterdir. Bulutuzu da var, keçirdirsən qulağına gələn zəngləri qəbul edib cavablandıra bilirsən, musiqiyə qulaq asırsan, səsli mesajları eşidirsən, – deyə dostum bulutuzu keçirdi qulağına.

 Düşdük yola. “Dərnəgül yoluna” çatanda Rəhim dedi ki, gərək köməkçi yolla gedək.

– Bu geniş yolla niyə sürmürsən ki? – soruşdum.

– Qabaqda tıxac var!

– Hardan bilirsən?

– Bəs bilmirsən, qaqana vergi verilib,  Bakı yollarında nə baş verir, hamısını gün kimi aydın görürəm, - deyə Rəhim qımışdı.

– Əşşi, məzələnmə görək.., geniş yolla sür yolumuzu rahat gedək! – deyə az qaldı hövsələdən çıxam.

– “Brat”, bu yolda qabaqda tıxac əmələ gəlib...inanmırsansa gəl mərc gələk! – deyə dostum yenə əlini uzatdı.

Qeyri-ixtiyari razılaşdım. Bu dəfə də şəhərdə bir yaxşı yeyib-içmək verməkdən mərcləşdik.

– Ancaq, köməkçi yolla gedək ki, tıxaca düşməyək, yoxsa birinci mərci uduzaram ha!... – deyə Rəhim maşını köməkçi yola çıxartdı.

Rəhim özünü çox inamlı aparırdı. Ürəyimdə fikirləşdim ki, burda nə isə düz deyil.

Fikir verirdim, dostum maşın sürə-sürə tez-tez telefonunu açıb baxır, qulağındakı bulutuzla da nəyəsə qulaq asırdı.

Bir az getmişdik ki, Rəhim sevincək qışqırdı:

– Odey bax...görürsən...sənə dedim axı, tıxac var!

Geniş yolda tıxac görəndə gözüm çıxdı kəlləmə. Başa düşdüm ki, ikinci mərci uduzdum. Ürəyimə damdı ki, birinci mərci də uduzacam.

Rəhim yol boyu bir iki dəfə də münəccimlik edərək qabaqda nə olacağı barədə proqnozlar verdi. Gah dedi filan yerdə yenə tıxac var, filan yerdə işıqforlar işləmir, filan yerdə radar qoyulub və s.. Hər dəfə də məni mərcə dəvət edirdi. Ancaq qorxumdan razılaşmırdım. Elə düz də edirdim. Çünki yol boyu dostumun verdiyi proqnozların düz çıxdığına şahid olurdum.

Mərdəkana yarım saatdan da tez gəlib çatdıq. Anladım ki, birinci mərci də uduzdum. Amma, uduzmağım bir yana, məni heyrət o qədər bürümüşdü ki, yapışdım dostumun yaxasından ki, tez elə nə baş verdiyini mənə izah et!

– Bir qonaqlıq da versən hər şeyi sənə izah edərəm! – deyə dostum fürsətdən istifadə etdi.

Dedim:

– İslanmışın yağışdan nə qorxusu, mən razı, di tez de görüm!

– Qardaş, bəs, sənin xəbərin yoxdur?...İndi sürücülərə ən yaxşı bələdçiliyi “Caspian NavTel” şirkəti edir, – Rəhim gülə-gülə dedi.

– Yox, o necə olur elə?

– Bax, qərdeşim, mən verdiyim proqnozların hamısını bu telefonla almışam, – dostum əlindəki telefonu göstərib dedi:

– Necə?

– Çox sadəcə...telefonla “Caspian NavTel”-in naviqasiya xidmətinə qoşulmuşam.

– Necə qoşulmusan?

– Bunun üçün telefona xüsusi proqram təminatını yükləyirsən. Olduğun yer, eləcədə  ətrafdakı bütün obyektlər, məntəqələr elektron kartaya düşür, – deyə dostum telefonun ekranında əks olunan xəritəni göstərdi - sonra gedəcəyin yeri proqramda göstərməklə həmin nöqtəyə qədər ən optimal yolu asanlıqla seçirsən. Bundan əlavə ətraf yollar barədə, tıxaclar, təmir və ya digər səbəblərdən bağlanmış yollar, radarlar, evakuatorların gəzdiyi küçələr barədə məlumatlar birbaşa mobil telefona göndərilir. Naviqatorlarda 60.000-dən artıq obyekt haqda gündən-günə yeniləşən məlumatlar olur, – deyə qələbədən ruhlanmış dostum böyük həvəslə mənə “Caspian NavTel”-in naviqasiya xidmətləri barədə geniş məlumat verdi.

Dedim:

– Ay səni, demək yolda ona görə bulutuzu qulağına keçirib, tez-tez telefonuna baxırmışsan.

– Bax, indi düz tapdın!...İndi de görüm hansı restorana gedək. Yaman acmışam! İstəyirsən ən yaxın restoranın adını, yerini, ora necə getməyi xəritəyə baxım öyrənim sənin üçün?  – deyə dostum telefonunu açdı - aha, birini tapdım.., yanında da stoyankası var.., maşını da qoyaram qalar gecə orda. “Caspian NavTel”in sağlığına mütləq yüz-yüz vurarmalıyıq! – deyə dostum böyük iştaha ilə qarnını sığalladı.

Dedim:

– Rəhim, yaxşı tovladın məni. “Caspian NavTel” sənə həm bələdçilik etdi, həm də yeyib-içmək qazandırdı. Əvəzində isə məni ziyana saldı...  

– Dostum, indiki dövrdə informasiya ən qiymətli resursdur Allah qoysa, maşın alanda, sən də “Caspian NavTel”-in naviqasiya xidmətinə qoşularsan, yüz qat xeyrin görərsən! – deyə Rəhim mənə təskinlik verməyə başladı...

Qeyd: Hekayə “Caspian NavTel” şirkətinin elan etdiyi “Mən yolumu tanıyıram” adlı yazı müsabiqəsinə təqdim edilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi