Modern.az

Deputat Kamilə Əliyeva: “Milli Məclisdə istək deyil, proseduraya önəm verilir”

Deputat Kamilə Əliyeva: “Milli Məclisdə istək deyil, proseduraya önəm verilir”

Müsahibə

5 Oktyabr 2011, 10:35

Modern.az birinci dəfə deputat seçilmiş şəxslərin qanunvericilik prosesində iştirakını, bu prosesdə nəyə üstünlük verdiklərini öyrənmək üçün onlara konkret suallarla müraciət edir. Qeyd edək ki, deputatlar Elxan Süleymanov, Ceyhun Osmanlı, Sevinc Fətəliyeva və Etibar Hüseynovun fikirləri artıq saytımız vasitəsilə oxuculara təqdim olunub. Budəfəki müsahibimiz 111 saylı  Zaqatala-Balakən seçki dairəsinin deputatı, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyevadır.

- Kamilə xanım, sizcə cəmiyyət üçün Azərbaycanda aparılan islahatların hansı sahəsi daha vacibdir?

- Hesab edirəm ki, bütün islahatlar vacibdi. Ancaq mənim nöqtəyi nəzərimcə ən vacib sosial-iqtisadi islahatların aparılmasıdır. Çünki bu, birbaşa insanların yaşam məsələsi ilə bağlıdır.

- Belədə maraqlı bir sual ortaya çıxır. Milli Məclisin üzv kimi daha çox nəyə diqqət yetirirsiniz, qanunvericilik prosesinə, yoxsa seçicilərlə işə?

- Bunlardan birini digərindən nə önə çıxarmaq, nə da arxa plana qoymaq istəməzdim. Çünki həm qanunvericilik prosesi vacibdir, həm də seçicilərlə iş. Bunlar biri-birilə 50-50-yə təşkil edirlər. Mən deməzdim hansına daha çox üstunluk verirəm.

- Sizin ücün Milli Məclisdə qanunvericilik prosesində komitələrdə işləmək maraqlıdır, yoxsa plenar iclaslarda iştirak etmək?

- Əlbətdə mənim üçün komitələrdə işləmək daha maraqlıdır. Komitlərdə daha çox deputatın sahəsinə uyğun məsələlərə baxılır. Özümün üzv olduğum  Elm və təhsil komitəsi də mənim sahəmlə bağlı olduğu üçün daha maraqlıdır. Bir qədər də konkretləşdirsək, komitələr təmayülləşmiş yerdir, plenar iclas isə ümumu müzakirələr yeridir.

- Bəs, vətəndaşlarla işdə ən vacib məsələ nədir?

- Ən vacib məsələ odur ki, onların problemlərin həllinə çalışasan. Vətəndaşları əsasən nə maraqlandırır? Onların problemləri, qarşılaşdıqları çətinliklər nədir? Problemləri həll etmək üçün bütün lazımı addımlar atılmalıdır. Əgən onlar mənə etimad göstərib, məni seçiblərsə mənim üçün də ən vacibi onların etimadını doğrultmaq, onların problemlərini həll etməkdir.

- Seçicilərinizin problemlərini həm də qəbul etdiyiniz qanunlarla həll edirsiniz. Necə hesab edirsiniz, Milli Məclisdə qanun layihələrinin müzakirəsi zamanı ictimai dinləmələrin keçirilməsi lazımdırmı?

- Əlbəttə lazımdır. Hər bir millət vəkili xalq tərəfindən seçilib. Onsuz da hər bir bölgədən xalq tərəfindən bir nümayəndə seçilib. Biz də xalqın içərisində oluruq, onlarla ünsiyyətdə oluruq, onların problemlərini öyrənirik və həmin problemləri, məsələləri gətirib Milli Məclisdə səsləndiririk. Ona görə də mən  ictimai dinləmələrə  çox önəm verirəm. Onsuz da hər bir millət vəkili seçiciləri ilə görüşür, onlarla ünsiyyətdə olur və onların həmin problemlərini iclaslarda üzə çıxarır.

- Maraqlı və özünüzə məxsus məntiqiniz var. Sizcə, qanun layihələrinin müzakirələri harada keçirilməlidir-komitələrdə, yoxsa plenar iclasda?

- Onsuz da qanun layihələrinin ilkin müzakirəsi müvafiq komitədə keçirilir, ondan sonra plenar iclasa çıxarılır. Birdən-birə hər hansı bir məsələ plenar iclasa çıxarılmır. Bu, bir prosedurdur. Artıq burada istək deyil, proseduraya önəm verilir.

- Deputat olaraq tədqiqat mərkəzləri və QHT-lər tərəfindən verilmiş təkliflər əsasında qanun layihələrinin hazırlanmasını səmərəli hesab edirsinizmi? Bu məqamda ictimai təklifləri necə dəyərləndirisiniz?

- Təbii ki, belə təşəbbüslərin hamisini dəstəkləmək düzgün olmazdı. Ancaq istər tədqiqat mərkəzləri, istərsə də QHT-lər tərəfindən arzuolunan təkliflər olunarsa, yəni ağıllı, savadlı bir təklif olarsa, niyə də səmərəli istifadə olunasın. Bunu mən əslində normal hesab edirəm.

- Köməkçiniz sizə işinizdə necə kömək edir. Ümumiyyətlə, deputat köməkçilərində vacib bacarıqlar hansılar olmalıdır?

- Mənə elə gəlir ki, deputat köməkçisi öncə çox savadlı və çevik  olmalıdır. Ən əsası odur ki, savadlı olmalıdır. İşi apara bilsin və ikinci növbədə çevik, operativ  olmalıdır. Mən deputat köməkçisində bu əsas xüsusiyətlərin olmasını istəyirəm. Qaldı özümün köməkçimə, mən ondan razıyam.

- Seçicilərlə ünsiyyətdə hansı formalardan daha çox istifadə edirsiniz? Köməkçinizin bu məqamda rolu nədən ibarətdir?

- Nadir hallarda olur ki, mənim köməkçim kimisə qəbul eləsin. Mən əsas önəmi canlı ünsiyyətə verirəm. Seçicilərimlə görüşmək üçün  Balakənə, Zaqatalaya gedirəm, yaxud da  seçicilərim Bakıdadırsa, onları Bakıda qəbul edirəm. Yayda mən dincəlməyə getməmişdən əvvəl 2-3 nəfər zəng vurdu ki, sizinlə şəxsən görüşmək istəyirik. Dedim buyun gəlin. Onları qəbul elədim Milli Məclisin qəbul şöbəsində. Mən şəxsən canlı ünsiyyətə üstünlük verirəm. 

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır