Modern.az

Prezident nazirlərə korrupsiya ilə mübarizənin vacibliyini xatırlatdı

Prezident nazirlərə korrupsiya ilə mübarizənin vacibliyini xatırlatdı

Ölkə

24 Oktyabr 2011, 19:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 24-də Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib. Dövlət başçısı iclası giriş nitqi ilə açaraq 2011-ci ilin ölkə iqtisadiyyatının inkişafı üçün uğurlu olduğunu, respublika qarşısında duran əsas sosial-iqtisadi məsələlərin həllini tapdığını bildirib, bunu rəqəmlərlə izah edib. Prezident İlham Əliyev ölkədə güclü sənaye potensialının yaradılması vəzifəsinin də uğurla həyata keçirildiyini, istehsal müəssisələrinin fəaliyyətinin gücləndirildiyini deyib. Dövlətin özəl sektorun inkişafına diqqətinin bu ilin doqquz ayında da davam etdiyini deyən Prezident İlham Əliyev kənd təsərrüfatı sahəsində də ciddi nailiyyətlərin əldə olunduğunu, gələn il bu sahədə böyük proqramların icra ediləcəyini bildirib. Qeyd olundu ki, bu ilin doqquz ayında kənd təsərrüfatı istehsalı 7,6 faiz artıb. Azərbaycanın valyuta ehtiyatları 11 milyard dollar artaraq 40 milyard dolları keçib.

Aztəminatlı təbəqənin sosial cəhətdən daha yaxşı müdafiəsi üçün ciddi addımların atıldığını deyən dövlət başçısı bildirib ki, ünvanlı sosial yardım proqramının icrası 113 min ailəni əhatə edir, bu təbəqədən olan hər ailəyə orta hesabla 130 dollar yardım verilir. Azərbaycanda həyata keçirilən son pensiya artımının uğurla icra olunduğunu vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, ölkədə işsizliyin aradan qaldırılması ilə bağlı böyük işlər görülüb. Hazırda işsizliyin səviyyəsi 5,5 faizdir. Bu il regionlarda uğurlu investisiya layihələrinin icra edildiyini, yeni iş yerlərinin açılması ilə bağlı əlavə tədbirlərin görüldüyünü deyən dövlət başçısı bildirib ki, son doqquz ayda ölkədə 74 min yeni iş yeri açılıb ki, onlardan 50 mini daimidir. Bununla da son səkkiz ildə Azərbaycanda açılan iş yerlərinin sayı 950 minə çatıb.   Prezident İlham Əliyev onu da deyib ki, paytaxt qəsəbələrinin inkişafı ilə bağlı proqramın icrası davam etdirilir, abadlıq-quruculuq işləri aparılır, infrastruktur yenilənir, məşğulluq problemləri həll olunur. Dövlət başçısı ölkə üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub və bu məsələdə hələ ki, ciddi nəticəyə nail olunmadığını bildirib. Prezident İlham Əliyev ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzunu Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması ilə bağlı keçirilən səsvermənin də təsdiqlədiyini vurğulayıb. Dövlət başçısı bu məsələ ilə bağlı Ermənistanın da namizədliyini irəli sürdüyünü, amma Azərbaycan ilə rəqabət apara bilməyəcəyini anlayaraq geri çəkildiyini xatırladıb. Prezident İlham Əliyev BMT-də 113 ölkənin Azərbaycana dəstək verməsini müstəqilliyimizin 20 ili ərzində qazandığımız nüfuzun məntiqi nəticəsi kimi xarakterizə edib. Sonra maliyyə naziri Samir Şərifov, kənd təsərrüfatı naziri İsmət Abasov və nəqliyyat naziri Ziya Məmmədov bu ilin doqquz ayında sosial-iqtisadi inkişafla bağlı həyata keçirilən tədbirlərdən danışıblar. Prezident İlham Əliyev yekun çıxışında ilin sonuna qədər nəzərdə tutulan proqramların icra edilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, ilin sonunadək makroiqtisadi sabitlik qorunub saxlanılacaq.

Prezident İlham Əliyev yeni hədəf də müəyyənləşdirib. Dövlət başçısı qeyd edib ki, növbəti 10 ildə Azərbaycanda ÜDM ən azı iki dəfə artmalıdır. Ərzaq təhlükəsizliyinin, kənd təsərrüfatının inkişafının, mövcud bazarlara daha böyük həcmdə məhsulların ixrac edilməsinin, yeni emal müəssislərinin yaradılmasının, sahibkarlığın inkişafının və xaricə investisiyaların qoyulmasının əhəmiyyətindən danışan Azərbaycan Prezidenti korrupsiya ilə mübarizənin daha da gücləndirilməsinin vacibliyinə toxunub. “Bu il korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə çox ciddi addımlar atılmışdır, ciddi tədbirlər görülmüşdür. Bu mövzu daim diqqət mərkəzindədir. Sadəcə olaraq, ölkənin iqtisadi inkişafı ilə bağlı bu məsələyə daha da ciddi diqqət göstərilməlidir. Çünki iqtisadiyyat, dövlət xərcləri artır. Biz şəffaflığı tam şəkildə təmin etməliyik. Bizim bütün sistemimiz, maliyyə sistemimiz şəffaf olmalıdır. İnfrastruktur layihələri ilə bağlı bütün sistemimiz şəffaf olmalıdır. Elə etməliyik ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da təsirli olsun. Deyə bilərəm ki, bu il ərzində çox ciddi nailiyyətlər əldə edilmişdir. Bu sahədə çox ciddi irəliləyiş vardır. Ancaq yenə də bu irəliləyiş bizi tam qane edə bilməz, bu məsələ daim diqqət mərkəzində olmalıdır. Mən ilin əvvəlində bu məsələ ilə bağlı fikirlərimi bildirəndə demişəm ki, bu, kampaniya deyil, bu, şüurlu seçimimizdir. Bütün qurumlar bu məsələ ilə bağlı öz fəaliyyətində daim islahatlar aparmalıdırlar. Biz burada siyasətimizi bir neçə istiqamət üzrə aparmalıyıq. Əlbəttə ki, inzibati tədbirlər görülür və görüləcəkdir. Cəza tədbirləri görülür və görüləcəkdir. Əfsuslar olsun ki, cəza tədbirləri olmadan bu bəla ilə bağlı mübarizə yarımçıq qala bilər. Eyni zamanda, institusional tədbirlər də görülməlidir. Sistem xarakterli tədbirlər görülməlidir və görülür. Bax, elektron hökumətə keçidimizin səbəblərindən biri də məhz rüşvətxorluq, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsidir. Bu məsələ ilə bağlı kompleks tədbirlərin görülməsi davam etdiriləcək və yenə də deyirəm ki, biz burada bütün alətlərdən istifadə etməliyik”. Dövlət başçısı informasiya-kommunikasiya texnologiyalarının və neft-qaz sektorunun inkişafı ilə bağlı tədbirlərin davam etdiriləcəyini, “Abşeron” yatağının kəşf olunması ilə Azərbaycanın qaz ehtiyatlarının artıq 2,6 trilyon kubmetrə çatdığını bildirib.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir