Modern.az

İlham Əliyev: "Ermənistandakı hərbi paradda əsgər kimi addımlayan keşişlərin iştirakı tarixdə yenilikdir"

İlham Əliyev: "Ermənistandakı hərbi paradda əsgər kimi addımlayan keşişlərin iştirakı tarixdə yenilikdir"

Ölkə

25 Oktyabr 2011, 09:54

Oktyabrın 24-də Nazirlər Kabinetinin iclasında çıxış edən Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi barədə bir sıra məqamalara da toxunub. Dövlət başçısı problemlə bağlı bildirib:

- Bizim üçün ən ağır olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində əfsuslar olsun ki, heç bir irəliləyiş yoxdur. Mən bu məsələ ilə bağlı ictimaiyyətə kifayət qədər geniş məlumatlar çatdırmışam. Müstəqilliyimizin 20 illik yubiley tədbirində də kifayət qədər geniş məlumat vermişəm, bəlkə də təkrara ehtiyac yoxdur. Sadəcə demək istəyirəm ki, Azərbaycanın prinsipial mövqeyi var, bu mövqe həm tarixi həqiqətə, həm beynəlxalq hüquq normalarına əsaslanır. Biz bu mövqedən kənara bir addım atmayacağıq. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıb və olmayacaqdır. Çalışacağıq ki, bütün imkanlardan istifadə edib ərazi bütövlüyümüzü bərpa edək. Yenə də deyirəm, nəticə olmasa da son aylar ərzində beynəlxalq vasitəçilər tərəfindən səslənən fikirlər müəyyən ümidlər verir, xüsusilə status-kvonun qəbul edilməməsi ilə bağlı. Yəni, status-kvo qəbul edilə bilməz, dəyişdirilməlidir, münaqişə dondurulmuş münaqişə deyil və status-kvonun dəyişdirilməsi təbii ki, işğal edilmiş torpaqlardan işğalçı qüvvələrin çıxarılmasını tələb edir və münaqişənin həlli yolları məhz bundan keçir. İşğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Beynəlxalq hüquq normaları hər bir məsələnin həlli üçün əsas olmalıdır, xüsusilə münaqişələrlə bağlı olan məsələlərdə. Biz çalışacağıq ki, bütün imkanlardan istifadə edib bu məsələni tezliklə, ədalətli, öz xeyrimizə - yəni beynəlxalq hüquq normaları əsasında həll edək. Bununla bərabər, təbii ki, bu gün dediyim bütün bu rəqəmlər - iqtisadi inkişaf, iqtisadi potensial, demoqrafik durum və əlbəttə hərbi potensial məsələnin tezliklə ədalətli həll edilməsi üçün öz rolunu oynayır və oynayacaqdır.

Bu istiqamətdə də çox böyük tədbirlər görülmüşdür, dəqiq siyasət aparılır. Həm bu ilin, həm əvvəlki illərin iqtisadi göstəriciləri, həm hərbi imkanlarımız göstərir ki, Ermənistanla Azərbaycan arasındakı fərq böyüyür. Bu iki ölkə müqayisəedilməzdir, bizim aramızda yerlə-göy qədər fərq vardır. Bunu hamı bilir – həm beynəlxalq ictimaiyyət, həm bu məsələ ilə birbaşa məşğul olan tərəflər və qurumlar. Çox güman ki, status-kvo ilə bağlı, yəni status-kvonun dəyişdirilməsi ilə bağlı son bəyanatların təməlində də məhz bu reallıq dayanır. Çünki həm biz bilirik, həm hər bir qərəzsiz müşahidəçi bilir ki, Azərbaycan güclənir, Ermənistan zəifləyir, Azərbaycanın əhalisi artır, Ermənistanın əhalisi azalır.
O ki qaldı hərbi məsələlərə, iqtisadi sahədə bütün statistik göstəricilər əyani şəkildə kimin kim olduğunu göstərir. Sadəcə olaraq, şəhərlərə, necə deyərlər, qərəzsiz baxışlar zamanı reallığı hər kəs görə bilir ki, Azərbaycan nə qədər böyük yol keçmişdir və ölkəmiz gündən-günə güclənir. O ki qaldı hərbi balansa, deyə bilərəm ki, bu sahədə son vaxtlara qədər bəlkə də erməni təbliğatı nəticəsində bu fərq, – yəni bizim xeyrimizə olan fərq, – beynəlxalq qurumlar və müşahidəçilər tərəfindən o qədər də dərk edilmirdi. Ancaq son müddətdə həm Azərbaycanda, həm Ermənistanda keçirilən hərbi paradlar kimin kim olduğunu əyani şəkildə göstərdi. Mən hesab edirəm ki, Ermənistanda hərbi paradın keçirilməsi onların böyük səhvi idi. Çünki əgər o vaxta qədər onlar həmişə olduğu kimi, mifologiya hesabına, yaxud da ki, fantaziyalar hesabına kimi isə inandırmağa çalışırdılar ki, ən döyüşkən ordu Ermənistan ordusudur. Onların keçirdiyi dırnaqarası “hərbi parad”dan sonra hamı bildi ki, Ermənistan ordusu necə vəziyyətdədir, hansı acınacaqlı vəziyyətdədir. Mən, yəqin ki, siz də, bütün ictimaiyyət də ilk dəfə görmüşük ki, hərbi texnika özü yeriyə bilmir, onları qoşqular, yük maşınları üzərində paraddan keçirib nümayiş etdirirdilər. Bunun bir neçə səbəbi ola bilər. Ya o texnika işləmir, nasaz vəziyyətdədir, ya orada yanacaq yoxdur, ya da ki, hər ikisi. Çox güman ki, hər iki amil burada rol oynamışdır. Bu parad bir daha onu göstərdi ki, Ermənistan müstəqil ölkə deyil, forpostdur. Əgər bu barədə əvvəlki dövrdə də kifayət qədər yüksək rütbəli, vəzifəli şəxslər bəyanatlar vermişdilərsə, bu paradda gördüyümüz mənzərə bunu bir daha təsdiq edir ki, Ermənistan forpost olaraq qalır.
Bir də Ermənistanda keçirilmiş bu tədbir yəqin ki, tarixdə yeniliklə yadda qalacaqdır. Orada din xadimlərinin iştirakı da sadəcə olaraq, yumşaq desək, təəccüb doğurur. Özü də əsgər kimi addımlarla addımlayan keşişlər – buna söz tapmaq çətindir. Biz başa düşürük ki, Ermənistan işğalçı siyasəti nəticəsində demoqrafik fəlakətlə üzləşib. Amma bu dərəcədə təsəvvür etmirdik ki, artıq din xadimləri də orada həqiqi hərbi xidmətə cəlb edilirlər.
Bu, nə qədər gülməli səslənsə də, bir o qədər də faciəvidir. Hesab edirəm onlar tezliklə dərk etməlidirlər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli onların maraqlarına xidmət edəcəkdir.
Nəhayət, ölkəmizin imkanlarını, beynəlxalq müstəvidə artan nüfuzunu bu yaxınlarda BMT-də keçirilən səsvermə də əyani şəkildə təsdiqləyir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür