Arxiv
1 mart 2019, 08:49 | MEDİA
Daşnaklarından qorunmaq üçün hələ 1988-ci ildə Xocalıda döyüş topu da hazırlanmışdı - TARİX

Ancaq o vaxtlar ölkə rəhbərliyi müdafiə üçün xocalılara adi tüfəng də verməmişdi 

 

...1988-ci ilin aprel ayının sonları idi. Daşnakların ardıcıl davam edən "miatsum" mitinqlərindən, Ağdamdan Əskərana yürüş zamanı ermənilər tərəfindən iki gəncin qətlə yetirilməsindən, Sumqayıtda törədilmiş erməni təxribatlarından sonra "Vışka" qəzetinin Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) üzrə xüsusi müxbiri kimi Stepanakertə ilk səfərim idi. Yolüstü Ağdam rayon Partiya Komitəsinə baş çəkərək, vilayətdəki vəziyyəti öyrənib, ordan Stepanakertə (hələlik o şəhərin adı belədir, nə vaxt öz bayrağımızı orda dalğalandırsaq, bax, onda olacaq əsl Xankəndi!) getməyi planlaşdırmışdım. Raykomda ermənilərin son günlərdə hədsiz azğınlaşdıqlarını, ona görə də mənim Stepanakertə getməyimin təhlükəli olduğunu nəzərə çatdıraraq, buna qəti etiraz bildirməklə mənə maşın verməyə də razı olmadılar. "Qonağımızsınız, qalın Ağdamda, ora başqa vaxt gedərsiniz. Hələlik olmaz. Sizin həyatınızı risq qarşısında qoyub, düşmən yuvasına göndərə bilmərik, təkid etməyin", - dedilər.


"Düşmən yuvası"na redaksiyanın tapşırığı ilə, həm də öz istəyimlə hökmən getməli olduğumu bildirərək, dönə-dönə xahiş etsəm də, mümkün olmadı. Əlacsız qalıb, raykomdan çıxaraq, əvvəlcə bir taksi sürücüsündən, sonra digərindən məni Stepanakertə aparmalarını xahiş etsəm də, heç bir şey alınmadı, heç kəs risq etmək istəmirdi - həm qonağa, həm də özlərinə görə. "Qardaş oğlu, qoy bir az ara sakitləşsin, nə vaxt istəsəniz, o qədər  gedərik ki ora...", - dedilər. (Ancaq sonralar ara heç sakitləşmədi, ARA it uşağı da getdikcə quduzlaşdı...)


Təbii ki, mən geri - Bakıya qətiyyən əliboş qayıtmaq fikrində deyildim. Bu, bir jurnalist kimi mənim xarakterimə yad idi. Yaxşı ki bir çıxış yolum qalırdı, son ümid yerim - Ağdam Dövlət Dram Teatrı. Daha doğrusu, Teatrın direktoru və baş rejissoru, Sumqayıt Dövlət Teatrından tanıyıb-dostlaşdığım Ağalar İdrisoğlu. O, mənim gəlişimdən, görüşümüzdən xoşhal olsa da, niyyətimi bilib, narahat oldu.


- Qardaş, gəl sən daşı ətəyindən tök, o xarabaya getməyi təxirə sal, çox qarışıqlıqdır orda, it yiyəsini tanımır. Həm də bilsələr ki, sən Sumqayıtdansan, dava-qırğın düşəcək. Gəl həyatınla oynama, - dedi.


Qərarımın qəti olduğunu görərək, Teatrın foyesində aktyorları da başına yığıb, məni çaya dəvət etdi ki, bəlkə birazdan mənim "ağlım başıma gəldi" və mən fikrimdən daşındım. Lakin mən onu, o da məni çox dilə tutduqdan sonra bir şey alınmayacağını görüb, Teatrın sürücülərindən birini yanına çağırıb soruşdu ki, mənim bu jurnalist dostumu Stepanakertə apara bilərsən? Sürücü diqqətlə məni süzərək, narahatlığımı duyub, qayıtdı ki, niyə aparmıram ki, apararam. Belə olduqda Ağalar müəllim:


- Bax, dostumu sənə tapşırıram.  Necə varsa da, onu aparıb Obkoma çatdırıb, geri dönürsən, oldu? Yaxşı yol, Allah amanında! - deyib, bizimlə "kamikadze"ləri yola salırmış kimi xudahafizləşdi.


...Stepanakertdə təhlükəli anlar yaşamalı olsam da, məni... öldürmədilər. Hətta bir gün orda qalıb (mehmanxanada yer də ala bilmişdim), "obkom"da, xalça fabrikində, öz mənfur ideyalarını daha geniş təbliğ etmək üçün yenicə yaratdıqları telestudiyada olmuş (zalım uşağı öz istəklərini həyata keçirmək üçün çoxdan idi ki, "əl altından" kompleks hazırlıq işləri aparırmışlar), ermənilərin Qarabağ məsələsinə münasibətlərini öyrənə bilmişdim (bu haqda başqa bir məqalədə).


Səhərisi günü geri - Ağdama qayıdarkən yolüstü Stepanakertə və erməni kəndlərinə  yaxın olan Xocalıda (o vaxt hələ şəhər deyil, qəsəbə idi) dayandım. Qəsəbə sovetinin sədri Elman Məmmədovu tapıb, Xocalıdakı vəziyyətlə, yaranmış gərgin şəraitdə camaatın güzəranı ilə maraqlandım, kəndə erməni hücumu, digər təxribatlar olub-olmadığını öyrənməyə çalışdım. Bildirdi ki, Novruz bayramında ermənilərin qəsəbəyə hücum cəhdləri olsa da, burunları əzilib, geri qayıtmalı olmuşdular.


- Necə, silahınız varmı qorunmağa? - soruşdum.

"Topumuz da var!", - deyəndə bu gözləmədiyim cavabdan heyrətlənərək, sevinc, qürur hissi keçirdim. Erməni əhatəsində olan bir Azərbaycan kəndinin belə bir silaha malik olması o qədər də inandırıcı görünmədiyindən, təkrar soruşdum:

- Topunuz var? Nə yaxşı, hardandır?

- Dəmirçi emalatxanamızda özümüz düzəltmişik, - deyəndə bir daha fərəhləndim. 

- Bəs atırmı?

- "Atır" da sözdür? Dağım-dağım dağıdır! - deyə Elman müəllim qürurla cavab verdi.

-  Bəs mərmini hardan tapmısınız?

- Tapmamışıq, onu da kənd cavanları ilə birgə özümüz düzəltmişik. Ancaq əsl mərmi yox, bolt-qaykadan yığıb-düzəltdiyimiz bir şeydir, - deyəndə ikimiz də güldük. - Bir gurultu qopardır ki, gəl görəsən. Odur ki, ermənilər bayram gecəsi silahlı hücum etmək istəsələr də, niyyətləri baş tutmadı, bizim top-tüfəng atəşindən sonra qorxub geri çəkildilər.


Elman müəllimlə söhbət edə-edə gedib, kəndin kənarında gizlədilmiş o "unikal" topu görəndə xocalıların taleyindən nigarançılığım bir qədər azaldı. Sən demə, xalq çıxılmaz vəziyyətə, dara düşəndə ağlı-zəkası daha güclü olurmuş, beyni daha iti işləyirmiş. Məhz Elman müəllimin kənd camaatını ermənilərə qarşı mübarizəyə səfərbər edə bilməsi, xocalıların mərdliyi, qorxmazlığı sayəsində Xocalı düşmən əhatəsində 4 ildən də artıq mətinliklə dayana bildi, baxmayaraq ki, respublika rəhbərliyi blokada vəziyyətində olan, strateji əhəmiyyətli o "plasdarm" üçün lazımi müdafiə tədbirləri görmək üçün heç bir qətiyyətli addım atmamış, 10 minlik əhalinin təhlükəsizliyini təmin etmək barədə ciddi düşünmək belə istəməmişdi. Nəticəsi isə çox ağır olmuş, Azərbaycanın sinəsinə bütün gələcək əsrlər boyu davam edəcək, göynərtisi xalqımızı daim ağrıdacaq çalın-çarpaz dağlar çəkilmişdi. 



Vikipediyadan:
Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsirlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil. 


İ
ndi xəyalən artıq 27 il arxada qalmış o müdhiş günlərə qayıdaraq, o vaxtkı respublika rəhbərlərindən soruşmaq istərdim ki, sizin oğlunuz-qızınız, qoca ata-ananız Xocalıda mühasirədə qalmış olsaydı, siz onların müdafiəsi üçün hətta Kremli "ayağa qaldırıb", "AZAL"ın rəhbəri 2002-ci ildə Moskvadakı "Nord-Ost" Teatr mərkəzində xanımını çeçenlərin əlindən son momentdə qurtardığı kimi, Siz də bütün gücünüz-imkanlarınızla əzizlərinizin xilasına çalışmazdınızmı? Bəs, 1-2 nəfərin yox, 613 (!) nəfər azərbaycanlının qətlə yetirilməsi, aralarında azyaşlı uşaqlar, qız-gəlinlər və qocalar da olmaqla 1275 (!) həmvətənimizin əsir götürülməsi sizin vicdanınızı heç azca da olsa, silkələmədimi?.. 


Axı, Xocalı və onun günahsız sakinləri niyə sizin daş laqeydliyinizin, biganəliyinizin qurbanı olmalı idi? Siz deyildinizmi Konstitusiyaya və müqəddəs Qurana əl basıb, Dövlət bayrağımızı öpüb, xalq qarşısında and içən ki, Azərbaycan vətəndaşlarının hüquqlarını qoruyacaq, onların təhlükəsizliyini təmin edəcəksiniz? Yoxsa, sizin üçün xalq qarşısında and içmək milyonlarla rüşvət almaq qədər "xırda", əhəmiyyətsiz bir şey idi?


Niyə başa düşmək istəmədiniz ki, Dağlıq Qarabağda 10 min nəfərlik ordu kimi dayanmış xocalıları hər vasitə ilə silah-sursatla təmin etmək lazım idi? Niyə anlamaq istəmədiniz ki, 1991-ci ilin avqustunda SSRİ dağıldıqdan cəmi üç ay sonra Qaradağ səmasında vurulan hərbi vertolyotda Məhəmməd Əsədov, İsmət Qayıbov, Vaqif Cəfərov kimi cəngavərlərin, İqor Plavski, Vəli Məmmədov, Osman Mirzəyev kimi vətənpərvər dövlət rəsmilərinin qətlə yetirilməsi ilə, bununla da ölkə rəhbərliyinin zəiflədilməsi ilə erməni neofaşistləri Qarabağı bütünlüklə işğal etmək üçün viran qoyduqları Qaradağlı kəndindən sonra ilk növbədə Xocalını aradan götürəcəklər? Bəs dövlət başçısı kimi sizin "müdrik"liyiniz, tədbirliliyiniz niyə özünü zərrəcə də olsa, göstərmədi?.. Niyə, niyə?.. 


Respublikanın keçmiş rəhbərlərinin səhvləri, Dağlıq Qarabağda yaşayan 
azərbaycanlılara qarşı anlaşılmaz laqeyd münasibət 


Təəssüf ki, 1921-ci ilin iyulunda xalqımızın dahi, vətənpərvər oğlu Nəriman Nərimanovun təkbaşına, cəmi iki gün ərzində Zaqfederasiyada heç bir silah işlətmədən, ordusuz-filansız ermənilərin caynağından qopardıb, geri aldığı Dağlıq Qarabağı biz - 9-10 milyonluq bir xalq artıq 30 ildən çoxdur ki özümüzə qaytara bilmirik və hələ də... özümüzə qayıda bilmirik. (Ulu öndər Heydər Əliyev Bakının ən hündür yerində N.Nərimanovun əzəmətli heykəlini təsadüfən ucaltmamışdı! Hətta ermənilər o zaman açıq-aşkar etiraz da etmişdilər ki, orda onların gorbagor olmuş ermənisi, qatı daşnak olan, minlərlə azərbaycanlının amansız qətlinə səbəb olmuş S.Şaumyana heykəl qoyulmalıydı. Erməni azğınlığına bir baxın!..)


Torpaqlarımızın işğalında ermənilərlə yanaşı özümüz də günahkarıq. Çünki ermənilərin düşmənçiliyinə, hiyləgərliklərinə illərlə məhəl qoymamış, naşılıqla, ya da bilərəkdən onların əl-qol açmalarına imkan yaratmışdıq. Nəinki adi müəssisələrdə, hətta dövlət orqanlarında, ö cümlədən Azərbaycan KP Mərkəzi Komitəsində də erməni qızlarına katibədən tutmuş daha yüksək vəzifələrədək yer verib, "gözümüz, başımız üstdə" saxlayır, maaşdan əlavə qiymətli hədiyyələr bağışlayır, kef məclisləri qururduq  (hətta 1988-ci ilin fevralında daşnakların Sumqayıtda törətdikləri qırğınlardqn sonra da şəhərdəki müəssisələrdən birinin direktoru fasilə vaxtı işçilərin gözü qarşısında üç erməni "axçi"si - katibəsi və digər iki qızla birgə kombinatın foyesində həmişəki kimi deyib-gülməkdən, zarafatlaşmaqdan da çəkinməmiş, utanmamışdı). Respublikanın keçmiş rəhbərlərindən biri Ermənistanda özünün doktorluq dissertasiyası naminə ermənilərə "kiçik" bir torpaq sahəmizi "peşkəş" etmiş, başqa birisi isə Qarabağın erməni xanım müğənnisini Bakıya çox böyük hörmətlə "qastrol"a dəvət etmişdi və s.


Onu da necə başa düşmək olar ki, xalqımın qatı düşməni, minlərlə azərbaycanlının qətlinə səbəb olmuş Şaumyanın adı respublikada həm kənd rayonuna, həm də Bakının ən böyük rayonlarından birinə verilmişdi. Bu, nə "sevgi", nə vurğunluq idi bizlərdə düşmənə qarşı? Məgər ötən əsrin 30-cu illərində onun Stepan adının Dağlıq Qarabağın mərkəzi olan Stepanakertə verilməsi az idimi?


Respublika rəhbərliyinin bir səhvi həm də onda idi ki, ermənilərin xahişi, təşəbbüsü ilə Ağdamın bir-neçə kəndi "peşkəş" edilməklə Əskəran rayonunun yaradılmasına razı olmuşdu. Ən böyük səhv isə DQMV-nin başlı-başına buraxılması, Qarabağın əzəli sakinləri olan azərbaycanlıların yaşayışı, güzəranları ilə vaxtaşırı tanış olunmaması idi. Onun nəticəsi idi ki, Bakının bəzi rayonlarında raykom katiblərindən biri azərbaycanlı, biri rus və biri də hökmən erməni olduğu halda (sayca az olmalarına baxmayaraq!) DQMV-də üç katibdən heç biri azərbaycanlı deyildi - ikisi erməni, biri də rus idi (orda rusların sayı heç 100 nəfər də olmadığı halda).  Uzaq 1945-ci ildən sonra orda heç vaxt hətta üçüncü katib də azərbaycanlı olmamışdı. Əlbəttə, əgər Azərbaycan rəhbərliyi illərlə DQMV-yə getməyib, Şuşada və azərbaycanlıların yaşadıqları kəndlərdə onların vəziyyəti ilə yerindəcə tanış olmurdusa, hər şey ermənilərin ümidinə buraxılmışdısa, daha nə gözləməliydik ki?


Və təsadüfi deyil ki, DQMV-də iğtişaşların, mitinqlərin başlandığı ilk günlərdə, elə ondan əvvəl də respublika rəhbəri K.Bağırovun Stepanakertə getməyə cəsarəti çatmadı. (Və deyə bilərəm ki, vətənpərvərlik duyğusu zəif olan, yalnız Kremlin diqtəsi ilə oturub-duran, təşəbbüskarlığı və ağzının kəsəri olmayan, qətiyyətsiz  Kamran Bağırovun yerinə o günlərdə digər Bağırov - Mircəfər Bağırov olsaydı, erməniləri elə mitinqə toplaşdıqları yerdəcə güllədən keçirtdirib, "yerlərində oturtdurardı").


Bəli, təəssüf ki, ümumiyyətlə heç bir respublika rəhbəri Dağlıq Qarabağa getmir, ordakı vəziyyətlə maraqlanmırdı. Vilayət həqiqətən başlı-başına buraxılmışdı. Ancaq DQMV-yə daha çox, tez-tez baş çəkilsəydi, əhalinin, o cümlədən Qarabağ ermənilərinin də rəğbətini qazanmaq mümkün olsaydı,  bəlkə də onların diqqətini Ermənistandan yayındırmaq, Azərbaycana meylləndirmək olardı. Bəlkə onda 1988-ci il hadisələrini başqa məcraya da yönətmək çətin olmazdı.


Respublika rəhbərliyinin Dağlıq Qarabağa kifayət qədər diqqət yetirməməsinin, ordakı vəziyyətlə maraqlanmamasının nəticəsi idi ki, həm vilayət mərkəzində, həm də Martuni, Mardakert və Hadrutda dövlət müəssisə və təşkilatlarının önündəki lövhələr ancaq erməni dilində idi, heç bütün SSRİ üçün qəbul edilmiş rus dilində də verilmirdi (Stepanakerti gəzərkən adama elə gəlirdi ki, Azərbaycanda yox, Ermənistandasan), orda azərbaycanlılar əsasən aşağı dərəcəli, az məvacibli, ağır işlərdə çalışmaqla  dolanmalı olurdu, Qarabağ İpək Kombinatının baramaaçma sexində ən çətin sahəyə cəlb edilənlər - qaynar su altında işləyən qadın və qızlar da yalnız Xocalının qız-gəlinləri (o ağır, nəfəs almaq mümkün olmayan sexdə  bir nəfər də olsun erməni işləmirdi), heyvandarlığın yolsuz-rizsiz, şəraitsiz fermalarında ən aşağı maaşla "qul"luq edənlər də azərbaycanlılar idi.


Xocalı həm də ona görə qurban getdi ki, vaxtilə Qarabağ xanının vəziri Molla Pənah Vaqif ancaq özümüzün və ermənilərin gözəllərinə şeir qoşmaqla məşğul idi, erməni məliklərinin məkrli niyyətlərinə əhəmiyyət vermirdi, bizim 15-18 yaşlı oğlanlar kəndd-kəsəkdə "ənzəli", "dirədöymə" oynamaqla başlarını qatırdılar, erməni dığaları isə gecə-gündüz top-tüfənglə əlləşirdilər, bizimkilərin çoxu xəncər-qılıncı bellərinə çox zaman "kişi bəzəyi", kişi atributu kimi bağlayırdı, ermənilər isə öz silahları ilə orda-burda əllərinə keçən azərbaycanlıların başlarını üzürdülər. Bizim gənclər Sovet ordusunda daha çox inşaat batalyonlarında günlərini keçirir, onlar isə artilleriya-raket hissələrində hərbin sirrlərini öyrənirdilər.


 Kiçik bir haşiyə: 1987-ci ilin dekabrında Mardakertdə ezamiyyətdə olarkən ordakı mağazaların birindən kiçik oğlum Orxan üçün uşaq dəsmalları almışdım. O zaman həmin dəsmallardan biri xüsusilə xoşuma gəlmişdi - üstündə rus kazakının döyüş topu və mərmilərlə yanaşı rəsmi verilmişdi. Yalnız DQMV-də erməni iğtişaşları başladıqdan sonra başa düşdüm ki, bu, adicə dəsmal deyilmiş, ermənilərin öz uşaqlarını hələ kiçik yaşlarından döyüşçü, "canavar" olmağa səsləyən bir təbliğat vasitəsi imiş. Yəni ki, daşnaklar öz dığalarını hələ kiçik yaşlarından bizlərlə mübarizəyə, döyüşə hazırlaşdırır, biz isə ən yaxşı halda bir-birimizə daş atıb, baş yarmaqla (özümüzünkülərin! - bəzən də erməni qızları üstündə) məşğul olurduq. 
 


Bəlkə, özümüz günahkar deyilik?    
 


Qeyd etdiyim kimi, Xocalı soyqırımı Stepanakertdə erməni iğtişaşları başladıqdan 4 il sonra baş verdi.  1988-ci ilin yanvarından 1992-ci ilin fevralınadək - 4 ildən artıq vaxt ötmüşdü! 4 il! Nələr etmək olmazdı həmin o 4 ildə? Heç nə etmədik, etmək istəmədik... Vaxtiıə Stalin 4 il ərzində Hitlerin başını əzib, geri oturtmuşdu. Biz isə sayca bizdən qat-qat az olan ermənilərin öhdəsindən gələ bilmədik (düzdür, "rus" faktorunu da yaddan çıxartmaq olmaz. Onlar bütün müsibətləri başımıza ermənilərlə birgə gətirdilər...).  


Həmin 4 il müddətində respublika rəhbərliyi sanki başını əlləri arasına alıb gözlədi ki, görək, Qarabağın taleyi necə olacaq? Hadisələri qabaqlamadıq, daim baş verənlərin arxasınca süründük... Ermənilər düz 4 il "gözlədi" ki, görək, bu "musurman"ın ağlına nəsə gələcəkmi, nəsə edə biləcəkmi?  Ancaq o 4 ildə respublika rəhbərlərinin ağlına gəlib Moskvadan tələb etmədilər ki, erməni kənd-kəsəyi Sovetin, rusun əsgərləri tərəfindən qorunduğu kimi, Xocalı da, digər şəhər və kəndlərimiz də eləcə qorunsun. Buna nail olmaq mümkün deyildimi? Mümkün idi, ancaq Bakıdan belə bir israrlı tələb (heç olmasa, pul, rüşvət gücünə!) olmadı. Olsa da belə, yəqin ki, israrsız, səmərəsiz...

 
 Və erməni də, rus əsgəri də görəndə ki, "musurman"da  üsyankar tərpəniş yoxdur, yəqin düşündü ki, Qarabağ ona lazım deyil və Xocalıdan başlayaraq Şuşanı, Laçını, Kəlbəcəri və daha 5 rayonumuzu zəbt elədi (nədənsə "5 rayon" deyib dururuq, bəs Dağlıq Qarabağda ermənilərin 170 il əvvəl bura köçürülərək məskən saldıqları ərazilərimiz - daha 5 rayon, qovulduğumuz Göyçə, Zəngəzur elləri bizim deyilmi?).

 
Torpaqlarımız da işğal olundu, minlərlə igid-igid oğullarımız da Vətən yolunda şəhid oldu. Xocalı aeroportunun cəsur komendantı, Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyev və digər oğullarımız, Xocalı igidləri erməni-rus birləşmələrinə qarşı son damla qanlarınadək mərdliklə vuruşdular. Ancaq Ağdamın qəhrəman oğlu Allahverdi Bağırovu, 16 yaşında "Ata, ana, mənə halallıq verin, məni Vətən çağırır" deyə Şəkidən birbaşa cəbhəyə yola düşən, sonralar Xocalının müdafiəsində dayanaraq, döyüşçülərə, yaralılara kömək edən balaca boylu, lakin geniş qəlbli, vətən sevgili Könül Qəhrəmanovanı arxadan güllə ilə vuran xainlər, Elçibəydən onun əvəzinə Azərbaycan prezidenti olacağına zəmanət ala bilmədiyinə görə öz silahlı dəstələrini Stepanakertin 9-10 kilometrliyindən xəyanətkarcasına geri çəkən Surət Hüseynov kimi dönüklər, satqınlar olmasaydı, bəlkə də indi  Stepanakertdə yox, XANKƏNDİdə Azərbaycan bayrağı dalğalanardı. Ancaq heyf ki, bu, hələ müqəddəs, reallaşdıra bilmədiyimiz bir arzu olaraq qalır...


Lakin inanırıq ki, gün gələcək, Ali Baş Komandanımız İlham Əliyevin hücum əmri ilə Qarabağa doğru böyük QƏLƏBƏ yürüşü başlayaraq, bütün torpaqlarımızı azad edəcək, şəhidlərimizin ruhunu və xalqımızı sevindirə biləcəyik!

 

Rəhman ORXAN,

respublikanın Əməkdar jurnalisti,

1987-1991-ci illərdə "Вышка" qəzetinin

Dağlıq Qarabağ üzrə xüsusi müxbiri

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda magistralda avtomobil yanır, tıxac var 17 Avqust 2019, 14:42 Gömrükdən keçən avtomobildə qanunsuz mobil telefonlar aşkarlanıb 17 Avqust 2019, 14:31 Xocəsən poçt şöbəsində hücum – yaralanan var 17 Avqust 2019, 14:16 Polisdən AÇIQLAMA: Nəzarətsiz uşaqların oğurlanması halları var 17 Avqust 2019, 13:54 Sentyabrda kirayə evlər bahaşacaq 17 Avqust 2019, 13:31 Nazirlik əlilliyi olan şəxslərlə bağlı proqrama start verdi 17 Avqust 2019, 13:28 Oğuzda mübahisə qətllə nəticələnib 17 Avqust 2019, 13:16 "28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb 17 Avqust 2019, 12:55 Bakıda antisanitar şəraitdə süd məhsulları hazırlayan sex aşkarlandı - FOTOLAR 17 Avqust 2019, 12:44 Nepal Everesti fəth etmək üçün tələbləri sərtləşdirir 17 Avqust 2019, 12:24 MTN eyni silahlarla həm sabiq naziri, həm də jurnalisti şərləyib - Vəkil yeni sirlər açdı - II YAZI 17 Avqust 2019, 12:14 Bakıda baş verən qəzada 8 yaşlı uşaq ölüb 17 Avqust 2019, 12:01 Reyxstaqa qədər döyüşən aktyor - Hüseynağa Sadıqovun ömrü boyu unutmadığı dəhşətli EPİZOD 17 Avqust 2019, 11:55 Kamerun, Nigeriya və Konqonun qadın siyasətçiləri Qarabağ haqda məlumatlandı 17 Avqust 2019, 11:53 Sabah 40 dərəcə isti olacaq 17 Avqust 2019, 11:42 Mehmanxana yandı, 8 nəfər can verdi 17 Avqust 2019, 11:39 Tramp bank rəhbərlərini təcili iclasa çağırdı 17 Avqust 2019, 11:21 “Əhali bilsin ki, 40 manatdan baha bal olmur” – Arıçı təbii balın sirlərini AÇDI 17 Avqust 2019, 11:02 Nikah müayinələri hansı xəstəlikləri üzə çıxarıb? - STATİSTİKA 17 Avqust 2019, 10:52 Avtobusun uçuruma düşməsi nəticəsində 7 nəfər ölüb 17 Avqust 2019, 10:35 Polis dövlətin ən etibarlı dayağıdır 17 Avqust 2019, 10:31 İstanbulda partlayışda ölən var 17 Avqust 2019, 10:11 Göyçay, Ucar və Zərdabda qaz olmayacaq 17 Avqust 2019, 09:52 Ermənilər cəbhədə snayperləri işə saldı 17 Avqust 2019, 09:33 İstirahət günlərinin havası AÇIQLANDI 17 Avqust 2019, 09:15 İldırım 5 nəfərin həyatına son qoydu 17 Avqust 2019, 09:06 Qarabağın azərbaycanlı icmasının səsi necə eşidilir? - Üç deputatın MÖVQEYİ 17 Avqust 2019, 08:58 Almaniyada hərbi tərcüməçi İrana işləyirmiş 17 Avqust 2019, 00:48 Sabiq prezidentin xanımına cinayət işi açıldı 17 Avqust 2019, 00:26 Peterburq bazarında azərbaycanlılarla atışma olub 17 Avqust 2019, 00:07 Taliban liderinin qardaşı öldürüldü 16 Avqust 2019, 23:47 Azərbaycan nefti ucuzlaşıb 16 Avqust 2019, 23:31 70-ci illərin məşhur maşınları - FOTOLAR 16 Avqust 2019, 23:16 Keçmiş həyat yoldaşı və qayınanasını bıçaqlayan şəxs yaxalandı 16 Avqust 2019, 22:59 Qəzzadakı toqquşmalarda 33 fələstinli yaralandı 16 Avqust 2019, 22:43