Modern.az

Hüquqi şəxslərin də kredit problemi çözüləcək

Hüquqi şəxslərin də kredit problemi çözüləcək

2 Mart 2019, 01:03

“Azərbaycanda devalvasiyadan əvvəl dollarla kredit götürmüş şəxslərin nəzərəçarpacaq hissəsi sonradan həmin krediti manata çevirib. Həmin şəxslər banklardan manatla kredit alsalar da, onlar prezidentin problemli kreditlərin həll edilməsi ilə bağlı fərmanından faydalanacaqlar”. Modern.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov AzTV-yə müsahibəsində bildirib.

 

Nazirin sözlərinə görə, Azərbaycanda problemli kreditlərlə bağlı vəziyyətin kəskinləşməsi devalvasiya ilə bağlı olub və hazırda dövlət bu səbəbi aradan qaldırır: "İndi sadəcə borcu əvvəlki qaydada ödəmək qalıb. Dövlət borc yükünü təxminən 50% azaldır, yəni tamamilə bağışlamır. Çünki buna gedilsə, borc intizamı pozular, bankların problemləri kəskinləşər".

 

Samir Şərifov  bildirib ki, Azərbaycan dövləti fiziki şəxslərin problemli kreditləri ilə bağlı tədbirlər görür, lakin bu gün bankların hüquqi şəxslərlə bağlı çətinlikləri də var: “Bəzi şirkətlər banklara olan borclarını vaxtında qaytarmırlar, ödənişlərdə çətinlik çəkirlər. Bu da istər-istəməz bankların fəaliyyətinə mənfi təsir göstərir. Dövlət qurumları bununla bağlı da işləyir. Prezidentin tapşırığı var. Bank sektorunun sağlamlaşdırılması ilə bağlı növbəti proqram hazırlanır, onun maliyyə tutumu müəyyən edilir, yəqin ki, yaxın zamanlarda bu proqram təqdim ediləcək”.

 

Bununla yanaşı, S.Şərifov banklara verilən dəstəyə baxmayaraq, onların verdikləri kreditlərin faizlərinin hələ də yüksək olduğunu qeyd edib: "Kredit faizlərinin inflyasiya səviyyəsindən 5-6 dəfə yüksək olması əsaslı deyil. Amma bankların da ola bilsin ki, arqumentləri var və biz onları eşitməliyik".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir