Arxiv
20 Aprel 2019, 14:15 | AKTUAL
Gözlər yoldan yığılarmı... - XV YAZI

Nəzirməmməd Zöhrablı


Əvvəli burada


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Xatirə Kitabı" Redaksiyası "Bakı-Xəbər" qəzeti ilə birgə layihə əsasında "Şəhidlər ölməz, Vətən bölünməz" seriyasından yeni bioqrafik sənədli povestin çapına başlayır. Xatırladaq ki, bundan öncə yenə həmin birgə layihə çərçivəsində "Gözlə gələcəyəm" adlı kitab uğurla yekunlaşdırılaraq təqdim edilib. Son illərdə bütün təbiətinin ecazkar koloriti, insanlarının yüksək bəşəri keyfiyyətləri ilə mənə doğmalaşan İsmayıllıyadır yolum yenə. Bu dəfə bu yurdun itkin-şəhidinin axtarışına çıxmışam. Respublika "Xatirə Kitabı"nın redaksiyası və "Bakı-Xəbər" qəzetinin birgə layihəsi əsasında baş redaktor Nəzakət xanım Məmmədovanın bir qədər kövrək, bir qədər duyğusal təklifindən qaynaqlanır bu səfərim. Qarşıda məni və oxucuları hansı yaşantılar gözləyir?!.. Tələsməyin. Sizi bir Vətən övladının kitab-dəftərə sığmayacaq taleyinin bəzi epizodları ilə tanış edəcəyəm. İtkin-şəhid Xəqani Eyvaz oğlu Əkbərovla ilgili, onlu-onsuz tale yolu, axtarışları ilə...

Bunun adı AQİBƏT deyil, bəs nədi?!.. 



Qəniyevlər ailəsi, Xəqaninin bibisi oğlanları – keçmiş döyüşçülərlə söhbətimiz zamanı səsləndirilən itkin-şəhidimizin haqqındakı uşaqlıq, gənclik illərilə ilgili xatirələr gerçək yaşantılardan qaynaqlanır, şübhəsiz. Bunlar Xəqaninin doğmalarının yanında, Vətənində olduğu vaxtlarda baş verənlərdir. Amma Xəqani əsirlikdədirsə, sağdırsa onun bədən üzvlərindən istifadə edərlər-filan, bunlar təbii ki, yalnız ehtimallardır. Hətta onun sağ ola bilməsi amilinə qədər...

Xəqaninin getdiyi yolsa...o yol Xəqaninin qisməti imiş. Qismətdən, qədərdən qaçmaq olurmu?! Rəsmən icazəli ola-ola, üstəlik nişanlı oğlanın Yeni ili doğma kəndində, ata evində, doğmalarının yanında, nişanlısının bir addımlığında qeyd etməkdən imtinası, sizcə onu hara tələsdirirdi belə?!.. Oonu tələsdirən qəzavü-qədər deyildimi?!.. Xəqani taleyini düşündüyünüz bu məqamlarda günümüzdə - bizdən çox-çox uzaqlarda baş verən daha bir qəzavü-qədər müqayisəsinə cəlb etmək istəyirəm sizləri. Özü də isti-isti... bu sətirləri yazdığım zamanda uzaq Efiopiya ölkəsinin paytaxtı Əddis-Əbəbə şəhərindən Nayrobiyə uçan təyyarənin qəzaya uğraması barədə dəhşətli xəbəri yayımlayırdı dünya mediası. Təyyarədə olan 157 nəfərin hamısı həlak olmuşdu. Bircə yunanıstanlı Antonios Mavropolilas adlı sərnişindən başqa. Bu sərnişinsə təyyarə reysinin uçuş zolağına daxil olmağa cəmisi 2 dəqiqə gecikibmiş... Deməli, bəzən 2 dəqiqə də insan həyatının xilasına kifayət edərmiş...zamanı yetişməyəndə... Fikir verirsinizmi kimini tələsdirən, kimini gecikdirən olacaqlara?! Bunun adı AQİBƏT deyil, bəs nədi?!..

- Xaqani döyüşdən dönmədi o gün,

Köksündə güllələr alışdı köz-köz.

Bir eşqin ürəyi çatladı qəfil,

Bir ana dilində çiçəkləndi söz.

 

Xaqani döyüşdən  dönmədi o gün,

Böyük hünərinin sorağı döndü.

Açdı qapısını ölümsüzlüyün,

Əlində şəhadət bayrağı döndü...

(Nəzakət Məmmədova. “Adsız qəhrəman” poemasından)


Zaur: “Altı tanış uşaq idik, ikisi itkin düşdü”

Xəqanini sonuncu görən Qasımın mənə verdiyi məlumatları, Fərhadla Xəqaninin daha çox əsir düşmə ehtimalı barədə artıq sizlərin də bildiyiniz qənaətlərimizi qarşılıqlı şəkildə bölüşürük keçmiş döyüşçü qardaşlarla. Zaur buna oxşar hadisələrin onların da başına gəldiyini söyləyir:


- 1994-cü ilin yanvarında ən sonuncu bizim briqada yaradılmışdı. Yanvarın 24-də bizi apardılar döyüş bölgəsinə. Altı nəfər tanış uşaqlar idik. Onlardan biri Murovdağda qaldı. İtkin düşdü. Biri də bizim İsmayıllının Xənəyə kəndindən olan oğlan idi, o da itkin düşdü.


Simuzər bibi xatırlatma verir:


- Hə, bala, onun ata-anası bizə gəlmişdi, oğlanlarını Zaurdan soruşurdular.


Zaur:


- Dedilər ki, oğlumuz  yoxdu. Dedim axı necə yəni yoxdu? Bu əsgərin ad-soyadı Mirzəyev Ayaz idi. Bir yerdə döyüşmüşdük. Mən birinci yaralanıb hospitala götürülmüşəm. O zaman onu sağ-salamat görüb gəlmişdim. Ona görə də onun itkin düşməyi və ya şəhid olmasından məlumatsız idim. Elə gördüyüm – onu necə qoyub getmişdimsə, o şəkildə də cavab verdim valideynlərinə. Amma sonra mən poliklinikaya gedəndə döyüşçü yoldaşımız Elşənlə rastlaşdım. Elşəndən  soruşdum bəs Ayaz necə oldu? O cavab verdi ki, Ayaz qarın boşluğundan yaralanmışdı, onun qarnını sarıdılar, qaldı şumun içində, çünki biz burdan hücuma keçməyə gedirdik. Ondan sonra geriyə qayıdanda o necə oldu, daha bilmədik. Bax, indi həmin adam da yoxdu. Nə biz tərəfə gəlib, nə də əsirlikdə olduğu barədə bir məlumat ala biliblər. Neçə il də şəhidlik statusunu vermirdilər ona. Axırda sənədləri topladılar, gətirdilər mən də imzaladım ki, bir yerdə olmuşuq, döyüşmüşük. Sonra məhkəmə sənədlər əsasında ona da şəhidlik statusu verdi. Amma Xəqani kimi ondan da bu günədək heç bir xəbər-ətər yoxdu ki, yoxdu. Xəqani də belə. Onu da döyüşçü yoldaşları qoyublar dedikləri yerdə, nə geriyə gəlib, nə də erməni məlumat verir ki ordadı, ya yox. İndi nə bilək?! Bəlkə elə mərmi onların durduğu yerə düşüb, orda da həlak olublar?.. Allah bilər doğrusunu.


- Mərmi düşüb onları öldürsəydi belə, yenə də heç olmazsa meyitləri və ya hər hansı əzalarısa da tapılardı axı. Lap tutalım, o vaxtdan həmin ərazilər ermənilərin nəzarəti altına düşüb, bizimkilər bir daha oralara ayaq basa bilməyiblər, amma ermənilər özləri də deyib ki, bizə lazımdı meyitləri benzinlə dəyişək, meyit nəyimizə lazımdı. Amma bu aspektdə də onlar haqqında heç bir bilgi yoxdu. Bax, görürsünüz, nə qədər müəmmalar var bu işdə?..


Ərşad:


- Mən yenə deyirəm, Xəqanini əsir tutub aparıblarsa, onun öldürülməyinə inanmıram. Çünki onun çox sağlam bədəni vardı. Onu ya işlədərlər, ya da orqanlarından istifadə edərlər. Dəfələrlə əsirlərin müxtəlif orqanlarına göz dikilməsi kimi məlumatları oxumuşuq. Belə insanlığa sığmayan əməlləri o qədərdir ki ermənilərin...Hətta bu niyyətlə əsiri saxlayan bir imkanlı erməninin qızının həmin azərbaycanlı əsirə vurulması və bu səbəbdən atasını çəkindirmək istəməsi, bu da baş tutmadıqda atasını öldürməsi kimi məlumatı  da oxumuşuq mətbuatdan.


 “Qardaşlarının hamısından istiqanlı idi”


Bu ailədən Xəqaninin uşaqlığını, gəncliyini necə xatırladıqlarını soruşuram. Natiq dillənir:


- Məndən iki yaş böyük olsa da, uşaqlığımız bir yerdə keçib. Çox qüvvətli olduğundan, tez-tez yarızarafat-yarıgerçək deyirdi ki, bibioğlu, bax bu kənddə necə istəyirsən, gəz-dolan özünçün, heç kim sənə “gözün üstə qaşın var” deyə bilməz. Amma o qədər güclü, qüvvətli olmasına baxmayaraq, nahaqdan heç kimin xətrinə dəyməzdi. Bilmirəm, o da ürəyinin təmizliyindən idi, nədən idisə, ürəkdən şaqqanaq çəkib bərkdən gülməyi var idi. Uzaqdan eşidilirdi gülməyi.

Nişanlısı da mənimlə bir sinifdə oxumuşdu. Səkkiz il bir partada oturmuşduq. Təəssüf!.. Heyf Xəqanidən.


Simuzər bibi:


- Uşaqlığı da belə qalıb da, bala, yadımızda. Qızımla bir sinifdə oxuyurdu. Həmişə evimizə gəlib-gedib. Həm qardaşım oğlu kimi, həm uşaqların tay-tuşu kimi. Elə həmişə deyib-gülən, qəlbimizi görən Xaqan kimi qalıb yadımda. Bəlkə də qardaşlarının hamısından istiqanlısı o idi.


Natiq:


- Xəqani ilə sonuncu görüşümüz Sabunçudakı o vaxt pərakəndə şəkildə açılan “talkuçka” deyilən indiki yarmarkada olmuşdu. Bir o yadımdadır ki, cəbhəyə gedəcəyini demişdi.


Ərşad: “Oxuduqlarım bir yana, elə gördüklərim kitab kimidir”


Burda diqqətli oxucularımla və qarşımdakı həmsöhbətlərimlə daha bir neçə nüansı bölüşmək məcburiyyətindəyəm. Qəribə və dəhşətlisi odur ki, Xəqanigil Bakıdan 18 nəfər birlikdə gediblər hərbi hissəyə. Bir yerdə yaşayıblar, birlikdə döyüşüblər, kəşfiyyatçılıq ediblər və sairə. Mən onun döyüş yoldaşları ilə görüşlərim zamanı öyrəndim ki, bu 18 nəfərdən 16-sı, yaralanmaqlarına, xəstələnməklərinə baxmayaraq, sağ-salamat qayıdıb gələ bilib öz ev-eşiyinə, ailələrinin yanına. Gəlməyən təkcə bu iki nəfərdi. Ona görə komandirləri Qasım da mənə dedi ki, Xaqanigilin bu şəkildə yoxa çıxmasının baiskarı onun yoldaşı Fərhadın dikbaşlığı, söz, əmr eşitmək istəməməsi olub... Onlarla olan üçüncü şəxs – ağdamlı oğlan haqqında da dəqiq məlumat yoxdur ki, onu tapıb o sonuncu gün baş verən prosesləri onunla da aydınlaşdıram, onun da dediklərini indiyədək eşidib-bildiklərimizlə tutuşduram. Yəni o da bu deyilənləri təsdiqləyib, üstəlik ən yaxın şahid kimi indi bizim bilmədiyimiz daha münasib məlumatlar verə bilərsə, deməli fakt ortalıqdadır ki, bunları yüz faiz tutub aparıblar. O zaman bu iki soydaşımız artıq ancaq Ermənistanda və ya Qarabağda yaşayan ermənilərin girovluğunda axtarılmalıdır... Ərşad mənim bu qənaətimi təsdiqləməklə yanaşı, cəbhədə və hospitalda şahidi olduğu bir sıra tükürpədici olaylardan da söz açaraq, bəzən hətta döyüşçülərin baş verənləri döyüşçü yoldaşlarından gizlətməyə belə məcbur olduqlarını söylədi:


- Bunları sizin yazdıqlarınızdan mən də oxudum. İndi sizə bir hadisəni də danışım. Mən hospitalda yatanda yer çatışmırdı. Balaca bir palata idi. Gətirib altıncı çarpayını qoymuşdular otağa ki, Samir adlı yaralı döyüşçünü də birtəhər burda yerləşdirsinlər. Bir gün bir gəlin xeylağı yanında balaca qız uşağı ilə gəldi. Gəlin soruşdu ki, burda Mehbalıyev Samir kimdi? Bu oğlan da Şamaxıdan idi. Biz iki qardaş, onlar da dayı-bacıoğlu bir palatada yatırdıq. Samir özünü təqdim edəndən sonra qadın qayıdıb dedi ki, bəs mənim yoldaşım sənin yanında, sənin rotanda döyüşüb. İndi onun haqqında heç bir məlumat ala bilmirik. Gördük o dəqiqə Samirin rəngi dəyişdi. Bu dəqiqəyə qədər biz, yəni Samirin palata yoldaşları həmin döyüşçünün başına nələr gəldiyi və ümumiyyətlə onun kimliyi barədə tamamilə məlumatsız idik. Əlqərəz, Samir özünü bir qədər toparlayıb qadını sakitləşdirirmiş sayaq tez-tələsik söylədi ki, ay bacı, mən yaralandım, o vaxta qədər sənin yoldaşın sağ-salamat idi, mən yaralanıb gələndən sonra orda nə baş verib, daha bilmirəm. Bu gəlin nə qədər çalışıb çək-çevir elədisə, Samir ancaq öz dediyinin üstündə durdu. Qadın nəhayət bir qədər də hədəli tonda ona bildirdi ki,“yoldaşımla bağlı nə baş veribsə mənə dəqiq de, onsuz da səndən əl çəkməyəcəm”. Nə isə, axır ki, qadın çıxıb gedəndən sonra Samir başını əllərinin arasında tutub bərk-bərk sıxdı. Soruşduq niyə belə edirsən, nə baş verib?! Hətta həqiqəti öyrənənəcən bir qədər şübhələndik də ondan. Xeyli susduqdan sonra özünü ələ alıb danışmağa başladı. Dedi, axı mən ona necə deyəydim ki, sənin yoldaşın yaralandı, mən onu köməkləşib gizlətdim ot tayasının altında, tayanı da ermənilər qrantamyotla vurub yandırdılar, o da çığıra-çığıra tayanın içində yanıb kül oldu! Axı bunu mən necə deyim ona! Bunu eşitməkdənsə, qoy gedib ümidlə yaşasın. Bax, belə şeylər də olur da müharibədə. Gəlin çıxıb gedəndən sonra Samir iki gün o dəhşətli anı xatırladıqca fikirdən özünə gələ bilmirdi, diksinirdi yazıq yuxuda da.


Sonra başqa bir vəziyyəti sizə nəql edim. Deməli, Bakının Qobu kəndindən qonşu palatada Vahid adlı bir oğlan yatırdı. Anası da bu xəstəxanada süpürgəçi işləyirdi. Bir gün anası mənə dedi, niyə keçib mənim oğlumla söhbət eləmirsiz? Dedim deyin keçək də. Durdum getdim. Oğlan uzanmışdı. Birdən mələfəni ayaqlarının üstündən çəkdi, Baxdım ki, bunun iki ayağı da yoxdu. İnanırsız, vahimə basdı məni. 25 faiz qanla yaşayırdı o adam. İndi də yaşayır. Atası onu görməyə gəlmişdi. Allaha and olsun, kişi gedən kimi ürəyi partladı öldü. Səhərisi Qobudan xeyli adam – cavanlar yığışıb gəldilər mənim yanıma ki, komandir, biz deyə bilməyəcəyik atasının ölümünü, sən də bizimlə gəl. Dedim mən də deyə bilməyəcəm, ancaq gedək görək neyləyə bilirik. Biz qapıdan içəri girən kimi soruşdu bəs atam hanı? Dedilər gəlməyib. Qayıtdı ki, mənə yalan danışmayın, kişini basdırıb gəlmisiz, yuxuda hər şeyi görmüşəm. Hamı ağlaşdı orda.


- Bəs onun yaşaması – bu möcüzə necə baş verdi?


- Onu orada rəhmətlik şair Xəlil Rza gəlib görmüşdü. Onun xahişi ilə aparıb Türkiyədə müalicə etdirdilər Vahidi. Bir də bu insanın çox güclü əzələləri və ona ruh verən güclü yaşamaq həvəsi var idi. Dizdən yuxarı hər iki ayağı kəsilmiş vəziyyətdə başının üstündəki dəmirdən asılıb idman eləyirdi Vahid. Belə, əjdaha kimi bir oğlan idi. Deyirlər indi onun özünün də dörd oğlu var. Sözümün canı odur ki, bax, belə vəziyyətlərdə də sağ qalanlar var idi. Yəni demək istəyirəm tale, qismət məsələsidir bu...


Simuzər bibi:


- Allah hamıya toy, şadlıq qismət eləsin, bala. Bax, bu uşaqlarıma toy eləyəndə mənə bir ana kimi çıxış etməyə söz veriblər, çıxış eləyəndə ağlamışam. Niyə? Çünki həmişə belə günlərdə yadıma qardaşımın o nübar balası düşüb. Nübar idi də, bala. Evlənməmişdi, balaları yox idi. Nişanlı olmaq nə deməkdi? Nişanlı getməyi lap çox yandırır adamı. Qardaşıma bu dağı göstərdi, ancaq heç kimə Allah göstərməsin (yenə ağlayır), heç kimin balasına qıymasın. Şükür yenə Allahın məsləhətinə. Bəlkə ovunduracaq bizi?!..


Anasının kövrəldiyini görən Ərşad davam edir söhbətinə:


- Sizin insan... itkin fikirlərinizi də oxumuşam yazılarınızdan. Mənim ata babam da müharibədə itkin düşüb. Gedib komissarlıqdan sənədi almayana qədər inana bilmirdim onun itkinliyinə. Düşünürdüm, ay allah, insan necə itkin düşə bilər?! Hətta axtarıb kitablarda oxuyub insan itkinliyinin nə demək olduğunu aydınlaşdırmaq istəyirdim. İndi oxuduqlarım bir yana, elə gördüklərim kitab kimidir...


- Sizin babanızın da itkin düşdüyü deyilən İkinci Dünya müharibəsindəki itkinlərin içərisindən xaricə qaçıb-keçənlər olurmuş, qırıcı təyyarələr yaşayış binalarını, obyektləri bombalayanda yanıb kül olanlar olurmuş və sairə. Burda, xüsusilə Xəqaninin itkin düşdüyü şəraitdə belə hallar da baş verməyib axı...    


Natiq:


- Düzdü. Siz bombardman döyüşlərindən danışırsız. Bizim Qarabağ müharibəsində tək-tük belə hallar olurdu. Düzü, bizləri də döyüş taktikasını bilməmiş döyüşlərə salırdılar. Bəzən heç bilmirdik ki, döyüş şəraitində hansı vəziyyətlərdə necə davranmaq lazımdı. Konkret bir faktı deyim. Təsəvvür edin ki, mən səngərdə düşmənlə üzbəüz durduğum  zaman ümumiyyətlə müharibənin nə demək olduğunu dəqiq bilmirdim. Çıxıb blindajin döşündə (blindaj əsgərin döyüş mövqelərində səngər içində palçıqdan düzəldilmiş dincəlmək və qarşı tərəfi müşahidə yeri – N.Z.) tankların necə sıra ilə düzülüb getməyinə tamaşa edirdim. Birdən gədəbəyli Faiq adlı bir əsgər yoldaşım tutub qolumdan dartdı blindajın içinə ki, sən birbaşa hədəfə gəlirsən, səni çox rahatca vura bilərlər (eyni hal atəşkəsin mütəmadi olaraq pozulduğu 1996-97-ci illərdə AzTV-nin “hərbi proqramlar və salnamə” redaksiyasında işləyib cəbhə bölgəsinə çəkilişə gedərkən mənə də irad tutulmuşdu. Belə ki, Tərtərin Marquşevan (indiki adı Həsənqaya) kəndi istiqamətində səngərdən çəkiliş apararkən mən ağ plaşla çıxıb səngərin üstündə dayanmışdım. Bunu bizi müşayiət edən komandir mənə irad tutmuşdu ki, ermənilərlə aramız cəmisi 500 metr olar, ya olmaz, səni rahatca vura bilərlər - N.Z.). Elə onun məni aşağı çəkməsi ilə blindajı necə vurdularsa, torpağı göyə qalxdı. Azca geciksəydim, mən də orda torpağın altında qala bilərdim. Kim nə biləcəkdi? Deyəcəkdilər itkin düşdü də yəqin. Belə hallar da baş verə bilər müharibədə. 


Simuzər bibi:


- Çoxları qaçsa da, mənim balalarım qaçmadılar. Mənim balalarım son günə qədər döyüşüblər. Lap axırıncı günlərində bax bu oğlum gəlib çıxdı (əli ilə Natiqi göstərir).


Şahin: “Xəqanidən xəbər gətir, evimin açarları sənindi”


Söhbətimizin axarını yenə də Xəqaninin axtarışlarına, eləcə də Gəraybəyli kəndinin və özəlliklə Simuzər bibinin müharibə dövrü yaşantılarına yönəldirik. 


Ərşad:


- Məhəlləmizə gələn bir nəfər xəbər yaymışdı ki, onun qardaşı bir əsiri Gürcüstandan keçməklə qaçırıb gətirə bilib.


- Hansı? Erməni idmançının köməkliyi ilə qaçıb gələni deyirsiniz?


- Yox, yox, o başqası olmuşdu. Onu bir nəfər Gürcüstan azərbaycanlısı xilas etmişdi. Deməli, Gürcüstanın Dmanisi rayonunun Yaqublu kəndi var. O kənd Ermənistana çox yaxındı. Ordan azərbaycanlı, erməni, gürcü, rus, milliyyətindən asılı olmayaraq, Gürcüstan vətəndaşlığı olan hər bir şəxs rahatca Ermənistana keçir. Bu yol vasitəsilə bu insanlar, eləcə də Ermənistan vətəndaşları hər iki tərəfə keçib gedə, alış-veriş eləyə bilirlər. Məhəlləyə gələn adamın orda – Dmanisidə yaşayan qardaşı da çox bacarıqlı, işgüzar bir adamdı. Qardaşından ona xəbər göndərdim ki, istəsə, bacarsa hətta məni də hər hansı vasitə ilə aparsın özü ilə Xəqanini axtaraq, ordadırsa, sağdırsa bir yolla xilas eləyib gətirək. Amma özü əvvəlcə bir maraqlansın. Ona şəklini də, ad-soyadından tutmuş haqqında olan bütün məlumatları da göndərdik. 


Şahin dillənir:


- O adamla mən də görüşdüm.  Dedi ki, xəbər gətirsəm nə verərsən. Dedim sən xəbər gətir, hamının şahidliyi ilə deyirəm, evimin açarları sənindi. Maraqlandı, gəldi dedi ki, heç nə öyrənə bilmədim. Amma bir məsələ də var ki, Gürcüstandan keçən o adamlar Ermənistan, İrəvan zonasında necə istəsələr gəzirlər, Qarabağ zonasınasa onları qətiyyən buraxmırlar. Xəqanini də, mən elə güman eləyirəm ki, Qarabağ tərəflərdə saxlayırlar  (xatırladıram ki, Xəqaninin axtarılması zamanı Dağlıq Qarabağla bağlı iki biri digərinə zidd məqam da üzə çıxıb. Qinyaz müəllimə Şuşa həbsxanasından qaçan beyləqanlı Anar orada saxlanan 44 nəfər əsirin içərisində belə bir adama rast gəlmədiyini, keçmiş əsir Əhməd isə belə bir adamla Xankəndidə onlara yer qazdırarkən 10-15 dəqiqəlik də olsa görüşdüyünü söyləyib... – N.Z.).


Ərşad:

- Bir də, güman ki, onların çoxunu heç siyahıya salmayıblar, o cümlədən, artıq bildiyimiz kimi, Qırmızı Xaçın da siyahısına salmayıblar.


Zaur:


- Biz bəlkə də çox şeyi eşidə bilmirik, məlumat verilmir. Amma ara-sıra elə məlumatlar üzə çıxır ki... Təsəvvür eləyin, o gün Türkiyədə Xocalı soyqırımı ilə bağlı tədbir keçirilirdi. Bizim millət vəkili Qənirə xanım Paşayeva da orda idi. Bələdiyyə başqanı (sədr) çıxış eləyəndə dedi ki, erməni tərəfdə 8 min azərbaycanlı əsir var. Bəlkə də o bu sözü ümumiləşmiş formada deyir. Amma əsirlər orda olmasa, saxlanmasa deməz axı...


“Allahdan diləmişdim: üç ağız it kimi hürdüm”


Ərşadın – bu sabiq döyüşçünün ürəyi doludu. Danışdırdıqca həm xatirələri bizimçün ipə-sapa düzüb çözələyir, həm də Qarabağ savaşının getdiyi dönəmlərdə ölkəmizdə yaranmış gerçək durumu analiz edir. Onun önə çəkdiyi – Gəraybəylinin xeyir-şərində səslənən fikirlər əslində o dövr üçün bütün azərbaycanlıları bir araya gətirən dualar, diləklərdir. Bu ailə ilə söhbətimizə isə Simuzər bibinin ürəkləri dağlayacaq sözləri yekun vurdu. Əvvəlcə Ərşadı dinləyin:


- İndi bəlkə də müharibə söhbətləri arxa plana keçib. Amma atəşkəsin imzalanmasından sonra bir neçə il o ab-hava, eləcə də itkin düşənlərin axtarışı elə bil daha intensiv şəkildə davam etdirilirdi. İnsanlar da gündəlik həyatlarında, xeyirdə-şərdə bu mövzunu çox çözürdülər. O zamanlar bizim ailədə iki qardaşımın – Zaurla Natiqin toyunu bir yerdə eləmişik. Sizi inandırım ki, o toyun kassetinə baxanda elə bilirsən müharibə elə bizim Gəraybəylidə gedir. İnsanlar o dərəcədə bu hisslərə köklənmişdilər ki... Toyda xeyir-dua verənlər “Allah mübarək eləsin!” yerinə ancaq “Allah cavanlara dəyməsin!”, “Allah dünyamızı salamat eləsin!” nidalarını dilə gətiriblər. Lent yazısına baxsanız görərsiniz ki, toya gələnlər ancaq müharibədən danışıblar. Ona görə də o zamanlar biz də əsirlər, əsirlikdən hər hansı vasitə ilə qurtulanlar, Qarabağ müharibəsinin gedişiatı zamanı baş verən hadisələr və s. barədə daha çox və mütəmadi məlumatlar alırdıq. İndi bu barədə məlumatlar çox azalıb. 


Simuzər bibi:


- O günlərdə üzümü göylərə tutub o Böyük Allahdan dilədim ki, nəyimi istəyirsən məhv elə - varımı, yoxumu, dolanışığa gümanım gələn hər şeyimi – quru çörəyin üstünə duz səpib yeyərəm, bircə balalarımın əli əlimdə olsun. Kəndimizin aşağısında Pirməmməd piri var, o pirə gedib Allahdan dilək diləmişəm: Balalarıma məclis quraram. O məclisdə üç ağız it kimi hürərəm. Hürmüşəm də bala (Əsgər kişi deyir, toyda çəkilən lentin yaddaşına da düşüb arvadının diləyini yerinə yetirdiyi bu anlar... Ana istəyi, ana fəryadı, ananın övlad sevgisi ilə yaşantılarına fikir verin, lütfən! – N.Z.). O günümə də, bu günümə də şükür, bala. Bircə Xaqandan da xəbər gələydi, bütün doğmaları, anası sevinəydi, dünyadan nisgilli gedən qardaşımın da ruhu şad olaydı.


- Amin!  


(Ardı var)

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xəzərdə 19 yaşlı gənc boğuldu 19 İyul 2019, 00:54 Türkiyədə gəmidə güclü yanğın 19 İyul 2019, 00:41 Azərbaycanlı paralimpiyaçılar "Tokio 2020"yə ilk lisenziyanı qazandı 19 İyul 2019, 00:27 “F-35 proqramından çıxarılmamız NATO-ya mənfi təsir göstərəcək” - Hulusi Akar 19 İyul 2019, 00:12 ABŞ Fars körfəzində İranın pilotsuz aparatı vurdu 18 İyul 2019, 23:52 Biləcəridə kiçik gizir bıçaqlandı 18 İyul 2019, 23:36 Keşikçidağdakı insidentlə bağlı araşdırma başlayıb 18 İyul 2019, 23:26 Gülnarə Kərimova həbsxanadan çıxarıldı 18 İyul 2019, 23:09 “Neftçi” Avropa Liqasının II təsnifat mərhələsinə yüksəlib 18 İyul 2019, 22:53 Günəş fəallığı çox aşağı səviyyədə qalacaq 18 İyul 2019, 22:31 Sumqayıtda polis leytenantı iş otağında özünü güllələdi 18 İyul 2019, 22:07 "Səbail" Avroliqada mübarizəni dayandırdı 18 İyul 2019, 21:54 İran Xəzərə hərbi gəmilər buraxacaq 18 İyul 2019, 21:33 Bakıda tanınmış İtaliyalı alimlə görüş - FOTO 18 İyul 2019, 20:58 Şairə Kəmalə Ağayeva vəfat edib 18 İyul 2019, 20:45  “Kim nə istəyir yazsın, vecimizə də deyil” - Anar Bağırov 18 İyul 2019, 20:03 “Neftçi” - “Speranta” matçının "11-liyi" dəqiqləşib 18 İyul 2019, 19:50 Sumqayıtda 4 nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır 18 İyul 2019, 19:39 Biləcəridə yük qatarının vaqonu yanır 18 İyul 2019, 19:25 XİN: “Baş vermiş hadisə xalqların sülhə hazırlanması ilə bağlı çağırışa ziddir 18 İyul 2019, 19:02 Bakıda yol qəzalarında ölənlərin sayı AÇIQLANDI 18 İyul 2019, 18:54 Bu qurum “Azəriqaz”-a 26 milyon manat borcludur 18 İyul 2019, 18:31 İspaniyadan gətirilən badam tingləri məhv edilib 18 İyul 2019, 18:17 Bakıda 6 ayda 36 adamöldürmə cinayətinin üstü açılıb - Prokurorluq 18 İyul 2019, 18:11 Koçaryana qarşı cinayət işi dayandırlıdı 18 İyul 2019, 18:06 Məktəbəqədər təhsil qruplarının sayı artırılacaq 18 İyul 2019, 17:35 Manat və dolların sabahkı məzənnəsi 18 İyul 2019, 17:32 Jurnalistlərə JEST: 3 gün pulsuz müayinə olacaq 18 İyul 2019, 17:15 Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən daha bir pendir sexi - FOTOLAR 18 İyul 2019, 17:12 Sabitliyə hücum polisə hücumdan başlayır… – Azərbaycandakı sabitlik hədəfə çevrilir - TƏHLİL 18 İyul 2019, 17:11 Sürücülərin NƏZƏRİNƏ: Bu yolda tıxac yarandı 18 İyul 2019, 17:02 Xəzərdə zəlzələ oldu 18 İyul 2019, 16:57 Bakıda havanın ən çox çirkləndiyi ərazi - MONİTORİNQ 18 İyul 2019, 16:50 Deputat cəhbədəki gərginliyə görə Elmar Məmmədyarovu İTTİHAM ETDİ 18 İyul 2019, 16:48 “Rustavi 2”-nin baş direktoru istefaya göndərildi 18 İyul 2019, 16:37