Arxiv
23 Aprel 2019, 09:33 | MÜSAHİBƏ
Musa Quliyev: “Səhiyyədə idarəetmə köhnəlib” - MÜSAHİBƏ

Deputat: “İntihar yoluxdurucu xəstəlikdir” “Siyasət şairi qurudur”

Milli Məclisin deputatı, şair Musa Quliyev Modern.az saytına geniş müsahibə verib. Onunla söhbəti təqdim edirik.

- Musa müəllim, gümrah görünürsünüz. İndi yaşlı nəsil gəncliyi passivlikdə qınayır. Razısınızmı?

- Bu, tək bizdə deyil, bütün dünyada sanki aşınma prosesi gedir. Sanki mənəvi dəyərlərdən daha çox texnoloji dəyərlərə üstünlük verilir. İnsan elə bil əvvəlki statusundan, çərçivəsindən  çıxıb daha çox robotlaşır. Elə də olanda insan fərdiləşir, ictimailəşmə, sosiallaşma  azalır. Məsələn,  indiki dövrün gənci, yaxud da uşağı planşeti ata-anasından çox istəyir. Çünki planşetlə daha çox ünsiyyətdə olur.

- Bu cür faktorlar erkən qocalmaya nə dərəcədə yol açır?

- Erkən qocalmaya fiziki yox, mənəvi olaraq yol açır. İnsan bəsitləşir və doyur. Çünki axtarışda deyil. İnsan axtarışda olmayanda elə bil mənəvi olaraq köhnəlmiş və qocalmış olur. Sadəcə reallıq odur ki, zamanın axarına qarşı gedə bilmərik. Dörd min il bundan əvvəl Bisutin kitabələrində yazılıb  ki,  indiki gənclər çox məsuliyyətsiz, savadsız və  özbaşınadır. Onlara heç nəyi həvalə etmək olmaz. Baxın, bunu 4 min il bundan qabaq yazıblar. Amma ondan sonra həmin gənclər indiki dünyanı qurublar. Bu mənada düşüncə fərqli olur. Bir məqamı diqqətinizə çatdırım, bugünlərdə  “Hədəf”  liseyində tədbirdə idik. Bu liseydə daha çox həyatı öyrədirlər. Onsuz da elmi kitablar vasitəsilə əldə edirik. Görüşdə uşaqlar məndən “atalar və oğullar probleminə  necə baxırsınız?”,-deyə  soruşdular. Normal baxdığımı söylədim. Çünki atalar və oğullar problemi həmişə olub. Oğullarda problem görmürəm. Bu, ataların problemidir. Həmişə köhnəliyin problemi olur. Çünki təzəlik daha çox inqilab, yenilənmə, özünütəsdiqləmə istəyir. Yaşıl nəsil isə daha çox konservatordur. Təcrübədən irəli gələrək deyə bilərik ki, hədəfə çatmaq üçün inqilab deyil, islahat yolu ilə getmək lazımdır. Yaşlı nəsil isə daha az çevik olmaqla yanaşı, daha çox mühafizəkar olur. Eyni zamanda,  əldə etdiyini qorumağa çalışır. Gəncin hələ itirməyə bir şeyi olmadığına görə o, az məsuliyyətlidir. Az məsuliyyətli olanda da inqilab edir. Dünyada ən böyük kəşfləri savadı az olan alimlər edib. Savadı, biliyi çox olan alim kəşf edə bilmir. Çünki biliyin içində qalır. Düşünür ki, bunu desə, başqası nəsə deyər və s. Savadı bəsit olan alim birdən-birə beyninə girən ideyanı dərhal kəşf edib ortaya qoyur. Fundamental elmi nəzəriyyələrlə məşğul olan insanlar var. Onlar da inkişaf edirlər. Bir də var ki, kəşflərlə məşğul olan insanlar. Hesab edirəm ki,  indiki gəncliyimiz bizim qəbul edib-etməməyimizdən asılı olmayaraq Azərbaycanın  gələcəyidir. Ona görə də onların maraqlarına uyğun şərait yaratmalıyıq. Eyni zamanda,  gələcək məsuliyyət yükünü də onların çiyninə qoymağı bacarmalıyıq.

- Sizin də gənclik dönəmləriniz olub. Maraqlıdır, sizin üzünüzə qapıları bağlayıblarmı?

- Mənə qapı açmayıblar, ancaq qapını üzümə də bağlamayıblar. Hələ heç vaxt görmədim ki,  qapı açıq olsun və desinlər ki, gəl ordan keç. Ancaq mənə qapını doyməyi öyrətmişdilər. Həmçinin, dediyiniz anlamda qapılarda çox qaldığım vaxtlar da olub. Təsəvvür edin, 1984-cü ildə təyinatla Gəncəyə yollanmışam. Universiteti “əla” qiymətlərlə oxumuşam. Bəziləri sovet hökumətinin adı gələndə haqqın, ədalətin yüksək olduğunu deyir. Halbuki, sovetin dövründə heç də belə deyildi. Gəncə şəhər Səhiyyə Şöbəsinin müdiri təyinat vərəqimə baxıb üstümə atdı. Etinasız şəkildə “elə bir yer vardı. Onu başqa adama vermişəm. Sənə də bir iş taparıq” dedi.  İşimin bu olduğunu,  kardiologiya şöbəsinə təyinatla gəldiyimi söylədim. Mənə cavabında “xoşun gəlmir, get şikayət elə” dedi. İndi də belə hallarla rastlaşırıq. Hansısa məmur “get kimə istəyirsən şikayət elə” deyir. O vaxt da həmin düşüncədə olan insanlar vardı. O otaqdan çıxandan sonra düz 6 ay hər gün qəbula gedib-gəldim. Axırda məni yarımştat olaraq poliklinikaya sahə terapevti göndərdilər. Hansı ki, mən şöbəyə kordioloq getmişdim. Poliklinikada 3 ay işləyəndən sonra ordan da ərizə yazıb çıxdım. Çünki işləmək mümkün deyildi. Bülleten açmaq çətin idi. Bülleteni artırmaq üçün xəstənin hər gününə  baş həkimə 1 manat pul verməli idin. İndi həkimlərin pul aldığını deyirlər. Sovet dövründə də bu cür hallar olub. Baş həkimin erməni katibəsi vardı. Bu məsələləri erməni katibə həll edirdi. Gətirdi ki “bülleten artırılmayıb. Geri qaytarırıq”. Nə üçün geri qaytarıldığını soruşanda dedi ki, “sən o bülletenin arasına pul qoymuşdun?”. “Niyə pul qoymalıyam ki?!” cavabını verdim. O xəstə 3 gündən sonra işə çıxmalı idi. Heç demə hər gününə görə baş həkimə 1 manat verməli imişəm. Cibimdə cəmi 5 manat pulum vardı. Xəstəyə söz vermişdim, odur ki, çıxarıb onu baş həkimin katibəsinin cibinə qoydum ki, bülleteni artırsınlar. Bülleteni artırdılar, sonra da bağladılar. Mən də bülleteni yiyəsinə verib ərizəmi yazıb işdən çıxdım. Daha 6 ay işsiz qaldım. Sonra narkoloji dispanserdə işləməli oldum. Kardioloq arzusu ilə işləməyə gedən və  bir il gecə-gündüz  kardioloji şöbədə təcrübə öyrənmək üçün vaxtını keçirən biri olaraq  məcbur qalıb ixtisasımı dəyişdim. Nevroloji sahə üzrə ixtisaslaşdım. Sözümün canı odur ki, qapılar çox nadir hallarda adamın üzünə açıq olur. Açıq qapıdan keçməyə nə var ki! Əsas odur ki, bağlı qapıları aça biləsən. Bundan ötrü ən birinci yol bilik, xidmət, qanunları bilmək və haqqını tələb etməkdir. Təbii ki, elə sahələr var ki, istedad da önəmlidir. Bunları hər bir gəncə öyrətməliyik.

- Həkimlik peşəsi ilə yanaşı, daha bir istedadınız var. Hamı əlinə qələm alıb şeir yaza bilmir. Maraqlıdır, ən gözəl şeirlərinizi nə vaxt yazmısınız?

- Ən yaxşı şeirlərimi həkim kimi işlədiyim dövrlərdə yazmışam. Məmur, deputat kimi çalışanda yaradıcılığım başqa istiqamətlərə yönəldi. Həkimliyin gözəl peşə olduğunu deyirlər. Hesab edirəm ki, həkimlik peşə deyil, incəsənətdir. Gözəl həkim olan kəsin yaxşı istedadı da olmalıdır. Diaqnoz qoymaq üçün adamın içində bir intuisiya olur. Həkim kimi işlədiyim zamanlarda diaqnoz qoyarkən çox nadir hallarda yanılırdım. Bəlkə də o, istedaddan gələn bir şeydir. Təəssüf  ki,  yeni texnologiyalar ayaq açdıqca, sanki həkimliyin də forması, mahiyyəti dəyişib.

- Bu gün səhiyyə sistemi və işçiləri insan cildindən sanki çıxıblar. Təbii, bunu bütün səhiyyə işçilərinə şamil etmək olmaz. Bu barədə sizin də fikirlərinizi bilmək istərdik...

- Həkimlər də öz biliyindən,  təcrübəsindən daha çox texnologiyanın nəticələrinə inanmalı olurlar. Əvvəllər professor Emin Əfəndiyev vardı. Demokratik Cümhuriyyətin Avropaya oxumağa göndərdiyi 100 tələbədən biri idi. Almaniyada oxuyub gəlmişdi. Bizə dərs keçirdi. İndiki 2 nömrəli şəhər xəstəxanası onun adını daşıyır. Nəbz tutmağın 80 cür növü vardı ki, onu bizə öyrədirdi. Bəlkə də indi həkimlərin bir çoxu insanın nəbzinə baxmağı lazım bilmir. Monitora baxıb orada da yoxlayır. Düşünürəm ki, hər ikisinin üstünlükləri var. Həkim hər zaman insanların ümid yeri olub. Dar günümüzdə ümidimizi həkimlərə dikmişik. Hesab edirəm ki, texnologiya inkişaf etsə də həkimlərimizdə insanlıq hissi, duyğusu daim yaşamalıdır. Tibbi deantologiya deyilən elm var. Həkim-xəstə münasibətlərinə söykənir. Düşünürəm ki,  bu elm də daha dərindən öyrənilməlidir. Eyni zamanda, həkim hər cəhətdən təmiz olmalıdır. Düzdür,  vəhşi kapitalizmin öz tələbləri, çağırışları var. Hər bir həkim  öz millətinə xidmət etdiyini unutmamalıdır. Bu mənada həkim mənəviyyatlı olmalı, insani dəyərlərə önəm verməlidir.

- Bu gün bəzi həkimlərin mənəviyyat sarıdan kasad olması böyük kütlənin onlara qarşı inamsızılığına gətirib çıxarıb. Bir çox insanlar səhhəti ilə bağlı qonşu ölkələrin səhiyyə xidmətindən yararlanmağı üstün tutur. Siz necə düşünürsünüz? Bu sahədə  hasnı işlər görülməlidir?

- Burada məsələyə dediyiniz kimi yanaşmaq da doğru deyil. Dünyanın ən inkişaf etmiş ölkələrində də xəstələr başqa yerlərə üz tuturlar.  Səhiyyə ilə bağlı problemlər var. Hər bir dövlət qurulanda,  ictimai-iqtisadi formasiyadan digərinə keçid edəndə,  islahatlar mərhələli şəkildə getməlidir. Birdən-birə islahatları aparmaq mümkün deyil. İlk növbədə hüquqi iqtisadi islahatlar,  arxasınca sosial islahatlar getməlidir. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycanda geniş özəlləşdirmə sistemi aparmağa başladı. Bu,  əslində dərin inqilabi xarakterli iqtisadi islahatlar idi. Biz planlı sovet iqtisadiyyatından azad münasibətli iqtisadiyyata  keçdik. Bu münasibətləri tənzimləməkdən ötrü  hüquqi baza yaradılmalı idi. 1995-ci ildə yeni Konstitusiyamız qəbul olundu. Konstitusiyadan sonra yeni qanunlar qəbul olunmağa başladı. Təxminən bu proses 2002-2003-cü illərə qədər davam etdi. 1998-ci ildə iqtisadi tənəzzül dayandı, sabitləşmə başladı. İqtisadiyyat gücləndikcə, insanların sosial sahədə ehtiyaclarının ödənilməsi prioritetə çevrilir. Təxminən 2008-2010-cu illərdən sonra sosial islalatlar başlayıb. 2004-cü ildə ilk dəfə “Regionların sosial iqtisadi inkişafı üzrə Dövlət Proqramı” qəbul olunub. İndi biz 4-cü Dövlət Proqramındayıq. Regionlar da sosial cəhətdən inkişaf etməyə başladı. 2008-ci ildə cənab Prezidentin Fərmanı ilə sosial sahədə islahatlar konsepsiyası hazırlandı. Pensiyalarla müavinətlər biri-birindən ayrıldı. Sosial yardım layihələri işə salındı. Bu islahatların içərisində səhiyyə islahatları da gedirdi. Səhiyyə islahatlarının aparılması üçün birinci maddi- texniki baza olmalıdır. Yeni səhiyyə obyektlərinin qurulmasından söhbət gedir. SOCAR-ın vasitəsilə yerlərdə müasir Diaqnostika  mərkəzləri tikildi. Dövlətin iqtisadi gücü artdıqca, bütün rayonlarda yeni klinikalar tikilməyə, yaxud da köhnələr əsaslı şəkildə təmir olunmağa  başladı. Müasir avadanlıqlarla təchiz olundu. Bu işlərə böyük vəsaitlər xərclənib. Hazırda 700-dən çox klinika ya əsaslı təmir olunub, ya da yenidən tikilib. Daha sonra bu klinikalarda işləyən kadrlar lazım idi. Tibb Universiteti o kadrları hazırlayır. Ancaq o kadrları hazırlayan müəllimlərin özü hazırlıqlı deyildi. Əgər müəllim yeni texnologiyanı bilmirdisə, nəsə etməli idik. Ona görə də tələbələrimizi təcrübə üçün dünya ölkələrinə göndərdik. “2008-2015-ci il üzrə xaricdə təhsillə bağlı Dövlət Proqramı”  qəbul olundu. Bundan sonra tələbələr bir sıra ölkələrə oxumağa getdi. Artıq həmin kadrlar ölkəmizdədir. Kifayət qədər təcrübəli kadrlarımız var. Deyə bilərəm ki, maddi-texniki baza və  kadr da var.

- İllərdir ki, ölkə vətəndaşları İcbari Tibbi Sığortanın tətbiq edilməsini səbirsizliklə gözləyir. 2020-ci ildən bunun tətbiqinə başlanacaq. Səhiyyə həyatımızda nələr dəyişəcək?

- Əvvəla, onu deyim ki, səhiyyədə idarəetmə köhnədir. Ona görə də yeni idarəetməyə keçmək lazımdır. Bunun da kökündə İcbari Tibbi Sığorta sistemi dayanır. Yavaş-yavaş İcbari Tibbi Sığrota sisteminə keçilir. Uğurlu pilot layihələrimiz var. Gələn ildən daha geniş şəkildə İcbari Tibbi Sığorta həyata keçiriləcək. Səhiyənin idarəetməsinin kökündə onun maliyyələşmə mexanizmi dayanır. Sığorta sistemi qurulanda dövlət, vətəndaş, sahibkar bir yerdə maliyyələşməyə başlayacaq. Maliyyənin bir hissəsi əmək haqqından, bir hissəsi əmək haqqı fondundan, bir hissəsi sahibkardan, bir hissəsi isə büdcədən - dövlətdən tutulacaq. Bu zaman səhiyyənin maliyyə həcmi 3-4 dəfə çoxalacaq. Maliyyə həcmi çoxalanda xidmətin keyfiyyəti də artacaq. Marks deyirdi ki, ictimai şüuru sosial vəziyyət müəyyənləşdirir. Kasıb adamın ictimai düşüncəsi ilə zəngin adamın ictimai düşüncəsi eyni deyil. Kasıb daha çox vəsait əldə edib qarnını doydurmağı düşünür. Zəngin isə mənəviyyat barəsində düşünməyə başlayır. Teatrlara, rəsm sərgilərinə getmək barədə düşünür. Hesab edirəm ki, İcbari Tibbi Sığortanın işə düşməsi və onun tam oturuşması Azərbaycanda səhiyyə ilə bağlı bir çox problemləri köklü şəkildə həll edəcək.

- Bildiyiniz kimi,  “Pasiyentlərin hüquqlarının qorunması haqqında” qanun layihəsi də uzun illərdir ki, qəbul olunmur. İcbari Tibbi Sığortadan sonra bu qanunun  da qəbul olunacağı gözlənilir. Bu sahədə vəziyyət necədir?  Çünki  pasiyentlərin hüquqlarının qorunması da  çox önəmlidir.  

- Bu çox ciddi məsələdir. Pasiyentlərin hüquqlarının qorunması ilə yanaşı, tibb işçilərinin də hüququ qorunmalıdır. İki tərəf varsa, hər birinə bu şamil olunmalıdır. Doğru qeyd etdiniz ki, pasiyentlərin hüquqlarının qorunması İcbari Tibbi Sığrtaya tam bağlı məsələdir. İcbari Tibbi Sığorta işə düşməyincə, bunu etmək olmazdı. İcbari Tibbi Sığorta 2020-ci ildən tətbiq olunacaq. Ona görə də bu il Səhiyyə Komitəsinin iş planına “Pasiyent hüquqları haqqında” qanun layihəsinin işlənməsi ilə bağlı məsələ salmışıq. İşçi qrupu mövcuddur. Deputat həmkarımız Sədaqət Vəliyeva bu işlə məşğuldur. May ayı içərisində AMEA-nın İnsan Hüquqları İnstitutu ilə birgə dinləmə keçirəcəyik. Buna uyğun mütəxəssisləri də dəvət edəcəyik ki, öz təkliflərini versin. Daha sonra İşçi qrupu işləməyə başlayacaq. Güman ki, bir il bu qanun layihəsi üzərində iş gedəcək.

- Pasiyentin hüquqlarından  danışarkən tibb işçilərinin də hüquqlarının qorunacağını qeyd etdiniz. Bu hüquqlar nədən ibarət olacaq?

- Münaqişənin iki tərəfi olur. Bəzən pasiyent, yaxud da onun qohumları həkimdən şikayət edib onu məhkəməyə verirlər. Onda həkimin də hüquqları olmalıdır ki, bu çərçivədə nələri edib-etməyəcəyini bilsin. Bu mənada əslində tibb işçiləri də bizə şikayət edirlər. Xüsusən Təcili Tibbi Yardım həkimləri çağırış yerinə gedən zaman döyüldüklərini, təhqir edildiklərini söyləyirlər. Düşünürəm ki, Təcili Yardım Stansiyasında çalışan həkimlərin də hüquqlarını polis işçilərinin hüquqlarına bərabər tutlmalıyıq. Bir dəfə bu məsələni Milli Məclisdə qaldırmışam. Xəstə sahibi həkimi çağırarkən gecikmə olur. Bu gecikmə həkimdən asılı olmayan səbəblərdən baş verir. Yol bağlı ola, gec çağrılma baş verə, yaxud da tıxac ola bilər.  Bu zaman döyülmə, söyülmə halları baş verir. Bu, yolverilməzdir. Təsəvvür edin, təcili yardım həkimləri, tibb işçiləri bir gün işə çıxmaslar, görün nələr ola bilər?! Bunları da düşünməliyik.

- Sizə də sirr deyil ki, bu gün səhiyyə sisteminə birmənalı münasibət yoxdur. Dövlət və özəl xəstəxanalar  kateqoriyası yaranıb. Çoxluq özəl xəstəxanalarına üz tutur. Çünki  dövlət xəstəxalarına “cəllad yuvası” kimi baxılır. Bu da səbəbsiz deyil. Addımbaşı xəstədən pul yığılır. Bunları necə qiymətləndirirsiniz?

- Təəssüf ki,  bu gün özəl xəstəxanalarda da problemlər var. Dövlətdə yığılan 1-2 manatı özəldə daha artıq formada kassada alırlar. Düşünürəm ki, səhiyyəyə ayrılan vəsait yetərli olmalıdır. Azərbaycanda adambaşına düşən səhiyyə xərcləri təxminən 100 dollar məbləğindədir. Bu xeyli çoxdur. Əvvəllər 29 dollar idi. Türkiyə ilə müqayisə etsək, səhiyyəyə qoyulan vəsaiti 10 dəfə artırmalıyıq. Avropanı, Amerikanı demirəm. Amerikada adambaşına düşən səhiyyə xərcləri 15 min dollardır. Avropada isə 1600 avrodan yuxarıdır. Bizdə isə 100 dollardır. 100 dolların qarşılığında verilən xidmətlə 1000 dollar, 1500-1600-avronun qarşısında verilən xidmət bir ola bilməz. Digər tərəfdən, tibb işçilərinin maaş məsələsi də aktualdır. Belə olan halda tibb işçisindən keyfiyyətli xidmət göstərmək sadəlövhlük olardı. Buna görə də İcbari Tibbi Sığorta bütün bu problemləri həll edəcək.

- Apteklərdə satılan dərmanlar da insanların büdcəsinə uyğun deyil. Bununla bağlı hansı yeniliklər olacaq?

- Yerli dərmanlar istehsal etməyə başlayacağıq. Bu zaman dərmanların həm keyfiyyətinə nəzarət etmək asanlaşacaq, həm də dərmanın maya dəyəri aşağı düşdüyünə görə əlçatan olacaq. Bir neçə ildən sonra dərmanlar da sığorta vasitəsilə ödəniləcək. Vətəndaş resepti təqdim edib dərman ala biləcək.

- Şəkərli diabet xəstələrinə dərmanlar pulsuz verilir. Bunu bir çox xəstəliklərə də şamil etmək olmazmı?

- Ümumilikdə 16 istiqamət üzrə Dövlət Proqramı var ki, bu proqramla xərclər dövlət tərəfindən ödənilir.

- Əsasən xərçəng xəstələri dərmanların həm bahalı,  həm də tapılmamasından şikayət edirlər.

- Xərçəng xəstələri ilə bağlı problemlər çoxdur. Hesab edirəm ki, o sahəyə ciddi nəzarət etmək lazımdır. Həm qanunvericilik baxımından, həm də maliyyə təminatına baxmaq lazımdır. Bu çox ciddi məsələdir. Ancaq vərəmlə bağlı problemlər aradan qaldırılıb. Şəkərli diabet xəstəliyi ilə bağlı ciddi problemlərimiz vardı ki, həll olunub. Bu il daha 8 milyon manat artırılıb. Ana-uşaq mühafizəsi, peyvəndlərlə  bağlı problemlərimiz yoxdur. 

- Günümüzün təhlükəli xəstəliyi intiharlarla bağlıdır. Bununla bağlı hər hansı tədbirlər görüləcəkmi?

- Bu, çox çətin məsələdir. Avropa 30 ildir ki, depressiyadan əziyyət çəkir. 20 il bundan qabaq alman professorla görüşdüm. Görüş zamanı çıxarıb dərman içdi. Nə dərmanı içdiyini soruşanda “antidepresant” dedi. Bir həkimin bu dərmanı qəbul etməsi mənə qəribə gəldi. Maraqlı cavab verdi: “Xəbərin yoxdu ki, bütün Avropa “antidepresant” içir?”. Artıq “antidepresant” orada gündəlik qida kimi bir şeyə çevrilib. Bizə də gəlib çıxıb. Bu gün intihar, depressiya sürətli infromasiya texnologiyalarının, həyat tempinin sürətlənməsinin doğurduğu problemdir. Məsələn, 40 il qabaq nadir hallarda kimsə intihar edərdi. Depressiya mövzusu psixoteriyada ötəri keçilərdi. Kimsə depressiyanı xəstəlik saymazdı.

- Bu gün depressiyanı da kateqoriyalara bölmüşük. Yaz depresaiyası, payız depreasiyası və sairə.

- İndi depreasiya insanın həyatının tərkib hissəsinə çevrilib. Depreasiyanı törədənlərdən də biri ayfon telefonlar, planşetlərdir. Depresaiyanın birinci müalicəsi ünsiyyətdir. İnsan nə qədər çox ünsiyyətdə, cəmiyyət içində olursa, o qədər də özünə qapanması azalır. Dərd paylaşdıqca azalır. Əks halda, içində qalır və çözüm yolları tapa bilmir. Bu zaman özünü cəmiyyət üçün lazımsız varlıq hesab edir. Ona görə də depressiyanın birinci şərti ünsiyyətdə olmaqdır. Uşaqlarımızı elə böyütməliyik ki, onlar depressiyaya tutulmasınlar. Depressiyaya tutulandan sonra çıxmaq çətin məsələdir.

- 2018-ci ilin  sonunda Milli Məclisdə “Psixoloji yardım haqqında” qanun qəbul etdiniz. Hazırda həmin qanun nə dərəcədə işləkdir?

- Cənab Prezident həmin qanunun qüvvəyə minməsi ilə bağlı sərəncam imzalayıb. Aprelin 25-də sərəncamın Nazirlər Kabinetinə verildiyi müddət başa çatır. Nazirlər Kabineti 3 ay ərzində qanunun işə düşmə mexanizmini hazırlamalıdır. Hesab edirəm ki, psixoloji yardım da bizdə geniş şəkildə tətbiq olunmalıdır.

- Bir reallıq da var ki, depressiya dərmanlarını qəbul etməyə çəkinirik. Sanki asılılıq yaranacağından qorxuruq. Siz bu barədə nə düşünürsüz?

- Dərman müalicəsindən də qorxmaq lazım deyil. Təəssüf ki, cəmiyyətimizdə bir qorxu var. Psixoloqun yanına getməyi özlərinə ar bilirlər. Hətta nervpatolqun yanına getməyə çətinlik çəkirlər. Psixoloji xəstəliyə tutulmaq insanın günahı deyil. Necə olur, qan təzyiqin, şəkərin olanda aləmə car çəkirsən ki, mənə bunu yemək olmaz. Depressiya, yaxud da şizofrenik olanda başqa reaksiya yaranır. Düşünürəm ki, cəmiyyəti bu cür hallara alışdırmalıyıq. Hamımız bir-birimizi depressiyadan qorumalıyıq. Depressiya, intiharlar  təklərin xəstəliyidir. Bəzən bunu ciddiyə almırlar. Ya da lağlağı obyektinə çevirirlər. İntihar yoluxucudur. İntiharı reklam etmək olmaz. 1968-ci ildə Sovet qoşunları Praqaya girdi. Praqaya girəndə buna etiraz olaraq bir çex tələbəsi özünü yandırdı. Həmin il Praqada 29 nəfər özünü yandırdı. Ona görə də intiharlara geniş yer verilməməlidir.

- Musa müəllim, dediz ki, intiharlar təklərin xəstəliyidir. Halbuki, qeyri-adi istedada malik olan insanlar təkliyi, təklikdə qalmağı daha çox sevirlər.

 - O təklik ayrı şeydir. İnsan var ki, tək və fəaliyyətsiz qalır. Heç nə etmir. İnsanın hörməti onun gərəkli olması ilə bağlıdır. Cəmiyyətdə də elədir. Ailədə ana hansı oğlu çox pul qazanırsa, onu daha çox istəyir.

- Maraqlıdır, bu yaşda tez-tez təkliyə qapılıb yazırsınız?

- Təkliyə qapılmıram.

- Bəs onda hamının içində şeiri necə yaza bilirsiniz?

- Yaradıcılıq prosesi elədir ki, ancaq təklikdə olmalısan. Allahın, özün, qələm-dəftərin,  bir də masandır. Adətən yaradıcılıqla həftəsonları imkan olanda bağa gedib məşğul oluram. Bir az fiziki işlə məşğul oluram. Ya ağacları sulayıram, ya da budayıram.

- Son dövrlərdə hansı mövzularda yazmaq sizə daha rahatdır? Açıq deyək, yaş artanda sevgidən yazmaq, gözəlləri vəsf etmək olmur.

- Lap boynuma qoydunuz. Niyə olmur ki?! Bir dəfə cavan vaxtlarım idi. İndiki Respublika Kliniki Xəstəxanası var, məni Gəncədən ora göndərdilər. Orada bir şeir oxudum. Şeirin sonuncu bəndi belə idi:

Ocaq ilə od yanaşı güclüdür,

Çox gec bildim nəhləd daşı güclüdür

Kişilərin göz yaddaşı güclüdür,

Qadınlarsa xoş rəftara bənd olur.

Orada çox təcrübəli qadın həkim vardı. Baxıb dedi ki, cavan dostum, qadınların da göz yaddaşı pis deyil. Ona görə də yaşın bu işə dəxli yoxdur. Son illərdə yaradıcılıq istiqamətim tarixi tədqiqatlarla bağlıdır. Zəngəzurun tədqiqatlarını aparıram. 2001-ci ildə ümummilli lider mənə tövsiyə etdi ki, Zəngəzuru araşdırım. O vaxt Zəngəzur haqqında elmi-publisistik kitab yazdım. 2010-cu ildə Zəngəzurun bütün toponimlərini qələmə aldım. 2015-ci ildə “Zəngəzurun tarixi” adlı elmi monoqrafiya yazdım. İndi də Elmlər Akademiyasında Tarix İnstitutu ilə birgə əməkdaşlıq edirik. Gözəl bir Zəngəzur kitabı da çapdan çıxacaq. Eyni zamanda, şeirlərimin tərcüməsi də məşğulam.

- Siyasi işləriniz yaradıcılığınıza mane olurmu?

- Mane olsa dərd yarıdır, ümumiyyətlə, qənim kəsilir. Bir dəfə rəhmətlik Söhrab Tahir mənə dedi ki, “bu sözü Nəbi Xəzri Bəxtiyar Vahabzadəyə deyib, mən də sənə deyirəm. Siyasət şairi qurudur. Siyasətlə məşğul olanda daha çox publisistikaya meyl edirsən. Çünki ictimai problemlərin içindəsən. Çalış bir az çox yaz”. İndi görürəm ki, rəhmətlik doğru deyirmiş. Şair də insandır. Hansısa şeirdə deyəcəyin ifadəni çıxışında, publisistik yazılarında, müsahibəndə  işlədirsən. Yavaş-yavaş insanda reqressiya başlayır. Amma buna da şükür. Kifayət qədər yazdıqlarım da var. Əslində, böyük şairlik iddiası ilə yaşayan insan deyiləm. Bir az fatalistəm. Bəxtə, taleyə inananam. Tanrı nə qismət yazıbsa, bununla da barışan insanam.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bədbəxt varislər - Bir ailənin FACİƏSİ 17 İyun 2019, 10:56 Astarada çətənə yetişdirən ailə saxlanıldı 17 İyun 2019, 10:52 Qaxda zəlzələ olub 17 İyun 2019, 10:33 Kanadada yaşayan azərbaycanlı rəssam:  “Yox cavabı alanda, deyirdilər, “heç olmasa, amerikalısan” - MÜSAHİBƏ 17 İyun 2019, 10:20 Bakıda Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasına start verilib 17 İyun 2019, 10:02 Xalq şairinin yubiliyar qızı - Xatirə xanım 17 İyun 2019, 10:02 Ermənilər cəbhədə təxribatlara davam edir 17 İyun 2019, 10:00 40 gündə 93 ölüm - Rəis piyadaları İTTİHAM ETDİ 17 İyun 2019, 09:38 Qaxda kişi özünü bıçaqladı 17 İyun 2019, 09:23 Beş ayda ölkədə istifadəyə verilmiş müəssisələrin SİYAHISI 17 İyun 2019, 09:04 Bakıda 2 otaqlı ev yandı 17 İyun 2019, 08:55 Ərdoğan Putin və Trampla bir araya gəlir 17 İyun 2019, 00:41 Prezident canlı yayımda 600 mindən artıq sualı cavablandıracaq 17 İyun 2019, 00:09 Kazinoda azərbaycanlı qadın döyüldü 16 İyun 2019, 23:49 Sumqayıtda ağır qəza 16 İyun 2019, 23:37 Pənah Hüseyndən Surət Hüseynova sərt CAVAB: “Qələt eləyir, başın daşa döyür” 16 İyun 2019, 23:15 Baş redaktor vəfat etdi 16 İyun 2019, 22:57 Təyyarə qəzadan son anda döndü 16 İyun 2019, 22:52 Surət Hüseynovun sensasion VIDEOSU - Mir Şahinin vaxtnda 16 İyun 2019, 22:42 Şəkidə 14 yaşlı yeniyetmə intihar etdi 16 İyun 2019, 22:24 İstanbul savaşı: İmamoğlu-Yıldırım debatından CANLI YAYIM 16 İyun 2019, 22:06 Litvaya 19 minə yaxın miqrant gəlib 16 İyun 2019, 21:46 Göygöldə ağır mikroavtobus qəzası 16 İyun 2019, 21:27 Krımda azərbaycanlı pula görə qətlə yetirildi - VİDEO 16 İyun 2019, 21:08 İki təyyarə toqquşdu: pilotlar öldü 16 İyun 2019, 20:54 Röyadan LGBT-yə dəstək 16 İyun 2019, 20:36 Azərbaycanlı qəza törətdi: Futbolçunun həyat yoldaşı öldü 16 İyun 2019, 20:19 Azərbaycandan Meksikaya gedən turistlərin sayı artıb 16 İyun 2019, 20:02 Gürcüstanda meşə yanğınları olub 16 İyun 2019, 17:43 Goranboyun başçısı görülən işlərlə tanış oldu 16 İyun 2019, 17:06 Sumqayıtda ər arvadını bıçaqladı - SƏBƏB  16 İyun 2019, 16:55 Suriyada Türkiyənin müşahidə məntəqəsi atəşə tutulub 16 İyun 2019, 16:29 Binəqədidə üçmərtəbəli yaşayış binasında YANĞIN   16 İyun 2019, 16:01 9-cular üçün buraxılış imtahanının ikinci mərhələsi başa çatıb 16 İyun 2019, 15:23 Azərbaycanlılar Fuad Abbasova görə Moskvada aksiya keçiriblər - FOTOLAR 16 İyun 2019, 15:06