Modern.az

İsrail səfirinin müavini: “Azərbaycan yəhudilər üçün nadir ölkələrdəndir” - MÜSAHİBƏ

İsrail səfirinin müavini: “Azərbaycan yəhudilər üçün nadir ölkələrdəndir” - MÜSAHİBƏ

1 May 2019, 07:57

Avital Rosenberq: “Magistr təhsilimi yarımçıq qoymağa məcbur oldum” 


İsrailin Azərbaycandakı səfirinin müavini Avital Rosenberq Modern.az saytının suallarını cavablandırıb.

Qısa Arayış: 34 yaşlı diplomat İsraildə doğulub, iki ildir ki Azərbaycanda fəaliyyət göstərir. Bakıdan əvvəl Yeni Zelandiyanın Vellinqton şəhərindəki İsrail səfirliyində səfir müavini və konsul vəzifələrində çalışıb. Ailəlidir, üç övladı var.


- Xanım Rosenberq, gəlin, söhbətimizə universitet illərinizdən başlayaq. Harada təhsil almısınız?

 

- Mən Təl-Əviv Universitetinin Kommunikasiya və siyasi elmlər fakültəsində təhsil almışam. Diplomatiya üzrə magistr təhsilimi isə övladım dünyaya gəldiyi üçün yarımçıq qoymağa məcbur oldum. Amma davam etdirməyi planlaşdırıram. Tələbələrə zamanında tam ali təhsilə yiyələnməyi tövsiyə edirəm. Çünki zaman keçdikdən sonra geri qayıtmaq çətin olur.


- Mümkünsə, peşəniz barədə danışın. Diplomat peşəsinin özünəxas cəhətləri nələrdir?

 

- Məncə, bu çox maraqlı bir peşədir. Bu sahə üzrə uğur qazanmaq istəyən insanlar daha bilikli və dəqiq olmalıdırlar. Diplomat dediyi hər bir fikrin mahiyyətinə varmalıdır. Çünki o, yalnız özünü yox, ölkəsini təmsil edir. Odur ki, həmişə hazırlıqlı olmalısan, istər ölkəndə, istərsə də təyin olunduğun ölkədə baş verən hadisələrdən xəbərdar olmalısan.


- Kifayət qədər təcrübəyə maliksiniz. Çox güman ki, işlədiyiniz müddətdə bir sıra çətinliklərlə qarşılaşmısınız. Həmin anlarda motivasiyanız nə olur?
 


- Məncə, çətin anlar insanı gələcəkdə baş verəcək daha böyük hadisələrə hazırlayır. Fərqli zamanlarda çətin anlar yaşadıqdan sonra insan həmin sıxıntılı zamandan öyrəndikləri və gələcək addımları barədə düşünməlidir. Düşünürəm ki, çətinliklərdən qazandığımız təcrübələr bizə qarşılaşdığımız daha böyük sınaqlarda yardımçı olur.

 

- Sizin fikrinizcə, insanın şəxsi inkişafı üçün hansı xüsusiyyətlər daha mühüm əhəmiyyət kəsb edir?

 

- Əvvəlcə insan özünü tənqid etməyi bacarmalı və dəqiq olmalıdır. Bu ikisi ən əsas xüsusiyyətlərdir. Hansı peşə sahibi olursan ol, bilməlisən ki, dünya çox böyük yerdir və dünyagörüşün nə qədər geniş olursa olsun, hər şeyi öz prizmandan görürsən. Digər insanların da fərqli baxış bucaqları var. Dünyada fərqliliklərin olduğunu anlamalısan və fikir fərqliliklərini qəbul etməlisən. Yalnız insanları anladığın təqdirdə özün və digərləri üçün inkişaf yolu aça bilər, yeni şeylər yarada bilərsən.

 


- Hansı hadisəni İsrail tarixində ən vacib hadisə hesab edirsiniz?

 

- Məncə, tariximizdə ən vacib hadisə dövlətimizin yaranmasıdır. Bu cəsarət tələb edən bir addım idi və yeganə yəhudi dövlətinin yaranması çox böyük bir hadisə idi. Artıq dövlətimizin yaranmasından 71 il ötüb. Biz hər gün bu reallığı dərk edərək çalışmalıyıq, ölkəmizin təhlükəsizliyi və inkişafı üçün səy göstərməliyik.

 

- Azərbaycana təyin olunmazdan əvvəl ölkəmiz haqqında təsəvvürləriniz necə idi?

 

- Doğrusu, Azərbaycan haqqında o qədər də geniş məlumatım yox idi. Diplomat yoldaşlarım mənə Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın enerji sektoru haqqında danışmışdılar. Lakin bura gəldikdən sonra yeni biliklərə yiyələndim. Azərbaycanın imkanları və problemləri barədə məlumatlandım və yavaş-yavaş ölkənizin oynadığı rolu anlamağa başladım.

 

- Artıq iki ildir ki, buradasınız. Sizdə Azərbaycan xalqı haqqında hansı düşüncələr yaranıb?

 

- Xalqınız çox mehriban və qonaqpərvərdir. Onlar böyüklərə və kiçiklərə hörmət edirlər. Ailə dəyərlərinə önəm verir, ənənələri yaşadırlar.

 

- Azərbaycan və İsrail əlaqələri haqqında nə deyə bilərsiniz? Hazırda onlar hansı səviyyədədir?

 

- Düşünürəm ki, bizim yüksək səviyyəli qarşılıqlı əlaqələrimiz ilk başladığı dövrdən etibarən davam edir və daha da artır. Biz yalnız sözdə yox, əməldə də strateji tərəfdaşlarıq. Bu əlaqələri daha da irəliyə apara, iki ölkənin marağına cavab verəcək yeni layihələrə imza ata bilərik.

 

- Azərbaycanda həm də yəhudi icması fəaliyyət göstərir. Yəqin ki, icma nümayəndələri ilə görüşləriniz olur. Bu barədə nə deyə bilərsiniz?

 

- Azərbaycan yəhudi icmasının özünü rahat və təhlükəsiz hiss etdiyi ölkələrdən biridir. Qubada olduğumuz zaman biz icra başçısı və müavini ilə görüşmüşdük. Onun bu mövzuda dediyi fikirlər çox təsirli idi. O yəhudi icmasını fərqli bir dini icma kimi yox, xalqın bir parçası olaraq gördüyünü bildirdi və tarix boyu birlikdə inkişaf yolu keçdiklərini dedi. Əlavə olaraq onu qeyd edə bilərəm ki, Azərbaycanda yəhudilər üçün heç bir təhlükə yoxdur və bura bəzi ölkələrdən fərqli olaraq yəhudilərin rahat yaşaya biləcəyi, küçədə özünəməxsus geyimdə gəzə biləcəyi nadir ölkələrdəndir.

- Sizcə, Azərbaycan və İsrail arasında hansı oxşarlıqlar, paralellər var?

- Hər iki ölkənin inkişaf imkanları və qarşılaşdığı çətinlikləri var. İki ölkənin də qonşu dövlətlərlə münaqişəsi var. İki ölkə də gəncdir və özlərinə aid hədəfləri, inkişaf yolları var. Nəhayət, gənc ölkə olaraq hələ öyrənəcəkləri şeylər də az deyil.

 

- Sonda müasir gəncliyə tövsiyələrinizi öyrənmək maraqlı olardı?

 

- Onlara ən əsas tövsiyəm oxumaqdır. Bu gün biz gün ərzində hər yerdə oxuyuruq - sosial şəbəkədə, kitablarda və sair. Lakin nə oxuduğumuzu başa düşməliyik. Önəmli olan oxumaq deyil, oxuduğunu dərk etməkdir. Oxuduğunu dərk etmək üçün onu canlandırmalısan. Gənclər oxuduqca inkişaf edəcəklər.

 

Hacıbaba Mustafayev

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi