Modern.az

Bu, elə bir böyüklük və ucalıq idi ki… - Əməkdar jurnalistdən I Vitse-prezidentə açıq məktub

Bu, elə bir böyüklük və ucalıq idi ki… - Əməkdar jurnalistdən I Vitse-prezidentə açıq məktub

Mədəni̇yyət

2 May 2019, 10:13

Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist
                                           

Çox hörmətli Mehriban xanım!


Neçə gündü bu qeyri-adi  görüş və söhbət gözlərimin önündən çəkilmir. Riqqətə gəldim, göz yaşlarımı saxlaya bilmədim. Tufanlar önündə məğrur dayana biləcək Sizin kimi qüdrətli bir Xanım zəif, zərif, yaşlı çarəsiz bir ananın önündə necə səmimiyyətlə, yuxa bir vəziyyətdə əyilmişdiniz. Əslində, bu cür diz çökmək ucalmaq və bütün pisliklərə, nadanlığa, haqsızlığa meydan oxumaq demək idi. Çox duyğulandım… Bir daha sübut etdiniz ki, Siz Mir Cəlal Paşayev, Nəsir İmanquliyev kimi ləyaqətli kişilərin (mənim unudulmaz müəllimlərimin - F.X.) nəvəsisiniz. Kodların möcüzəsi budur! Çinar çinardı qanqal olmaz ki… Bir təbii təzad da var ki, gülü də qoruyan tikanlarıdı…

 
Məni düz anlayın! Dünyada ən nifrət etdiyim  məddahlıqdı və  bir də doğruya qara yaxmaqdı. Bunlar bir medalın iki üzüdür. Yaltaqlığın sonu xəyanət, yalanın axırı isə məğlubiyyətdir. Etiraf etməyi isə bacarmaq böyüklükdür. Elə həqiqətlər və birbaşa ürəyə təsir edən məqamlar var ki, onu mütləq dəyərləndirməlisən. Müdriklərdən gələn bir fikiri tez-tez öz-özümə pıçıldayıram ki, əxlaqlı, nəzakətli olmaq yaltaqlıq, həyasızlıq isə cəsarətli olmaq deyil.  Hər bir şeyin bir əndazəsi var. Gözəllik də çərçivədən çıxanda eybərcərliyə çevrilir. Qərəzçilik, hər şeyi qara rəngdə görmək,  haqqa böhtandan libas geyindirmək bağışlanmazdır. Biz əl-ələ tutub pislikləri, ədalətsizlikləri məhv, çətinlikləri dəf etmək əvəzinə, niyə hər şeyə çöp uzatmaqla məşğuluq. Mən hərdən belə qaraguruhçuların ictimai mənşəyindən şübhələnirəm. Unudulmaz Heydər Əliyevin bir müdrik fikirini xatırladım: “Kim müxalifətdə durursa dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləyinə müxalifətdə durmasın”.


Məni üzən odur ki, son vaxtlar müxtəlif saytlar,  bəzi xəbər portalları, mətbuat orqanları bir-birinin surətini çəkən xoşagəlməz “məlumat”lar yaymaqda sanki yarışa çıxıblar. Fərqli görünmək üçün axının əksinə getmək- doğruya qarşı çıxmaq, məncə mənəviyyatsızlıqdı. Gəlin ötən illəri yada salaq. Əgər ölkə başçısı bir bölgəyə, bir rayona getsəydi. Mütləq orada hazırlıq görünər- hər yer sahmana salınardı. Sakinlər də “lal Hüseyn”ə dönərdilər. Axı çox uzaq tarix deyil? Amma gəlin bir qədər ədalətli olaq və araşdıraq. Bölgədə zəlzələ baş verir, dağıntılar, insanlar qəfil bəla nəticəsində fəlakətə düçar olurlar.  Ölkə başçısı İlham Əliyev  və Siz dərhal həmin ünvana özünüzü yetirir, sakinlərlə görüşür, onların problemlərini öyrənir, hətta  şikayət məktublarını da şəxsən  qəbul edir və tədbir də görürsünüz. Belə misalların sayı həddən çoxdur. Bu başqa məsələ ki, bəzi məmurlar bu cür münasibətdən nümunə götürürlər, ya yox… Əlbəttə, bütün vəzifəlilər barəsində müsbət fikir söyləmək olmur. Nəinki, nazir, icra başçısı,  müavin, adıcə mənzil-istismar sahəsinin müdiri stolunun üstündəki telefonun zənginə belə əhəmiyyət vermir. Mən hələ elə bir icra başcısı tanımıram ki, tabeliyində olan məhəllələrə, ünvanlara gedərək əhalinin problemləri ilə maraqlansın. Öz  inzibati binasında tanınmışlarla görüş keçirməyin mən deyən məsələrə dəxli yoxdur.


Bir insanın səhvini də bütün həmkarlarının adına bağlamaq da dəb alıb. Dəhşətlı bir hadisə oldu. Məktəbli qız intihar etdi. Hələ də bu acıdan özümə gələ bilmirəm. İçin-için göynədim- görən biz (məhz biz-F.X.) harda səhv etdik? Əlbəttə, o məktəbin direktoru da , o qızcığaza laqeyid  olanların hamısı da günahkardır.   Bu bədbəxt hadisə olmaya da bilərdi.  Əslində Elina ətrafındakı biganələrin qurbanı oldu.   Amma bu  o demək deyil ki, bütün müəllimlərə qara yaxıb, təhqirə yol verilsin, ədəbsizliyi əks etdirən şəkillər yayılsın, səhəri digər bir məktəbli də intihara cəhd etsin, təsadüfən salamat qalsın. Dədə-babadan nöqsanlar açılıb - ağardılmadan aradan qaldırılıb. Belə olmaz axı, milləti nə qədər gözdən salmaq olar? Bəlkə bu məsələdə də düşmən əli var?  Elə İçərişəhərlə bağlı saytlarda yayılan şəkillər. Bəlli olur ki, köhnə çəkilişdi. Paytaxtda beynəlxalq bir yarışın keçirildiyi, xarıci turistlərin şəhərimizə axışdığı bir vaxt belə söküntü nədən olsun ? Məqsəd nədir axı?

 
Mehriban xanım, qaraguruhçular bəlkə də heç ağıllarına gətirmirdilər ki, Birinci vitse-prezident bu məkana gələcək, insanlarla görüşəcək. Biz də bu gözəl  gəzintini televiziya vasitəsilə seyr edəcəyik və Sizin -  mərd, milli dəyərlərimizə sadiq xanımın dediklərinə, səmimiliyinə maraqla qulaq kəsiləcəyik: “İçərişəhər bütün Azərbaycan üçün çox doğma və əziz yerdir. Bakımızın, doğma Bakımızın ürəyidir.” 2000-ci ilin dekabrında  YUNESKO-nun  “Dünya irs siyahısı”na daxil edilmiş İçərişəhər təkcə Azərbaycanın deyil, bütövlükdə dünya şəhərsalma sənətinin nadir nümunələrindən sayılır. Yadimdadı ki, ulu öndər Heydər Əliyev İçərişəhərin taleyi ilə bağlı, onu gələcək nəsillərə olduğu kimi çatdırmaq naminə imzaladığı sərəncamda memarlıq kompleksinin          mühafizəsinə cavabdeh olan təşkilatlar, nazirliklər və eləcə də ayrı-ayrı vətəndşlar qarşısında qətiyyətlə bu tələbi qoymuşdu: “İçərişəhər Azərbaycan xalqının tarixinin, o cümlədən onun milli dövlətçilik tarixinin bir çox açılmamış səhifələri haqqında zəngin mənəvi və maddi sərvətlər xəzinəsi barədə dəyərli,  mötəbər məlumatlar verən və tətqiqinə hələ də ehtiyac duyulan tükənməz mənbədir”. Məhz bu fikirlərin işığında İçərişəhər həmişə dövlətimizin diqqətindədi.


Hörmətli Meriban xanım, məhz Sizin qətiyyət və məhəbbətlə söylədiyiniz fikirlə bir  daha təsdiqlədi ki, narahatçılığa əsas yoxdur: “ Fəxr edirik ki, bizim Bakımızın belə İçərişəhəri var. Əlbəttə, mən əminəm ki, bu, hər bir azərbaycanlının ürəyində yaşayan bir hissdir. Təbii ki,  Qala divarının heç bir daşına da ziyan vurmaq olmaz və heç  zaman vurulmayacaq”.  Bilmirəm, düşmən dəyirmanlarına su tökənlərə və bu adətkarlara qoşulanlara daha hansı fakt lazımdır ki, yalançı narahatlıqlarına son qoysunlar.  Bakımızın bu günkü füsunkar hüsnü,  əcnəbilərin öz vurğunluqlarını heyrətlə dilə gətirməsi , doğurdanmı, bəzilərinin  biganəlik buzlarını əridə bilmir? Sinəmizdə Qarabağ adlı düyünlənmış  yaranın  göynədiyi  zamanda oğrunun da, doğrunun da bir zindana çəkic vurmaq əvəzinə  fikir yayındırmaq, qalmaqala meyl etmək, şayələr yaymaq nəyə xitmətdir? Saytların birində ötən əsrin 88-89-cu illərində indiki Azadlıq meydanında insan izdihamının   şəkilini verərək altında yazıblar, indi hardasınız, niyə ayağa durmursunuz?  Qardaşlar, nə olub sizə? Bu qədər də ədalətsiz və unutqan olmayın! Azadlıq  uğrunda mübarizəni şəxsi iddialarla qarışdırmaq olmaz. Nə isə…


Həmin gün Sizin Nəsimi rayonunda Tibb Universitetinin 4 saylı yataqxanasında və Qaradağ rayonunda salınan “Qobu Park” yaşayış  kompleksində məskunlaşan məcburi köçkünlərlə olan görüşünüz də  qəlbimə dərin iz saldı. Əlbəttə, mən o görüşlərdə Sizin soydaşlarımız tərəfindən necə məhəbbət və ehtiramla qarşılandığınızdan geniş danışmaq istəmirəm.  Siz bu etimadı öz fədakarlığınız, sadəliyiniz, yanımlığınız və göstərdiyiniz diqqət və xidmət sayəsində qazanmısınız. Mən artıq belə isti ünsiyyəti təccüblə deyil, təbii qarşılayıram. Çünki yurd itirən insanların qəlbi çox kövrək və incik olur. Amma onlara göstərilən qayğını duyan kimi elə sevinirlər ki, deməli unudulmayıblar. Mehriban xanım, Siz də həmişə məcburu köçkünlərimizə xüsusi istək və nəvazişlə yanaşır, onları bağrınıza sıxır, ehtiramla  qulaq asır, problemlərini həll etməyə çalışırsınız. Bu görüşdə isə… Yazımın əvvəlində dediyim kimi yaşlı bir ananın qarşısında diz çökməyiniz… Keçirdiyim hissləri ifadə edə bilmirəm. Bu, elə bir böyüklük və ucalıq idi ki, nə gizlədim hər kəs də bunu bacarmazdı. Gərək sənin sinəndə nə qədər geniş bir ürək  ola ki,  bu addımı ata biləsən. Yadıma ötən əsrin sonları düşdü. Bir qrup qadın tez-tez çadır şəhərciklərinə gedirdik. Rəhbərimiz vəzifəli bir xanım idi. Əvvəldən tapşırırdı ki, elə edin ki, “qaçqınlar mənə yaxınlaşmasınlar. Onlara qulaq asmağa səbrim yoxdu , hamısı eyni sözü deyəcək”. Şikayət məktublarını böyük bir çantaya yığıb gətirirdim. Amma o, çox laqeydcəsinə, apar at, deyirdi, əlim qalırdı üzümdə. Dözməyib etiraz edəndə danlanırdım. Bu səbəbdən də yollarımız ayrıldı. Bir yerdə çalışa bilməzdik. Nə isə… İndi Sizin bu mehribanlığınızı, sadəliyinizi görəndə çox kövrəldim. Bu tarixi bir görüş və görüntü oldu. Diqqətlə fikir verirəm, ananın çəkdikləri, dərdləri sanki Sizin gözlərində əks olunurdu. Bu mənəvi bağlılığın mayasında millətinə, xalqına böyük məhəbbət və inam duyulurdu. Bu cür münasibət  Sizin daxili mədəniyyətinizdən və zəngin mənəviyyatınızdan xəbər verirdi. Bu, həm də bəzi məmurlara mesaj idi. Torpağın, millətin, yaşlı ananın qarşısında əyilmək zirvəyə qanadlanmaq deməkdir. Allahdan arzum budur ki, bu soydaşlarımızla elə onların doğma ocaqlarında – işğaldan azad ediləcək yurdlarında görüşəsiniz, Mehriban xanım! Onda gözlərinizdəki bu qəmi də  görmərik, Qələbə sevinci ruhunuza dinclik, həyatımıza yeni rəng gətirər. Amin!


Yazımı böyük şarimiz Məmməd Arazın şeiri ilə tamamlayıram- milyonların arzusu  kimi:

Bu dünyada qurmaq çətin, yıxmaq asan,

Bir təkanla dağ yıxılar, yıxan olsa.

İpə dönnəm-əgər göyə çıxan olsan,

Odun sönsə, qorun ollam,

Yaşat məni!..

Qar altında yaz gözləyən əkin kimi,

Ədalətə heykəl yonsan, əklil kimi.

Doğruya  qan, şərə qalxan   vəkil kimi,

Gərək ollam,

Qoru məni,

Yaşat məni!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi