Modern.az

Azərbaycanda hansı avtomobillərə üstünlük verilir?

Azərbaycanda hansı avtomobillərə üstünlük verilir?

26 İyul 2019, 08:50

Dünyanın bir çox yerlərində olduğu kimi Azərbaycanda da avtomobillərin sayı günü-gündən artır. Bir müddət əvvəl Azərbaycanın avtomobil bazarında “Mercedes” öndə olsa da, hazırda vəziyyətin dəyişdiyini müşahidə edirik. Bəs görəsən “Mercedes”ə marağın azalması nə ilə bağlıdır?

 

Məsələ ilə bağlı Modern.az-ın suallarını cavablandıran “106.3-ün dairəsi” verilişinin aparıcısı, “Masterclass Azerbaijan”ın yaradıcısı Raqif Raufoğlu bildirib ki, hazırda Azərbaycanın avtomobil bazarında qəribə proseslər gedir.

 

“Ölkəyə əsasən “Renault Megane”, “Toyota Prius” kimi avtomobillər gətirilir. Bunun səbəbi o avtomobillərin kifayət qədər ucuz olmasıdır. Bugünkü orta seqmentin ala biləcəyi avtomobillər onlardır. 13,14, 15 min civarında maşın istəyənlər üçün “Mercedes” bahadır. Yerli bazarın özündə “Mercedes”lərin qiyməti kifayət qədər yüksəkdir. Ona görə alternativ kimi başqa avtomobillərə maraq artır”.

 

Ekspertin sözlərinə görə, əvvəllər avtomobillərin mühərrikinə çox fikir verilmirdi, indi artıq buna da diqqət edilir.

“Hibridlərin ölkəyə gətirilməsini stimullaşdırmaq lazımdır. Nisbətən köhnə də olsa bu avtomobillər ətraf mühiti daha az çirkləndirir. Amma Avropa ölkələrindən gələn dizellər gəlir. Halbuki Avropa həmin avtomobilləri öz bazarından çıxarmağa çalışır. Biz isə yenə də Avropadan bir addım geri düşürük. Çünki bizim öz dizelimiz deyilənə görə 2021-ci ildə Avro-4, Avro-5, standartlarına cavab verəcək. Ona görə də hələ ki gətirilən maşınlarda problemlər yaranmağa davam edir. Gətirilən dizel maşınlara ya məcbur olub hansısa qatqı əlavə etmək ya da katalizatoru ləğv etmək lazımdır. Katalizatorun ləğv olunması ekoloji baxımdan çox ciddi problemlərə yol açır, atmosferə atılan zəhərli tullantıların içərisində xərçəng yaradan elementlər var”.

 

Raqif Raufoğlu bildirib ki, Azərbaycanda gömrük qiymətləri həddinən artıq çoxdur.

 

“Təsəvvür edin, Almaniyada 2500-3000 avroya olan maşın çox ucuz sayılır. Həmin maşın Azərbaycana 15-16 min manata gəlib çıxır. Adam təxmini 5500 manata maşın alır, həmin avtomobilin gömrük rüsumu 6 min manatdan çox olur. Mənim fikrimcə, gömrük qiymətlərinə yenidən baxmaq lazımdır”.

 

R.Raufoğlu deyib ki, son 2-3 aydır “Xəzər” avtomobillərinə maraq artıb.

 

““Mercedes”in qiyməti baha olduğu üçün orta azərbaycanlı ala bilmir, həmin avtomobilləri daha çox şirkətlər və gəlirləri yüksək olanlar alır. “Hyundai”, “KİA”  nisbətən ucuz olduğu üçün satışları çoxdur. “Xəzər” avtomobillərinin qiyməti pis deyil, ala bilərlər. Həmin avtomobillər köhnə “Peugeot”ların üzərində yığılır. Bizə yazıblar ki, 19000 kilometr sürülən “Xəzər avtomobilində problem var”. Şikayətlərin sayı artsa həmin avtomobillərə inam azalacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir