Modern.az

Bakının yeni Baş Planından nə xəbər?

Bakının yeni Baş Planından nə xəbər?

Ölkə

25 Dekabr 2009, 11:48

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (DTAK) "Böyük Bakının Regional İnkişaf Planı"nın hazırlanması ilə əlaqədar keçirdiyi müsabiqəni bu il yekunlaşdıra bilməyəcək.  Bu barədə Modern.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev məlumat verib. O, bildirib ki, müsabiqə yekunlaşandan sonra Baş Planı hazırlayacaq şirkətin adı açıqlanacaq.   Qeyd edək ki, DTAK-ın müsabiqəsində ABŞ, İngiltərə, İsrail, Almaniya və Niderlandı təmsil edən 6 şirkət iştirak edib. Bakının yeni Baş Planını hazırlayacaq şirkət «Moshe Zur Architects Town Planners Ltd.» (İsrail), «Scott Wilson» (İngiltərə), «GHK Consulting» (İngiltərə), «EDAW/AECOM» (ABŞ), «Urban Solutions» (Niderland), «AS&P Albert Speer & Partners GmbH» (Almaniya) arasindan seçiləcək. “Əslində qalibin adı sentyabrın əvvəlində elan olunmalıydı. Amma şirkətlərin bizə verdikləri təkliflərin müzakirəsi xeyli vaxt aparır. Buna görə də qalib şirkətin adının açıqlanması uzanır. Hazırda təklifləri Dünya Bankının mütəxəssisləri nəzərdən keçirir”-deyə C.Qocayev bildirib. «Böyük Bakının Regional İnkişaf Planı» adlı kompleks layihələr Dünya Bankının krediti hesabına maliyyələşir. Bu işə 5 milyon dollar ayrılıb. Həmin vəsaitin 4 milyonu Dünya Bankı, 1 milyonu isə Azərbaycan hökuməti tərəfindən ödəniləcək. "Böyük Bakının Regional İnkişaf Planı"ı Bakı, Sumqayıt, Xırdalan şəhərlərinin və ətraf qəsəbələrin ərazilərini əhatə edən strateji inkişaf konsepsiyası olacaq. Xatırladaq ki, həm kapitalizm, həm də sovet hakimiyyəti qurulduqdan sonra Bakıda şəhərsalma işləri yeni planlar üzrə aparılıb. Bakının ilk Baş planı 1898-ci ildə o dövrun məşhur memarı N.A. fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş planı işlənib. 1964-cü ildə isə respublika Nazirlər Soveti şəhərin üçüncü Baş planını təsdiqləyib. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü