Arxiv
15 Noyabr 2019, 13:19 | MƏDƏNİYYƏT
Xilaskar təbib

"Ömür səhifələri”ndə dünyaca məşhur cərrah-onkoloq, Mili Məclisin Səhiyyə komitəsinin sədri, SSRİ Dövlət mükafatı laureatı, SSRİ Tibb Elmləri Akademiyasının N.N.Petrov adına mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının və Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının xarici üzvü, Ümumdünya Onkoloqlar və Ortoped-travmatoloqlar Assosiasiyasının, Avropa Bərpa Cərrahlığı Assosiasiyasının, Amerika Klinik Onkologiya Cəmiyyətinin üzvü, Milli Məclisin deputatı, AMEA-nın Biologiya və tibb elmləri bölməsinin akademik-katibi, Əməkdar elm xadimi, "Şərəf” və "Şöhrət” ordenli Əhliman Əmiraslanovun həyat kitabını vərəqləyəcəyik.


Əhliman Tapdıq oğlu Əmiraslanov 1947-ci il noyabrın 17-də Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində ziyalı ailəsində anadan olmuşdur.


Bəlkə də, ən kiçik arzulardan başlayır gələcəkdə qazanılacaq böyük uğurlar... Onun da arzuları əslində elə böyük deyildi. Uşaqlıqdan həkim olmağı arzulayırdı. Bir oyun kimi başlayan həkimlik onun gələcək amalına çevrilmişdi. Tibb İnstitutunu bitirəndən sonra kəndə qayıdıb xəstəxana açacaq, el-obasının camaatına şəfa verəcək, xəstələri sağaldacaqdı. Amma sən demə, tale onun qismətinə özünün də xəyalına gəlməyəcək uğurlar, nəinki kəndini, hətta ölkəsini aşacaq şan-şöhrət yazmışdı... O isə bütün bunlardan xəbərsiz qayğısız uşaqlıq həyatını yaşayırdı sadəcə. Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində...


Atası Tapdıq Əmiraslanov orta məktəb direktoru, Basarkeçər rayonu maarif şöbəsinin müdiri, raykom katibi vəzifələrində çalışmışdı. Bütün qüvvə və bacarığını elin savadlanmasına, maariflənməsinə sərf edib, uzunmüddətli qüsursuz pedaqoji fəaliyyətinə görə Əməkdar müəllim fəxri adına layiq görülmüşdü. Belə bir atanın övladı da, əlbəttə, məktəbin əlaçısı olmalıydı.


Amma hər şeydən öncə o, adi bir kənd uşağı idi: "Kənd uşağı necə olursa, mən də eynən elə idim. Başqa uşaqlar kimi, növbəylə qoyun otarmağa gedirdim. Yoldaşlarımla voleybol oynayırdıq, yarışlara qatılırdıq. Hər gün dağa çıxırdıq. Göyçənin iqlimi o qədər sərt olurdu ki, kənddə ağac çox bitmirdi. O yerlərin havası, suyu, təbii şəraiti başqa bölgələrdən tamamilə fərqlənirdi. Qışda çox qar, şaxta olardı, yayda da külək. Yaz gələndə müxtəlif rəngli çiçəklər çəmənləri bəzəyirdi, ətirləri hər yerə yayılırdı. O yamyaşıl dağlar, çəmənlər, buz bulaqlar hələ də yadımdadır... Rayonumuz Kəlbəcərlə həmsərhəd idi deyə ora da tez-tez gedirdik. Maraqlı, gözəl təbiəti, meşələri vardı Kəlbəcərin. Ancaq biz tərəflərdə meşə yox idi. Güclü küləklər ağacları qırırdı. Bircə bizim həyətdə hündür hasar tikmişdik deyə külək ağacları aşıra bilmirdi. Atam həyətimizdə müxtəlif ağaclar əkmişdi. Bizim kənddə azərbaycanlılar yaşayırdı. Rayonun ən böyük kəndlərindən sayılırdı. Atamın işi ilə əlaqədar anam və balaca bacı-qardaşlarım rayon mərkəzində qalırdılar. Mən isə nənəmlə kənddəki evimizdə yaşayırdım. Çünki azərbaycandilli məktəb bizim kənddə idi. Yalnız həftə sonları və tətildə atam maşın göndərirdi, rayona yanlarına gedirdim, sonra yenə qayıdırdım kəndə”.



Reallığa çevrilən oyun

 

Bütün uşaq əyləncələri bir yana, dərs də bir yana idi onlar üçün. Hətta ən dəcəl uşağın da təhsilə, elmə böyük marağı, həvəsi vardı. Məktəblilər bir-biri ilə təhsildə yarışırdılar - kim daha çox kitab, bədii əsər oxuyub. Kənd məktəbi olsa da, tədris çox güclü, təhsilin səviyyəsi yüksək idi. Məktəbi bitirən şagirdlərin əksəriyyəti müxtəlif institutlara daxil olurdular: "O vaxt başqa məşğuliyyət də yox idi. Televizor kəndə sonralar gəldi. Yadımdadır, kənddə televizor ancaq bizim evdə vardı. Hamı yığışırdı bizə, baxırdı. Hamımız dərslərimizə ciddi yanaşırdıq. Ev tapşırıqlarımı bitirəndən sonra bədii əsərlər oxuyurdum. Hər il ayrı-ayrı fənlərdən keçirilən müsabiqə və olimpiadalarda qalib gəlirdim. Çox yaxşı müəllimlərimiz vardı. Mən elə uşaq vaxtından həkimliyi sevirdim. Nənəm xəstələnəndə barmağımı qoluna, qıçına uzadırdım ki, guya iynə vururam. Stolun üstündəki pendirdən də balaca dilim qoparıb ağzına qoyurdum ki, bu da dərmanındır, iç, sağal. Bir gün nənəm möhkəm xəstələndi, ürəyindən əziyyət çəkirdi. O vaxt həkim indiki qədər çox deyildi. Yalnız rayon mərkəzində olurdu. Kənddə isə feldşer vardı, onu evə çağırdıq. Müəyyən dərmanlar verdi, amma nənəm tam sağalmadı. Onda qəti qərar verdim ki, həkim olub nənəmi sağaldacağam”.


Təəssüf ki, nənəsi sevimli nəvəsinin həkim olduğu günü görə bilmir. Əhliman hələ orta məktəbi bitirməmiş nənəsi rəhmətə gedir. Amma bu ölüm onu qərarından döndərmir. Orta məktəbi qızıl medalla bitirən Əhliman 1965-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olur. İnstitutda təhsil alarkən fitri istedadı, yüksək erudisiyası ilə fərqlənən tələbə elə təhsil ala-ala Bakı şəhər Onkologiya Xəstəxanasında tibb qardaşı kimi işləməyə başlayır: "Adətən, gecələr xəstəxanada qalırdım, əməliyyatlara girirdim. Orada işləyəndə ağır vəziyyətdə olan onkoloji xəstələri görürdüm. O vaxt onkologiyanın imkanları belə geniş deyildi, məhdud idi. Tədqiq olunmamış sahələr çox idi deyə onkologiya məni daha çox cəlb etdi. Onkologiya üzrə ilk müəllimim görkəmli alim, professor Arif Abbasov olub. Gecə növbəsindən sonra imkan olanda Arif müəllimin əməliyyatlarına girirdim. Mənə böyük rəğbət bəsləyirdi. Bir dəfə soruşdu ki, institutu bitirəndən sonra burada işləmək istəyərsən? Dedim, əlbəttə. Universitet rəhbərliyinə məktub yazdı ki, xahiş edirəm Əhliman Əmiraslanovun təyinatını onkoloji xəstəxanaya göndərəsiniz”.


Elə də olur. İnstitutu fərqlənmə diplomu ilə bitirən Ə.Əmiraslanov 1971-ci ildə Bakı şəhər Onkologiya Xəstəxanasının Cərrahiyyə şöbəsində cərrah-onkoloq kimi işləməyə başlayır. 7-8 ay keçməmiş isə şöbə müdiri təyin olunur: "Bu, o vaxt nadir hadisəydi. Şöbədə yaşlı həkimlər, professorlar olsa da, müdir kimi məni seçmişdilər. O dövr mənim cərrah kimi formalaşmağımda faydalı oldu. Professor Arif Abbasov mənə elmi iş də verdi. Təəssüf ki, qəfildən dünyasını dəyişdi. Gördüm ondan sonra burada inkişaf etmək, nəsə əldə etmək çətin olacaq. Ona görə də onkologiya sahəsində biliklərimi dərinləşdirmək üçün Moskvaya getməyi qərara aldım. Qəzetdə elan oxudum ki, Moskvada yeni yaradılmış Onkoloji Elmi Mərkəzin aspiranturasına qəbul var. Heç kimə demədən sənədlərimi ora göndərdim. Yenicə ailə qurmuşdum. Böyük oğlum hələ dünyaya gəlməmişdi, yolunu gözləyirdik. Bir müddət sonra dəvət gəldi ki, imtahandır. Qardaşım Moskva ətrafında əsgərlikdə olduğu üçün evdə dedim ki, qardaşımın yanına gedirəm. Rusiyaya getmişkən elə ona da baş çəkdim. İmtahanları uğurla verib Bakıya qayıtdım. SSRİ Tibb Elmləri Akademiyasının nəzdində Ümumittifaq Onkoloji Elmi Mərkəzində aspiranturaya daxil olmağımla bağlı sənəd gələndə ailədə elan etdim ki, Moskvaya gedirəm. Atam dedi ki, hökmən get. Amma anam istəmirdi. Onda hələ Göyçədə yaşayırdılar. Dedi, heç Bakıya gedib-gələ bilmirik, Moskvaya necə gedəcəyik. Yoldaşım isə tam normal qarşıladı. Özü də həkim idi, internaturada oxuyurdu. 1974-cü ildə biz Moskvaya köçəndə oğlum artıq 3 aylıq idi. Getdik, yataqxanada yerləşdik. Yoldaşım da ginekoloq kimi işləməyə başladı. Elmi işimi vaxtından tez hazırladım. Müdafiəmə az qalmış, 1976-cı ilin mayında atam 58 yaşında rəhmətə getdi. İcazə alıb getdim kəndə. Bir də sentyabrda qayıdıb müdafiəmi etdim”.



Onkologiya elmində yeni mərhələ

 

Əhliman Əmiraslanov 1977-ci ildə aspiranturada təhsil müddəti başa çatmamış "Bədxassəli şişlərlə əlaqədar aşağı ətrafların amputasiyasından sonra xəstələrin reabilitasiyası” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi olur. Elmi rəhbəri, akademik N.Trapeznikovun və Mərkəzin baş direktoru, akademik N.Bloxinin təklifi ilə həmin dünya şöhrətli elmi-tədqiqat mərkəzində kiçik elmi işçi, 1981-ci ildən elmi işçi, 1984-cü ildən böyük elmi işçi vəzifələrində çalışır. Bu dövrlərdə çoxsaylı mürəkkəb cərrahi əməliyyatları, o cümlədən dünyanın yalnız bir neçə məşhur klinikasında icra olunan və SSRİ miqyasında ilk dəfə məhz Əhliman Əmiraslanov tərəfindən həyata keçirilən "Rotasion plastika” cərrahi əməliyyatı böyük məharətlə yerinə yetirilir və ümidverici nəticələr əldə edilir.


Gənc azərbaycanlı alim elmi axtarışlarını uğurla davam etdirir. 1984-cü ildə 36 yaşında "Osteogen sarkomalı xəstələrin kompleks müalicə üsulları” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülür. Alimin elmi işləri nəinki Azərbaycanda və MDB məkanında, eləcə də dünyanın qabaqcıl ölkələrində geniş yayılaraq onkologiya elmində yeni mərhələnin başlanmasına əsaslı zəmin yaradır. Sümük sarkomasının bütün incəliklərini dünya mətbuatında elmi əsərləri ilə geniş şərh edən, beynəlxalq elmi tədbirlərdə sanballı məruzələri və çıxışları ilə fərqlənən alimin adı dünyanın hər yerində tanınır və şöhrətlənir. Ə.Əmiraslanovun təklif etdiyi yeni müalicə metodları artıq sınaqdan çıxaraq praktiki səviyyədə uğurla tətbiq olunur, müxtəlif klinikalarda geniş miqyasda istifadə edilir. Bu metodlar xəstəlikdən qurtulmanı sürətləndirir, əlillik dərəcəsini azaldır, xəstələrin qısa müddətdə fəal əməyə və məişətə qayıtmalarına kömək edir.


"O vaxtlar gənclərdə sümük sarkomaları çox baş verirdi və bu xəstələrin ayaqlarını amputasiya edirdilər. Bizim apardığımız tədqiqatlar sayəsində yeni süni diz oynaqları icad etdik. Onunla da həm gənclərin ətraflarını xilas etdik, həm də ömrünü uzada bildik” deyən Ə.Əmiraslanov 1985-ci ildə "Sümük sarkomaları” adlı monoqrafiyasına görə SSRİ Tibb Elmləri Akademiyasının 5 ildə bir dəfə təqdim edilən akademik N.N.Petrov adına mükafatı və medalı ilə təltif olunur. Beynəlxalq aləmdə böyük nüfuz qazanan alim "Onkoloji xəstələrin bərpa müalicəsi metodlarının işlənib hazırlanması və onların kliniki təcrübədə tətbiqi” haqqında silsilə elmi-texnoloji işlərinə görə isə 1986-cı ildə elm və texnika sahəsi üzrə SSRİ Dövlət mükafatına layiq görülür. Bu mükafata görə təkcə Azərbaycandan mindən çox təbrik teleqramı alır. Onların arasında SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Siyasi Büronun üzvü Heydər Əliyevin də təbrik teleqramı vardı.


Ə.Əmiraslanov Moskvada işlədiyi dövrdə 12 tibb elmləri namizədi, 5 tibb elmləri doktorunun hazırlanmasına bilavasitə elmi rəhbərlik edir. Professor yüksəkixtisaslı tibbi kadrların hazırlanmasında, eləcə də tibb elminin və səhiyyənin inkişafında xidmətlərinə görə 1991-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülür. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilir.


Əhliman həkim Moskvada yaşayıb-çalışdığı 20 ilə yaxın müddətdə SSRİ-nin bütün guşələrinə, müxtəlif xarici ölkələrə konsultasiyaya, əməliyyatlara gedib. Eləcə də Moskvada dünyanın dörd bir yanından xəstələri qəbul edib. Onların arasında öz vətəninin övladları, tanınmış ziyalıları da olub. Məsələn, Xalq şairi Mirvarid Dilbazini də Moskvada əməliyyat edərək həyata qaytarıb. Mirvarid xanım "Xilaskar” şeirini bu həkimə ithaf edib:


Nə adi insansan, nə adi cərrah,

Səni mələklərin qanadlarında

Xilaskar göndərib bizimçün Allah.

Adi əl deyildir sənin əlin də,

Bu əl insanları vaxtsız ölümdən

Qurtaran əldir...


Peşəyə sadiqlik

 

1990-cı illərin çox çətin, ağır dövrlərində digər sahələrdə olduğu kimi, tibb sahəsindən olan bir çox mütəxəssislər Azərbaycanı tərk edərək başqa ölkələrə gedirdilər. Torpaqlarımızın Ermənistan tərəfindən işğal edildiyi, müharibənin getdiyi dövrdə Əhliman Əmiraslanov Moskvada Klinik Onkologiya İnstitutunda ona təklif olunan direktor vəzifəsindən imtina edib Bakıya gəlmək, vətənin ağır illərində peşəkar həkimliyi, alimliyi, pedaqoji fəaliyyəti ilə xalqına dayaq olmaq qərarına gəlir: "Qərarımı işlədiyim mərkəzin direktoru Nikolay Trapeznikova açıqlayanda dedi, getmə. Görəndə qərarım qətidir, müəllimim kimi məsləhət verdi: "Elə vəzifəyə get ki, xəstələrlə əlaqən kəsilməsin. Sən xəstələrə çox lazımsan”. Həqiqətən də Azərbaycana qayıdanda mənə elə bir vəzifə təklif etdilər ki, qəbul etsəydim, xəstəxana üzü görməyəcəkdim. Amma mən öz peşəmə sadiq qaldım”.


Beləliklə, Əhliman Əmiraslanov 1992-ci ildə vətənə qayıdaraq Azərbaycan Tibb Universitetinin rektoru təyin olunur və 24 ilə yaxın bu vəzifədə çalışır. Alim və həkim kimi əldə etdiyi böyük uğurlarla yanaşı, Əhliman müəllimin təhsil və elmi təşkilatçılıq işlərində yüksək səriştəsi rektor vəzifəsində işlədiyi ilk gündən öz bəhrəsini verir. ATU-da təhsil sistemi beynəlxalq standartlara uyğunlaşdırılır, həyata keçirdiyi çoxsaylı islahatlar sayəsində universitet dünya səviyyəli elm, təhsil və praktiki fəaliyyət mərkəzinə çevrilir. ATU-nun Bolonya sisteminə qoşulması, xaricdə və ölkəmizdə mütəxəssis həkim hazırlığının təşkili, tədrisin kredit sisteminə keçirilməsi, universitetin nəzdində stomatoloji, onkoloji, tədris-terapevtik və tədris-cərrahiyyə klinikalarının yaradılması, beynəlxalq əlaqələrin genişləndirilməsi kimi islahatlar Azərbaycan təbabətinin və tibb təhsili tarixinin əlamətdar hadisələri hesab edilə bilər: "90-cı illərin əvvəlləri ölkəmiz üçün çox çətin dövr idi. Bütün sahələrdə olduğu kimi, təhsil sistemində də problemlər vardı. Universitetdə nə lövhə vardı, nə də bir təbaşir. Dərsləri vaxtında başlaya bilmirdik. Amma ildən-ilə vəziyyət düzəldi. Auditoriyalar müasirləşdirildi, tədrisdə elektron vasitələrin geniş istifadəsinə başlanıldı, beynəlxalq əlaqələr artdı, dünyanın aparıcı elmi-tibbi mərkəzləri ilə müqavilələr və mübadilələr həyata keçirildi. Universitetin 11 mərtəbəli yeni tədris binasını istifadəyə verdik. Mütəxəssis həkim hazırlığı üzrə beynəlxalq sistemin ölkəmizdə də təşkil olunması üçün uzun illər gərgin çalışdım və nəhayət, 2011-ci ildə Azərbaycanda rezidentura təhsili həyata keçirilməyə başlanıldı. Düzdür, bu qərar etirazla qarşılandı. Hətta o vaxt mitinqlər oldu. Axı bir ilə mütəxəssis hazırlamaq olmaz. Düzdür, indi də bu sistem ideal deyil, hələ təkmilləşməyə ehtiyac var. Amma əvvəlkinə nisbətən yaxşıdır”.


500-dək elmi əsərin, 13 monoqrafiya, 26 dərslik, dərs vəsaiti və metodik ədəbiyyatın, 9 ixtira və səmərələşdirici təklifin müəllifi olan professor elmi-pedaqoji kadrların hazırlanmasına xüsusi diqqət yetirir. Əhliman Əmiraslanov məktəbinin davamçıları təkcə Azərbaycanda deyil, Orta Asiyada, Moldovada, Belorusiyada, Özbəkistanda, Qazaxıstanda, Macarıstanda, Yunanıstanda da həkim kimi fəaliyyət göstərərək onun yolunu davam etdirirlər. Akademikin bilavasitə rəhbərliyi altında tibb üzrə 12 elmlər, 44 fəlsəfə doktoru yetişib. Rəhbərlik etdiyi Onkoloji Klinikada çalışan həkim heyətinin hamısı onun tələbələridir. Onların arasında 5 professor, çoxlu sayda elmlər namizədi var. O hətta Moskvadan Bakıya qayıdanda orada yetişdirdiyi 6-7 azərbaycanlı həkimi də özü ilə birlikdə bura gətirib işlə təmin etdi. Qısası, Azərbaycan səhiyyəsi Əhliman doktorun yetirmələri ilə zəngindir.


Amma həkimlər tək onun ətrafında yox, ailəsində də var: "Düzdür, ailəmizdə ilk həkim mən olmuşam. Ancaq açdığım yolun davamçıları var. Böyük oğlum Azər onkoloqdur, professordur. Həyat yoldaşım Hicran xanım, iki gəlinim həkimdir. İki nəvəmin də arzusu həkim olmaqdır. Bu da məni sevindirir. Klinikada da davamçılarım var. Hər biri öz sahəsinin bilicisidir. Sabah mən olmasam, hər biri klinikaya rəhbərlik edə bilər. Onlara arxayınam”.



Heydər Əliyevin böyük qayğısı və diqqəti

 


Əhliman Əmiraslanov Bakıdakı fəaliyyəti dövründə Ulu Öndərlə bir neçə dəfə görüşüb: "Rektor işlədiyim dövrdə Ulu Öndər Heydər Əliyev iki dəfə universitetə gəldi. 1998-ci ildə yeni tədris binasının açılışında iştirak etdi. Bir neçə saat gəzdi, auditoriyalara, dərs otaqlarına baxdı, çox bəyəndi. 2000-ci ildə universitetin 70 illik yubileyi münasibətilə də qonağımız oldu. Hər iki görüşdə maraqlı nitq söylədi, 70 nəfəri də təltif etdi. Bundan başqa, İhsan Doğramacının Azərbaycanda yüksək səviyyədə qeyd olunan 80, 85, 90 illik yubileylərində əsas məruzəçisi olduğum üçün görüşmüşük. Maraqlı söhbətlərinin şahidi olmuşam. Dəfələrlə də telefonla danışmışıq, müəyyən xəstələrlə bağlı mənə tapşırıqlar verib. 50 yaşımda mənə "Şöhrət” ordeni təqdim edib. Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev də hər zaman ölkəmizdə bütün sahələrə olduğu kimi, səhiyyəyə, tibb təhsilinə xüsusi həssaslıqla yanaşmışdır. Belə ki, cənab Prezident


İlham Əliyevin diqqət və qayğısı sayəsində 2007-ci ildə ATU-nun Onkoloji Klinikasının açılışı oldu. Bu da ölkəmizdə onkoloji xidmətin, eləcə də tibb elmi və tibb təhsilinin inkişafına güclü təkan verdi. Möhtərəm İlham Əliyevin 11 sentyabr 2007-ci il tarixində imzaladığı "Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının yaradılması haqqında” sərəncamı da dövlət başçısının təhsil və səhiyyə məsələlərinə necə böyük həssaslıqla yanaşdığını bir daha təsdiqləyir. Universitetin cəmiyyətdə yerini yüksək dəyərləndirən Prezident İlham Əliyev 2010-cu il aprelin 28-də "Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalamışdır. Universitetin 80 illik yubileyi ilə əlaqədar ölkə başçısının iştirakı ilə 2010-cu ilin oktyabr ayında bu ali təhsil ocağının ən müasir standartlara cavab verən Tədris-Terapevtik Klinikasının təntənəli açılışı olmuşdur. Azərbaycan Prezidentinin 2008-ci il 13 mart tarixli sərəncamı əsasında universitetin Tədris-Cərrahiyyə Klinikası da inşa olunmuş, 2013-cü il sentyabrın 12-də klinikanın təntənəli açılış mərasimi keçirilmişdir. Cənab İlham Əliyevlə birgə birinci xanım Mehriban Əliyeva da universitetin klinikalarının təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir. 500 çarpayılıq Tədris-Cərrahiyyə Klinikasının müasir səviyyədə inşası dövlətimizin təkcə bu ali təhsil ocağının deyil, bütövlükdə Azərbaycan Respublikasının səhiyyə sisteminin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilmiş diqqət və qayğının əyani göstəricisidir”.


Əhliman Əmiraslanov IV və V çağırışlar Milli Məclisin deputatı seçilib. 2015-ci ildən Milli Məclisin Səhiyyə komitəsinə rəhbərlik edir. 4 il ərzində komitə tərəfindən 53 qanun layihəsi hazırlanıb, parlamentin plenar iclasına təqdim olunub, hamısı da qəbul edilib. Həkim kimi əsas fəaliyyəti isə uzun illərdir direktoru olduğu ATU-nun Onkoloji Klinikasındadır. Səhər saat 8-də əməliyyata girir, xəstələrini yerbəyer edəndən sonra parlamentdəki işinin başına keçir: "Mənim üçün ilk yerdə həkimlik peşəm dayanır. Akademiklik, deputatlıq, komitə rəhbərliyi - hamısı həkimliyə bağlıdır, onun davamıdır. İnsan ilk növbədə öz sənətinin mütəxəssisi olmalıdır. Əgər sənətinin yaxşı bilicisi oldunsa, digər işlər sonra gələcək. Çalışmışam öz sənətimi - onkologiyanı yaxşı mənimsəyim və buna nail olmuşam. Yenidən həyatımı başlamış olsaydım, yenə bu peşəni seçərdim”.




"İlk əməliyyatımı 5-ci kursda etdim”

 

50 ilə yaxındır həkim xalatını əynindən çıxarmayan Əhliman doktor ilk əməliyyatını hələ də xatırlayır. Demə, birinci dəfə əməliyyat otağına girəndə 3-cü kurs tələbəsiymiş: "Yadıma gəlir ki, onda kollapsa düşdüm. Qan görəndə huşumu itirdim. Sonra cərrahlardan bu haqda soruşdum. Hamısı dedi ki, bizdə də elə olub, keçəcək. Bir-iki dəfədən sonra həqiqətən də keçib getdi. İlk müstəqil əməliyyatımı isə 5-ci kursda oxuyanda etmişəm. Müəllimim Qulammirzə Quliyev mənə appendiks əməliyyatını həvalə etdi. Dedi, get, əməliyyatı özün elə. Bu, mənim cərrah kimi ilk işim oldu. O gündən bəri həyata keçirdiyim əməliyyatların dəqiq sayını bilmirəm, bəlkə də on minlərlədir. Düzdür, son illər bir az sayını azaltmışam. Həftənin 3-4 gününü əməliyyat edirəm. Düşünürəm ki, müəyyən yaş həddindən sonra bu sayı məhdudlaşdırmaq lazımdı, amma insanlar xahiş edirsə, buna imkanım da varsa, niyə etməyim? Yəni kimsə məndən bunu xahiş edirsə, heç kimi geri çevirmirəm. Bir də o əməliyyatları edirəm ki, bilirəm, onu məndən başqa bu səviyyədə edən olmayacaq. Bəzən deyirlər, yükün çoxdur, yorulmursan? Şükür, hələ şikayətim yoxdur. Əksinə, klinikada xəstələrə baxanda, əməliyyata girəndə dincəlirəm”.


Əhliman həkim təəssüflə etiraf edir ki, bu illər ərzində əməliyyatdan sağ çıxmayan xəstələri də olub. Bu zaman ağır sarsıntı keçirib. Hətta 1 ay əməliyyat otağına girə bilməyib. Amma zamanla özünü toparlayıb. Çünki həyatını ona etibar edən, yaşamaq ümidilə gözləyən xəstələri intizarda saxlamaq olmazdı: "Onkoloji cərrahiyyə ən ağır sənətdir. Digər xəstələrdən fərqli olaraq, onkoloji xəstələrin əməliyyatında səni nə gözləyir bilmirsən. Cərrahın da ustalığı ondan ibarətdir ki, o situasiyada düzgün qərar versin. Ona görə cərrahlara daha çox "əməliyyat etməyi bacaran ağıllı terapevt” deyirlər. Hər şey cərrahın əlindən yox, ağlından asılıdır. Tələbələrimə də həmişə deyirəm ki, cərrahın əli ağlından qabağa getməməlidir. Bəzən böyük riskə gedib əməliyyat edən cərrahlar da var. Bunu qəhrəmanlıq adlandırmaq olmaz. Çünki bu risk başqasının həyatına bədəl ola bilər. Gərək cərrah ölçsün, biçsin, əməliyyat vaxtı doğru qərar qəbul etsin. Geniş cərrahi əməliyyata başladığım dövrdə az da olsa, ölüm halları baş verib, təəssüf ki. Xəstəsinin həyatını xilas edə bilməmək həkim üçün çox böyük faciədir. Sözlə ifadə olunmayacaq dərəcədə... Amma heç bir həkim yüzdəyüz zəmanət verə bilməz ki, bu əməliyyatın nəticəsi əla olacaq. Ola bilməz ki, minlərlə böyük əməliyyatın içində heç bir ağırlaşma, qanaxma, infeksiyalaşma olmasın. Sadəcə, bu risklərin faizi təcrübəli həkimlərdə çox aşağıdır. Bir də var həkim səhlənkarlığı - bax bunu artıq bağışlamaq olmaz”.



"Hər gün 10 kilometr piyada gəzirəm”

 

Professor deyir ki, son illər bir çox onkoloji xəstəliklərin sayında artım və cavanlaşma var. Buna qadınlarda süd vəzi, kişilərdə ağciyər, prostat vəzi xərçənglərini misal göstərmək olar. Mədə xərçəngi xəstəliyində isə azalma müşahidə olunur: "Xərçəng xəstəliyinin əmələgəlmə səbəblərini dəqiq demək çətindir. Bununla belə, bədxassəli şişlərin yaranmasında bir neçə faktor mütəxəssislərə məlumdur - qidalanma, ətraf mühitin çirklənməsi, siqaret çəkmə, qadınlarda reproduktiv funksiyanın pozulması. Əslində bədxassəli şişlər insan cəmiyyəti mövcud olandan var. Sadəcə əvvəllər heç bilmirdilər ki, nədən ölürlər. İndi isə diaqnostikanın imkanları artıb, xəstəliyi aşkarlamaq asandır. Təəssüf ki, bizim ölkədə şişlərin erkən aşkara çıxarılmasında hələ də problem var. Xəstələr vaxtı keçmiş mərhələdə həkimə gəlirlər. Halbuki erkən diaqnostika insanın həyatını xilas edir. Bu baxımdan insanların maariflənməsi, öz sağlamlığına laqeyd yanaşmaması lazımdır. Bu gün dünyada bədxassəli şişi olan xəstələrin 50-55 faizi tam sağalır, cəmiyyətə qayıdır. Bu, böyük rəqəmdir və mühüm irəliləyişdir. Ümumiyyətlə, onkoloji xəstəliklərin səbəbinin aydınlaşdırılması istiqamətində böyük işlər gedir. Xüsusilə genetika, molekulyar biologiya sahəsində bir çox mexanizmlər aydınlaşıb. Gen terapiyası, molekulyar biologiyada qazanılmış müvəffəqiyyətlər artıq klinikalara daxil olur. Amma kimsə xərçəngin dərmanını tapıb Nobel mükafatı alacaq - bu, sadəcə, söhbətdir. Onkoloji xəstəliklər məfhumu altında böyük qrup xəstəliklər birləşib. Xərçəngin 100-dən çox növü var. Gözləmək ki, hansısa kəşf olacaq, problem həll ediləcək - sadəlövhlükdür. Hazırda bu sahədə hədəf və immun terapiyaları gözəl nəticələr verir. İmmunoloji müalicə ilə hətta yayılmış şişləri olan xəstələri uzun müddət yaşatmaq olur. Düzdür, bu preparatlar yüksək maliyyə tutumludur. Lakin hesab edirəm, onkologiyanın gələcəyi məhz immun terapiya ilə bağlıdır. Və vaxt gələcək, nəvə-nəticələrimiz bizə güləcək ki, gör babalarımız xəstələrə nə qədər əziyyət veriblər, bu xəstəliyi asan yolla müalicə etmək mümkünmüş”.


Maraqlıdır, görəsən, həkim özü necə həyat tərzi sürür? Əhliman doktor özünün sağlam həyat tərzi reseptini belə açıqlayır: "Mən 40 ilə yaxın voleybol oynamışam. Sonra ayağım zədələndi. Bununla da keçdim piyada gəzintiyə. Harada olmağımdan asılı olmayaraq, hər gün səhər saat 7, axşam da 8-dən sonra - 5 km səhər, 5 km isə axşam olmaqla 10 kilometr gəzirəm. Bu, mənim üçün ilk yerdə durur. İkincisi, qidalanmaya fikir verirəm. Çalşıram qırmızı ətdən az istifadə edim - həftədə 2 dəfə. Toyuq, balıq, tərəvəzə daha çox meyilliyəm. Qızarmış, yağlı qidalardan müəyyən yaşdan sonra imtina etmək lazımdır. Bir də çalşıram çəkimi sabit saxlayım. Bunlar mənim sağlam həyat tərzimin əsasıdır”.




"Göyçə, kəndimiz, o dağlar tez-tez yuxuma girir”

 

Bu illər ərzində saysız-hesabsız ölkələr, şəhərlər gəzib Əhliman Əmiraslanov. SSRİ-nın elə bir şəhəri yoxdu ki, orada olmasın. Dünyanın bir çox ölkələrinə gedib. Amerika, Avropa, Yaponiya, Çin, Koreya, Monqolustan, Şimali Koreya... Amma onun üçün ən əziz ölkə Azərbaycandır: "Mən həmişə deyirəm, xoşbəxt o insandır ki, öz vətənində yaşaya və öz övladlarının, dostlarının çiynində torpağa tapşırıla. Mənim ən böyük arzum budur... Azərbaycandan sonra mənim üçün ikinci doğma ölkə Türkiyədir. Oranı çox sevirəm. Xüsusilə dağlar olan bölgələrini. Bizim kəndin dağlarını xatırladır mənə... Axırıncı dəfə 1988-ci ildə Göyçədə olmuşam. Həmin il yurd-yuvamızı orada qoyub gəlməli olduq. Anamı, qardaşımı Bakıya köçürdük. İndi də Göyçə, kəndimiz, o dağlar tez-tez yuxuma girir. Kənddəki evimizi, həyətimizi, məzarı o torpaqlarda qalan atamı yuxularımda görürəm. Bizim evin arxasında sıra dağlar yüksəlirdi. Görürəm o dağların başındayam... Bir neçə il bundan əvvəl bir nazirimiz Ermənistana getmişdi. Ondan xahiş etdim ki, getsin, evimizə baxsın. Sağ olsun, getdi, telefonla da çəkib mənə göstərdi. Əvvəl həyətimizi tanıya bilmədim. Sökülüb dağılmış, o boyda ağaclarımız qurumuşdu. Bircə pəncərələrin kənarlarından evimizi tanıdım. Çox məyus oldum. Orada bir yaşlı kişiylə qadın qalırmış. Deyiblər, evin yiyəsi haradadırsa gəlsin, biz də çıxaq gedək, burada yaşaya bilmirik. Bilmirəm, bir də oranı görmək mənə qismət olacaqmı?! Hər halda, ora mənim doğulduğum, böyüdüyüm torpaqdır. Ora mənim uşaqlığımın, arzularımın məkanıdır. Oradan başlamışdı həkimlik sevdam. Fikirləşirdim ki, institutu bitirəndən sonra kəndimizə qayıdıb orada bir xəstəxana açıb işləyəcəyəm. Ən böyük arzum bu idi. Fikirləşmirdim ki, rəhbər vəzifədə işləyəcəyəm, dövlət mükafatı alacağam, akademik olacağam. Görünür, taleyim belə gətirdi. Hər halda, taleyimdən çox razıyam. İnsan o vaxt özünü xoşbəxt saya bilir ki, o, kiməsə lazımdır. İnsanın həyatı o vaxt bitir ki, o, heç kimə lazım olmur. Əgər bu gün mən xəstəyə lazımamsa, onun həyatını xilas edə bilirəmsə, bundan böyük xoşbəxtlik ola bilməz”...

Xilaskar təbibin şəfasına ehtiyacı olan xəstələrin sayı isə, təəssüf ki, hələ çoxdur...


Xəyalə MURADLI,

"Azərbaycan” 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Abşeronda orta məktəbdə bıçaqlanma  7 Dekabr 2019, 00:48 “Ermənilər Bakıda” videosunu çəkənlər danışdı - VİDEO 7 Dekabr 2019, 00:33 İraqda nümayişçilər güllələndi 7 Dekabr 2019, 00:14 Bakıda "Gelandewagen" üç maşını əzdi 6 Dekabr 2019, 23:48 Yaşayış binasında partlayış: 5 nəfər öldü 6 Dekabr 2019, 23:29 Yevda Abramovun ölümündən öncə dediyi söz - VİDEO 6 Dekabr 2019, 23:15 “Qalmasını istəyirik” – Qurbanov dəyişikliklərdən danışdı 6 Dekabr 2019, 22:56 Azərbaycan neftinin qiyməti dəyişdi 6 Dekabr 2019, 22:43 Ürəyi altı saat dayanan qadın xilas edildi 6 Dekabr 2019, 22:27 Bakıda bu işçilərin maaşları artıb 6 Dekabr 2019, 22:13 Türkiyədə əhali küçələrə axışdı 6 Dekabr 2019, 21:56 Cəlilabadda 19 yaşlı gənc küt alətlə döyüldü 6 Dekabr 2019, 21:39 ABŞ-da hərbi bazada atışma: 4 ölü 6 Dekabr 2019, 21:24 Qızılcadan ölənlərin sayı 140 minə çatdı 6 Dekabr 2019, 21:10 “Qarabağ” xal itirdi 6 Dekabr 2019, 20:51 F-35-ləri ala bilməsək... 6 Dekabr 2019, 20:37 Deputat Yevda Abramov vəfat etdi 6 Dekabr 2019, 20:24 Azərbaycanla  Gürcüstan arasında humanitar əməkdaşlıq  müzakirə olundu 6 Dekabr 2019, 20:17 Dünyada  ilin ən yaxşı hava limanı 6 Dekabr 2019, 20:03 Leriklilər ağacəkmə kampaniyasında fəal iştirak ediblər - FOTO 6 Dekabr 2019, 19:40 “Tufan“ adlı solo konserti keçirilib - FOTO 6 Dekabr 2019, 19:29 Əli Əsədov Dünya Bankının regional direktoru ilə görüşüb 6 Dekabr 2019, 19:18 Xaçmazda minik maşını ilə yük maşını toqquşub, ölənlər var 6 Dekabr 2019, 19:09 Azərbaycan gündəlik neft hasilatını 7 min barrel azaldacaq   6 Dekabr 2019, 19:00 AFFA “Qəbələ”yə maddi yardım edəcək? 6 Dekabr 2019, 18:50 Hesablama Palatasının Təlim Mərkəzi açılıb 6 Dekabr 2019, 18:40 “Cahana sığmayan şair” adlı tədbir keçirilib - FOTO 6 Dekabr 2019, 18:29 AzMİU ilə “PMD Projects” arasında müqavilə imzalanıb - FOTO 6 Dekabr 2019, 18:23 Gömrük Akademiyası da ağacəkmə kampaniyasına qoşuldu 6 Dekabr 2019, 18:17 Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib 6 Dekabr 2019, 18:17 Rüstəm Xəlilov icra başçısı kimi sakinlərlə ilk görüşünü keçirib - FOTO 6 Dekabr 2019, 18:10 Təhsil Nazirliyinin əməkdaşları autizm sindromlu uşaqlarla görüşdülər 6 Dekabr 2019, 18:02 “Parlament siyasət meydanıdır” - Sədr müavini  6 Dekabr 2019, 17:57 Manatın üçgünlük məzənnəsi açıqlanıb 6 Dekabr 2019, 17:56 Dövlət Gömrük Komitəsi “Elektron növbə” layihəsinin tətbiqinə başladı 6 Dekabr 2019, 17:48
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?