Modern.az

O, çəkdiyi fotoları qısqanırdı... - Mərhum fotomüxbir Əjdərin oxumadığınız MÜSAHİBƏSİ

O, çəkdiyi fotoları qısqanırdı... - Mərhum fotomüxbir Əjdərin oxumadığınız MÜSAHİBƏSİ

Media

16 Noyabr 2019, 13:08

Modern.az mərhum fotomüxbir Əjdər Nağıyevin elektron mediada dərc olunmayan müsahibəsini təqdim edir...

Redaksiyadan:
Əjdər Cəfər oğlu Nağıyev 1955-ci il mart ayının 8-də İsmayıllı rayonunun Qoydan kəndində anadan olub. Uzun müddət Azərbaycan mətbuatında fotomüxbir kimi çalışıb. Əsas iş yeri “Azadlıq” qəzeti olub. Bununla yanaşı, "Turan" İnformasiya Agentliyinin də fotomüxbiri işləyib.  Azərbaycan fotojurnalistikası tarixində ayrıca yeri olan Ə.Nağıyev özünə xas baxış üslübü ilə fərqlənirdi. Əjdər bəy ixtisasca memar idi. Gözəl rəssamlığı, karikatura çəkməyi vardı. Rəsm əsərlərindən ibarət sərgisi açılmışdı. Yüksək zövqü onun fotolarına sənət əsəri dəyəri qazandıra bilmişdi. Çəkdiyi fotolara görə “Media açarı” mükafatı almışdı. Əjdər Nağıyevin mövzu müxtəlifliyi ilə seçilən, saysız anları əbədiləşdirən yaradıcılığında Azərbaycan xalqının 1988-ci ildən başlayan azadlıq mübarizəsinin əksi olan sənədli fotolar önəmli yer tutur . Bu fotoların hər biri tarixin yaddaşına, faktların təsdiqinə çevrilib. Müəllifini illər boyu yaşadacaq. 
Çəkdiyi fotolara görə “Media açarı” mükafatları almışdı.  Son iş yeri “Simsar” jurnalı olub.
Əjdər Nağıyev 2012-ci il aprelin 2-də vəfat edib. Mərhum astma xəstəliyindən əziyyət çəkirdi. Əjdər Nağıyev qarlı dağlar qoynunda, doğulduğu kənddə dəfn edilib.

Tanınmış jurnalist Səfurə Çərkəzqıznın 2001-ci ildə qələmə aldığı yazı..

Fotoqraf Əjdər Nağıyev! Çəkdiyi fotolara baxanda fikirləşirsən ki,  sözləri ondan zorla qoparmalı olacaqsan. Ona görə ki, ürəyində sözü qalmayıb,  deyəcəklərinin hamısı fotolarındadı... 

Amma Əjdər bəy sözarası “fotoqraf danışmamalıdı, iş görməlidi” desə də, maraqlı həmsöhbətmiş...

 

- Bu sənətdən umacağınız nədi?

- Heç nə.  Sadəcə, şəhərin küçələrinə düşüb anları  axtarıram.  Eybəcərlik olsun, ya gözəllik, fərqi yoxdu.  Eybəcərliyin də maraqlı tərəfləri var. Dilənən qadının, zibilxananın şəklini çəkəndə də gözəl anı tutmaq lazımdı. Umacağım ancaq budu. Şəkil çəkmək fotoaparatın düyməsini basmaq deyil. Nəyisə görməyi bacarmaq əsas şərtdi. Bizdə keyfiyyətli şəkil çəkən fotoqraflar var. Amma fotoqrafı əsas mövzu düşündürməlidi. Gərək şəkil danışsın.


- Gözəlliyi daha çox görürsüz, ya eybəcərliyi?


- Qabaqlar elə bil eybəcərliyi çox görürdüm. Amma indi gözlərim gözəlliyə qaçır.

 

- Nədəndi bu?


- Bəlkə də, eybəcərlikdən iyrənmişəm.


- Bəlkə, öz daxiliniz gözəlləşir?


- O da var. Eybəcərliyi də sevə-sevə çəkirəm. Amma həmişə həyatda belə kadrların olmağına təəssüflənirəm. Sonra fikirləşirəm ki, mən çəkməliyəm, bunlar qalmalıdı, ən azı müqayisə üçün: gözəlliyi çəkməyə dəyər, ya eybəcərliyi? 


- Qərarınız..?


- Gözəlliyin yerini heç nə verə bilməz!


- Gözəllik haqqında hərənin öz təsəvvürləri, düşüncələri var. Fotoqraf üçün gözəlliyin şərtləri, ölçüləri nədi?


- Onun ölçüsü yoxdu. Elə gözəlliyi də bundadı. Qabaqlar siyasilərlə işləyirdim. Sonra istiqamətimi dəyişdim. İndi daha çox sənətçilərlə çalışıram. Onlarla işləyəndən sonra gözəllik haqqında təsəvvürlərim dəyişib. İstər insan gözəlliyi olsun, istər təbiət, əsas odu ki, başqa şey fikirləşməyəsən. Yəni  bunu niyə çəkirsən, nə qədər pul qazanacaqsan?


- Bu sənətlə dolanmaq mümkündü?


- Kimlərsə dolanır. Sənətin biznes yolu da var. Amma mənlik deyil. Qorxuram ki, bu yola düşərəm, yaradıcılıq arxa plana keçər. Çəkdiyim şəkilləri  heç vaxt satmamışam. Bəzən onları başqalarının nəzərlərinə belə  qısqanıram.  


- Maraqlıdı... Bəs siz çörək pulunu necə qazanırsız?


- İndiyə kimi “Azadlıq” qəzetinin verdiyi qonorar hesabına dolanmışam. Buna görə məni çoxları qınayır.


- Bayaq dediz ki, fotoqrafın işi anları, məqamları tutmaqdı. Bu vaxta kimi hansı anın, məqamın həsrətindəsiz?


- Ən çox sevdiyim günəşin doğmağı, batmağıdı. Ay da müxtəlif rakurslardan maraqlıdı.


- Bunları çəkməmisiz ki?


- Çəkmişəm. Sizin dediyiniz mənada... Əvvəlcədən müəyyən eləmək çətindi.  Birdən elə anla qarşılaşırsan ki, təsəvvüründə heç vaxt onu canlandırmamısan. Bu anların sonu yoxdu. Gözəllik bitmir, tükənmir. Suraxanı yolundan günəşi o qədər çəkmişəm ki. Mənə ləzzət verir. Bir də görürsən ki, buludların arasından qıpqırmızı çıxdı, birdən də açıq səma görünür. Axşam tərəfi isə tamam başqa mənzərə olur.  Bunlar günəşin paltarlarıdı, o da əynini tez-tez dəyişir.


- Hansı rəngləri sevirsiz?


- Kontras yaradan, isti rəngləri. Qara, qırmızı...


- Sənətinizi kiməsə öyrətmisiz?


- Yox. Hamını ancaq biznes tərəfi maraqlandırır. Heç kəs fotoya sənət kimi baxmır. Mənsə boğazımdan kəsib bu sənətə yedirirəm.


- Bu sənət yaradıcılıq yanğınızı ürəyiniz istəyən kimi söndürə bilir?


- Bəs necə! Bu işi bacarmasaydım, yanğımı söndürməzdi. Fotoqraf kimi həmişə azad  olmuşam. Hansısa tədbirə göndərirlər, fotoqrafların hamısı yığışıb bir tərəfdən çəkirlər. Mən obyekti tamamilə əks tərəfdən görürəm. Bəzən buna görə məni danlayırlar da.


- Deməli, özünüzü bəyənirsiz...


- Bəyənirəm, amma yenə nəsə gözləyirəm, “bəsdi” demirəm.


- Öz şəklinizi kim çəkir?


- Aparatım. Qururam, çəkir. O, mənim dostumdu.


- Həmişə yanınızda olur?


- Həmişə! Yatanda da yanıma qoyuram ki, birdən pəncərədən maraqlı mənzərə görə bilərəm.


- Aparatınız  təzələrdəndi?


- Yox ee...Deyirlər ee, dayan, tərpənmə, çəkirəm, onlardandı. Heç kəs mənə inanmır ki, o şəkilləri mən bu aparatla çəkmişəm. Özümün də deyil, bir dostum verib.


- Çəkdiyiniz şəkilləri bir yerə yığıb oxusaq,  nə alınar?


- Nə bilim, o qədər rəngarəngdi ki...


- Heç bu barədə fikirləşmisiz?


- Yox. Maraqlıdı, nə oxumaq olar? Cavab vermək çətindi, mövzular müxtəlifdi axı.


- Biri oxuyur, birinin başına dəyənək  dəyir, biri dayanacaqda mürgüləyir...


- Eybəcərlik, gözəllik...bir-birini əvəzləyir. Amma sənət baxımından hər biri gözəldi.


- “Dondurduğunuz”  anlardan bir nəticə çıxarıb ömrümüzə, günümüzə hansı qiyməti vermək olar: yaxşı günlərimiz çoxdu, yoxsa pis günlərimiz?


- Pis günümüz yaxşıyla yanaşı gedir, amma yaxşıya qalib gələ bilmir.


- Nə əcəb indiyə kimi sərginiz olmayıb?


- Nə bilim, bir ara insan mövzusuna girişmişdim. Fikirləşirdim ki, elə bu mövzuda da sərgi açaram. Amma mövzunu oğurlayıb müsabiqə keçirdilər.


- Mən bilən, siz ixtisasca rəssamsız...


- Həə, rəssamlıq məktəbini, bir də İnşaat İnstitutunun memarlıq fakültəsini bitirmişəm.


- Bəs niyə ixtisasınızla məşğul olmadız?


- Tənbələm. Rəsm çəkməyə hövsələm çatmır. Mənim dostum ancaq fotoaparat ola bilər. Amma fotoqraflığıma rəssamlığın köməyi çox dəyib. Axır vaxtlar rejissorluqla da maraqlanıram. Məni inandırmağa çalışırlar ki,  rejissorluğu  yaxşı bacararam. Amma tərəddüd eləyirəm.


- Niyə?


- Əlimə kamera götürsəm, xəstəliyə tutulacam. İndi də  başlayacam anları kamera ilə çəkməyə. Ona görə də fotoaparatdan ayrılmaq istəmirəm. Bəlkə də, nə vaxtsa kamera ilə iş gördüm, film çəkdim. Film də ki çətinliklə başa gəlir. Foto sənətində o problemlər yoxdu. Burda rejissor da, ssenari müəllifi də, operator da özüməm.


- Əjdər Nağıyev fotoqraf olmasaydı, nəçi olardı?


- Avara!

  
2001

Səfurə Çərkəzqızı,
“Sevdalılar

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub