Modern.az

Şəhid anası oğlunun adından dələduzluq edənin həbsini istəyir

Şəhid anası oğlunun adından dələduzluq edənin həbsini istəyir

Aktual

23 Noyabr 2019, 15:47

Ən uca zirvə hansıdır? Bu sualı veriləndə, ilk olaraq şəhidlik zirvəsi yada düşür. Ölümləri ilə əbədilik qazanan şəhidlərimiz, bizim qürur yerimizdir. Bəzən bu qürur yerinə saxta baxanlar da olur. Ona görə saxta deyirik ki, şəhidin adından istifadə etməklə insanlığa yaraşmayan əməllər törədirlər. Artıq bir neçə vaxtdır ki, Aprel şəhidi Mikayıl Vahabzadənin adından sui-istifadə etməklə pul yığmağa cəhd edirlər. Belə insanları insan adlandırmaq da doğru deyil. Onda gərək vicdansız olasan ki, bu cür addım atasan.

 

Məsələ ilə bağlı şəhidin anası Rumiyə Vahabzadə Modern.az-a açıqlama verib.

 

“Sentyabrın 21-i axşam tərəfi tanımadığım bir nömrədən zəng gəldi. Məndən soruşdu ki, “Mikayılın anasıdır danışan”,  dedim bəli, buyurun.  Zəng vuran şəxs isə Azərbaycanın Milli Qəhrəmanı Rəşid Bağırovun oğlu Xəyal Bağırovdur. Mənə söyləyir ki, Mikayılın uşağı xəstədir? Cavabında söylədim ki, axı Mikayıl evlənməyib ki,usagı da olsun. Xəyal mənə bildirdi ki, bir nəfər şəxs Bakıda Mikayılın uşağının şəkilini gəzdirərək əhalidən pul yığır. Səbəb kimi də göstərir ki, uşaq xəstədir, dövlət ona yardım etmir, təcili əməliyyat olunmalıdır. Ona görə bu şəkli gəzdirir ki, əhali ona köməklik etsin, uşaq əməliyyat olsun. İnanırsınız, bu xəbər mənə o qədər pis təsir etdi ki... Necə ola bilər axı, Mikayıl evlənməyib, universiteti bitirdikdən sonra əsgərliyə yola düşüb. Elə əsgərlikdə də şəhid olub. Bu xəbəri də Xəyal Bağırova maşın bazarından kimsə zəng vurub söyləyib. Bir şəhidin adından sui-istifadə edib pul yığmaq nə dərəcədə doğrudur? Hətta bizə söylədi ki, belə bir şey varsa, Heydər Əliyev Fonduna müraciət edək, sizə köməklik göstərəcək. Artıq bu xəbər bizi çox narahat edirdi. Biz özümüz İsmayıllı rayonunda yaşayırıq. Həyat yoldaşım sentyabrın 23-ü Bakıya gələrək, Xətai rayonunun 36 cı polis bölməsinə gedərək ərizə yazdı. İnanırsınız o gündən bu günə hələ də bir xəbər çıxmayıb. Biz tələb edirik ki, bu məsələyə hüquq mühafizə orqanları cəlb olunsun və həmin şəxs həbs edilərək öz layiqli cəzasını alsın. Hətta dövlətin adından da yalandan söyləyir ki, bizə köməkilik etmir ”.

 

Sonda Rumiyə xanım saytımıza bu məsələni işıqlandırmağı xahiş edib:

 

“Bir şəhid anası kimi sizdən xahiş edirəm ki, bu məsələni işıqlandırın ki, şəhid adından kimsə istifadə edib, pul yığmağa çalışmasın”.

 

Qeyd edək ki, əsgər Mikayıl Yaqub oğlu Vahabzadə 2016- cı ilin aprel ayında  Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Aprelin 9-u isə Mikayıl Vahabzadə doğulduğu İsmayıllı rayonunun Maçaxı kəndində  dəfn olunub.

 

Mikayıl Vahabzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin  sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı  ilə təltif edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!