Modern.az

14 məhkəmə hakimi barədə intizam icraatları başlanılıb

14 məhkəmə hakimi barədə intizam icraatları başlanılıb

28 Dekabr 2009, 18:07

Məhkəmə-Hüquq Şurasının ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasında İnzibati-Prosessual Məcəllənin qəbul edilməsindən irəli gələn məsələlər, o cümlədən yeni məhkəmələrin yaradılması, hakim kadrlarına ehtiyac, bu sahədə zəruri təşkilati tədbirlər və s. müzakirə edilib. Modern.az bu barədə Məhkəmə-Hüquq Şurasının mətbuat xidmətinə istinadən xəbər verir. İclasda qeyd olunub ki, hakim kadrlarına ehtiyac nəzərə alınaraq, cari ildə hakimliyə namizədlərin seçimi aparılmış, çoxmərhələli prosedurlar nəticəsində 80 nəfər hüquqşünas hakim vəzifəsinə hazırlanmaları üçün təlimlərə cəlb edilmişlər. Hazırda inzibati icraatla bağlı həmin namizədlər və aidiyyəti hakimlər üçün ayrıca təlimlər keçirilir, onlar üçün xaricə tədris səfərləri təşkil olunur, digər tədbirlər görülür.

Məhkəmə-Hüquq Şurasının iclasında həmçinin, məhkəmələr tərəfindən həbs qətimkan tədbirinin seçilməsi təcrübəsinin Ali Məhkəmə tərəfindən ümumiləşdirilməsi nəticələri ilə bağlı məsələ müzakirə edilib.

Tədbirdə vurğulanıb ki, ölkəmizdə həyata keçirilmiş hüquqi islahatlar zamanı insan haqlarının müdafiəsinə xüsusi əhəmiyyət verilərək, əməliyyat-axtarış, təhqiqat və ibtidai istintaq orqanlarının qəbul etdiyi qərarların qanuniliyini təmin etmək məqsədilə məhkəmə nəzarəti institutu təsbit olunub, həbs qətimkan tədbirinin seçilməsi məhkəmələrin müstəsna səlahiyyətinə aid edilib. Lakin ümumiləşdirmə göstərib ki, bəzi hakimlər tərəfindən səmərəli məhkəmə nəzarəti həyata keçirilməmiş, bu sahədə kobud qanun pozuntularına yol verilib.

İclasda qətimkan tədbirlərinin ən ciddi növü olan həbsin cinayət prosessual qanunvericiliyin tələbləri və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi nəzərə alınmadan əsassız seçilməsinin, bu işə formal münasibət bəslənilməsinin yolverilməz olması qeyd edilib.

Həbs qətimkan tədbiri seçilərkən insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasına, prosessual pozuntulara və digər kobud nöqsanlara yol verdiklərinə görə 14 hakim barədə intizam icraatları başlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı