Modern.az

“İtirilmiş  torpaqlarımız...” silsiləsindən - Qazaxın Ağstafaçay su anbarı hövzəsində - VI Yazı

“İtirilmiş  torpaqlarımız...” silsiləsindən - Qazaxın Ağstafaçay su anbarı hövzəsində - VI Yazı

3 Dekabr 2019, 08:45

Qərbi Azərbaycan ərazisində yuva salmış hay kilsə və daşnak quldur silahlı qüvvələri Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım (24.03.1990), Xeyrimli (08.03.1992), Barxudarlı və  Sofulu (27.04.1992), Yuxarı Əskipara (08.06.1992), Qızıl Hacılı (11.06.1992) və Aşağı Əskipara (14.06.1992) kəndlərini zəbt etmişlər. 04.03.1992-ci il tarixdə Bağanıs Ayrım kəndində daşnak quldurlar 7 nəfər dinc sakini diri-diri yandırmış, 2 nəfəri yaralamış, 13 evi partladıblar.

Qazax rayonunun Cəfərli, Bala Cəfərli, Çaxmaqlı, Barxudarlı, Sofulu kəndləri  Qərbi Azərbaycanın Karvansaray (1930-cu illərdə adı dəyişdirilərək İcevan adlandırılıb)  nahiyəsinin XVIII əsrdə məskunlaşdırılmış hay kəndləri ilə (Uzuntala, Lələkənd...) ilə həmsərhəd olduğundan 1918-1920-ci və 1988-1990-cı illərdə (elə indiki çağda da) bu kəndlərin dinc sakinləri fasiləsiz olaraq daşnak quldurlarının hücumlarına məruz qalıblar.

  
Bu kəndlərin tarixində, eləcə də mənfur hay ailələrinin Cənubi Azərbaycandan Karvansaray nahiyəsinə köçürülməsində  1826-1828-ci iləərdə rus-iran müharibəsinin də nəticələri təsirsiz olmayıb. Çar Rusiyasının bu müharibədə Qafqaz cəbhəsinə başçılıq edən general İ.F.Paskeviçin (1782-1856)  Abbas Mirzə Qacarın (1789-1833) İran ordusuna qarşı savaşlarında iştirak edən Qazax və Ağstafa döyüşçü dəstələrinin tərkibində Yuxarı Salahlı kəndindən olan mahir atıcı və cəsur döyüşçü Kazım Kazımoğlu da iştirak edib. Fərqlənən döyüşçüyə çar I Nikolay Pavloviçin (1796-1855)  fərmanı ilə Ağstafaçay çayının sağ sahilində, Cəfərli kəndi ilə üzbəüz, 1 km-ə qədər aralı  “Təpə başı” deyilən yerdə  102 hektar torpaq sahəsi ayrılıb orada ailəsi, qohum-əqrəbaları ilə məskunlaşmağa icazə verilib. Bu ərazidə  20 ailə ilə yurd salan K.Kazımoğlu orada əkin-örüş, bağ (alma, armud, üzüm şaftalı...ağaclarından ibarət)  sahələri salmış və təsərrüfat işləri ilə məşğul olublar. Bu yaşayış məntəqəsi inzibati-ərazi vahidi kimi Cəfərli kəndinin tərkibində Bala Cəfərli kəndi adlanıb.

1918-ci ildə hay quldurları bu kəndi bütünlükə yerlə-yeksan ediblər, yandırılmış evlərin bünövrələri 1960-cı illərədək qalırdı.

Aradan xeyli keçdikdən sonra təsərrüfat işlərinin çətinliklərini nəzərə alaraq Bala Cəfərli kəndinin əhalisi 1959-1960-cı illərdə 3 km aralıdakı “Çaxmağlı” ərazisinə (VI-VII əsrlərdə inşa edilmiş Didvan qalasının cənub ətəklərində) köçüb və eyni adlı kəndin əsası qoyulub. Həmin dövrlərdə Cəfərli, Barxudarlı, Sofulu və Çaxmaqlı kəndləri “İskra” kolxozu adı altında təsərrüfatda birləşirdi.

1967-1968-ci illərdə Ağstafaçay su anbarının (sahəsi 6,3 kv.km) tikintisi zamanı Cəfərli kəndinin su altında qalan hissəsinin əvəzinə “Təpə başı”nda  məskunlaşmağa icazə verilib. Əvəzində Karvansaray nahiyəsinin Lələkənd kəndində yaşayan haylar əkin yerlərini Cəfərli kəndinin 1 km-dək çatdıra biliblər. Daha sonra, həmin su anbarının tikintisi zamanı Qazaxdan İrəvana gedən avtomobil yolunun bir hissəsinin itkisinin əvəzində (bu avtimobil yolu sonradan başqa istiqamətdən çəkilmişdir)  Uzuntala kəndinin hayları çaxmaqlı kəndinin 10 hektaradək örüş-otlaq sahələrini əkin altında istifadə ediblər, 1970-ci illərdə.


Bu tikintiləri bəhanə edən hay kilsəsi 1985-ci ildə Cəfərli kəndindən 2 km aralıda yolun kənarında hündürlüyü 15 metrə çatan başıxaçlı bir kilsə tikdilər...

Hazırda Qazax rayonunun 7 kəndi və onlara bitişik qiymətli kənd təsərrüfatı təyinatlı torpaqlarının  bir neçə on  min hektarı hay quldurlarının işğalı altındadır. 

(Yazının hazırlanmasında  Qazax  rayonu, Cəfərli kənd sakini  Mahir İslam oğlu Kazımovun (1950) məlumatından  istifadə edilib.)


Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.08.)

         

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
PUTİN RAZILAŞDI, UKRAYNA ÖZ TƏKLİFİNDƏN İMTİNA ETDİ