Modern.az

Baş Dövlət Yol Polisi İdarəsi: “Radarlar gizli yerlərdə də qoyula bilər”

Baş Dövlət Yol Polisi İdarəsi: “Radarlar gizli yerlərdə də qoyula bilər”

Ölkə

29 Dekabr 2009, 18:05

Son zamanlar yol polislərinin işindən narazılıq edən bəzi sürücülər yol kənarlarında avtomobilin sürətini ölçən cihazların (radar) gizli yerlərdə qoyulması ilə razılaşmırlar. Onlar bildirirlər ki, yol polisi bu cihazları qəsdən gizli yerlərdə qoyur ki, uzaqdan sürətlə gələn avtomobil radara düşsün. Dövlət Yol Polisi İdarəsinin rəsmiləri Modern.az-a bildirblər ki, radarlar gizli yerlərdə də qoyula bilər.   

 

Bəzi sürücülərin sözlərinə görə, onların avtomobilləri indiyədək yolların kənarında ən ağılagəlməz yerlərdə qoyulan radarlara düşüb və saxlanılaraq cərimələniblər. Yol qırağında dayanmış köhnə və ya xüsusi maşınlarda, ağac koğuşunda, hətta boş çəlləkdə belə radarın gizlədildiyini iddia edənlər var.

Sürücülər belə halların qanunsuz olduğunu deyirlər. Modern.az məsələ ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin  ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ərəstun Məcidovla əlaqə saxlayıb. Ə.Məcidov saytımıza bildirib ki, avtomotik işləyən sürət ölçən cihazın, yəni radarın istənilən yerdə quraşdırılması mümkündür: “Harda nəqliyyat vasitəsi hərəkət edirsə, orada radar quraşdırıla bilər. Həmin sürət ölçən cihazların gizli yerlərdə qoyulması da qanunidir”. Qanunla radara düşən maşın saxlanılmalı, cihazın göstəricisinə əsasən yol polisi tərəfindən protokol tərtib edilməli və radarın göstəricisi, yəni fotoşəkil tərtib edilmiş protokola əlavə olunmalıdır.

Şöbə rəisi avtomobilində  “apteçka” və yanğınsöndürən avadanlığı olmayan sürücülərə də xəbərdarlıq edib. Bildirib ki, bütün nəqliyyat vasitələrində tibbi ləvazimatlar qutusu  olmalıdır. Ə.Məcidovun sözlərinə görə, sürücünün avtomobilində “apteçka” və yanğınsöndürən avadanlığı olmazsa, o, 10 manat cərimə edilməlidir. Eyni səbəbə görə avtomobil sahibi təkrar saxlanılarsa, eyni miqdarda cərimə ödəməlidir. Ə.Məcidov daim də bununla bağlı avtomobillərə baxış keçirildiyini söyləyib.

Söhbət əsnasında Ərəstun Məcidov yol nişanlarının sayının artırılacağını da vurğulayıb: “Hazırda yollarda çatışmayan yol nişanları var. Bu da sürücülər üçün təbii ki, problem yaradır. Nəqliyyat Nazirliyi və Baş Dövlət Yol Polisi İdarəsi bunun aradan qaldırılması üzərində işləyir”.

Günay MUSAYEVA

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?