Modern.az

“AzerGold” QSC universitetlərlə əməkdaşlığı uğurla davam edir - FOTO

“AzerGold” QSC universitetlərlə əməkdaşlığı uğurla davam edir - FOTO

15 Yanvar 2020, 12:40

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) əlvan metal sənayesinin davamlı və dayanıqlı inkişafını təmin etmək üçün kadr potensialının möhkəmləndirilməsinə böyük önəm verir. Səhmdar Cəmiyyət bu məqsədlə Azərbaycanda fəaliyyət göstərən bir sıra ali məktəblərlə əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.

 

Modern.az xəbər verir ki, ötən il ərzində Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), ADA Universiteti və Azərbaycan Texniki Universiteti (ATU) ilə müvafiq razılaşmalara uyğun olaraq aidiyyatı ixtisaslar üzrə təhsil alan tələbə və müəllim heyətlərinin Çovdar filiz emalı sahəsinə bir sıra səfərləri təşkil olunub, Səhmdar Cəmiyyətin mütəxəsisləri tələbələrə mühazirələr oxuyub, ustad dərsləri keçərək, müxtəlif təqdimatlar edib, eləcə də stimullaşdırıcı tədbirlər vasitəsilə peşəkar mütəxəsislərin yetişdirilməsinə öz töhvələrini veriblər. 

 

Ötən il ərzində Cəmiyyətin inzibati binasında və Çovdar filiz emalı sahəsində yaz və yay istehsalat-təcrübə proqramlarını uğurla başa çatdırmış 52 tələbəyə Cəmiyyətin sertifikatları təqdim edilib. Həmçinin hər iki təcrübə proqramı iştirakçıları arasında keçirilən ənənəvi “Mənim təcrübə hekayəm” adlı yazı müsabiqəsinin qalibləri də mükafatlara layiq görülüblər.

 

“AzerGold” QSC-nin mütəxəssisləri tərəfindən adları çəkilən universitetlərdə geoloji-kəşfiyyat və dağ-mədən sənayesinin özəllikləri, “Universitetdən karyeriyaya uğurlu keçid”, “Respublika ərazisində nəcib və əlvan metal yataqlarının proqnostik göstəriciləri və onların ehtiyatlarının istismara cəlb olunmasının perspektivləri” kimi mövzularda seminar-mühazirələr təşkil edilmişdir. Bununla yanaşı, “AzerGold” QSC ADA Universiteti, BDU, AzMİU, Bakı Ali Neft Məktəbi, Xəzər Universiteti, UTECA, ADNSU, ADAU, Bakı Biznes Universiteti və Kooperasiya Universitetlərində təşkil olunmuş ümumilikdə 12 karyera sərgisində iştirak edib.

 

“AzerGold” QSC-yə fərdi qaydada təcrübə keçmək üçün müxtəlif yerli və xarici ali təhsil ocaqlarının tələbə və məzunları da mütəmadi olaraq müraciət edirlər. Səhmdar Cəmiyyət həmin gənclərə müvafiq sahələrdə öz bilik və bacarıqlarını artırmaqda daim dəstək olur, onların təcrübə keçmələri üçün lazımi şərait yaradır. Son olaraq Azərbaycan Dillər Universiteti, Bakı Mühəndislik Universiteti, Türkiyənin Karadeniz Teknik və Namik Kemal universitetləri, Almaniyanın Freyberq və Klausthal Texnologiya universitetlərinin müvafiq sahələr üzrə istehsalat təcrübəsini uğurla tamamlamış tələbə və məzunlarına “AzerGold” QSC tərəfindən sertifikatlar təqdim olunub. 

 

Qeyd edək ki, 2019-cu ildə “AzerGold” QSC daha 3 ali məktəb – Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb. Tərəflər bu ildən etibarən dağ-mədən sahəsində müasir peşə tələblərinə cavab verən ixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində birgə əməkdaşlıq edəcəklər. Məlumat üçün bildirək ki, cari ildə də ali məktəblər, eləcə də elmi-tədqiqat müəssisələri ilə birgə yeni əməkdaşlıq layihələrinin icrası nəzərdə tutulub.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir