Modern.az

Çin mallarında təhlükəli virus? “Azərbaycanlılar üçün çətinlik yaranacaq”

Çin mallarında təhlükəli virus? “Azərbaycanlılar üçün çətinlik yaranacaq”

28 Yanvar 2020, 11:35

Dünya Çində sürətlə yayılan koronavirusunun şokundadır. Ölkədə bu virusdan ölənlərin sayının 106 nəfərə çatdığı, virusa yoluxanların isə 4500-ü ötdüyü bildirilir.

 

Çin rəsmiləri qeyd edir ki, koronavirusun artıq inkubasiya dövründən yoluxuculuq qabiliyyətinə malik olması xüsusiyyəti onunla mübarizəni çətinləşdirir. Artıq bəzi Çin şəhərləri səyahət etmək istəyənlər üçün ciddi məhdudiyyətlər tətbiq edib. Epidemiyanın ilkin mənbəyi olan Hubey bölgəsinin Uhan şəhəri faktiki olaraq qapalı rejim vəziyyətinə keçirilib. Rəsmilər virusun qarşısının alınması üçün səylərin gücləndiriləcəyinə söz verərək Çində bütün vəhşi heyvanların satışının qadağan ediləcəyini açıqlayıblar. Virusun əvvəlcə heyvanlarda əmələ gəldiyi düşünülsə də, insanlara keçdikdən sonra sürətlə yayılıb.

 

Çinlə yanaşı, Sinqapur, Vyetnam, Cənubi Koreya, Malaziya, ABŞ da xəstəliyin qeydə alındığı ölkələr sırasındadır. Hətta qonşu Türkiyə, Qazaxıstanda da virusa yoluxma diaqnozu ilə xəstəxanalara müraciət edənlər var.

 

Hətta təhlükənin böyüklüyü nəzərə alınaraq, Azərbaycanın Heydər Əliyev Beynəlxalq Aeroportu Bakıdan Çinin paytaxtı Pekin şəhərinə birbaşa sərnişin aviareysi üzrə uçuşlar yanvarın 30-dək davam etdiriləcək, bundan sonra isə martın əvvəlinədək dayandırılacaq.

 

Bəs, Çinlə iqtisadi əlaqələrə müvəqqəti məhdudiyyət qoyularsa, bunun Azərbaycana hansı təsirləri ola bilər?

 

İqtisadçı Natiq Cəfərli Modern.az-a bildirib ki, artıq bir çox Avropa ölkələri tərəfindən Çinlə bağlı məhdudiyyətlər qoyulub:

 

“Çindən Azərbaycana kütləvi şəkildə turist axını yoxdur. Amma Çindən Azərbaycana çoxlu sayda mal gəlir. Satışda olan malların böyük əksəriyyəti, xüsusilə qeyri-ərzaq mallarının çoxu Çin istehsalıdır. Bizim virusoloqlarımız da araşdırma aparmalıdırlar ki, həmin virusun qeyri-ərzaq məhsulları, qablaşdırma, yaxud hansısa istehsal vasitəsilə məhsullara, yaxud geyimlərə keçmək və orda yaşamaq gücü varmı? Sonradan həmin məhsulların satışa çıxarılarkən virusun insanlara keçməsi riski nə dərəcədədir? Çox təəssüf ki, bununla bağlı xarici ölkələrin virusoloqları da qəti fikir söyləmirlər. Yaponiya, Cənubi Koreya kimi ölkələrdə Çində istehsal edilən ərzaq məhsulları ilə bağlı qadağalar davam etməkdədir. Amma qeyri-ərzaq məhsulları ilə bağlı qəti fikir yoxdur. Qəti fikir olarsa, bir müddətlik, ən azından karantin dövründə Çindən Azərbaycana mal gətirilməsini məhdudlaşdırmaq olar. Ən azından gələn məhsullar bir müddət anbarlarda qalmalıdır ki, virusun yaşama müddəti bitdikdən sonra bazara çıxarılsın. Çox təəssüf ki, hələ bununla bağlı Azərbaycanın rəsmi orqanları tərəfindən araşdırma aparılması və s. barədə insanlara məlumat verilməyib”.

 

Ekspert qeyd edib ki, virusun qeyri-ərzaq malları vasitəsilə keçməsi təsdiqlənərsə, azərbaycanlılar üçün çətinlik yaranacaq:

 

“Bizə geyim malları əsasən, Çindən və Türkiyədən gətirilir. Çinə məhdudiyyət qoyularsa, Türkiyə mallarının idxalı artacaq, amma bu, bizim üçün ürəkaçan olmayacaq. Çünki Türkiyə malları bahadır. Azərbaycan əhalisinin alıcılıq qabiliyyəti çox aşağıdır. Son illər Türkiyədən gətirilən məhsulların baha olması azərbaycanlıları Çin məhusllarına yönəldib. Ona görə də əhalinin alıcılıq qabiliyyətinin aşağı olduğunu nəzərə alsaq, bizim üçün çətin olacaq. Çünki əhali nisbətən daha ucuz mallara yönlənməyə çalışır. Əgər Çin malları bazardan çəkilsə, əhalinin alıcılıq qabiliyyətini nəzərə alaraq, türk mallarının satışının o qədər də kəskin artacağını söyləmək mümkün deyil”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi