Modern.az

Seçkilərdə sosial şəbəkələrin qanunla tənzimlənməsi təklif olunur

Seçkilərdə sosial şəbəkələrin qanunla tənzimlənməsi təklif olunur

Aktual

4 Fevral 2020, 12:29

“Sosial şəbəkələr Kütləvi İnformasiya Vasitələrinin bir növü sayılırsa, seçkiqabağı təbliğat-təşviqat kampaniyasında sosial şəbəkələrdən istifadə qanunla tənzimlənməlidir”.

 

Bu fikri Modern.az-a açıqlamasında  Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri, seçki üzrə mütəxəssis Hafiz Həsənov söyləyib. O xatırladıb ki, Seçki Məcəlləsində təbliğat-təşviqatla bağlı normalar qeyd edilib:

 

 

“Qanunvericilik təbii ki, bütün prosesləri nəzərdə tuta, dairələri konkret müəyyən edə bilməz. Çünki bütün məsələlərin burada göstərilməsi hüququn məhdudlaşdırılması kimi anlaşılar.

 

İnnovativ metodlar, texnologiyanın inkişafı sayəsində yenilliklər ortaya çıxır. Bunların bütünlüklə tənzimlənməsini qanun həyata keçirə bilməz. “Normativ Hüquqi Aktlar Haqqında Konstitusiya qanunu” tələb etmir ki, mütləq bütün məsələlər qanunlarda əks olunsun. Konstitusiyada belə bir müddəa var ki, qanunla qadağan edilməyən hər şeyə icazə verilir. Bu fiziki şəxslərin hüquqları ilə bağlı məsələdir.

 

Ona görə, sosial şəbəkələrdə seçkiqabağı təşviqatın aparılması qanunvericiliyə zidd bir şey deyil. Əksinə, müasir innovativ metodlardan istifadə olaraq, bu addımlar müsbət dəyərləndirilə bilər”.

 

Bütün bunlara baxmayaraq, seçki mütəxəssisi hesab edir ki, belə məqamlar hamı tərəfindən anlaşılsın, dövlət orqanları, onların təmsilçiləri, digər şəxslər tərəfindən namizədlərin hüquqları məhdudlaşdırılmasın deyə, sosial şəbəkələrdə təşviqatın da qanunvericilikdə dəqiqləşdirilməsi vacibdir:

 

“Hesab edirəm ki, sosial şəbəkələrlə bağlı məsələlər ilk növbədə “KİV Haqqında Qanun”da tətbiq olunmalıdır. Əlavə dəyişikliklərin edilməsi mümkündür.

 

Eyni zamanda, “Məlumat Azadlığı Haqqında” Qanunda və Seçki Məcəlləsindəki seçkiqabağı təşviqatla bağlı məqamlarda, seçki komissiyalarının fəaliyyəti normalarda əlavə və dəyişikliklərin edilməsinə ehtiyac yaranacaq.

 

Sosial şəbəkələrdə təbliğat-təşviqata rəsmi don geyindirilməsi müasir cəmiyyətə uyğun şəkildə qanunvericiliyin təkmilləşdirilməsi baxımından vacibdir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?