Modern.az

“Oqtay Əsədov, Fəttah Heydərov da ev almayıb” - Pənah Hüseyndən Nazim Bəydəmirliyə cavab

“Oqtay Əsədov, Fəttah Heydərov da ev almayıb” - Pənah Hüseyndən Nazim Bəydəmirliyə cavab

Aktual

4 Fevral 2020, 17:21

Namizəd kimi növbədənkənar parlament seçkilərinə 104 saylı Tovuz-Gədəbəy Seçki Dairəsindən qatılan sabiq deputat  Nazim Bəydəmirli sosial şəbəkə hesabından seçicilərə müraciət ünvanlayıb:

 

“Bir də seçicilər bilsin ki, mən III çağırış Milli Məclisin yeganə deputatı olmuşam ki, qanunla mənə verilməli olan mənzili almamışam. Bunu özümə rəva bilməmişəm ki, ehtiyacım yoxdursa, dövlətdən niyə pulsuz ev alım?

P.S. Seçicilərin nümunə kimi göstərdikləri və müxalifət deputatları da daxil hamısı mənzillərlə təmin olunmaq üçün müraciət etdilər və aldılar. Elələri var ki, hər çağırışda bir ev alıb. Belə, belə işlər!

P.P.S. Deputat müddəti bitdikdən sonra 1 il almalı olacağım işsizliyə görə müavinəti də almamışam”.

 

Sabiq deputatın mənzil almadığı barədə fikirləri sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Hətta ona yazılan şərhlərdə sabiq baş nazir, III çağırış Milli Məclisin deputatı Pənah Hüseyni misal göstərənlər də olub.

 

Nazim Bəydəmirlinin haqsızlıq etdiyini düşünən istifadəçilər Pənah Hüseynin də deputatlara verilən evdən imtina etdiyini, Nazim bəyin tək deputat olmadığını söyləyiblər.

 

Bu barədə Modern.az-a danışan Pənah Hüseyn isə deputatlara ev verilmədiyini söyləyib:

 

“Deputatlar özləri Prezidentə müraciət edirlər. Prezident isə müraciətlərə baxır, ehtiyacı olan deputatlara ev verilməsi ilə bağlı müvafiq orqanlara tapşırıqlar verir. “Xüsusi olaraq, deputatlara ev ayrılır” – deyə bir şey yoxdur. Mən ev almaq üçün müraciət etməmişəm. Ola bilər, Nazim Bəydəmirli də bunu nəzərdə tutub. Mənə qeyri-rəsmi təkliflər olub ki, müraciətə qoşulum. Mən o vaxt dedim ki, mənzilim var”.

 

Pənah Hüseyn həmin çağırış Milli Məclisin üzvlərindən ev almayan digər deputatların da adlarını çəkib:

 

“Ev almamaq məsələsinə qalsa, Oqtay Əsədov da ev almaq üçün müraciət etməyib. Fəttah Heydərov da müraciət edənlər sırasında olmayıb. Nazim Bəydəmirli bildiyim qədərilə o illərdə sahibkar idi və evə ehtiyacı yox idi. İndi deyirsiniz, Nazim Bəydəmirli bunu qabardıb, dilə gətirir. Deyib deyib da...”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir