Güclü küləklər əsməsinə baxmayaraq, 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizəd Rauf Vəliyev kənd-kənd görüşlərini uğurla davam etdirir.
Modern.az xəbər verir ki, fevralın 4-də R. Vəliyev Tovuzun 6 kəndində - Göyəbaxan, Qaradaş, Çataq, Böyük Qışlaq, Çeşməli və Papaqçı kəndlərində olub. Hər kənddə əvvəlcə öz seçki platformasını, planlarını açıqlayan Rauf müəllim daha sonra yerli sakinləri dinləyib, onların yaşadığı problemləri, çətinlikləri qeydə alıb.
Ən əsas problem kimi təbii qazın olmaması diqqət çəkib. Bu kəndlərin sakinləri qış mövsümündə həddən çox əziyyət çəkirlər. Odun işlətmək həm çox baha başa gəlir, həm də meşələrin qırılması ilə nəticələnir.
Bundan başqa, bəzi kəndlərdə yol problemi də mövcuddur. İşıq problemi isə güclü küləklər əsən zaman özünü qabarıq büruzə verir. Belə ki, işıq dirəkləri köhnədir, bəzi yerlərdə isə işıq xətləri ağaclara bağlanıb. Nəticədə güclü külək əsəndə işıq xətləri qırılır və kəndlərin sakinləri işıqsız qalırlar.
Daha bir böyük problem Böyük Qışlaq və ətraf kəndlərində bankomatların olmaması ilə əlaqədardır. Nəticədə xeyli sayda əhali maaş və təqaüdlərini almaq üçün uzaq məsafə qət edərək, rayon mərkəzinə getməyə məcbur olurlar.
Deputatlığa namizəd Rauf Vəliyev bütün problemləri bir-bir qeyd edib və nəzarətdə saxlayacağını bildirib. Sakinlər də Rauf müəllimə təşəkkür edib, onların qayğılarına şərik olduğu üçün minnətdarlıqlarını ifadə ediblər.