Azərbaycanda keçirilən parlament seçkiləri yüksək səviyyədə təşkil olunub.
Modern.az məlumatına görə, bunu seçkilərdə müşahidəçi qismində iştirak edən Belarusdan olan deputatlar Aleksandr Markeviç və Sergey Raçkov konfransda çıxışlarında deyiblər.
A.Markeviç seçki məntəqələrində qaydaların yüksək səviyyədə təşkil olunduğunu bildirib:
“Müşahidə etdiyimiz məntəqələrdə qayda pozuntusuna rast gəlmədik. Hər kəs tək-tək öz seçimlərini etmək üçün məntəqələrə gəlmişdilər. Necə deyərlər “toplu səsvermə” olmayıb.
Biz öz gözlərimizlə komissiyanın nə qədər ciddi işlədiyini gördük. Bu da onu göstərir ki, hər şey şəffaf şəkildə təşkil olunub. Keçirilən seçkilərdən çox müsbət təəssüratlarla ayrıldıq”.
Digər müşahidəçi S.Raçkov isə seçkilərin peşəkar şəkildə təşkil olunduğunu qeyd edib:
“Partiyaların nümayəndələri çox aktiv idi. Seçicilər də öz namizədlərini seçmək üçün məntəqələrə gəlirdilər. Demək olar ki, 12-yə yaxın seçki məntəqəsində müşahidə apardıq. Biz heç bir qanun pozuntusu qeydə almamışıq.
Yerli müşahidəçilər və vətəndaşlarla söhbət etdik. Onlar Belarusda seçkilərin necə keçirildiyini soruşdular. Mən Azərbaycan xalqını keçirilən seçkilərlə bağlı təbrik edirəm”.