Modern.az

Etik davranış qaydalarını pozan xeyli dövlət qulluqçusu vəzifədən çıxarılıb

Etik davranış qaydalarını pozan xeyli dövlət qulluqçusu vəzifədən çıxarılıb

10 Yanvar 2010, 15:01

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 21 dövlət orqanı üzrə onların təsis edilmə aktı, əsasnaməsi, ştat cədvəli və inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vəzifələr üzrə vəzifə təlimatlarından ibarət məlumat topluları hazırlayıb. Bu topluların 14-ü komissiya və müvafiq dövlət orqanları arasında razılaşdırılıb. Digər dövlət orqanları ilə də bu istiqamətdə iş aparılır. Bu barədə Modern.az-a Dövlət Komissiyasının ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

2009-cu ildə vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün keçirilmiş müsabiqələrin  müsahibə mərhələsinin nəticəsindən narazı qalan 29 namizədin şikayətinə baxılıb və onlardan 2-si təmin edilib.

Hazırda Komissiya tərəfindən növbəti müsabiqənin elan edilməsi üzrə müvafiq iş aparılır. Artıq 40 dövlət orqanı tərəfindən 735 vakant vəzifə növbəti müsabiqəyə çıxarılmaq üçün Komissiyaya təqdim edilib. Elan ediləcək növbəti müsabiqəyə çıxarılmaq üçün 9 məhkəmə üzrə 44 vakant vəzifə təqdim edilib.
217 dövlət orqanında qulluq keçən dövlət qulluqçularının ixtisasartırma kurslarına və yenidənhazırlanmaya olan tələbatı öyrənilib. Sorğular 40 mərkəzi, 79 yerli icra hakimiyyəti və 98 məhkəmə orqanını əhatə edib. Sorğuların nəticələri təhlil edilib, dövlət qulluqçularının 2010-cu il üçün ixtisasartırma kurslarına və yenidənhazırlanmaya olan tələbatı ümumiləşdirilərək Nazirlər Kabinetinə təqdim edilib.
 
Dövlət Komissiyası dövlət qulluğu sahəsində qanunvericiliyin tətbiqi zamanı yaranan problemləri təhlil edərkən müəyyənləşdirib ki, müsabiqələrdən uğurla keçən şəxslərin bəzi hallarda əsassız olaraq vakant vəzifəyə təyin edilməməsi halları var.
2009-cu ildə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Dövlət Statistika Komitəsində, İqtisadi İnkişaf Nazirliyində, Əmlak Məsələləri Dövlət Komitəsində, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində, Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsində, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətində və Tovuz Rayon İcra Hakimiyyətində çalışan bəzi dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulması hallarına yol verilib. Bu dövlət qulluqçuları barəsində intizam tənbeh tədbirləri tətbiq edilib.
Etik davranış qaydalarını pozmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 4, İqtisadi İnkişaf Nazirliyinin 1, Şəki Şəhər İcra Hakimiyyətinin 1 əməkdaşının dövlət qulluğuna xitam verilib.

Hazırda “Dövlət Qulluqçularının Reyestri”nin məlumat bazasında 39 mərkəzi icra hakimiyyəti orqanı və 29 yerli icra hakimiyyəti orqanı üzrə ümumilikdə 8243 dövlət qulluqçusu barədə məlumat toplanıb. Bu məlumatlar hər ayın 1-dən gec olmayaraq yenilənir.
Ümumiyyətlə, Komissiyanın fəaliyyəti dövründə 42 dövlət orqanında 3577 vakant vəzifə (2535 – müsa­biqə, 1042 – müsahibə) üzrə elan edilmiş müsabiqə və müsahibələrdə 11395 namizəd (10634 – müsabiqə, 761 – müsahibə) iştirak edib. Müsabiqədə iştirak edən­lər­dən 2082 nəfəri test imtahanından müvəffəqiyyətlə keçərək müsahibə mərhələsinə buraxııb. Namizədlərdən 1075 nəfəri (721 – müsabiqə, 354 – müsahibə) vakant vəzifələrə uyğun hesab edilib, 775 nəfər (490 – müsa­biqə, 285 – müsahibə) müvafiq vəzifələrə təyin edilib. Ümumilikdə ehtiyat kadrlarla birlikdə 859 nəfər vakant dövlət qulluğu vəzifələrinə təyin edilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?