Modern.az

Deputat köməkçi: "Şəkidə lətifə qoşmaq ənənəsi sıradan çıxır"

Deputat köməkçi: "Şəkidə lətifə qoşmaq ənənəsi sıradan çıxır"

12 Yanvar 2010, 10:47

“Deputat köməkçisi” rubrikasının qonağı millət vəkili Əli Məsimlinin köməkçisi Vüsal Baxışovdur

- Necə oldu ki, deputat köməkçisi postunu tutdunuz?
- Əli müəllimlə tanışlığımız 1998-ci ilin dekabrdan başlayır.  2005-ci il parlament seçkilərində Əli Məsimlinin səlahiyyətli nümayəndəsi oldum. 2005-2007-ci illərdə deputat köməkçisi institutu yox idi. Amma bizim əməkdaşlığımız qeyri-rəsmi olaraq davam edirdi. 2007-ci ilin martında Əli müəllimin təqdimatı ilə bu vəzifəyə təyin olundum.
- Deməli Əli Məsimli ilə əvvəlcədən olan tanışlığınız sizin bu vəzifəyə gəlməyinizdə rol oynadı?
- Mən deyərdim ki, işbirliyimiz nəticəsində deputat köməkçisi vəzifəsinə gəldim. Əli müəllim Demokratik İnfişaf Fondunun prezidenti idi. Mən də həmin fondun Şəkidəki koordinatoru idim.
- Deputat köməkçisi olduqdan sonra şəxsi həyatınızda nə dəyişdi?
- Təbii ki, nüfuzlu deputatın köməkçisi olmaq, Milli Məclisdə işləmək insanın şəxsi həyatına həm cəmiyyətdə, həm də yaşadığı bölgədə müsbət təsir edir.
- Əli Məsimli ilə işləmək çətin deyil ki?
-
Çox asandır. O, həm mənim rəhbərim, həm də müəllimimdir. Əli Məsimli ilə işləmək mənə ona görə rahatdır ki, hər zaman şəxsi təkliflərə açıq insandır. Ola bilər məndən də bir ideya gəlsin. Baxır və əsaslandırılmış şəkildə onu qəbul edir. O, həm də gənclərlə işləməyə üstünlük verir.
- Son zamanlar Əli müəllim fəallıq göstərmir. Sizcə buna səbəb nədir?
- Niyə ki? Təvazökarlıq da olsa, deməliyəm ki, Əli müəllim Milli Məclisdə ən aktiv deputatlardan biridir. Əgər deputatın fəaliyyətini seçicilərin qəbuluna görə qiymətləndirsələr, onda Əli müəllim lap ön sıralardan birini tutar. Əli müəllim, müasir dünyagörüşlü insandır. O, İKT-nin imkanlarından istifadə edərək, seçicilərlə videokonfranslar keçirir. Milli Məclisin beynəlxalq fəaliyyətində onun rolu var. GUAM-ın Parlament Assambleyasının üzvü kimi bir çox ölkələrlə münasibətlər qurulmasında fəal iştirak edir. Mən deputatımızın fəaliyyətimizi kifayət qədər fəal hesab edirəm.
 - Seçicilərlə iş prinsipiniz necədir?
- Seçicilərlə həm deputatın, həm də onun köməkçisinin ofisində görüşlər keçirilir, problemlər dinlənilir. Həm də internet qəbulları keçirilir. Yəni Əli müəllim Bakıdakı ofisində oturur və internet vasitəsilə seçiciləri virtual olaraq qəbul edir. Mən isə Şəkidəki ofisdə müəyyən edilmiş günlərdə seçicilərin şikayətlərinə baxıram.
- Seçiciləriniz əsasən hansı problemlərdən şikayətlənirlər?
- Konkret olaraq bir neçə problemlər göstərmək mümkün deyil. Burada bir məsələni diqqətə almaq lazımdır ki, deputat köməkçisi tək konkret məslələrlə məşğul olmur. Yəni bu problemlər çoxşaxəlidir. Əsasən sosial problemlərlə bağlı şikayətlər daha çox olur. Belə götürəndə, vətəndaşlıq almaq, evlənmək, boşanmaq istəyənlər də deputata müraciət edir.
- Qaldırılan məsələləri həll edə bilirsiniz?
- Bəzilərin hə, bəzilərin yox. Ümumilikdə üç kateqoriya məsələ var: həll edilənlər, həll edilməyənlər və əsassız olanlar. Çox zaman əsassız şikayətlər də daxil olur.
- Bəs, seçicilərlə sizin aranızda hansı problemlər yaşanır?
- Heç bir problem. Amma bəzən seçicilər haqsızlıq göstərirlər. Əgər biri oğlunu evləndirmək istəyirsə, deputatdan kömək istəyir. Deputat neçə adamı evləndirə bilər?
- Deputatınızın seçicilərlə təkbətək görüşü olur?
- Əlbəttə olur. Bəzi seçicilər deputatla görüşməyə daha çox meyl edirlər. Şəkidə ofisimizdə seçicilərlə mütəmadı görüşlərimiz olur. Artıq seçicilərin Bakıya gəlmələrinə ehtiyac yoxdur.
- Olurmu ki, tanışlarınız sizin vəzifə tutmağınızdan istifadə edib şəxsi xahişlərdə bulunsunlar?
- Tanış və qohumların özləri də seçicilərin bir üzvüdür. Əgər istəkləri qanuna uyğundursa təbii ki, hər kəsə köməklik göstəririk.
- Digər deputat köməkçiləri ilə əlaqələriniz necədir?
-
Demək olar ki, əksəriyyəti ilə yaxşı münasibətlərim var. Əsasən də şimal-qərb zonasından olan deputat köməkçiləri ilə çox gözəl dostluq münasibətləri qurmuşam.
- Konkret kimlərlə?
- Ad çəksəm, kimisə unuda bilərəm. Təxminən 30-a yaxın depuatat köməkçisi dostum var.
- Yaxşı kimləri aktiv depuatat köməkçisi hesab edirsiniz?
- Əksəriyyəti aktivdir. Bu suala onların seçiciləri daha obyektiv cavab verə bilərlər. Bizim dostluq münasibətlərimiz olduğuna görə, cavabım qeyri-obyektiv olar.
- Gələcəkdə ikinci deputat köməkçisinin olmasını istərdiniz?
-
Təbii ki, istərdim. Heç bir problem yoxdur. Əgər 2-ci köməkçi olsa, bizim üzərimizə düşən iş yüngülləşər.
- Tək çatdıra bilmirsiz?
- Söhbət ondan getmir. Deputat köməkçisinin işi çoxfunksiyalıdır. Yəni burada qanun layihəsinin hazırlanmasında, beynəlxalq təcrübənin öyrənilməsində və sairədə onun işi böyükdür. Bu baxımdan ikinci köməkçinin olması lazımdır.
- Sizcə, Azərbaycanda deputat köməkçisi institutu tam formalaşıb?
- Formalaşır. Bu çox irəliləyən prosesdir.
- Bu işinizdən əlavə, başqa sahədə çalışırsız?
- Müəllimlər İnstutunun Şəki filialında Tarix fənnini tədris edirəm.
- Tələbələrinizlə problemlər yaşanmır ki?
- Yox. Heç problemimiz olmur.
- İki işdə işləmək çətin deyil?
- Yox. Problem yoxdur.
- Asudə vaxtlarınızda nə işlə məşğul olursunuz?
- Mütaliə ilə məşğul oluram. Bir də səyahət etməyi çox sevdiyim üçün çalışıram boş vaxtlarımda gəzintiyə çıxım.
- Onda yəqin xaricdə də olmusunuz...
-2008-ci ilin avqust-sentyabr aylarında Milli Məclisin xətti ilə ABŞ-da oldum.  Bundan əlavə, Gürcüstan və Türkiyədə də olmuşam.
- Şəkidə gəzib-dolaşmadığınız yer var?
- Xeyr. Hər yerində olmuşam.
- Şəkidə deputat köməkçisini necə tanıyırlar?
- Əvvəllər bu vəzifəyə dəftərxana işçisi gözü ilə baxırdılar. Hələ də bəzi adamlar bilmir ki, deputat köməkçisi Milli Məclis Aparatının əməkdaşıdır. Zaman keçdikcə hər şey öz yerini tapır.
- Şəkidə hər kəsə bir lətifə qoşurlar. Maraqlıdır deputat köməkçisi ilə bağlı lətifə var?
- Yox, hələ qoşmayıblar. Ümumiyyətlə Şəkidə lətifə qoşmaq ənənəsi sıradan çıxır.

   Günay MUSAYEVA

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər