Modern.az

İTBAŞI (3-cü bölüm)

İTBAŞI (3-cü bölüm)

22 May 2020, 09:52

Mahir Qabiloğlunun romanı

("İTBAŞI"nın 1-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 2-ci bölümünün LİNKİ)

 

Saray. Şahın otağı. Əlləri qandallı tiryəkilər də buradadırlar. Onlardan müsadirə olunan hoqqa və cığaranın içində tiryək ortaya qoyulub. Şah taxtında oturub. Gümrahdır. Aylardan sonra axır ki, bu gecə rahat yatıb. 

– İndi sizinlə neyləyim? Özünüz bilirsiniz də... ölümünüzə son fərmanı vermək yalnız şaha məxsusdur. O da mənəm.

Dörd nəfərdən səs çıxmır.

– Nə olub? Niyə dinmirsiz? Dünən bülbül kimi ötürdünüz: “şirə, şirəxana, tiryək, tiryəki, eşmək”, mən nə bilim “hoqqa”. Məni də öz gününüzə salmaq istəyirdiniz. Bu gün nə oldu? Niyə susmusuz? Niyə qəşş edib özünüzdən getmirsiz, hə? Cəlladı göz önünüzə gətirmisiz? Gör neçə-neçə mənim kimi cavanı beləcə məhv etmisiz.

– Şahım, bağışlayın. Keçin günahımızdan.

– Gör tiryək beyninizi nə qədər qurudub ki, casusla xamı bir-birindən ayıra bilmirsiniz. Mən sizin yanınızdan çıxmışdım ki, hələ bir gedib kiməsə xəbər də verim? Az qalmışdı öldürəsiz məni. Baş mühafiz Aslan!

– Bəli, şahım.

– Dördünü də göndər hakimin yanına. Qoy cəzalarını versin.

– Başüstə, şahım.

Tiryəkilər nifrət dolu baxışlarla şahı süzərək otaqdan çıxırlar. Şah taxtına yayxanır. Gecə dörd qullaba rahat yatdığından kefi yaxşıdır. Öz-özünə deyir: bəs onda tiryəkiləri niyə zindana atdırdı ki? Bu gün yaxşıyam, amma sabah yuxuya gedə biləcəyəmmi? Yenə də Həqqi Şahın mənə sürtünən bədheybət bədənini ruhən hiss edib diksinməyəcəyəmmi? Yuxum qaçmayacaqmı?

Bir azdan Aslan qayıdır:

– Nə oldu, Aslan, nə tez təhvil verdin onları?

– Şahım, siz nə danışırsınız? Hakimə təhvil verim, onlar da desinlər ki, bəs gecə Göyverən Şahla... Özüm verdim cəzalarını. Cəsədlərini də ilim-ilim itirdim. Hakim də sonda eyni cəzanı kəsəcəkdi. Amma ki, bütün hal-qaziyyədən hali olandan sonra... Bütün saraya da, camaata da xəbər yayılacaqdı.  Şahım, mən sizin təhlükəsizliyinizə cavabdeh adamam. Birdən bu tiryəkilər sizi öldürsəydilər, nə edərdim? Zindana özüm gəlməsəydim, sizi görməsəydim necə olacaqdı? Elə bir vəziyyətdəydiniz ki, məni tanımadınız. Ona görə də gizli qapının qıfılını dəyişdim. Açarı da özümdədir.  Yalvarıram, mənsiz heç yana getməyin.

Göyverən Şah cavab vermir. Hələ də dünənkinin təsiri altındadır.

– Deməli mən dörd nəfərin ölümünə səbəb oldum, hə?

– Şahım, o dörd nəfər bilirsinizmi nə qədər adamın ölümünə, nə qədər ailənin bədbəxtliyinə səbəb olub? Vəbadan da qorxuludurlar bunlar. Çoxdan izlərinə düşmüşdük. Bəzi fərraşlar da arxa dururdular bunlara. Tez-tez yerlərini dəyişirdilər deyə yaxalamaq olmurdu. Heyf ki, kökünü kəsmək olmur.

Bədbəxtlik? Bu Aslan nə danışır? Yəqin heç vaxt dadmayıb bu nemətdən. Hardan bilsin ki, mən özümü necə də xoşbəxt sayıram.

– Bəs kökünü niyə kəsə bilmirsiniz?

– Bir şey ki, insana ani xoşbəxtlik gətirir, dərdlərini unutdurur, ağrısını kəsir... bunun kökünü necə kəsəsən? Üstəlik, həm də digər tərəfi varlandırır. Hələ meyxanaları, fahişəxanaları  demirəm. Onların arxasında dayananları... İndi özünüz görəcəksiniz bir azdan nə “tufan” qopacaq.

– Aslan, Barəngahı tapdın?

– Şahım, birini tapmışam. Paytaxtdan xeyli uzaqda dağılmış karvansarayın xarabalığında tənha yaşayan səfildir. Ətrafında da doqquz iti var. Yaxına gedəndə az qalırlar ki, adamı parçalasınlar. Amma adını soruşuruq, demir. Ehtimal etmişik ki, Barəngah odur. Tam dəqiqləşdirəndən sonra sizə ərz edəcəyəm.

– Bəs qəbirüstü türbə?

– İnşa olunur, şahım. Dediyiniz kimi İl mərasiminə hazır olacaq inşallah.

 

***

 

Saray. Baş vəzir şahın hüzurunda dayanıb. Baş mühafiz Aslan da burdadır.

– Nəsə vacib sözün var, Göyverən Qurban?

– Bəli, şahım.

– Eşidirəm!

– Şahım neçə aydır ki, taxtdasınız. Amma vacib dövlət işləri həllini gözləyir.

– Hansı dövlət işləridir ki?

– Saray əyanlarının üzərinə düşən vəzifələr var ki... onları deyirəm.

– Məsələn.

Qurban Aslana işarə edərək:

– Onun yanında deyə bilmərəm. Əmrinizlə çıxsın otaqdan.

– Onun yanında de.

– Olmaz, şahım. Dövlət sirridir. Bunu iki nəfər bilməlidir. Bir siz, bir də mən.

Göyverən Şahın əl işarəsiylə Aslan otaqdan çıxır.

– Şahım, qonşu dövlətin başçısı Karzat Şahın baş vəziri Barzat təşrif buyurub. Sizin izniniz olmasa qəbul edə bilmərəm.

– Niyə etmirsən ki? Sənin vəzifə borcun deyil? Qəbul et, cavabın da ver. Qorxursan?

– Əsla, şahım. Sizin kimi şahı olan baş vəzir nədən, kimdən qorxa bilər ki?  Sadəcə, ona veriləcək cavab sizin ağzınızdan çıxmalıdır.

– Nə istəyir?

– Yenə də gəlib ki, bəs müharibə elan edin bizə. Əhalimiz çoxalıb, suyunu-yeməyini çatdırmırıq, əsgərlərin məvacibini verə bilmirik. Silah anbarı ağzınacan dolu. Həqqi Şah öləndən sonra vəziyyət bir az da ağırlaşıb. Yenə də ümidlərini bizə bağlayıblar. Ona görə sizə pənah gətirib.

Şah fikrə getdi. Bilmirdi nə cavab versin. Bu barədə Həqqi Şah ona heç nə deməmişdi. Qurbandan soruşmağı isə özünə sığışdırmırdı. Necə yəni xahiş edirlər ki, müharibə edək. Nə qədər kitab oxumuşdu, heç birində bu barədə bir kəlmə də yazılmamışdı.

– Qoy gözləsin. Cavab sabah veriləcək. Get!

Baş vəzir otaqdan çıxır. Şah fikrə gedir. Bu dəm Aslan içəri girir:

– Şahım, vəkil Fərman gəlib.

– Gəlsin.

Vəkil Fərman təzim edib:

– Şahım, gecə qəribə bir hadisə baş verib. Bütün şəhər təlaş içindədir.

– Nə baş verib, Göyverən Fərman?

– Deyilənə görə fərraşlar beş tiryəkini həbs edib, qalaya gətiriblər. Sonra isə onların taleyindən xəbər yoxdur. Zindanda da yoxdurlar, – deyə Fərman sözünü bitirib, gözünü şahın üzünə zillədi.

– Baş mühafiz Aslan, Göyverən Fərman nə deyir? Bu nə özbaşınalıqdır? Özün araşdır bu məsələni. Fərman, başqa sözün yoxdursa, get!

– Ömrün uzun olsun, şahım, – deyib Fərman otağı tərk edir. Şah Aslana:

– Bunu deyirdin “tufan qopacaq”? Bura bax, bura bax, buna nə gəlib tiryəkilərə vəkillik edir? Axı o, sarayın vəkilidir.

– Şahım, bunu tiryəkilər maraqlandırmır. Bunu ələ keçən tiryək, satılan tiryəkdən gələn pulların yeri maraqlandırır. Onu geri qaytarmaq istəyir. Filan qədər dala düşüb. Hələ bu harasıdır? Bir azdan növbə ilə qapınızda düzüləcəklər. Məvacibləri azalanda yalandan gözlərinin qorasını sıxırdılar. Elə bilirlər ki, xəbərim yoxdur hərəkətlərindən. Həqqi Şahın vaxtında dinə bilmirdim. Çünki bunlara rəhbərliyi baş vəzirə tapşırmışdı. İndi isə başsız qalıblar.

– Bəs qanunla qadağandır axı tiryək satmaq, yaxud da ki, meyxana, keyfxana.

– Şahım, bir şey ki, qanunla qadağandır, deməli o, qiymətə minir. İkincisi də ki, digər dinlərdə, xalqlarda bu qadağan sayılmır. Bu cür yerlərin sahibləri də elə o xalqların nümayəndələridir. Yeməkxana açırlar, piştaxta altından şərab, araq satırlar, karvansaray işlədirlər, qulluqçu adıyla fahişə saxlayırlar, tütün adıyla tiryək satırlar. Bütün qadağaları da bu əyanlar tətbiq ediblər. Bunlar qanuniləşsə, heç nə qazanmazlar axı. Hamı xəzinəyə vergisini ödəyib işləyər. Üstəlik, bu himayədarlar İslam dinini əldə bayraq edib, “Günahdır!”, “Haramdır!” deyərək aləmə car çəkirlər. Özlərini təmiz göstərirlər. Amma hamısı da həmin yerlərin sevimli qonağıdırlar. “Qonağıdırlar” bir az yumşaq çıxır e... himayə edirlər, var-dövlət qazanırlar. Siz taxta çıxandan sonra isə işləri lap əla gedir. Heç kimə haq vermirlər. Bütün qazanc ciblərinə gedir. Ona görə sakit oturublar. Cınqırları da çıxmır. Üstəlik, valiliklərdə də Həqqi məscidləri tikdirirlər ki, şeyxin məscidlərinə yox, sizin məscidlərə gələn vergiyə də nəzarət edə bilsinlər. Bunları kasıb-kusub, ehsan-mehsan maraqlandırmır. Pul quyruqlarını basdala, o saat dil açacaqlar. Bircə bu gün Fərman dilə gəldi. Şahım, icazə versəniz, hamısına nəzarəti gücləndirim. Gələn gəliri də xəzinəyə yatırım.

– İcazə verirəm, Aslan. Lap yadımdan çıxmışdı. Düzdür dövlət sirri sayılır... amma sənə ürək qızdırıb aça bilərəm. Qurban bayaq deyir ki, bəs Karzat Şaha qarşı müharibəyə başlamalıyıq. Qurban deyir ki, özləri yalvarırlar. Vəzir özü gəlib. Mən də qalmışam belə. Bilmirəm “hə” deyim, yoxsa “yox”.

– Son söz sizinki...

– Bilirəm mənimkidir. Amma anlamıram ki, onlar niyə müharibə istəyir. Şah da öz xalqının qırılmağını, məmləkətinin talan olmasını istəyər?

– Şahım, mənim siyasətdən çox da anlayışım yoxdur. Amma tam əminəm ki, Qurban burda nə isə qarışdırır. Bəlkə də ordunu yığıb sizi devirmək, yaxud da qalib gəlib özünü sizə sevdirmək, mövqelərini geri qaytarmaq istəyir. Çünki sarayda da, əhali arasında da hörmətini heçə endirmisiniz. Başqa məqsədləri də ola bilər. Bəlkə şətrənc oynamağı gəlib?

– Şətrənc nədir, Aslan?

– Şətrənc masaüstü oyundur. Qara və ağ rəngdə daşları var. Hərəsinin də öz adı. Məsələn: şah, vəzir, fil, at və sairə. Bizim məmləkətdə qadağan olunub. Mən də yaşlılardan eşitmişəm bu barədə. Deyilənə görə bu oyunda vəzir şahdan da irəlidir. Şah bir addım irəli, geri, yana gedə bilirsə, vəzir istədiyi istiqamətə hərəkət edir, kimi istəyirsə vurub yıxır. İkinci əsas daş isə fildir. Mən saraya baş mühafiz qoyulanda babam dedi ki, ehtiyatlı ol. Şətrəncdə bu iki daş uzağa hərəkət edə bilir. Şahın və vəzirin yanında da həmişə fil dayanır. Şahın yanındakı fil, yəni ki, mühafiz, sərdar şahı qoruyur həmişə, vəzirin yanındakı fil isə fərraşlardır. Həqqi Şah səni özünə “fil” təyin etdi. Amma vəzirdən özünü həmişə qoru. Şahına isə həmişə sədaqətli ol. Özünü qurban da ver. Bir də ki, piyadalarını – əsgərlərini qoru. Yadında saxla, piyadalardan hansısa taxtanın başınacan irəliləyib vəzirə çevrilə bilər və qayıdıb şahı da xilas edər, sizi də.

– Yeni sözlər eşidirəm yavaş-yavaş. Görəsən niyə qadağan ediblər bu oyunu? Nəsə maraqlı gəldi mənə. Yaxşı, bəs şətrəncin müharibəyə nə dəxli?

– Bu oyunda, şahım, taxtanın hər iki tərəfində eyni sayda daş var. Üz-üzə dayanıblar. Yalnız rəngləri fərqlənir: ağ və qara. Ağlar həmişə üstünlüyə malikdir. İlk gedişi də elə onlar edir. İndi biz ağ rəngdəyik, Karzat Şah isə qara. Çünki güclü biz sayılırıq. İlk addımın da biz tərəfdən atılmasını istəyir yəqin. Ağ daşlarla oynamaq, hücum etmək fikrində olsaydı, yəqin ki, elçi göndərməzdi.

– Tutaq ki, şətrəncdəki kimi birinci addımı biz atdıq. Bəs sonra? Onlar nə edəcək?

– Onlar biz hansı addımı atsaq, onu da təkrar edəcəklər. Eyni sayda qurban verəcəyik. Yəni ki, əvəz-əvəz. Bu da oyun bitməmiş heç-heçəyə gətirib çıxarır, yəni ki, sülh. Karzat Şah da öz xalqı qarşısında lovğalanacaq ki, “Gördünüz? Göyverən Şah kimi başçısı olan bir məmləkətlə çətinliklə də olsa, sülh bağladım”.

– Anladım. Bəs şətrənc qanununa əsaslansaq, Qurban nə xəyanət edə bilər?

– Müharibə zamanı orduya başçılığı baş vəzir edib həmişə. Sonda sülh müqaviləsini də o bağlayıb. Qurban Karzat Şahla gizli danışığa gedib özünü əsir aldırar, yəni ki, qurban verər, ordunu qırdırar, sizi devirər, məmləkəti kölə vəziyyətinə salar, sonra da gəlib oturar taxtda. Özünü də şah elan edər.

– Kimə lazımdır ki, məğlub, kölə dövlətin şahı?

– Siz Qurbanı yaxşı tanımırsız. Siyasətdə ona tay yoxdur. Bütün saray, valilər, hətta məsciddəkilər də onun adamlarıdırlar. Həqqi Şahı da həmişə “piyada”ların, “fil”in, “at”ın əhatəsində saxlayıb kənara çıxmağa qoymayıb. Hər şeyi özü idarə edib. Amma sizinlə nədənsə ehtiyatlı dolanır. Yəqin atdığınız addımları anlamır. Çünki qaydalardan kənar oynayırsınız. Məscidin əleyhinə gedirsiniz. Baxmayaraq ki, din xadimləri həmişə xalqı köləliyə, sakitliyə çağırıblar. Hoppanıb özündən çıxanın hərəkətinə İslama zidd donu geydirib şahdan əvvəl cəzasını veriblər. Avam camaat da onlara tabe olub, boyun əyib.

Aslan şahın dərin fikrə getdiyini görüb susdu. Birdən babasının sözləri yadına düşdü: “Şahla mübahisə elə. Qoy bilməsin ki, savadın, elmin, ağlın yoxdur. Amma nəzərə al ki, şahdır. Sözlərinə acığı tutsa, boynunu vurdura bilər”.  Aslan isə çox uzağa getmişdi. Öz mənsəb əhatəsindən kənara çıxmışdı. Ona görə də susdu. Şah da danışmırdı. Handan-hana dilləndi:

– Sən Qurbandan danış, Aslan. Görəsən nəyə nail olmaq istəyir?

– Beynində götür-qoy edib nəticə çıxarmaq istəyir. Yenə də ağlına heç nə batmır. Ona görə də bayaq dedim ki, özünüz bilən məsləhətdir, şahım. İndi də elə deyirəm.

Göyverən Şah taxtına yayxandı. Yenə fikrə getdi. Handan-hana:

– Çağır Qurbanı bura!

– Başüstə, şahım.

Baş vəzir otağa girib, təzim etdi. Şahın əl işarəsindən sonra Aslan onları ikilikdə buraxdı.

– Qurban, Karzat Şahın istəyini rədd elə!

– Başüstə, şahım. Amma...

– Nə amma? Son qərar mənimki deyil? Mən müharibə istəmirəm.

– Şahım, ədalətli qərardır. Amma...

– Yaxşı, de “amma”nı!

– Yəqin edəcəklər ki, Həqqi Şahdan sonra zəifləmişik. Özləri hücum edə bilərlər.

– Qoy etsinlər. Cavablarını elə verərik ki, yer üzündən silinərlər. Olarlar Həqq dövlətinin valiliyi.

– Şahım, müharibə bizimçün də pis olmazdı. Əhali artıb. Narazılıqlar var. Bugününə naşükürlər çoxalıb. İstər kasıblar, istər varlılar arasında. Ölüm-itim lazımdır ki, bu günlərinin qədrini bilsinlər.

– Həyatlarını dəyişmək üçün başqa yollar var. Buna da nail olacağam.

– Əmr sizinkidir, şahım. Allah sizi rəiyyətin üstündən əskik eləməsin.

– Get, Qurban, dediklərimi olduğu kimi də çatdır. Müharibə etmək üçün özlərinə başqa məmləkət axtarsınlar. Bizdən uzaq dursunlar. Silərəm onları yer üzündən. Get, belə də çatdır. Aslan!

Qurban gedir. Aslan otağa girir.

– “Yox” cavabı verdim, Aslan. Yəqin ki, düz elədim.

– Məsləhət sizinkidir, şahım.

– Əgər ki, kimsə hücum eləsə, bu başqa məsələ. Müharibə də edərik, qırıb-çatarıq da... Yoxsa ki, boş yerə müharibə etməyin nə mənası?

– Düzünü siz bilirsiniz, şahım.

– Aslan, indi deyirsən day dərviş seyrinə çıxmayacağıq?

– Niyə ki, şahım, əmr edərsiniz. Amma məni də özünüzlə gəzməyə aparın, – deyib Aslan sifətinə incimiş uşaq görkəmi verdi. Göyverən gülməyini saxlaya bilmədi.

 

***

 

Səhərdir. Göyverən Şah səs-küyə ayılır.

– Aslan!

Aslan yataq otağına girib şaha təzim edir.

– Nə səs-küydür orda!

– Şahım, yüzlərlə cavan sarayı mühasirəyə alıb.

– Nə istəyirlər?

– Sakit dayanıblar. Əlləri də yalındır. Deyirlər ki, sizdən xeyir-dua almağa gəliblər.

– Nə münasibətlə?

– Demirlər, şahım.

Göyverən Şah əbasını geyinib eyvana çıxır.

– Ey mənim rəiyyətim, nə istəyirsiniz? Nə sözünüz var?

Cavanların içindən biri çıxıb, şaha təzim edərək:

– Şahım, müharibəyə yollanırıq. Gəlmişik xeyir-duanızı almağa.

Şah təəccüblə üzünü Aslana çevirir. Bilmir cavanlara nə cavab versin. Nə müharibə, nə xeyir-dua? Şah cavab vermədən yenidən otağına girir.

– Hanı, Qurban?

– Hamısı burdadır, sizi gözləyirlər.

– Çağır onları bura. Tez elə.

Baş vəzir və əyanlar gəlirlər. Təzim edib:

– Qibləgahım... – deyə baş vəzir sözünə başlamaq istəyəndə.

– Nə “qibləgahım”? Bu nə hoqqadır çıxarırsan? Bunlar hansı müharibədən danışırlar? Axı sənə demişdim ki, müharibə olmayacaq!

– Şahım, dediklərinizi olduğu kimi çatdırdım Karzat Şahın elçisinə. Yəqin qayıdıb, sözlərinizi o da olduğu kimi çatdırıb. Müharibəni başlamaq qərarını özləri veriblər. Xəbər də gəlib çatıb paytaxta. Vəssalam. Mənim ehtimallarım bu qədər. Dəqiq xəbərim yoxdur.

– Baş sərdar Abbas!

– Şahım, müharibə elan etməyiblər. Amma bütün gecəni qonşu dövlət ordusunu sərhədə yığıb. Biz də hazırıq. Lazım bilsəniz əhalini də səfərbər edərdik hər ehtimala...

– Təcili səfərbər edin hamını. Ehtiyatı əldən verməməliyik. Mən də gənclərin qarşısına çıxıb xeyir-dua verəcəyəm. Üzərinizə nə vəzifə düşürsə icra edin.

Vəkil Fərman astaca baş vəzir Qurbanın qulağına pıçıldayır:

– Quyruğu qapı arasında qalanda vəzifəmiz yada düşdü. Neçə aylardır başımıza oyun açanda heç yada düşmürdük.

– Yavaş-yavaş sınır deyəsən.

– Qurban, bu şah “hoqqa” sözü işlətdi. Görəsən hardan bilir bu sözü?

Bu zaman şahın çaparı hövüllü içəri girir.

– Şahım, Karzat Şah sərhədlərimizi keçdi. Bir valiliyi alıb. Kəndlərimizə od vurub yandırır.

Göyverən Şah daha heç nə demədi. Sarayın qapısına çıxıb, cavanların qarşısında dayandı.

– Məmləkətiniz təhlükədədir. Sizə ehtiyacı var. Gedin və qalib kimi qayıdın.

Şahın bu xeyir-duasından sonra “Şahu-əkbər, Şahu-əkbər” sədaları ətrafı bürüdü.

Göyverən  yenidən otağına qayıtdı.

– Baş sərdar Abbas, cavanları təhvil al. Ehtiyat silahları camaata payla. Baş xəzinədar xəzinədən nə qədər pul lazımdırsa orduya burax. Ümumi rəhbərliyi isə baş mühafiz Aslana tapşırıram. Sarayın, paytaxtın təhlükəsizliyi isə müvəqqəti olaraq ikinci vəzirim Birrəngə həvalə olunur. Müharibə müddətində onun əmrinə tabe olmayanların isə yerində – divansız, hakimsiz, qazisiz boynu vurulacaq. Əmrimi hamıya çatdırın. Aslan, Karzat Şahı və baş vəzirini əsir götür! Əgər ölüm xəbərini eşitsəm...

Bunu eşidib bayaqdan məmnun görünən baş vəzir Qurbanın və əyanların sifəti dəyişdi, rəngləri qaçdı.

 

***

 

Müharibə davam edir. Göyverən Şah sarayındadır. Ürəyi darıxır. Eyvana çıxır. Fikrə dalır: Aslan gedəli saraydan kənara çıxmamışam. Birrəng imkan verməyib. Bunu belə əsaslandırıb ki, müharibə gedən ölkədə şahın paytaxta çıxması çox təhlükəlidir. Nə olsun ki, müharibə gedir. Vallah, baxanda heç hiss olunmur ki, məmləkətdə müharibə gedir. Düzdür, ölüm-itim var. Amma hamı öz kefindədir. Bircə məndən başqa. Belə çıxır ki, şəhidlərə yas tutan bircə mənəm. Gizli qapının açarını Aslan gedəndə mənə verdi. Hər ehtimala qarşı. Amma o da rica etdi ki, təkbaşına şəhərə çıxmayım. Yox. Darıxıram. Gedəcəyəm. Birrəng öz otağındadır. Yəqin ki, yatıb. Bir az gəzişib gələrəm. Özü də ki... kefə getmirəm. Gəzib havamı dəyişəcəm. Yeni bir təbəəmlə yaxından tanış olacağam. Söhbətləşəcəyəm. Eynim bir az açılacaq və sonra da qayıdacağam saraya.

Göyverən Şah tacir libasında paytaxtın mərkəzi hissələrini dolaşır. Tez-tez qulağına qadın və uşaq səsləri gəlir: “Dədəm gətirib, nənəm bişirib, mən yemişəm”, “Dədəm gətirib, nənəm bişirib, mən yemişəm”. Qapılardan birini döyür. Açan olmur. Bir də döyür. Yenə açan olmur. Handan-hana səsə üzüaçıq bir qadın çıxır. Şahın əyin-başına baxıb narazı sifət alır:

– Tacirsən? Nə olub? Nə döyürsən qapını? Birinci dəfədir ki, gəlirsən bura? Yoxsa sənə xüsusi qulluqçu tutmalıyıq ki, qapını açsın, qucağına götürüb çıxartsın yuxarı başa? Bilmirsən ki, qapımız da, özümüz də həmişə hamının üzünə açıqdır? Yenə əcnəbi olsaydın dərd yarıydı. Yerlilərdənsən? Ay Allah, bizdə bəxt hardaydı ki, qapımızı əcnəbi döyə. Hamısı yan alıb bahalı karvansaraylara. Yetim-yesirləri isə göndərirlər bura. Belə sağ yeməsinlər onlardan gələn çörəyi. Hə, nə istəyirsən, ay sısqa? Birinci pulunu göstər görüm? Yoxsa girib içəridə alverə başlayacaqsan. Elə zənn edəcəksən ki, bura qəssab dükanı-zaddır. Bax, ətin tikəsi də var, sümüyü də...

Şah karıxıb qalmışdı. Bilmirdi ki, nə cavab versin. Pul kisəsini çıxarıb ağzını açdı. Qadın par-par parıldayan qızılları görüb nitqi tutuldu. Bu zaman içəridən səs gəldi.

– Ay qız, Nazgülü, bəsdir camaatı kandarda saxladın. Belə edirsiz ki, heç kim qapımızı döymür də... Cəhənnəm ol keç bu yana.

Nazgülü qapıdan çəkildi. Şah içəri girdi. Baş tərəfdə üzünə ənlik və kirşan vuran, buxaqları sallanmış, sinəsi qolları, barmaqları qızıllı-mızıllı qadın əyləşmişdi.

– Gəl, ay kişi, xoş gəlmisən. Həmişə sən gələsən. Fikir vermə bu ləçərə. Səhərdən heç kimi olmayıb, ona görə itə dönüb.

– Ay bacı, bura haradır?

Yaşlı qadınla Nazgülü eşitdikləri bu sözdən yerlərindəcə dondular. Sonra onlardan elə bir gülmək çıxdı ki, səsə ikinci qatdakı qızlar da tökülüşüb gəldilər. Hamısı da yarlı-yaraşıqlı, üzləri, başları açıq. Handan-hana gülməklərini kəsib yaşlı qadın, – Qardaş, bura hamamxanadır, – deyib yenidən özündən getdi. Qızlar da ona qoşuldu, bir azdan özünə gəlib, – Nə isə... de görüm kimsən, nəçisən, adın nədir? Qərib adama oxşayırsan.

– Düz tapdın. Qəribəm. Özüm də şaham.

– Kim? Şah? – deyə Nazgülü soruşdu.

– Yox e... adım Şahdır, – deyə Göyverən özü də bilmədən ağzından çıxan sözünü düzəltdi, – Özüm isə tacirəm. Gecələməyə yer axtarırdım. Elə bildim ki, karvansaraydır.

– Lap düz elədin.  Sənin adın Şahdır, mənim adımsa Şahgülü. Bu da mənim qızlarımdır – Bəygülü, Xangülü, Dürgülü, Nazgülü.

– Nə qəşəng adları var... Anam-bacım, burda nə işlə məşğulsuz? – deyə şah soruşdu.

– Bax, ey Şah, səni çimdirəcəyik, ovuşduracağıq, sığallayacağıq, yedizdirəcəyik, içizdirəcəyik. Sonra da evləndirib yola salacağıq öz elinə. Lap əsl şahlar kimi hiss edəcəksən özünü. Elə biləcəksən hərəmxanadasan. Ay Şah, birinci de görüm nə qədər pulun var?

Göyverən qızardı. İndi başa düşdü ki, hara düşüb. Özünü sındırmadı:

– Nə qədər istəyirsiniz ki?

– Yəhudisən?

– Yox.

– Yəhudilər kimi sual verdin e... baxır hansımızı istəyirsən.

– Hamınızı.

– Nə? Hamımızı? Belə çəlimsiz görünürsən. Demə sən əjdahaymışsan ki, ay kişi? Tutaq ki, iki qızıl. Varındır?

“Ay kişi” ifadəsi şahın canına yağ kimi yayılmışdı. Ona görə də pul kisəsini nümayişkaranə açdı. İçindən beş qızıl götürüb qızların başına səpdi.

– Hərənizə bir qızıl. Razısız?

– Qızlar, qapını bağlayın, – deyib Şahgülü yerə düşən qızılları yığmağa başladı, – Şah qardaş burdan narazı getməməlidir. Yoxsa canınızı alaram. Bildiz? Ay Şah, nə oldu sənə? Qızlar, buna nə oldu? Əsməcə düşdü canına. Tez olun, keçək hamama.

Gecə yarıdan keçib. Şah halsız halda başını Şahgülünün sinəsinə qoyub. Şahgülü də onu əlləri, ayaqlarıyla qucaqlayıb, sanki məngənəyə salıb. Hərdən çiyələyi qaymağa batırıb şahın ağzına aparır. Qızlardan ikisi qollarını, ikisi isə ayaqlarını sığallayır, qızılgül yağıyla ovuşdururlar. Şah Şahgülünün qucağına sığınıb.

– Ay Şah, ölürəm də səxavətli kişilərçün. Əslində mən işləmirəm – bu qızların böyüyüyəm. Gördüm ki, yaxşı oğlansan, ona görə razı oldum. O gün biri on qızıl verdi ki, öpüm səni... Dədəmin goruhaqqı razılaşmadım. Çırpdım qızıllarını təpəsinə. Amma səni görən kimi vuruldum. Bir də ki, sən Şaha mən Şahgülü şəxsən qulluq etməlidir. Yoxsa ki,  Bəygülüyə, Xangülüyə, Dürgülüyə, Nazgülüyə Şah etibar etmək olar?

– Ay Şahgülü, bu nə addır qoyublar sənə? Yaxud da ki, sən qoymusan qızlarına? İlk dəfə eşidirəm.

– Ay Şah, hər yerin böyüyü olduğu kimi, mən də bu yerlərin şahıyam.

– Başa düşdüm.  Adınıza layiq qulluq elədiz. Halaldır beş qızıl sizə. Daha bəsdir. Mən gedim.

– Yaxşı yol, ay Şah. Amma tez-tez gəl. Darıxacağıq səninçün.

 

***

 

Günlər ötdü. Həqq dövləti müharibəni uddu. Karzat Şah və baş vəziri Barzat əsir kimi paytaxta gətirildi.  Şahın sarayı. Göyverən Şah taxtında oturub. Aslan və Abbas hüzurundadır.

– Qibleyi-aləm, Karzat Şah zindandadır. Üç dövrə mühafiz qoymuşam orda. Heç kim yaxın gedə bilməsin deyə. Gecə də, gündüz də tam nəzarətdədir.

– Düz eləmisən, Aslan. Yaxşı qoru onu. Onda sirlər var. Bəs baş vəziri?

– Onu da eyni qaydada.

– Baş sərdar Abbas, ləşkərdə vəziyyət necədir?

– Orduda elə də itkilərimiz olmadı, şahım. Amma səfərbər etdiyimiz gənc uşaqlar lazım oldu-olmadı özlərini düşmənin üstünə atırdılar. Nə qədər izah edirdimsə ki, ay bala, siz bura ölməyə yox, öldürməyə gəlibsiniz. Yaxşı, ölmək istəyirsinizsə, heç olmasa üç-dörd düşmən öldürün, sonra şəhid olun da... Qulaq asmırdılar. Mən əmr verməmiş hücum çəkirdilər düşmənin qoşununa.  Gecələr də dincəlmirdilər. Düşməni gecə-gündüz vahimədə saxlayırdılar. Mən bu vaxta qədər belə şey görməmişdim. Bilmirəm adını nə qoyum...

– Bunun adı qəhrəmanlıqdır, igidlikdir, Abbas. Şahları uğrunda ölümə getməkdir, Abbas. Aslan, onların adlarını qala divarlarına həkk elətdir. Qoy hamı görsün, bilsin. Ailələrinə də aylıq kəsilsin. Mənim adımdan ehsan verilsin.

– Başüstə, şahım.

– Karzat şahlığını – öz adımı qoymaqla valilik elan edirəm. Saray əyanı Dürəngi Göyverən valisi təyin edirəm. Bu məmləkətdə dünyaya gələn ilk Göyverənin atasını.

– Əmriniz həmən icra olunacaq, şahım.

– Aslan, itkiləri dediz. Bəs qənimət nə qədər olub?

– Şahım, Karzatın qoşunu biz özümüzü çatdırana qədər üç valiliyimizi yerlə-yeksan etmişdilər. Kişiləri öldürüb, qadınları əsir götürmüşdülər. Xəzinəni  talamışdılar. Onları məmləkətdən çıxartdıq, üstəlik özlərini də təslim elədik. Amma bir qızıl da tapa bilmədik. Varlıları, əyanları qaçmışdı, xəzinələri isə boş idi. Hərəmxanasını isə əsir ala bildik.

– Nə? Bu nə deməkdir? Hərəmxananı əsir götürmək? Azad edin hamısını! Mənim müharibəm Karzat Şahla idi, arvad-uşaqla yox!

– Başüstə, şahım.

– O ki, qaldı qənimətə... gətirin Karzatı bura, – deyə Göyverən Şah əmr etdi.

Əlləri-ayaqları zəncirlənmiş Karzatı mühafiz dəstəsi şahın otağına gətirir. Taxtın yanına çatanda arxadan təpiklə elə vururlar ki, üzüqoylu yerə uzanır. Başını qaldırıb rəhm dolu baxışlarla Göyverən Şaha baxır.

– Hə, Karzat Şah. Daha doğrusu, Karzat. Çünki məmləkəti, xalqı olmayan adamı şah adlandırmaq olmaz daha. Ölümə məhkumsan. Bunu bilirsən. Sadəcə, mənə bir şeyi başa sal. Mənim səndə nə işim vardı? Adını da bilmirdim, ölkən hansı səmtdə yerləşir, onu da... Özü də ki, səndən də böyük, güclü bir dövlətin şahıyam. Nə oldu ki, hücum etdin mənə?

Karzat Şah dikəlib, dizüstə dayandı. Ətrafdakılara nəzər yetirib:

– Səbəbini yalnız ikilikdə deyə bilərəm, – cavabını verdi.

Göyverən əliylə mühafizlərin çıxmasını əmr etdi. Otaqda üçü qaldı.

– Baş mühafiz də çıxsın.

– Mənim ondan gizlinim yoxdu.

– Göyverən Şah, denən çıxsın. O, əmr quludur, vurub-yıxan adam sayılır. Vuracağı adamı isə siyasilər ona göstərirlər. O, özbaşına qərar çıxarmaq iqtidarında olmadığı üçün, söhbəti də eşitməməlidir.

– Dedim ki, Aslan söhbətimizdə iştirak edəcək. Danış. Danışmırsansa dar ağacı hazırdır, – deyə Göyverən səsini qaldırdı.

– Dar ağacı! – deyə Karzat Şah ayağa qalxdı, – Göyverən Şah, dar ağacı! Mən ölümə hazıram.

Göyverən Şah Karzatın bu sözlərindən sonra nəsə deməyi özünə sığışdırmadı, – Cəllad! – deyə qışqırdı.

Mühafizlər Karzatı apardılar. Uzaqda – meydanda təbillərin səsi eşidildi.

Yenə saray. Şah öz taxtında oturub fikrə gedib. Baş xəzinədar Hətəm və Birrəng izn alıb içəri girirlər:

– Şahım, izninizlə. Bir xüsus var, nəzərinizə çatdırmaq istəyirəm.

– De, Hətəm!

– Xəzinə boşdur. Şəhid ailələri qapını kəsdiriblər. Bilmirəm nə cavab verim.

– Müharibə təzə qurtarıb. Nə tez qeydə aldılar ki, onları. Bir də ki, xəzinə niyə boş olmalıdır? Vergilər yığılmır ki?

– Bütün pul müharibəyə getdi. Qənimət isə yoxdur. Həmişə qənimət müharibənin xərcini ödəyirdi. Vergilər isə müharibə başlayandan yığılmır.

– Bu nə deməkdir. Müharibədə vuruşmaq, ölmək əvəzinə oturub burda kef ediblər, üstəlik vergi də ödəməyiblər? Birrəng!

– Bəli, şahım.

– Araşdır görək, vergi niyə yığılmır? Günahkarları tut qulağından gətir bura.

– Başüstə, şahım. Nəzərinizə çatdırım ki, vəzir Bədrəng cavabdehdir bu sahəyə.

– Sənə dedim ki, özün araşdır. Mən bədrəng-mədrəng tanımıram.

– Başüstə, şahım.

– Xəzinədar, başqa nə sözün?

– Şahıma uzun ömür.

– Onda get!

Şah otağında təkdir. Fikrə gedib: deməli, qənimət bütün xərcləri örtürmüş. Bəs indi niyə belə olmadı? Yox, burda nəsə var. Gərək Karzatı öldürməkdə tələsməyəydim.  Eybi yox. Baş vəzir zindanımdadır. Bu zaman Aslan otağa girib təzim edərək:

– Şahım, bəd xəbər. Karzat Şahın vəzirini  zəhərləyiblər. Vəziyyəti ağırdır. Zindana yemək aparan da yoxa çıxıb.

Göyverən Şah heç nə demədi.  Bu zaman ikinci vəzir Birrəng otağa girib həyəcanla:

– Şahım, vəzir Bədrəng gecə yatıb səhər oyanmayıb.

Göyverən Şah susub durmuşdu. Bu zaman baş vəzir Qurban içəri girdi.

– Şah sağ olsun, cənub qonşumuz Kaminat Şahın baş vəziri Qaflan təşrif buyurub.

– Nə istəyir?

– Şahım, ikilikdə deyə biləcəyim məsələdir.

Göyverən Şah könülsüz halda Birrəng və Aslanın otaqdan çıxmasına işarə edir.

– Nə istəyir bu Kaminat Şah?

– Müharibə istəyirlər, şahım. İstəyirlər ki, Həqq dövləti müharibə elan etsin onlara.

– Nə? Müharibə? Müharibə olmayacaq. Getsinlər başlarını aşağı salıb yaşasınlar. Elə etməsinlər ki, Karzatın gününə salım onları. Get, belə də çatdır.

Göyverən Şah bu cavabdan sonra elə bil ki, yüngülləşdi. Düzdür, səbəbini açıqlamadı. Demədi ki, xəzinə bomboşdur. Ondan olsaydı Kaminat Şahı da Karzatın gününə salardı. Amma onu başqa şey içindən yeyirdi. “Müharibə istəyirlər” ifadəsini hələ də başa düşmürdü. Baş vəzirdən soruşmağı da özünə sığışdırmırdı. Karzat Şah da şərt qoyduğu üçün ölümünə fərman verdi. Baş vəziri də zəhərləyib öldürmək istəyiblər. Bədrəng də yatıb ayılmayıb. Yox, burda nəsə başqa məsələ var.

– Başüstə, şahım, olduğu kimi də çatdıraram.

– Loğmanı çağır bura.

Loğman otağa girib təzim edir.

– Loğman, Karzat Şahın baş vəzirini zəhərləyiblər. Başının üstündən kənara çəkilmə. Sağalt. Sağaltmasan, – deyə Göyverən işarə barmağını silkələdi, – özündən küs. Onsuz da çoxdan yığmışam sənin əlindən. Başım ayılmır ki...

– Başüstə, şahım.

Şah eyvana çıxır. Şəhər əvvəlki ahəngiylə yaşayır. Yenə də səs-küy, çal-çağır. O isə adi yuxu nədir, ona da möhtacdır. Əvvəllər heç olmasa dərviş seyrinə çıxıb, fikrini dağıdırdı. Bu müharibə başını elə qatdı ki... heç mollalar da yadına düşmür. Cümə namazına da getmir. Bəlkə də Allahın qəzəbinə tuş gəlib. Kargüzar Lərzan demişkən, Allahla allahlıq etmək olmaz.

– Aslan!

Aslan otağa girərək təzim edir:

– Aslan, hazırlaş. Bu gecə dərviş seyrinə çıxacağıq.

– Başüstə, şahım.

 

 

***

 

Qaranlıq düşüb. Paytaxtın qədim, qənbər döşənmiş küçələriylə iki dərviş addımlayır. Heç kim onları tanımır. Daha doğrusu heç kim ağlına da gətirmir ki, bu dərviş paltarı geyinənlərdən biri onların şahı Göyverən, o birisi isə baş mühafiz Aslandır. Adət-ənənəyə əsasən “salam, dərviş babalar” deyərək yanlarından keçirlər. Uzaqdan isə uşaq səsləri eşidilir:  “Dədəm gətirib, nənəm bişirib, mən yemişəm”, “dədəm gətirib, nənəm bişirib, mən yemişəm”. Şah isə bu sədaları eşitmir. Öz dünyasındadır. Suallar onun beynini qazır.

– Aslan, bax, bir evin qapısını döyəcəyəm və deyəcəyəm ki, “Şaham!” O saat ağlaşma qopacaq.

– Şahım, siz nə danışırsınız? Təhlükəlidir indiki məqamda. Ölkə müharibədən çıxıb. Etməyin.

– “Şahım” yox, “Əfdal”. Nə qədər deyim sənə ki, dərviş seyrində mənə Əfdal de.

– Başüstə, şahım, e... Əfdal. Neynim axı, ağzım öyrəşib də...

– Bu qapını döy!

Aslan qapını döyür. İçəridən səs gəlir:

– Kimdir?

– Şah! – deyə Göyverən Şah amiranə şəkildə cavab verir. Bu an içəridən gülüş səsləri qopur. Kargüzar Lərzan gülə-gülə qapını açır.

– Ay qonaq, xoş gəlib səfa gətirmisən. İnandırım səni ki, “şah” sözünü eşidəndə nə qədər sevindim. Keç içəri. Deyəsən dostundur. Bax, indi əsl “şaha” oxşayırsan. Yoxsa ki, keçən dəfə bahalı paltar geyinmişdin. Uşaqları da qorxuzdun.

Aslanın ilk görüşdən xəbəri olmadığı üçün dinməzcə bu mənzərəni seyr edirdi – bu kişi kimdir, nə şah, nə qorxuzmaq?

– Qayınananız çox istəyir sizi. Yemək üstünə gəlmisiz. Buyurun süfrəyə.

Şah və Aslan bardaş qurub oturdular. Uşaqlar isə şaha baxıb gülürdülər. Hələ balacası körpə əllərini onun üzündə gəzdirib kosa tüklərini dartışdırırdı da...

– Ay uşaq, bəsdir! Qonağı rahat burax. Yol gəliblər. Dincəlsinlər. Buyurun bismillah edin, – deyə Lərzan təndir çörəyindən kəsib qonaqlara uzatdı, – Hə, qonaq, çoxdandı yox idin.

– Yox e... Sən birinci mənə de ki, bu uşaqlar “şah” sözünü eşitcək niyə gülməyə başladılar. Keçən dəfə ağlamaqlarını zorla kəsə bildik.

– Ay qonaq, sən gedəndən sonra onlara başa saldım ki, bəs şah gücsüzlərin  gücsüzüdür dünyada. Sanki taxtadan hazırlanmış bir bütdür. Şətrənc daşıdır. Onunla oynamaq, məzələnmək lazımdır. Vəssalam. Onlar da başa düşdülər. Daha qorxmurlar. Görürsən, hələ kosa saqqalına da əl atırlar.

Göyverən Şah üzünü Aslana çevirdi.  Aslan başını aşağı salmışdı.

– Ay qonaq, nə olsun ki, nağıllar şahların zalım tərifiylə başlayır. Sonrası necə olur bəs? Adi kasıb, xalq adamı sanki yerdən çıxıb ona qalib gəlir. Ən əsası isə sonudur: “Göydən üç alma düşür. Biri mənim, biri özümün, biri də nağıl danışanın”. Sonda göydən düşən almadan belə, şaha heç nə çatmır.

– Ay Lərzan, axı göydən alma düşmür.

– Ay qonaq, insanı yaşadan təsəvvürdür. “Qulağıyla sevmək”. Eşitmisən yəqin bu ifadəni? Bax bu camaatı da idarə edən təsəvvürdür, xülyadır, qovuqdur, köpükdür, alqışdır, şüardır, mən nə bilim nədir, nədir, nədir. Onu da din xadimləri hər cümə namazında beynimizə doldururdular. Ay nə bilim cənnətə düşəcəksiniz, kef edəcəksiniz, bakirələrin qızlığını alacaqsınız, əgər ki, sakit olsanız, itaət etsəniz, nəfsinizə yiyə dursanız, böyük günahlar etməsəniz. Özünüz bunları yaxşı bilirsiniz, elmli adamsınız. Siz dərvişlər isə şəhər-şəhər gəzib şairlərin, aqillərin sözlərini yayırsız camaat arasında. Qaldı nə? Çörək. Onu isə Allah yox, şah verir. Özü də ki, çox xəsisliklə. İndi ondan da kəsilə-kəsilə gedirik. Deyirlər ki, xəzinə bomboşdur.

– Onu kim deyir?

– Şəhid ataları. Gediblər ki, bəs şahın bizlərə kəsdiyi aylığı verin. Əliboş qaytarıblar yazıqları. Deyiblər ki, müharibə təzə qurtarıb, xəzinə bomboşdur.

– Bəs Həqqi Şahın dövründə necə olurdu?

– Həqqi Şah qanbahası deyilən pul verirdi. O da ki, bir dəfə. Bu Göyverən guya ki, atasından irəli getdi. Hər ay müavinət kəsdi. İndi də pulunu çatdıra bilmir. Vergiləri də iki dəfə qaldırmışdı. Müharibə başlayan kimi daha üç dəfə qaldırdı. Varlılar, tacirlər qaçmaq üzrədir məmləkətdən.

– Nə? Üç dəfə qaldırıb? Onu kim dedi? – deyə şah müəmmayla Aslanın üzünə baxdı.

– Daha doğrusu qaldırmayıb e... Sadəcə hərb vergisi təyin edib. Bu da adi vergidən üç dəfə çoxdur və birdəfəlikdir. Şah mühafizlərinin geyimində olan, üzü qara örtüklü şəxslər düşüblər məmləkətin canına və hamıdan yığıblar vergini. Hətta məndən də aldılar. Heç göyərti satana da güzəşt etmədilər. Gəldilər, qəməni qoydular sağ qulağıma ki, bəs kəsəcəyik, ver. Axı mənim nə qazancım var? Yeddi baş külfəti güclə dolandırıram.

– Eybi yox. Təki salamatçılıq olsun, sülh olsun. Əvəzində şahınız qalib gəldi. Karzat Şahın ölkəsini də valiliyə çevirdi. Sevinmək lazımdır. Şəhidlərin də adını qalanın divarlarına həkk elətdirir...

– Nə qələbə, nə valilik, nə ad? Ay qərib, bütün bunlar bayaq dediyim kimi qovuq, köpürcəklərdir, camaatı qulağıyla sevməyə məcbur etməkdir. Həqqi Şah müharibə edəndə sərhədi azca keçirdi, sonra da sülhə razılaşırdı. Düşmən nəyisə dağıtmışdısa – əgər buna həddi çatsaydı – elə özünə də bərpa elətdirirdi. Xəzinəsini, varını-dövlətini yağmalayıb gətirib qatırdı xəzinəsinə. Üstəlik, haq da təyin edirdi. İldə bir-iki dəfə də qoşunuyla o dövlətə gedib sıravi düzümlə paytaxtın ortasından keçib geri qayıdardı. Bu xəbərdarlıq idi ki, özünüzü yaxşı aparın. Həqqi Şah belə şah idi. Bəs Göyverən Şah nə etdi? Öz valilikləri də viran qaldı, üstəlik düşmən ölkə də tarimar oldu. İndi də ora öz ərazisidir. Ən qorxulusu isə güclü, düşmən ölkəylə həmsərhəd oldu. İndi gəl qoru özünü, görüm necə qoruyursan. Sən mənə de görüm, qonaq, öz ərazisini və o Göyverən valiliyini bərpa etmək üçün şaha nə qədər qızıl lazımdır, hə? Müharibə də elmdir, siyasətdir. Nə olsun güclüsən, qalib olmağa qadirsən. Bunu da ustalıqla etmək lazımdır. İndi də divara ad həkk elətdirir. Ay rəhmətliyin oğlu, bu məmləkətdə oxumağı bacaran var ki, o həkk olunanları da oxusun? Onda mən kargüzar kimə lazımam ki? Bir də ki, o adı divara havayı həkk edir nəqqaşlar? Ona verdiyin pulu apar şəhid ailələrinə ver də... Heç dədəsinə oxşamadı bu qurumsaq. Hamımızı sonda...

Lərzan sözünü kəsdi. Qəlyandan bir qullab vurub fikrə getdi. Şahla Aslan da dinmirdilər. Eləcə qulaq asırdılar. Dörd uşaq da ağızlarını açıb atalarını dinləyirdilər.  Handan-hana Lərzan:

– Bədbəxtçilik bilirsiniz nədədir? Başqa vaxt uşağını cəngdən gizlədən ata-ana oğluna bilirsiz nə deyirmiş? Deyirmiş ki, ay bala, bəsdir bekar gəzdin, az avaralan. Onsuz da sənə bu məmləkətdə ağ gün olmayacaq. Heç olmasa get müharibəyə, həlak ol. Özün şəhid kimi cənnətə düşüb kef edərsən, biz də burda şəhid ailəsi kimi aylıq alıb birtəhər dolanarıq. Yaxşı. Göyverən, axı sən şahsan. Hər şey sənindir də... Bu qədər pulu xəzinəyə yığıb nə edəcəksən axı? Qənimət də sənin olsun, hərb vergisi də... Yaxşı, ye, iç, dağıt, kef elə. Amma bu ölən tifillərin də halalca pulunu ver də... Axı onlar bu pula görə ölüblər ki, ailələri heç olmasa bir az yaxşı yaşasın. 

Lərzan kövrəldi.

– Məscidə gedir, cəllad aparır. Hələ cəlladın adını Mirqəzəb qoyub seyid övladı da edir. Allah evlərini, pirləri özününküləşdirir. Vergiləri artırır. Dinin hörmətini heçə endirir. Adi bir ölüm cəzasını da verə bilmir, bağışlayır. Nəticədə özcəza bütün məmləkəti bürüyüb. “Vergi verməyənin sağ qulağı yerindəcə kəsiləcək” demişdi. Hamının qulağı yerindədir. Amma məcazi mənada camaatın “qulağını kəsə-kəsə” gedirlər. Camaat cümə namazına getməyə də qorxur. Kasıbı da narazıdır, varlısı da... Heyf deyildi Həqqi Şah. İndi də... Nə isə, ay qərib, deməklə qurtarası deyil bu söhbət. Buna da min şükür. Allah pisindən qorusun. Yəqin yorulmusunuz. Yataq. Səhər azanına az qalır. Gecəniz xeyrə.

– Xeyrə qarşı.

 

***

 

Səhərdir. Saray. Şah taxtında oturub. Aslan əmrə müntəzir qarşısında dayanıb. Şah əyanları otağa çağırır. İkinci vəzir Birrəngə:

– Nə öyrəndin, Birrəng? Vergilər niyə yığılmayıb?

– Hələ ki, heç nə, şahım. Bircə bu aydındır ki,  vergi yığılmayıb. Kimdən soruşdum, kimdən xəbər aldım, bildim deyən olmadı. Bədrəng də gecə yatıb, səhər oyanmayıb. Ürəyi partlayıb. Əminəm ki, o bir şey bilirdi.

– Baş vəzir, sən necə, bir şey bilirsən bu barədə?

– Xeyr, şahım. Bir şey bilsəydim deyərdim, – deyə Qurban çəpəki Birrəngə baxıb başını aşağı saldı.

– Vəkil Fərman!

– Bilmirəm, heç nə bilmirəm, – deyə sol əliylə sol qulağını bağlayıb, başını aşağı dikdi. 

– Mən isə bilirəm, – deyə şah qışqıraraq taxtından qalxdı, – Aslan! – deyə əliylə işarə etdi. Baş mühafiz elə bu əmrə bəndikən Birrəngin üstünə atılıb tərksilah etdi, diz üstündə çökdürdü. Qəməsini şaha verdi.

– Deməli, bu qəməylə camaatın qulağını kəsib vergi yığan sən imişsən, eləmi? Özü də ki, hərb vergisi.

– Mən heç kimin qulağını kəsməmişəm, şahım.

– Kəs səsini! Qulaq kəsmək məsələsi artıq məcazi anlama keçib, Birrəng! Mən səni yaxın adamım bilib paytaxtı sənə tapşırdım, ey qızıl sevən siçovul! Yox. Sən siçovul idin. İndi isə xəzinə üstündə yatan əfi ilana çevrilmisən. Cəllad! – deyə şah qışqırır.  Mirqəzəb içəri girir, – Bunu sənə tapşırıram. Yemək, su vermirsən, lüt soyundurub tək məhkumluq zindanda saxlayırsan. Hökm verilənə qədər başından bir tük əskik olsa, vay halına.

– Başüstə, şahım, – deyib Mirqəzəb Birrəngi xirtdəkləyib, apardı.

– Aslan!

– Bəli, şahım.

– Adamlarını da götürüb gedirsən Birrəngin evinə. Eyni vaxtda əlaltılarını da həbs etdirib evlərini gəzirsən.

– Başüstə, şahım.

– Di cəld ol. Xəbər tutub aradan çıxmasınlar.  Baş vəzir!

– Bəli, şahım.

– Xəbərin vardı bu məsələlərdən?

– Bəli, şahım.

– Bəs niyə vaxtında xəbər etmirdin mənə?

– Şahım, müharibə dövründə hər şeyi ona tapşırmışdınız. O da deyirdi ki, sizin əmrlərinizi yerinə yetirir. Hətta saray əyanlarından da vergi yığdı. İstədiyi qədər.

– İstədiyi qədər nə deməkdir?

– Evimə hücum elədi üzü qara örtüklü adamlarla. Biri sağ qulağımdan tutub xəncəri kökünə dayadı. Arvad-uşaq qorxub küncə qısıldı. Hər şeyin yerini göstərdim. Yığıb apardılar.

– Qorxaqlar!

– Şahım, sizin hüzurunuzda, sarayın baş otağında, hələ ikinci vəzir olmaya-olmaya vəkil Fərmanın qulağını kəsən, məni boğazlayan adamdan necə qorxmayaydıq axı? Özünüz də susmaqla haqq qazandırdınız onun bu hərəkətinə. Bir də ki, bütün Qulaqkəsənlər məhləsini öz ətrafında səfərbər edib. Əllərinə də ixtiyar verib ki, bəs şahımızın əmridir, müharibə gedir, vergi yığılmalıdır, heç kim pul vermək istəmir. Vergi verməyənin isə yerində sağ qulağı kəsilməlidir. Məsciddə – cümə namazında şah özü elan edib bunu. Onlar da nə varlı bildilər, nə kasıb. Bütün paytaxtı düşmən kimi yağmaladılar.

– Xalq da qorxdu, heç kimə demədi bu barədə.

– Şahım, – deyə baş vəzir sözünə davam etdi, – dövlət qanun və qılıncla idarə olunur. Birinə inanırlar, arxalanırlar, o birindən isə qorxurlar.  Onlardan biri olmasa belə, xalq yenə idarə ediləndir. Çünki hər ikisinin arxasında siz – şah dayanırsınız. Biz əyanların gücü isə nə qanundur, nə də qılınc. Bizim gücümüz sizin arxa durmağınızdır. Əgər eşikağasına arxa dursanız, biz əyanların hamısından yüksək sayılar. Bir də ki, mən sizin yanınızda təmizəm. Birrəngi ikinci vəzir qoyanda etiraz etmişdim bu qərarınıza. Qulaq asmadınız.

– Fərman, bəs sən nədən qorxdun? Soruşuram, deyirsən ki, bilmirəm.

– Şahım, düşündüm ki, bəlkə bilərəkdən soruşursunuz ki, görüm mənim qanundankənar tapşırığıma qarşı çıxacaq, ya yox?

– Kəs səsini! Belə çıxır ki, mən bu vaxtacan bir qanuni hərəkət etməmişəm?

Əyanlardan səs çıxmadı. Hamısı başını aşağı salıb susurdu.

– Rədd olun qarşımdan. Mühafiz, bunlardan heç kim əmrim olmadan sarayı tərk etməsin.

Şahı fikrindən baş mühafiz Aslan  ayırır. Əlində isə bir topa kağız.

– Nə tez qayıtdın, Aslan? Bu kağız nədir? Mən səni qızıl dalıyca göndərmişəm, yoxsa kağız?

– Şahım, mühafizlər axtarışları davam etdirirlər. Xeyli qızıl, zinət əşyaları tapmışıq. Amma bu kağızlarda yazılanları istədim ki, tez görəsiniz. Birrəng varlılardan, əyanlardan vergi adıyla yığdıqlarının hamısını qeyd edib bura. Tacir ki, tacir. Bu vergiyə yox, daha çox müsadirəyə oxşayır, şahım.

Şah kağızları alıb, diqqətlə nəzərdən keçirib saymağa başladı.

– Birrəngin yazdıqlarına inansam, yığdığı vergi müharibədən öncə xəzinədə olandan dəfələrlə çox imiş ki... Əlavə qüvvə apar. Həbs etdiyin adamları da ümumi zindana yox, Mirqəzəbin ölüm zindanına sal. Başıyla cavabdehdir onlara.

– Başüstə, şahım.

Göyverən Şahın üzünə təbəssüm qondu. Heç müharibədə qələbə qazanmağı xəbərini eşidəndə belə sevinməmişdi. Deməli, xəzinə ağzınacan dolacaqdı.

– Baş xəzinədarı çağırın bura! – deyə şah mühafizlərə əmr edir. Hətəm hövllü otağa daxil olur:

– Bəli, şahım, əmriniz.

– Xəzinədə başqa nə çatışmazlıq var? Şəhid atalarını başa düşdüm. Başqa.

– Başqa heç nə, şahım. Həqqi məscidi üçün lazım olan pulu buraxmışam, türbə üçün də. Mühafizlərin maaşları da veriləcək. Üç valilikdə xəzinə tarimar olunub. Valilər də qaçıb paytaxta gəliblər. Onlardan xəzinənin taleyini soruşuram, dilləri dolaşır.

– Eybi yox. Çağır bura. Dillərini açaram.

Baş xəzinədar çıxır. Bir azdan üç valiylə içəri girir. Hər üçü şahın qabağında diz çökür.

– Xəzinəni neyləmisiniz?

– Şahım, düşmən qəfil hücum etdi, köçürə bilmədik, – deyə birinci vali cavab verdi. O birilər də başlarını aşağı-yuxarı tərpətməklə onun dediklərini təsdiq etdilər.

– Deməli, düşmən talan elədi, eləmi?

– Bəli, şahım, – deyə hər üç vali bir yerdə cavab verdi.

– Xub, xub, – deyib şah ayağa qalxdı. Otaqda var-gəl etməyə başladı, – və sizə də heç nə etmədi düşmən, eləmi?

– Biz qaçıb hüzurunuza gələ bildik, şahım.

– Deməli, camaatı odun-alovun içində qoyub qaçdınız. Fərarilik etdiniz. Bəs o böyrünüzdən asdığınız qılınc nə üçündür? Bəzəkçünmü? Hələ geyindiyiniz gözəl əbanı, mindiyiniz atları demirəm. Düşmən əsgərləri çox idimi?

– Biz onları heç gördük ki, şah... – deyə valilərdən biri sözü ağzından çıxarıb, əliylə ağzını qapadı.  

– Cəllad! – deyə şah qışqırdı. Mirqəzəb həmən hazır oldu, – Bunları sal ölüm zindanına. Yanlarına da heç kimi buraxma.

– Şahım, bizə yazığın gəlsin. Bizim təqsirimiz yoxdur. Hər şeyi deyəcəyik. Amma bizə dəymə. Baş vəzir Qurban bizi əvvəlcədən xəbərdar eləmişdi. Biz də düşmən əlinə keçməsin deyə xəzinəni, sənəd-sünədi yığıb çətinliklə də olsa paytaxta gətirdik. Baş vəzir Qurbana təhvil verdik. Ertəsi gün yanına çağırıb dedi ki, bu barədə heç kimə bir kəlmə də deməyin. Şah soruşsa deyərsiz ki, düşmən yağmalayıb. Biz buyruq quluyuq, şahım. Rəhm elə, – deyə hər üç vali Göyverən Şahın ayağına sarılıb yalvarırdı.

Şah əlini qaldırdı. Cəllad dayandı. Göyverən taxtına oturdu. Fikrə getdi. Nə edəcəyini bilmirdi. Baş vəzir Qurban kəməndə düşmüşdü. Ondan belə asanlıqla atasının, anasının, qardaş və bacılarının, həmkəndlilərinin qisasını alacağına inanmırdı. Amma heç qisas məsələsi olmasaydı da... Qurban xain, satqın sayılırdı. Şahlığı çökdürmək üçün düşmənlə danışığa gedib müharibəni başlatmışdı. Üstəlik, üç valiliyin xəzinəsini mənimsəmişdi də... Həqqi Şah düz deyirmiş. Mənim bir düşmənim varmış – Qurban. Buna əmin oldum. 

– Baş vəzir Qurbanı çağırın bura! – deyə şah mühafizlərə əmr etdi.

Baş vəzir otağa girdi. Valiləri dizi üstə çökərək “sarı su gölü”ndə üzdüklərini görüb, hər şey ona hali oldu. Dilinin altında “Allah sənə lənət eləsin, Həqqi, bunu bizə şah qoyub getdiyin yerdə” – deyib huşunu itirdi.

 

***

 

Qurban gözünü açanda gördü ki, zindandadır. Saray həkimi Loğman başının üstündə dayanmışdı. Başqa heç kim yox idi.

– Ay Qurban, ay Qurban... Yadındadır Həqqi Şahın yatağı başında sənə dediklərim? Razı olmadın. Bircə “hə” cavabın lazım idi ki, əlimdə hazır tutduğum zəhəri xəstə, taqətsiz, sonsuz Həqqiyə içirim və həmin gün də olasan şah. Dedin ki, yox, eləmə, onsuz da bugün-sabahlıqdır. Amma dirildi, hələ  göyvərənin birini vəliəhd də elan etdi. Nə qədər yaşadı ondan sonra, hə? On altı gün? Hər şey də həmin on altı gündə alt-üst oldu.

– Loğman, yəqin huşu özündəymiş Həqqinin. Danışdıqlarımızı eşidib. Gərək səni orda, yatağın başında boynunu bu qılıncımla özüm vuraydım – şahımıza xəyanət etmək istədiyinə görə. İndi hər şey başqa cür olardı.

– Ha-ha-ha! Nə qılınc? Hansı qılınc? Ayıl, ay axmaq! Zindandasan e... Əynində də boynu vurulmuş ölüməməhkumlardan qalan sovxadır. Heç təzəsinə də layiq bilməyiblər səni. Mən niyə burdayam? Şahın otağında yıxılanda başın əzilib, qanın ətrafa sıçrayıb. Çağırdılar ki, başını sarıyıb-sağaldım. O dünyaya gedəndə bütöv başla gedəsən. Yoxsa tanımazlar səni. Ha-ha-ha! – Loğman qarnını tutaraq qəşş etdi.

– Gül, Loğman, gül. Düz deyirsən. Bütün təqsirlər məndədir.

– Amma razı olsan, sənə yaxşılıq edə bilərəm. Hələ gec deyil.

– Nə yaxşılıq?

– Sənə zəhər verərəm, ölərsən. Özü də ömrü boyu yox, nəsillikcə tutduğunuz baş vəzir mənsəbində. Qətlgahdan da canın qurtarar.

– Yox. İnanmıram. Göyverən buna getməz. Çağırıb soruşacaq və hamısını izah edərəm. Düzünü deyəcəyəm. Deyəcəyəm ki, valilər xəzinəni gətirib mənə təhvil verdilər. Arxasıyca da Birrəng öz qulaqkəsənləriylə girib hamısını talan etdi. Bununla da məsələ həll olunacaq.

– Özün bilən məsləhətdir. Mən səni ağıllı adam bilirdim, Qurban. Amma yadında saxla. Məni bir də bu zindana çətin ki, buraxalar.

– Yox. Ümid sonda ölür, Loğman. Amma hər ehtimala sənə bir sirr açım. Bu sirri özümlə o dünyaya aparmayacağam. Sənə danışacağam. Hamınız buna görə şaha göyvərən deyirdiniz. Amma tarixçəsini üç nəfərdən başqa heç kim bilmirdi. Həqqi Şah öldü. Mən də ölsəm Göyverən Şah sirrini hamıdan gizlədəcək. Ona görə də diqqətlə qulaq as.

Baş vəzir loğmanın köməyi ilə dikəlib, belini divara söykədi:

“Sən yaxşı bilirsən ki, ay Loğman, Həqqi Şah məmləkəti seyrə çıxanda məni də özüylə götürərdi. Mən isə ona yalnız bir şeyə görə lazım idim. Çünki onun oğlanbaz olduğunu yalnız mən bilirdim. Onu bu şakərindən döndərə bilmirdim. Onu başa düşürdüm. Ona görə ki, mən özüm də başqa cür xəstə idim – arvadbaz idim. Bir gün qadınsız qala bilməzdim. Bu məndə ayıb sayılmırdı. Amma məmləkət şahının oğlanbaz olduğunu əhali bilsəydi, elə yerindəcə daş-qalaq edərdilər. Mən elə edirdim ki, bunu heç kim bilmirdi. Heç duyuq da düşmürdülər. Nə saray əhli, nə camaat. Seyr zamanı hansı oğlan uşağını göstərirdisə, gecə xəlvətcə oğurlayardım. Ağzını, əl-qolunu bağlayıb, gətirib Həqqinin döşəyinə salardım. Şəhvəti sönənə qədər oğlan uşaqlarından ləzzət alardı. Sonra isə onları bu əlimlə boğub öldürürdüm. Cəsədlərini ilim-ilim itirirdim. Lap axtarsaydılar da tapmaq mümkünsüz idi.

Günlərin bir günü yenə seyrə çıxmışdıq. Sərhədyanı kəndlərin birinin yanından keçəndə Həqqinin çəmənlikdə oynayan bir oğlan uşağına gözü düşdü. Ağzının suyu axdı. Artıq hər şey mənə aydın idi. Başımla işarə etdim ki, bəs anladım – hər şey siz deyən kimi olacaq, şahım. Amma Həqqi birdən atdan endi. Və uşağa tərəf qaçmağa başladı. Uşaq da onu görüb hürkdü. Götürüldü, nə götürüldü. Oğlan gedib biçilməmiş zəmiyə girdi. Mən isə şahın atının yüyənindən tutub onların arxasıyca çapmağa başladım. Uşaq hərdən səndələyib yıxılır, Həqqi Şah da ona çatıb üstünə uzanırdı. Oğlan da “imdad”, “kömək edin” deyə bağırırdı. O qədər zirək uşaq idi ki, bir-iki dəfə sürüşüb Həqqinin altından çıxdı və kəndə doğru qaçmağa başladı. Amma Həqqi Şah o zorba bədəniylə axır ki, uşağa çatıb qamarladı. Torpağa uzatdı. İkisi də tövşüyürdü. Artıq özünün də, qurbanının da taqəti qalmamışdı. Həqqinin isə öz ovunu buraxmaq fikri yox idi. Əbasını çıxarmağa başladı. “Şahım, lazım deyil, kəndin yaxınlığındayıq, gecə hər şeyi həll edəcəyəm” – desəm də Həqqi Şah qulaq asmırdı. Qızmış aslana bənzəyirdi.  Üzüqoylu uzanan uşağın isə onun iri gövdəsinin altından sürüşüb çıxmağa artıq heyi qalmamışdı. Mən də çaş-baş vəziyyətdə bu səhnəni seyr edirdim. Bu dəm Həqqi mənə “nə baxırsan, get gəziş, bir azdan gələrsən” dedi. Üzümü çevirib ordan aralanmaq istəyirdim ki, bir kişiylə qadının qaça-qaça bizə yaxınlaşdığını gördüm. “Şahım, gələn var” deyə qışqırdım. Həqqi Şah tez ayağa qalxıb əbasını geyindi. Taqətini itirib uzanan uşağı tez qucağına götürüb əzizləməyə başladı:

– Qorxdun, bala? Qorxma. Adam şahından qorxmaz. Şah rəiyyətini çox sevir.

Şah guya ki, kişi ilə qadının gəlməyini sezmirdi. Arxasını onlara tərəf çevirmişdi. Onlar gəlib çatanda oğlanı qucağından yerə qoydu. Əlini ona uzadaraq kişi ilə qadının da eşidəcəyi tərzdə “Gəl tanış olaq. Mən Həqqi Şaham” dedi. Bu səhnəni görən kişiylə qadın qeyri-ixtiyari diz çökdülər. Oğlan isə heysiz idi. Heç nə danışa bilmirdi. Şah birdən qanrılıb geriyə baxdı. Qadınla kişini indi görürmüş kimi “siz kimsiniz?” xəbər aldı. Kişi dilləndi:

–  Qibleyi-aləm, biz Əfdalın ata-anasıyıq.

Həqqi Şah özünü itirmədi. Uşağı qaldırıb atına mindirdi.

– Bu uşaqdan xoşum gəldi. Mənim övladım yoxdur. Onu mənə elə bil ki, Allah bəxş edib. Hər gün əlimi qaldırıb dua etdiyim Ulu göy göndərdi onu mənimçün. İcazənizlə onu övladlığa götürürəm. Adını da dəyişib Göyverən qoyuram.

– Özümüz də, uşağımız da qurbandır sənə, – deyə ata dilləndi. Ana isə ağlamağa başladı. Şahın sözünün qabağında nə deyəcəkdilər ki...

– Nə vaxt istəsəniz, gəlib sarayda görüşə bilərsiniz, – deyib özü də ayağını üzəngiyə basıb yəhərə qalxdı. Əfdalı bir əliylə qucaqlayaraq özünə sıxdı.

Xülasə, çaparaq ordan uzaqlaşdıq. Ertəsi gün Karzat Şaha məndən xəbər göndərdi ki, bəs Əfdalın kəndi yerləşən valiliyə hücum etsin. Məhz o kəndi yerlə-yeksan etsin, əhalisini qılıncdan keçirsin. Mənə isə tapşırdı ki, Əfdalın ailəsini şəxsən özüm qılıncdan keçirim. Əmri yerinə yetirdim. Saraya qayıdıb şaha xəbər verəndə Əfdal da eşitmişdi bunu. Mən də oturub gözləyirdim ki, Həqqinin şəhvəti nə vaxt sönəcək, aparım bunu da o birilər kimi ilim-ilim itirim. Amma Həqqi bundan doymurdu. Sürüşüb əlindən çıxmağı, elə-belə təslim olmaması Həqqi Şahın şəhvətini daha da alovlandırırdı. Beləcə Həqqi öyrəşdi Əfdala. Sonra da öldü. Mən isə sonuncu şahid idim. Mən bu dövlətin sirr daşıyan iki başçısından biriyəm, sirri yaymaq ixtiyarım yoxdur. Göyverənə də heç vaxt xəyanət etməmişəm. Ona xəyanət etməyə-etməyə məni ölüm zindanına salıb. Öldürmək istəyir. Elə bilir ki, sirrini heç kim bilməyəcək daha. Növbəti qurbanı isə sənsən. Ona görə sirri sənə verdim. Özünü qoru məhşər ayağında”.

Baş vəzir Qurbanın ürəyi bulandı. Huşu getdi.

 

***

 

Şahın sarayı. Göyverən Şah taxtda oturub. Fikirlidir: baş vəzir xəyanətkar, ikinci vəzir talançı, vəkil Fərman tiryəkilərin himayəçisi, Bədrəng öldürülüb, Dürəngi vali göndərdim. Üç valilik və üstəlik Göyverən valiliyi xarabazar. Nə qədər ölən, şəhid olan. Onların qadınları dul, uşaqları yetim. Nə edim? Nədən başlayım? Lap başımı itirmişəm. Birdən bunların hamısı paytaxta üz tutsa...

Bu vaxt Aslan içəri girir.

– Şahım Qulaqkəsənlər məhləsi ayağa qalxıb. Üzü qara örtüklülər Birrəngin evini mühasirəyə alıblar. Mühafizlərin gücü çatmayacaq. Baş sərdar Abbasın köməyinə ehtiyacımız var.

– Baş sərdar!

Baş sərdar həmən gəlir.

– Baş sərdar, çibanı kökündən təmizləməsən, yenə də çıxar. Ordunu sal, Qulaqkəsənlər məhləsini yerlə-yeksan elə, sakinlərini də – qadınlı-uşaqlı – qılıncdan keçir.

– Başüstə, şahım.

Şah yenidən taxtına yayxanır. İçində bir qorxu hissi var. Özünü arxasız hiss edir. O biri əyanlar qapıda gözləsə də, sarayda özünü tənha sayır: Aslanla Abbas yoxdur. Birdən ona hücum etmək, taxtdan devirmək istəsələr, kimi köməyə çağıracaq?  Yox, belə davam edə bilməz. Bəs başladığını davam etdirməsə, xalq onu yalançı adlandırmazmı? Gərək heç nəyi dəyişdirməyəydim. Tutaq ki, baş vəziri edam etdirsəm, yerinə kimi qoyacağam hə? Nə olsun ki, şətrəncdə əsgər də irəliləyib vəzir ola bilər. Bu bir oyundur. Özü də ki, qadağan edilmiş oyun. Bir özüm qalmışam, bir də ki, “fil”. Qarşı tərəf isə darmadağındır. Buna da şükür. Birtəhər çıxaram vəziyyətdən. Demə əsas qızılmış. Hər şey qızılın əlindəymiş. Dağılanlar da düzələr, acların da qarnı doyar. Təki salamatlıq olsun. Özü də ki, bu xəzinənin boşluğu məsələsi çox gizlinləri açdı. Çox əyanın iç üzünü göstərdi. Çoxdandır cümə namazına da getmirəm. Bu həftə hökmən getməliyəm. Ölkə müharibədən çıxıb. Bu münasibətlə dindarlara gözaydınlığı verməliyəm.

 

***

 

Gecədir. Şah yatmayıb. Eyvana çıxır: Aslandan bir xəbər yoxdur. Abbas isə qayıdıb. Tapşırığı yerinə yetirdiyini deyir. Deməli Qulaqkəsənlər məhləsi yerlə-yeksandır. Sakinləri də qılıncdan keçirilib. Bu baş bəlasını həll etdim. Şəhər niyə belə sakitdir? Elə-belədə səs-küyləri bura gəlib çıxırdı. Amma indi heç nə eşidilmir. Gecikib qalaya daxil ola bilməyən, ocaq qalayıb düşərgə salan karvanlar da gözə dəymir. Onlar da qəhətə çıxıb. Sanki qəbiristanlığa oxşayır şəhər. İnşallah,  düzələr hər şey. Müharibə elə-belə şey deyil ha... Hamı başa düşür bunu. Hamı ölənlərin ruhuna ehtiramla yanaşır yəqin, şəhid ailələrinin dərdinə şərik çıxırlar.

Bu dəm Aslan gəlir.

– Şahım, hamısını yığıb gətirdim. On araba qızıl, ləl-zinyət əşyalarıdır. Birrəngin evindən, qulaqkəsənlərdən müsadirə edilmiş var-dövlət.

– Sağ ol, Aslan. Atam Həqqi Şah səndə həqiqətən də yanılmayıb. Baş vəzir Qurbanı da ölüm zindanına saldım.   Üç valiliyin xəzinəsini də o talayıb müharibə başlamamış. Bilib ki, sonda Karzat Şahın boynunda qalacaq. Onu da səhər tapıb xəzinəyə yatırmaq lazımdır. Karzatın baş vəziri özünə gəlsin, onların da xəzinəni harda gizlətməsini üzə çıxaraq. Qızılları Hətəmə təhvil ver! Sabah işimiz çoxdur.

 

***

 

Səhər. Şahın sarayı. Göyverən taxtında oturub. Saray həkimi Loğman başılovlu içəri girir.

– Nə olub, nə baş verib, Loğman? Baş vəzir ölüb?

– Xeyr, şahım. Baş vəzir sağalır. Şəhərdə vəba təhlükəsi var. Qulaqkəsənlər məhləsi yerlə-yeksandır. Qılıncdan keçirilənlərin cəsədləri də ortalıqda...

– Onları da mən basdırmalıyam? Məscidə de, böyük qəbir qazıb hamısını atsınlar ora. Üstünü də torpaqlasınlar. Vəssalam. Bunu da mən deməliyəm?

– Şahım, siçovullar ölülərə daraşıb bütün gecəni. Vəbanı da məhz onlar yayırlar. Ordu işə qoşulmasa çətin olacaq. Hamımız qırılacağıq.

– Burda deyiblər e... “iti öldürənə sürütlədərlər” – deyə şah dilinin altında mızıldandı, – Yaxşı, Abbasa mənim adımdan de. Ağızlarını-burunlarını tənziflə yaxşı-yaxşı bağlasınlar. Bitirsinlər bu qulaqkəsən məsələsini. Bezdim vallah. Bir də, ay Loğman, bu siçovullar vəbadan ölən ölüləri yeyirlər ki, hələ bir xəstəlik də yayılsın? Adi ölülərdir də... Adını həkim qoymusan. Sən desəydin ki, qulaqkəsən xəstəliyi yayılacaq, həqiqətə oxşayardı.

Loğman gedir. Baş mühafiz Aslan gəlir.

– Şahım, bir əmriniz?

– Aslan, gedirsən baş vəzirin evinə. Axtarış aparırsan.

– Başüstə, şahım.

– Baş xəzinədar gəlsin!

Baş xəzinədar Hətəm  gəlir.

– Şahım, mən iyirmi ildir ki, bu mənsəbdəyəm. Hələ xəzinədə bu qədər qızıl görməmişdim. Əgər başqa bir əmriniz yoxdursa, pulları bölüşdürüm.

– Hətəm, mənim verdiyim əmrləri kənara qoy. Həqqi Şahın dövründə necəydisə, qoy elə də olsun. Bircə mühafizlərin və ordunun pulundan başqa.

– Şəhid ailələrinə də?

– Dedim axı... Həqqi Şahın dövründəki qanunlara əsasən işini qur. Qanpulunu ver, qurtardı getdi. Mənim bütün fərmanlarım qüvvədən düşür. Vəssalam. Get! Baş sərdar Abbas!

– Bəli, şahım.

– Cümə namazına gedirik.

– Başüstə, şahım.

 

***

 

Şah baş sərdarın müşayiətiylə məscidə yaxınlaşır. Həyətdə heç kim gözə dəymir. Şeyx Mərdan, baş axund Bərxudar və din xadimləri də onu qapıda qarşılamır. Göyverən Şah atından düşür. Oğrun-oğrun məscidin qapısına addımlayır. Dəstəmazını alır. İçəri girir. Sıraların birində yer tutub namazına başlayır. Namaz başa çatır. Şah ayağa durub minbərə qalxır.

– Dindarlar! – deyə müraciətinə başlayır. Bunu eşidən kimi hamı canamazını yığışdırıb məscidi tərk etməyə başlayır. Nəhayət məscid boşalır. Şah peşman vəziyyətdə minbərdən düşüb, eşiyə çıxır. Atına minib əsgərlərin müşayiətiylə saraya qayıdır.

 

***

 

Saray. Baş mühafiz Aslan Göyverən Şahın hüzurunda dayanıb.

– Nə oldu, Aslan! Bir şey tapdın?

– Tapdım, şahım. Çox cüzi.

– Bu Qurban üç valiliyin qızılını hara gizlədib görəsən. Get soruş qızılın yerini.

– Başüstə, şahım.

– Hə. Lap yadımdan çıxmışdı, Aslan. Cümə namazına getmişdim bu gün.

– Allah namazınızı qəbul etsin.

– Sağ ol. Amma heç kim qarşıma çıxmadı. Şeyx, axund da salamlamadı. Moizə də oxumadılar. Heç nə danışmadılar. Mən minbərə çıxıb dindarlara qələbə gözaydınlığı vermək istəyirdim ki, hamısı durub çıxıb getdi. Kor-peşman qayıtdım dala. Bəlkə sən biləsən niyəsini.

– Şahım, müharibə vaxtı bu Birrəng başının dəstəsiylə gedib cümə namazına. Vaizi minbərdən kəllə-mayallaq dığırladıb yerə. Özü başlayıb danışmağa ki, bəs Allahın dörd mələyi var: Mikayıl, İsrafil, Cəbrayıl, Əzrayıl. Necə ki, Göyverən Şah Allahın yerdə kölgəsidir, mən də mələklərdən ən əsası – cənabi-Əzrayılın yerdəki əksiyəm. Bundan sonra məscidə heç kim bir quruş da vergi ödəməyəcək. Kimin ölüsü düşür, molla çağırmasın. Nə çox mollaxana təhsili görmüş qohumlarınız. Özünüz ölünüzü yuyun, dua oxuyub, İslam qanunlarıyla basdırın. Kim evlənirsə ağsaqqalı kəbin kəssin. Kimsə qaydanı pozsa məni çağırın. Bəsdir bu keçisaqqallar məmləkətə ağalıq edib, başımıza ağıl qoydular. O bir olan Allah, Ulu Göy şahlıq etmək üçün məmləkətimizə yalnız bir nəfəri göndərib. O da Göyverən Şahdır. Hamı onun canına dua oxumalıdır. Bütün vergilər isə saraya ödənməlidir. Yaş və ölüm kağızları da saraydan verilməlidir. Məscid yalnız və yalnız Allaha ibadət etməkçündür. Gəlin namazınızı qılın, gedin. Kim uşağını mollaxanada, mədrəsədə oxutmaq istəyirsə, əlavə pul ödəsin. Bunun vergiyə-zada dəxli yoxdur.

– Bəs nə əcəb şeyx onu linç elətdirməyib? Mən nəsə deyən kimi əlini yuxarı qaldırırdı ki, işarə versin.

– Siz nə danışırsınız, şahım. Siz Allahın yerdəki kölgəsisiniz. Birrəng isə özünü Əzrayılın əksi elan edib. Əzrayılla dost olan, ona hörmət edən isə Allahdan qorxmaz.

– Anlamadım.

– Şahım, insan doğulan andan Allah onu nə ilə qorxudur? Öldürməklə. İnsanları öldürməyi isə mələyi Əzrayıla tapşırıb. Həmin Əzrayılın yerdəki kölgəsi isə öz ayağıyla gəlib girib məscidə. Ətrafında da üzübağlı, əli qılınclı  qulaqkəsənlər.  Cınqırlarını çıxartsaydılar yerindəcə canlarını alacaqdı. Bu camaat əslində Allahdan yox, Əzrayıldan qorxur.  O əhvalatdan sonra camaat məscidə getməyə qorxur, vaizlər də moizə, xütbə oxumağa. Həqqi Şahın məzarına isə axın artıb. Hamı növbəylə diz çöküb sinə daşını qucaqlayıb öpür, dua oxuyur. Şeyx, axund isə məscidə pul gəlmədiyindən kargüzarlığa keçiblər. Hərdən cadu-pitik də edirlər. O gün Bəykinə arvad gedib mollanın yanına ki, bəs inəyim süd vermir. Bir dua yaz ki, süd gəlsin. Molla da ərəbcə nəsə yazıb verib arvada. Deyib ki, apar as inəyin buynuzundan. Amma nəbadə açasan ha... açsan dua batil olacaq, inəyin də öləcək. Axşam əri işdən gəlib evə. Tövləyə girib. İnəyin buynuzundakını görüb. Əl atıb ki, açıb oxusun. Bəykinə özünü çatdırıb ki, bəs nəbadə açasan. Yoxsa inək ölər. Kişi də dinə-duaya inanmayanın biri olur. Duanı qoparıb açır. Görüb ki, yazılıb...

Aslan başını aşağı salıb gülməyə başlayır. Dalını gətirə bilmir.

– Aslan, sonacan danış, biz də gülək.

– Şahım, bağışlayın, arxası biədəbdir. Cürət etmirəm.

– Danış, Aslan, icazə verirəm.

– Şahım, bir daha üzr istəyirəm. Görüb ki, orda yazılıb:

Bəykinə, ay Bəykinə,

Sənə qoyum dikinə.

Sənin inəyin süd vermir?

Mollanın nə s.....?

Şah qəşş edib özündən gedir. Handan-hana özünə gəlib.

– Aslan, camaat yəni bu qədər avamdır?

– Şahım, bundan da beşbetərdir. Eləsi var qapazı vur, çörəyini əlindən al, dinən deyil. Yoxsa Birrəng, Qurban, qoluzorlular bu qədər qansızlıq edə bilərdimi? Səhv etmirəmsə yəhudilərin müqəddəs kitabı Tövratda yazılıb: “Bir zaman dünyaya ədalətli bir şah gələcək, yer üzündən bütün zülmlərin kökünü kəsəcək, qurd quzu ilə otlamağa başlayacaq”. Bunu bizim din xadimləri də hər cümə namazında dillərinin əzbəri etmişdilər. Ki, camaat sakit olsun, sarayın əleyhinə qalxmasın. Camaat qoyun kimi başını aşağı salıb otlamağında, əyanlar, varlılar da onları parçalayıb xımır-xımır yeməklərində. Amma nə olsun ki, müqəddəs kitabdır. O da varlıların tərəfindədir. Yoxsa yazardılar ki,  “Bir zaman dünyaya ədalətli bir şah gələcək, yer üzündən bütün zülmlərin kökünü kəsəcək, quzu qurd ilə ət yeməyə başlayacaq”. Qurdu quzunun yox, quzunu qurdun yeməyinə şərik çıxarardı. İndi təsəvvür edək ki, qurd ot yesə quzunun xeyrinədirmi? Yediyi bircə ot idi, onu da qurdla yarı bölməlidir.  Bu əzəldən belədir. Düzələn deyil dünya. Bir də... el üçün ağlayan iki gözündən olar deyib atalar. Düzdür atalar “el” deyəndə bu sözün mənası “düşmən” olub. Sonradan isə...

– Aslan, bunları sən hardan bilirsən? Axı heç bir kitabda danışdıqlarının çoxu yazılmayıb?!

– Şahım, məni babam böyüdüb. Mən onun öyüd-nəsihətləriylə tərbiyə almışam.

– Gəl birini də mən deyim sənə, Aslan. “Sözün ucundan tutub ucuzluğa gedərsən, qızılın ucundan tutub varlanmağa”. Gör qızıl deyilən şey nə qədər həqiqəti üzə çıxartdı. Həm də xəzinə doldu. Camaatı çox incidib bunlar. Onların könlünü almaq lazımdır. Sabah qətl günü elan et. Qurbanın, Birrəngin, o üç valinin boynunu vurduracağam camaatın gözü qabağında. Meydana gətirəndə hamısının ağzını bağla. İndi isə get qızılların yerini öyrən Qurbandan.

– Əmr quluyam. Şahım, Kaminat Şahın baş vəziri Qaflan gəlib. Baş vəzir Qurban zindana salındığına görə bilmir kiminlə danışsın.

– Çağır onu bura. Görüm nə istəyir?

Kaminat Şahın baş vəziri otağa daxil olub Göyverən Şahın qarşısında diz çökür.

– Həşəmətli Göyverən Şah. Qibleyi-aləm, icazə verin Kaminat Şahın salamlarını və Karzat Şah üzərində qələbə münasibətilə təbriklərini sizə çatdırım.

– Sözünü de. Niyə gəlmisən?

– Kaminat Şah bilmək istəyir ki, bizim məmləkətə nə vaxt hücum etmək fikrindəsiniz?

– Yox. O fikirdə deyiləm.

– Uzaqgörən şahım, Kaminat Şah xahiş edir ki, sizin əsgərlər heç olmasa sərhədi keçib bir-iki valiliyi yerlə-yeksan eləsinlər.

– Niyə?

– Çünki əhali çoxalıb. Camaatın iş-gücü yox, boş-boş danışırlar. Saraya qarşı çıxırlar. Çörəyini-suyunu çatdıra bilmirik. Fahişəxanalarda, karvansaraylarda, dükanlarda qiymətlər kəllə-çarxa vurub. Əvvəllər Həqqi Şahla qorxudurduq onları. Karzat Şahı məğlub edəndən sonra sizdən ikiqat çox qorxurlar. Hətta yeni yaratdığınız Göyverən valiliyində iş də tapıb çoxu. Çünki kişi qıtlığıdır orda. Amma yenə də gözlərini qorxutmağa ehtiyac duyulur. Nə qədər qızıl lazımdırsa, verməyə hazırıq.

– Qızılı apar ver xalqına yaxşı dolansın da... Heç müharibə də olmasın.

– Qızıl camaatda, əyanlarda, tacirlərdə toplanıb. O qədər qudurublar ki, adi vergini də ödəmək istəmirlər. Siz müharibə elan edən kimi canlarının qorxusundan qaça-qaça hərb vergisini ödəyəcəklər ki, təki ölüm-itim, dağıntı olmasın. Amma buna görə bizim iki valiliyi yerlə-yeksan edib, əhalisini qılıncdan keçirməlisiz. Qoy başa düşməyənlərə də görk olsun. Allah atanız Həqqi Şaha rəhmət eləsin. Həmişə dadımıza çatırdı ağır məqamlarda. Siz də bizi bu çətin günümüzdə naəlac qoymazsınız inşallah.

– Fikirləşərəm. Cavabımı yaxın vaxtda bilərsiz.

– Ömrün uzun olsun, şahlar şahım.

Kaminat Şahın baş vəziri gedir. Aslan içəri girir.

– Nə oldu, Aslan, dedi qızılların yerini?

– Şahım, deyir ki, Birrəng evini yağmalayanda həmin qızılları da götürüb.

– Ay xəyanətkar, qızılları niyə xəzinəyə təhvil vermirdin ki, hə? Deməli, özününküləşdirmək istəyibmiş. Burda deyiblər e... oğrudan oğruya halaldır. Aslan, qızılları saraya gətirəndə heç kim görmədi ki?

– Xeyr, şahım. Gecəyarı idi. Lap görsələr də. Kimin ağlına gələrdi ki, qızıl arabayla daşınır. Duyuq düşən qulaqkəsənlər isə indi cəhənnəmdədirlər.

– Baş vəzir Qurbanın, ikinci vəzir Birrəngin bütün mülklərini xəzinənin nəfinə müsadirə et. Yaşamaq üçün yalnız öz evlərini ailələrinə saxla. Qətlgah da sabaha hazır olsun. Dediyim kimi.

– Əmr edərsiz, şahım.

Aslan gedir. Şah otağında təkdir. Fikrə gedir: Birrəngin sabah boynunu vurduracağam. Bəlkə əfv edim? Yox. Xəyanət edib. Əgər yığdığının heç olmasa bir hissəsini xəzinəyə yatırsaydı, haqq qazandırardım. Deməli tacirdən vəzir olmazmış. Bunun qibləgahı yalnız puldur. Bu, dövlət adamı deyilmiş. Mən isə bunu baş vəzir görürdüm – nə vaxtsa. Amma nə edib bu varlılara, ruhanilərə? Hamısını quru yurdda qoyub. Mənim yüz oyun qurub aylarla həyata keçirmək istədiklərimi bir aya başa çatdırıb. Mən isə sabah bu quzğunu edam etdirib, düşündüyüm haqqı bərpa etməliyəm. Qoy xalq da görsün, bilsin ki, mən onunla əlbir deyiləm. Üstəlik, baş vəzir Qurban da tələyə düşdü. Daha validuzna məsələsinə ehtiyac qalmadı. Vələduznalar əsl atasız, validuznalar isə arxasız qaldı. Ay baş vəzir, sənə müharibə lazım idi? Oturmuşdun da yerində. Gərək gizli danışığa gedib, valiliklərimi tarimar etdirəydin? Məni müharibəyə məcbur edəydin? Həəə... çanaq öz başında sındı, ay Qurban. Sabah atamın-anamın, kəndimizin qisasını da səndən alacağam. Yox. Bəlkə danışığa getməyib? Axı mənə demişdi ki, müharibədən imtina etməyimizi Karzat Şah qorxaqlıq kimi qəbul edə bilər. Yox, valilər elə-belə çaşıb danışmazdılar. Necə deyərlər, dil çaşar, düzünü deyər. Bu Qurban tülküdür. Əvvəlcədən sözünə zireh geyindiribmiş ki, sonradan özünə haqq qazandıra bilsin. Bəlkə də mən pis şaham. Zaman göstərər, Göyverən, zaman.

 

***

 

Ertəsi gün. Qala meydanında qətlgah qurulub. Baş vəzir Qurban, ikinci vəzir Birrəng və üç vali qolları-ağızları bağlı dizi üstə çökdürülüblər. Göyverən Şah at belində meydana girir. Səssiz müşayiətlə gəlib qətlgahın bərabərində durur. Atından düşüb oğrun-oğrun addımlarla kürsünün üstünə qalxır.  Mirqəzəb isə təbərzini sinəsinə sıxıb əmrə müntəzir dayanıb.

– Ay camaat, bu gördüyünüz zatlar şaha xəyanət ediblər. Baş vəzir Qurban Karzat Şahla danışığa girib müharibə oyunu qurub. Nəticədə üç valiliyimiz yerlə-yeksan edilib, dinc əhalimiz qılıncdan keçirilib. Bu üç valiyə də əvvəlcədən xəbərdarlıq edilib və nəticədə xəzinə elə özləri tərəfindən də yağmalanıb.

Bunu eşidən valilərin gözləri az qala hədəqəsindən çıxmağa, burun pərləri isə böyüyüb-kiçilməyə başladı. Alınlarındakı damarlar şişdi. Nəsə demək istəyirdilər. Ağızları bağlı olduğundan səsləri çıxmırdı.  

– Gördüyünüz ikinci vəzir Birrəng isə müharibə dövründə paytaxtda asayişi qorumaq əvəzinə özünün qulaqkəsənlər dəstəsiylə camaatın canına suvaşıb, hərb vergisi adıyla soyğunçuluq edib. Hətta kasıbların da qara gün üçün yığdıqlarını əllərindən alıb. Özünü Əzrayılın yerdəki əksi elan edərək dinimizi, şeyximizi, axundumuzu təhqir edib.  Ən böyük qələti isə bunları mənim adımdan etməsidir. Yığdığı vergi tapılıb xəzinəyə qaytarıldı. Ona kömək edən qulaqkəsənlər də öldürüldü. Nəinki qaraniqablılar, bütün qulaqkəsənlər məhləsi yerlə-yeksan edildi, sakinləri isə qılıncdan keçirildi. İndi isə növbə bu beş nəfərindir. Düzdür, müharibə bununla bitmir. İndi də Kaminat Şah bizə meydan oxumağa başlayıb. Ordusunu sərhədlərimizə yığır. Onun da cavabı veriləcək.

Bu sözlərdən sonra izdihamdan qəribə səs gəlməyə başladı: şap-şap-şap-şap... Şah qanrılıb həmin tərəfə baxdı. Kargüzar Lərzan və dörd oğlu əllərini açıb bir-birinə vururdular. Şah bunu anlamadı. Sonra ətrafındakılar da Lərzana baxıb eyni hərəkəti etməyə başladılar. Meydanı şappıltı səsi götürdü. Şah işarət barmağını göyə qaldırdı. Meydana yenidən sakitlik çökdü.

– Yaxşı ki, sizin içinizdən elələri tapıldı ki, bu qaraniqablılardan qorxmayıb, məni Birrəngin çirkin işlərindən agah elədilər. Yoxsa günahkar cəzasız qalacaqdı. İndi siz deyin, bunlara hansı cəzanı verim?

İzdihamdan “Səngisər”, “səngisər”, “səngisər” sədaları gəlməyə başladı. Sonra qətlgaha doğru daş atılmağa başlandı. Mühafizlər çətinliklə də olsa izdihamın kürsüyə doğru irəliləməsinin qarşısını alırdılar. Vəziyyətin başqa məcraya yönəldiyini görən Aslan mühafizlərlə şahı dövrəyə alıb, kürsüdən aşağı endirdilər. Artıq mühafizlər də insan selinin qarşısında gücsüz idi. Bir müddətdən sonra Qurban, Birrəng və üç vali daş selinin yaratdığı təpənin altında görünməz oldular...

 

***

 

Şahın sarayı. Əyanlar ayaqüstə dayanıblar. Üzlərinə ölüm rəngi çöküb. Şah taxtında oturub.

– Əyanlar, yəqin ki, baş verənlərdən xəbəriniz var. Mən Qurban, Birrəng və üç vali üçün ölüm hökmü çıxarmışdım. Boyunları vurulacaqdı. Amma əhali mənim hökmümü ləğv edib öz hökmünü çıxartdı. Belə gündən hamınız üçün ola bilər. Ona görə də mən hər cür xəyanətdən vaxtında xəbər tutmalıyam. Gördüyünüz işlərdən, çıxdığınız oyunlardan xəbərim var. Yığdığınız varidatın qədərini və mənbəyini bilirəm. Amma hələlik dəymirəm sizə. Dağıdılan üç valilik isə bərpa edilməlidir. Bunu Vəkil Fərmana tapşırıram. Valiləri də seçib özü təyin etsin.

– Başüstə, şahım. Ömrün uzun olsun.

– Saray əyanı Dürəngi Göyverən valisi təyin edirəm. Valiliyin bərpasını ona tapşırıram. Karzat Şahın yoxa çıxmış xəzinəsinin axtarışını da ona həvalə edirəm. Məmləkətdə həyat müharibədən əvvəlki halına qayıtmalıdır. Məscidlərin tikintisi başa çatdırılmalıdır. Paytaxtdakı Həqqi məscidinin tikintisinə nəzarəti baş mühafiz Aslana həvalə edirəm.

– Böyük şərəfdir mənimçün, şahım.

– Qalan əyanlar hərə öz işlərinin başında olsunlar. Məmləkətdə həyatı bərpa etsinlər. Bunun üçün sizə bir ay vaxt verirəm. Baş xəzinədar, gələn gəlirdən din xadimlərinə maaş kəs, mollaxanaların pulsuz fəaliyyətini bərpa et. Mədrəsələr isə pullu olacaq. Gedə bilərsiniz. Baş mühafiz və baş sərdar, qalın!

Hamı gedir. Aslanla Abbas əllərini sinələrində çarpazlayıb şahın qarşısında durublar.

– Abbas, qoşunun az bir hissəsini cəmləşdirib Kaminat Şaha hücum et! Ən varlı valiliyini xarabazarlığa döndər, əhalisini də qılıncdan keçir! Baş vəziri gəlib ayağına düşsə ki, bəs müharibəni dayandırın, sülh bağlayaq, razılaş! Xəzinəsini də təhvil al qayıt!

– Başüstə, şahım.

 Otaqda ikisi qalırlar – Göyverən Şah və Aslan. Şah yorğun görünür.

– Aslan, baş vəziri yox elədim.

– Layiq olduğu cəzasını aldı, şahım.

– Yox, Aslan. Cəzası çox yüngül oldu. Onu əvvəl mənən, sonra isə cismən öldürəcəkdim. Müharibə girdi əzabının arasına. Əvvəl Həqqi Şahın hərəmxanasını bərpa elətdirəcəkdim. Bilirsən də yəqin. Qurban qırx hərəmin hərəsini bir əyana ərə verərək sarayda mənsəbə yetirib. Doğulan uşaqlar da hamısı bundandır. Mən onların arvadlarını əllərindən alıb, hərəmxanama qatacaqdım. Oğlan uşaqlarını baş vəzirin gözünün qabağında axtalayıb xacə edəcəkdim. Bu uşaqların atalarını isə meydanda validuzna – zinadan doğulan uşaqların valideyni kimi qətlə yetirəcəkdim. Sonda da baş vəziri qır tiyanında qaynadıb çirkə çıxaracaqdım. Bəlkə ondan sonra hirsim soyuyaydı. Nə isə. Olan artıq oldu. Yaxşı qurtardı daş-qalaqla canını. İndi də yəqin cəhənnəm odunda yanır. Görəsən onun yerinə kimi qoyum?

– Özünüz bilən məsləhətdir, şahım.

– Sən mənə demişdin ki, şətrəncdə piyada vəzirə çevrilə bilər.

– Bəli, şahım.

– Onda hazırlaş. Axşam dərviş seyrinə çıxacağıq.

– Başüstə, şahım.

 

***

 

Hava qaralıb. Şahla Aslan kargüzar Lərzanın evinə tərəf gedirlər. Kandara çatanda Abbas yerdən daş götürüb qapını döydü.

– Kimdir?

– Şah, – deyə Göyverən Şah cavab verir. Qapını Lərzan açır.

– Qibleyi-aləm, – deyib Lərzan baş əyir, diz çökmək istəyəndə şah qoymur, – böyük şərəf verdiniz mənim bu kasıb daxmama təşrif buyurmağınızla.

Lərzanın dörd oğlu da gəlib şahın qarşısında dayanıb ataları kimi baş endirdilər, şahın əlindən öpmək istəyəndə Göyverən qoymur. Dördünü də qucaqlayıb alnından öpür.

– Nə şah, şah salmısan, ay Lərzan. Heç mən şaha oxşayıram? Əyin-başım görmürsən nə gündədir? – deyib şah da Aslan da gülməyə başladılar. Lərzan isə ciddiliyini qoruyub dayanmışdı. Handan-hana:

– Lap çaşıb qaldım. Buyurun içəri. Əmiqızı çay gətir, – deyə Lərzan pərdənin arxasında yemək hazırlayan arvadına səsləndi.

– Arvadla əmioğlu-əmiqızısan deməli?

– Xeyr, şahım. Biz tərəflərdə başqasının yanında “arvad” çağırmaq qəbul olunmayıb. Ona görə “əmiqızı” dedim.

– Nə gözəl. Yaxşı adətdir.

– Şahım, sizi meydanda görəndə çaşıb-qaldım. Əvvəl gözümə inanmadım ki, bizə gələn dərvişsən. Sonra baş mühafizi də görəndə tam əmin oldum ki, doğrudan da siz şahmışsız.

– Axı mən birinci dəfə gələndə də, Aslanla da gələndə dedim ki, şaham. Amma inanmadız. Bu camaat düz sözə niyə inanmır axı?

– Şahım, o qədər yalan-palan eşidirik ki, düz deyilən sözü qəbul edə bilmirik. Şahım, üzr istəyirəm keçən dəfə dediyim sözlərə görə.

– Əsla. Sən olmasaydın dövlət əldən gedəcəkdi. Bunu bilirsənmi? Nə Birrəngin işlərindən, nə də baş vəzirin hoqqalarından xəbər tutacaqdım.

– Siz həqiqətən bunları bilmirdiniz?

– Hardan biləydim ki? Baş mühafizlə baş sərdar müharibədə, Birrəng də məni saraydan kənara çıxmağa qoymurdu ki, bəs müharibə gedir, təhlükəlidir.

– Mən axmaqsa meydanda durub sizə əl çalırdım. Bir daha məni bağışlayın, şahım. Keçin  günahımdan.

– Əl çalmaq? O nə deməkdir ki, Lərzan?

– Əlimizi bir-birinə vurub şappıldadırdıq e... bax ona əl çalmaq deyirlər.

– Yəni bu təhqirmidir ki, bağışlanmağını istəyirsən?

– Şahım, köhnə qitədə opera, teatr deyilən məbədlər var. Sanki saray kimi yerdir. Amma iki yerə ayrılıb. Səhnədə olanlar və tamaşa edənlər. Aşağıda qara camaat ayaqüstə dayanır. Qıraqlarda qurulan eyvanlarda – lojalarda isə zadəganlar oturur. Kürsü kimi hündür – səhnə adlanan yerdə isə tamaşalar göstərilir. Şairlərin, musiqiçilərin yazdığı şeirləri, mahnıları vergisi olan adamlar oxuyurlar, hələ oynayırlar da. Camaatın xoşuna gələndə onlara əl çalırlar, – deyə Lərzan əlini əlinə vurdu, – onların başına gül-çiçək səpirlər. Xoşlarına gəlməyəndə isə əvvəlcədən ciblərində gətirdikləri çürük pomidor, yumurtayla atəşə tuturlar. Bunu qara camaat edir. Əyanlar isə xoşları gəlməyəndə tamaşanı yarımçıq tərk edirlər.

– Anlamadım. Dediklərindən belə çıxır ki, o gün meydanda dediklərim sənin xoşuna gəlib və ona görə əl çalmısan?

– Şahım, teatrda oyunbazlıq edərlər. Yəni ki, müxtəlif cildə girərlər. Kimsə şahı oynayır. Amma əslində şah deyil. Kimsə qızı oynayır, amma əslində kişidir. Kiminsə ürəyinə bıçaq soxurlar. Bu da yalançı bir şeydir. Bir sözlə, insanlar həyatda görmək istədiklərini bu oyunbazların ifasında görüb bir təskinlik taparlar. Başqa sözlə desək, mənəvi qida qəbul edirlər. Siz də elə danışdınız ki, elə bildim həqiqəti deyirsiniz. Və sizin bu cür inandırıcı şəkildə yalan danışmağınızı alqışlamağa başladım.

– Yox, düz sözlərimə inanmamağının başqa səbəbi var, bunu demirsən.

– Şahım, düz buyurdunuz. Deyərəm, amma...

– De. Qorxma.

– Şahım, ölüməməhkumların ağızlarını bağlamışdılar. Onlar isə nəsə demək istəyirdilər. Bəlkə sizdən imdad diləmək idi məqsədləri? Niyə məhrum edirdiniz onları bundan? Əgər ortada qaranlıq bir məqam yox idisə, niyə onların ağızlarını bağlatdırmışdınız? İnanmıram ki, nədənsə qorxasınız. Ona görə də sözlərinizin həqiqət olduğuna inanmadım. Elə bildim ki...

Göyverən karıxdı. Bilmədi nə cavab versin. Amma özünü itirmədi:

– Lərzan, keçən edamda o yüz əlli üç cani ayağıma sarılıb elə yalvardı ki, hamısını əfv etdim. Bu səhvim – sən keçən dəfə dediyin kimi – məmləkətdə özcəzaya aparıb çıxartdı.

– Bağışlayın qələtimə görə, şahım. Düz başa düşməmişəm.

– Lərzan, gəlişimin məqsədi başqadır. İstəyirəm səni baş vəzir təyin edim.

– Ömrünüz uzun olsun, şahım. Amma mən baş vəzirliyə layiq adam deyiləm.

– Kimin layiq olub-olmamağını mən yaxşı bilirəm, Lərzan!

– Əlbəttə, şahım, düzünü siz bilirsiniz. Amma mən ədalətə inanan adamam, bu boş xülya olsa da belə. Sarayda isə heç vaxt ədalət olmayıb, olmayacaq da...

– İndi sözündən belə çıxır ki, mən xalqımı sevmirəm, mən ədalətli şah deyiləm, eləmi? – deyə Göyverən Şah qeyzləndi.

– Ədalətli şah yox, ümumiyyətlə ədalətli insan olmaq mümkün deyil, şahım.

– İsbat elə.

– Başüstə, şahım. Amma şam vaxtıdır. Anam da yaxşı toyuq bozbaşı bişirib. 

– Bəh-bəh-bəh. Keçəndəfəki yeməklərin dadı hələ də damağımdadır. Kükünü demirəm hələ. Elə bil ürəyimi oxudun. Gəlsin. Səhərdən yeməyin iyi tutub məni.

Şahın hirsindən əsər-əlamət qalmadı. Lərzanın anası qazanı ortaya qoydu. Qabları götürüb yemək çəkməyə başladı. Əvvəlcə toyuğun döş ətinin yarısını şahın, yarısını da Aslanın kasasına qoydu. İki buddibini də onlar arasında bölüşüb, azca da suyundan əlavə etdi. Sonra isə oğluna və nəvələrinə yemək çəkib onların qabağına qoydu. Uşaqlar yeməyə əllərini uzatmamışdan qabaq bir-birilərinin kasalarına baxdılar, sonra isə nənələrinin üzünə. Lap kiçiyi  naz edib “yemirəm” dedi. Lərzanın acıqlı baxışlarından sonra dördü də könülsüz əllərini çörəyə apardılar.

Şam bitdi. Süfrə yığışıldı. Göyverən yenə də söhbəti ədalətli şah məsələsinə gətirdi.

– Şam bitdi. İndi danış, Lərzan. Daha doğrusu, isbat elə.

– Şahım isbat etdim də...

– Heç nə danışmadıq axı. Çörək yeyirdik.

– Danışmasam da, şahidi oldunuz mənim isbatımın. Şahım, sizin fikrinizcə, anam məni, gəlinini, nəvələrini sevmirmi?

– Məncə sevir.

– Düz deyirsiniz. Amma buna əməl də eləmir. Daha doğrusu, eləyə bilmir.

– Düzünü sən bilərsən, Lərzan. Mən ananı üçüncü dəfədir ki, görürəm.

– Yox axı, şahım. Siz də bunu gördünüz. Amma fərqinə varmadınız.

– Açıq danış, Lərzan.

– Şahım, anam gətirib qazanı ortalığa qoydu. Toyuğun ən yaxşı yeri döş əti sayılır. Onu da bölüb ikinizə verdi. Ondan sonra ən ətli yeri buddibi sayılır. Onu da ikinizin arasında böldü. Qaldı iki budu, iki qanadı, döş çəpəri, boynu, bir də beli. O yeddi hissəni də biz yeddi nəfər arasında böldü. Yağını-suyunu da bol elədi ki, çörək doğruyaq içinə, yavanlıq edək. Sizcə, anam ədalətsizdirmi?

– Yox.

– Məncə də yox. Amma bir toyuğu, bir yeməyi ədalətlə bölə bilmədi. Uşaqlar buna etirazlarını bildirdilər. Və anam hər gün bu cür ədalətsizlik edir. İndi dövlət də elədir. Şah nə qədər ədalətli olursa-olsun... kiminə döş əti, kiminə boynu, kiminəsə boş suyu verir. Kiməsə heç suyu da düşmür. Sadəcə yaddan çıxır. Belə cəmiyyətdə mən baş vəzir ola bilmərəm. Deyərlər ki, həmişə haqdan-ədalətdən danışan, kükrəyən Lərzan, baş vəzir olsa da ədaləti bərpa edə bilmədi. Çünki ədalətli olmaq mümkün deyil. Ədalətdən yalnız dəm vurmaq olar. Onu da mən gözəl bacarıram – lərzəyə salan – Lərzan adıma layiq. Baxmayaraq ki, heç nə dəyişmir. Camaat arasında olan-qalan hörmətimi itirməyə, sonda başımı cəlladın kötüyünə qoymağa isə halım yoxdur.

Şah və Aslan ayağa durdular. Lərzan onları qapıyacan ötürdü. Sonda şahla üz-üzə dayanıb:

– Şahım, dövlət uzun bir dəvə karvanına bənzəyir. Başda gedən sariban – şahdır. Onun dəvəsinin boynunda zınqırov olar. Karvanın axırında kimisi atda gəlir, kimisi qatırda-ulaqda. Piyada da bu karvana qoşulanlar var. Düzdür, onlar saribanın arxasınca gedirlər, amma üzünü görmürlər. Ara-sıra zınqırov səsini eşidirlər. Mən bu karvanda piyada sayılıram. Arxanızca gəlirəm. Qiymətinizə görə isə.., – Lərzan şahın qabağında diz çökmək istədi. Göyverən Şah cəld tərpənib imkan vermədi. Lərzanı da, uşaqlarını da qucaqlayıb sağollaşdı. Evdən çıxdılar.

– Aslan, Qüdrətə çoxdandır baş çəkmirik. Gedək, görək necədir?

– Gedək, Əfdal. Bir onun çörəyindən də dadaq.

Şahla Aslan Qüdrətin evinə tərəf addımladılar. Evə çatıb qapını döydülər. Hasarın o tayından həmən səs gəldi:

– Kimsiz?

– Dərviş babayıq. Gecələməyə yer, yeməyə bir qarın çörək istəyirik. Əvəzində sizə gözəl mərsiyələr, qəsidələr oxuyarıq, – deyə şah səslənir.

Görkəmindən kasıb birinə oxşayan orta yaşlı kişi darvazanın qapısını açır.

– Buyurun içəri, dərvişlər. Xoş gəlmisiniz.

Kişi onları həyətdə çiy kərpicdən tikilən daxmasına aparır. İkimərtəbəli malikanədə isə çal-çağırdır. Qarşılarına pendir, lavaş, soğan qoyur.

– Di nuş eləyin. Bivaxt gəlmisiniz. Şamımızı yemişik.

Şahla Aslan tox olmalarına baxmayaraq, özlərini ac kimi göstərmək üçün yeməyə daraşırlar.

– Ay kişi, darvazasından, hasarından, deyib-gülməklərindən, şadlanmaqlarından varlı evidir, amma süfrəsindən  nəsə xəsis adama oxşayır.

– Düz deyirsiz, dərviş baba, bu ev şahımızın ikinci vəziri olmuş Qüdrətin evidir. Çox varlı, imkanlı adam idi. Amma yeni şahımız birdən, heç bir səbəb olmadan onu saraydan qovdu. Evini iki dəfə yağmalatdırdı. Ağam indiyə qədər də başa düşmür ki, niyə belə oldu. O da olan-qalanını xərclədi. Daha heç nəyi yoxdur. Saraydan qovulanda ah-uf edib ağlayırdılar. Şah hər şeylərini əllərindən alandan sonra isə çalıb-oynayırlar. İnandırım sizi ki, yedikləri də elə sizin qabağınıza qoyduğum nemətlərdəndir. Heç özüm də baş açmıram bunlardan. Biz isə nəsillikcə bu evin bağbanı olmuşuq. Özü də ki, həmyerliyik. Ona görə sığışdırmadım özümə ki, ağanı atım gedim. İndi də mülkü satlığa qoyub. Mən də qalmışam belə. Bilmirəm ki, təzə sahib məni saxlayacaq, ya yox. Evim də yox, sənətim də... bir çətən də külfətim. Amma mənə o da azdır. Çox qudurmuşdum.  Zarafat deyil, məmləkətin üçüncü şəxsinin eşikağası sayılırdım. Nə olsun ki? Eşikağası nə böyük şeydir ki? Nökər idim də... yaxud da nökərlər ağası olan nökər. Əvvəllər tez-tez döyürdülər qapını. Hamısını söyüb qovurdum. Üstəlik, təqsiri Göyverən Şahın boynuna atırdım. Düzü məndə günah yoxdur, ay dərvişlər. Qüdrət ağam onu o qədər pisləyirdi ki, biz də təzə şahı pis adam kimi tanımışdıq. Adını da başqa cür çağırırdı – göyvərən. Ləhcəsi şirindir bizim kəndin. Ona görə mənim də ağzım öyrəşmişdi. Qapıya gələni qovanda, atırdım şahımızın boynuna ki, vergiləri iki dəfə qaldırıb. Amma sonralar bildim ki, şahımız pis adam deyilmiş. Sadəcə Həqqi Şah öləndən sonra baş vəzir Qurban şah olacaqmış, Qüdrət ağam da baş vəzir. Arzusu baş tutmayıb, ona görə acıqlıdır şaha. Baş vəzir Qurbanla söhbət edəndə təsadüfən eşitdim. İndi nə vaxtsa qapıdan qovduğum o kasıblardan biriyəm. Sabah, biri gün bundan da betər günə düşə bilərəm.

– Bəs nə üçün şahına pənah aparmırsan? Eşitdiyimizə görə şahınız ədalətli, rəhmli adamdır.

– Ay qonaq, ölkə müharibədən çıxıb, hamı eyni gündədir. Elnən gələn bəla toy-bayram olar deyiblər. Hər şey yaxşı olar inşallah. Bir də mən kiməm axı şah hələ məni qəbul da eləsin? Mən ikinci vəzirin eşikağası özümü böyük adam sayıb gələni qapıdan qovurdum. İndi məni, adi kasıbı inanarsanmı ki, sarayın həndəvərinə buraxsınlar? Mühafizlərə yaxınlaşmaq yox, on addım qalanda silahı göyə qaldırırlar. Dərvişlər, inandırım sizi ki,  Qüdrət ağamın mənim davranışımdan xəbəri yox idi. O rəhmlidir, əliaçıqdır. Bilsəydi ki, belə edirəm, çoxdan qovmuşdu məni. Ağam ona ağız açanı naəlac qaytarmazdı. Ailəsi, qohum-əqrabası da böyükdür, ürəyi də. Amma nə olsun ki... şahın qəzəbinə gəldi. Özü də bilmir niyə. Partlaya-partlaya qalıb. Amma mənə yox. Mənə lap əcəb oldu. Sanki yerimiz səhv düşmüşdü: Mən vəzir idim, o eşikağası. Qudurmuşdum. Nədi-nədi, arxamda vəzir dayanıb. Dərvişlər, biz tərəflərdə quduz iti gəbərdirlər. Bunun başqa dərmanı yoxdur. Məni də quduz it kimi gəbərtmək lazımdır.

– Bəs indi hardadır Qüdrət ağan?

– İndi evdə yoxdur. Baş vəzir Qurbanın ailəsinə dəyməyə gedib. Onun ağır günlərində də Qurban belə edərdi. Nə bilim vallah, bu böyüklərin işi tamam başqadır. Bizlik deyil. Amma Allah bizi mənim kimi kiçik adamlardan qorusun. Özümdə gördüm bunu. Şair bu barədə yaxşı deyib:

 

Böyük adamların işi başqadır,

Xırda adamlardan qoru özünü!

Açığın-aşkarın işi başqadır,

Örtülü bazardan qoru özünü!

 

– Adın nədir, bağban?

– Adım Bədzatdır.

– Bədzat, süfrən açıq olsun. İndi ağan gələr, acığı tutar sənə ki, niyə yadları evə buraxmısan. Yaxşısı budur gedək.

– Əksinə şad olar. O mən idim qapıya gələni qapırdım it kimi. Səsimi də elə qaldırırdım ki, elə bil evin ağası mənəm. 

Şahla Aslan darvazadan çıxıb qənbərli yollarla saraya doğru addımlamağa başlayırlar.

– Aslan, bunlar çalıb-oynayırlarsa, deməli həqiqətən də heç nəyləri yoxdur. Pulu, dövləti olan adam ağlayar. Xəzinədara deyərsən ki, bunlara aylıq kəssin. 

– Oldu. Əfdal, Bədzat “ailə” dedi, yadıma düşdü. Qanunlara görə saray əyanı öldürüləndə, ailəsindəki oğlan uşaqları da qətlə yetirilməlidir. Hökm etsəniz icra edərdim.

– Niyə?

– Çünki böyüyüb intiqam ala bilərlər, Əfdal.

– Bəs siz nə üçünsüz?

– Əfdal, intiqam üçün zireh, maneə yoxdur. Tarix bunu dəfələrlə sübut edib.

– Yox, Aslan. Mənim davam arvad-uşaqla deyil. Qoy yaşasınlar Allahın verdiyi ömrü. Əgər mən onların əlində öləcəmsə, qoy ölüm. Alın yazısını dəyişdirmək mümkün deyil.

– Düzünü siz bilirsiniz, şah... üzr istəyirəm. Əfdal.

 

ARDI VAR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi