Modern.az

Sizi təbrik edirəm, müharibə uşaqları!

Sizi təbrik edirəm, müharibə uşaqları!

Aktual

1 İyun 2020, 14:16

Dəyərli jurnalist həmkarım, əziz dostum Elşad Eyvazlının "Feysbuk"dakı sual-paylaşımı diqqətimi cəlb etdi. Yazıb soruşur ki, uşaq vaxtı xoşbəxt idinizmi və bunu 1-2 cümlə ilə necə təsvir edə bilərsiniz? Bir anlıq məni atalı-analı, xoşbəxt uşaqlıq illərimə qaytardı. Həqiqətən də, mən və mənim yaşıdlarım olan bir çoxlarının şən, qayğısız, gözəl, maraqlı uşaqlıq illəri keçdiyinə əminəm. Bizim hər şeyimiz vardı – yeməyimiz-içməyimiz, geyimimiz, gəzməyimiz, təhsilimiz, sevinc dolu həyatımız, uşaqliğımız... Hamımız xırda uşaq qayğıları ilə yaşayırdıq - yeni gəlincik, təzə velosiped, valideynlərlə gəzməyə getmək, ailəvi şəhər gəzintisində aldıracağımız toplar, şarlar, nağıl kitablarını düşünürdük...
Ən əsası, ürəyimiz fərəhlə doluydu, qəlbimiz sevgiylə dolub-daşırdı. Müharibə filmlərinə baxanda da bizə babalarımızın qəhrəman olduqlarını öyrədirdilər, faşizm üzərində qələbəyə bizim babalarımızın da, Azərbaycan xalqının qanı-canı bahasına nail olunduğunu deyirdilər. Qürurlanırdıq, fəxr edirdik, böyüyəndə məhz belə qəhrəman, cəsur olacagımıza inanırdıq. Qız, ya oğlan olmağımızdan asılı olmayaraq, mərdliyi, kişiliyi, təmizliyi, igidliyi üstün bilirdik! Biz xoşbəxt idik!

Sonra müharibə başladı.


...Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşəbbüsü ilə 2017-ci ildə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günündə Tərtərə - cəbhə xəttinə yaxın kəndlərdə yaşayan uşaqlara baş çəkmək və onların bayramını təbrik etməyə mən də getmişdim. Əziz və dəyərli jurnalist həmkarım Ayaz Mirzəyevin paylaşımı diqqətimi çəkmiş və mən də bu təşəbbüsə qoşulmuşdum. Həmin vaxt BAMF heyəti ilə tanışlığım bu günədək mənə gözəl dostlar qazandırıb. Bunun üçün BAMF-a, fondun rəhbəri Umud müəllimə və bütün heyətə minnətdaram. Yaxınlarım və dostlarım bilirlər ki, həmin səfərdən sonra bir müddət təkrar-təkrar oradakı uşaqlar haqqında danışırdım. Çox təsirlənmişdim. O səfərdən yazdıgım "Sülh istəyən müharibə uşaqları: Tərtərdə bir gün" adlı yazım doğma Modern.az saytında, həmin yazının fransız dilində yazdığım versiyası isə, Azərbaycanın yeganə fransızdilli qəzeti "Le Carrefour" (Yol qovşağı) qəzetində nəşr olundu.


Həmkarımın sualı mənə həm də həmin səfərimizi və orada gördüyüm uşaqları xatırlatdı.


...Sərhədyanı bölgədə - Tərtərin cəbhə xəttinə yaxın olan Həsənqaya və Şıxarx kəndlərində çox ağır şəraitdə, bütün çətinliklər içərisində yaşayan və əzablara dözmək məcburiyyətində qalan uşaqlar vardı və yenə var. O uşaqların üz ifadələri, onların hərəkətləri, duruşu-baxışı tamam başqadır. Bəlkə mənə elə gəlir?! Xeyr! Mən müharibə uşaqlarını yaxşı tanıyıram! O qorxunu, o hürkünü, gözlərinin dibinə hopmuş həyəcanı, gərginliyi görürəm.


...Qarabağda hadisələr başlayanda Qazaxın Ermənistanla həmsərhəd kəndlərinə hücum edən ermənilər orada evləri viran qoyub, insanları diri-diri yandırmışdı. Həmin yandırılan ailələrdən birində 7 nəfərlik ailə üzvləri ilə yanaşı, evdəki ən balaca azərbaycanlını - 39 günlük körpə uşağı da ermənilər vəhşicəsinə tonqala atmışdılar. 11 yaşım vardı, uşaq idim. Həmin vaxt Azərbaycan Dövlət Televiziyasında nümayiş etdirilən süjetdə yandırılmış insan  bədənləri göstəriləndə əllərimlə gözümü qapamışdım. Əlimi gözlərimdən çəkəndə anamın yanaqlarından süzülən yaşa baxıb mən də ağlamışdım. Çox qorxmuşdum. Həmin ərəfədə bir-iki gün ətrafa ürkək nəzərlərlə baxırdım. Vahimələnirdim. Elə bilirdim, ermənilər həyətimizə doluşub bizim evi də yandırarlar. Bu gördüyüm və qorxduğum mənzərəni unutdurmaq uçun valideynlərim davamlı mənə kömək etdilər. Sonra yaddaşımın bir küncünə qısılıb orada özünə yer elədi. Sonralar alışdıq amma. Hər gün top-tüfəng səsi altında dərsə gedirdik, sinifdə yazı lövhəsi önündə dərs danışdığımız zaman atışma başlasa da, dərsi sonadək davam edirdik. Biz müharibə uşaqlarına çevrilirdik yavaş-yavaş... İllər keçsə də, böyüsək də, yaddaşımızda o günlər dərin və acı izlər buraxdı.

 
Yaddaşımın küncündə gizlətdiyim vahimə Həsənqaya və Şıxarx kəndlərində yenidən “təzələndi”. Orada öz gözlərimdəki vahimənin eynisi ilə rastlaşdım, mənə tanış gələn o qorxunu, o dəhşəti oxudum uşaqların gözlərindən. Onlar bu gün də ordadırlar.


Müharibə uşaqları. Müharibənin əllərindən alınan uşaqlıqlarının fərqində olmayan o uşaqların da bayramıdır bu gün. Sizi təbrik edirəm, Həsənqaya və Şıxarx kəndlərindəki uşaqlar! Bayramınız mübarək, müharibə uşaqları!   

 

Zeynab Kazımova

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir