Modern.az

Ramil Səfərov məsələsində Azərbaycan niyə haqlıdır?

Ramil Səfərov məsələsində Azərbaycan niyə haqlıdır?

3 İyun 2020, 15:27

Yazının başlığını “Ramil Səfərov niyə haqlıdır?” şəklində də adlandırmaq olardı. Lakin bu bəlkə də hüquqi cəhətdən doğru hesab edilməzdi. İstənilən halda niyə, nə üçün olmağından asılı olmayaraq ortada bir qətl hadisəsinin tarixçəsi var. Hərçənd ki, 8 il günə-gün çəkilmiş cəza faktı ortalıqdadır və bu da, bir gəncin ömür payından silinmişdir. Hər halda bu seçim Ramil Səfərovun məqsədyönlü seçimi deyil, məcburən yuvarlanmış taleyidir. Amma biz “niyə Azərbaycan ekstradisiya və əfv məsələsində haqlıdır” sualına cavab verməyə çalışacağıq. Bu məsələnin hüquqi tərəfləri məlumdur. Macarıstan məhkəməsi Ramil Səfərovun ekstradisiyasına qərar vermiş, Azərbaycan Prezidenti İlham Əliyev isə Ramil Səfərovu vətənə qədəm qoyan an dərhal əfv etmişdir. Məsələ də bununla bitmişdir.


Bu gün Ramil Səfərov məsələsini süni şəkildə şişirdən erməni icmaları və yalnış qərar verərək Azərbaycana cərimə kəsən Avropa Məhkəməsi bir neçə əlahəzrət faktın üzərindən sükutla keçməkdədir.


Niyə erməni diaspor və lobbi təşkilatları, Ermənistan dövləti beynəlxalq hüquqi prinsiplərə məhəl qoymadıqları kimi, öz ayıblarını da görməzlikdən gəlirlər? Niyə erməni tərəfi fərdi və kütləvi terror törədənlə şəxsi zəmində baş verən hadisəni eyniləşdirirlər? Niyə məqsədyönlü şəkildə planlaşdırılmış cinayətlə, terrorla mahiyyətində milli zəmində təhqir olan qətli bərabər tuturlar? Axı R. Səfərov terrorçu olsaydı, Macarıstanda uğurlu hərbi karyera təhsili keçməz, Xocalıda, ələlxüsus doğulduğu Cəbrayıl rayonunun işğalında birbaşa rol oynamış,  əli dinc azərbaycanlıların qanına batmış Robert Köçəryan, Serj Sarkisyan, Zori Balayan və digər erməni başbilənlərini hədəf seçər, onları hər hansısa xarici ölkələrdə rahatlıqla tapar və qətlə yetirərdi. Eynilə təxminən 50-yə yaxın dinc Türk diplomatının ASALA terror qruplaşma üzvləri tərəfindən qətlə yetirildiyi kimi. Səfərov sadəcə milli zəmində ona kinayə və ironiya hədəfi kimi baxmış  erməni zabiti Qurgen Markaryanı şəxsi zəmində ölümünə hökm vermiş, ona kişliyin yazılmamış qanunları ilə cəza kəsmişdir. Bu belə!


Hay-küy qaldıran erməni şovinistləri öz keçmişləri ilə bağlı müqayisəli təhlil aparmaqdan qaçaraq Azərbaycanın ünvanına niyə yalnız ittiham və şikayətlər yağdırırlar? Hansı arqumentlə, hansı üzlə? Su bulandırmağa çalışan erməni lobbisinə, Ermənistan dövlətinə və içimizdəki “humanist”lərə bəzi qısa tarixi paralellər aparmaq istəyirik.


Məlumdur ki, hələ ötən əsrin əvvəllərində “Daşnaksütyun” partiyası “Nemezis” əməliyyatı ilə bir sıra Azərbaycan və Türkiyə dövlət və hökumət rəhbərlərinə qarşı fərdi terrorlar həyata keçirmişlər. Bu mənfur terror aktları nəticəsində,  baş nazirlərimiz Fətəli Xan Xoyski, parlamentin sədr müavini Həsən bəy Ağayev, daxili işlər naziri Behbud xan Cavanşir, Osmanlı dövlətinin daxili işlər naziri Tələt paşa, həmin dövlətin ordu komandanlarından Camal paşa, Osmanlı dövlətinin baş vəziri Səid Hilmi paşa və digərləri  amansızlıqla qətlə yetirilmişdir. Ən pisi isə odur ki, canilərin çoxu məhkəmə zalından azadlığa buraxılıb, psixi problemli elan edilib, qaçırılıb və ya hansısa Avropa ölkəsinə depotasiya edilib. Amma erməni cəmiyyəti, erməni tarixçiləri, hətta erməni kilsəsi bu gün fəxrlə onların bu bəd əməllərini təbliğ etməkdədir.


Gələk ötən əsrin ortalarına. Bilirsiniz ki, 1960-90-cı illər arası dövrdə nə qədər Türkiyə diplomatı erməni terrorizminə məruz qalaraq həyatlarını itiriblər.  1981-ci ilin 24 sentyabrında Parisdəki Türkiyə konsulluğuna girən Livan erməniləri konsul Kaya İnalı və təhlükəsizlik xidmətinin əməkdaşı Camal Özəni ağır yaralayaraq, 56 nəfəri girov götürmüşlər. Yeganə tələb Türkiyədə həbsdə olan erməni və kürd terrorçularının azadlığa buraxılması idi. Türkiyə bu tələbi yerinə yetirməkdən imtina etdikdən sonra əməliyyat keçirildi və terrorçular – Vazgen Sislyan, Gevork Güzelyan, Akop Culfayan, Aram Basmacyan təslim oldular.


Təəssüflər olsun ki, həmin vaxt Parisdə qurulan məhkəmədə müttəhimləri sonradan Fransa Senatının üzvü və sənaye naziri vəzifəsinə yüksələn Lekler müdafiə edir.


Erməni diasporu terrorçuların azadlığa çıxması üçün təzyiqlərə əl atır. Ardıcıl mitinqlər keçirir, təbliğat aparırlar. Yalnız bundan sonra təşkilatçı Vazgen Sislyan da daxil olmaqla 3 terrorçu 1986-cı ildə azadlığa buraxılır. A.Basmacyan isə hələ  həbsxanada ikən özünə qəsd etmişdi.


ASALA-nın digər tapşırığını 1954-cü ildə Suriyanın Qamışlı şəhərində anadan olmuş məşhur terrorçu Varujan Karapetyan və digərləri həyata keçirirlər. 1983-cü il iyulun 15-də Parisin Orli hava limanında Türk Hava Yollarının kassasında yerləşdirilən bombanın partlaması nəticəsində 4 fransız, 2 türk, 1 amerikan və 1 isveç olmaqla, 8 nəfər həyatını itirir.


Ömürlük həbs cəzasına məhkum edilən Karapetyan 2001-ci ildə Ermənistana təhvil verilib və azadlığa çıxıb. Ermənistanda qəhrəman kimi qarşılanan Karapetyanı baş nazir təbrik edib, Yerevanda ona ev verilib və işlə təmin olunub. Karapetyan törətdiyi terror əməli ilə bağlı bunları deyib: “Bomba türk təyyarəsi havaya qalxandan sonra partlamalı və türklər qırılmalıydı. Ancaq gözlədiyimizdən tez partladı”. Hətta terror hadisəsi zamanı ölənlər barədə də Karapetyan məlumat verib: “10 nəfər türk qətlə yetirilmiş və 60 nəfər yaralanmışdır”. Belə bir amansız terrorçu ömrünün sonuna – 2019-cu ilədək Dilican şəhərində yaşayaraq qəhrəman kimi azadlıqda gəzib.


Keçək Milli Ordumuzun hissələri tərəfindən Qarabağ müharibəsində öldürülmüş beynəlxalq terrorçu olan Monte Melkonyana.


M.Melkonyan “Orli əməliyyatı”nın təşkilatçısı kimi həbs ediləndən sonra daha 4 terror aktını törətməkdə suçlu bilinərək, 1985-ci ildə Fransada həbs edilib. Ancaq cəmi 4 ildən sonra – 1989-cu ildə müəmmalı səbəblər əsas gətirilərək azadlığa buraxılıb və Livana deportasiya edilib. Qısa müddətdən sonra yenidən Fransaya qayıtmağa müyəssər olan Melkonyan 1990-cı ildə Dağlıq Qarabağa gəlib və burada azərbaycanlılara qarşı əməliyyatlarda aktiv iştirak edib.


Niyə adını çəkdiyim iki beynəlxalq terrorçu Ermənistanda qəhrəman kimi qarşılanıb? Biri yaxınlara qədər sağ idi, digəri də 1993-cü ildə öldürülməsəydi, sağlığında qəhrəman edilmək ona da nəsib olacaqdı. Halbuki Melkonyanın adına Ermənistanda küçə, məktəb, heykəl , körpü, universitet açılmışdır. Axı bu erməni qatillər onlarla dinc insanın ölümünə səbəb olmuş terrorçular idi. Necə olur ki, erməni cəmiyyəti, Ermənistan dövləti və Avropa isan haqları qurumları bütün bunları çox rahat bir şəkildə qəbul edir? Tutaq ki, işğalçı Ermənistan dövlətini və erməni cəmiyyətini başa düşdük, bəs Avropa insan hüquqları təşkilatları bu əməllərin sorğusunu niyə aparmır və Ermənistan tərəfinə cərimələr tətbiq etmir?


Hələ bunlar erməni terrorizmi və separatizminin, qətl və qarətlərinin  fəsadları haqqında deyəcəyimiz böyük bir kitablıq mövzudan bir neçə cümlədir.


Törətdiyi çoxsaylı ağır cinayət əməllərinə görə doğru-düzgün cəza çəkməyən, əksinə, qəhrəman elan edilən ASALA terrorçuları azadlıqda gəzirsə, adları dərsliklərə salınaraq əbədiləşdirilibsə, niyə bu məsələnin üzərində Ramil Səfərov məsələsi qədər dayanılmır? Doğulduğu bölgəni işğal etmiş ölkənin zabiti tərəfindən ardıcıl təhqir olunan, rişxənd edilən, buna dözməyib erməni zabitini öldürən və bununla öncə öz hərbçi karyerasına böyük zərbə vuran, nə az, nə çox, ömrünün 8 ilini həbsxanada keçirən Ramil Səfərov niyə vətəninə ekstradisiya olunmamalıydı?  Azərbaycan Prezidenti öz müstəsna səlahiyyətindən istifadə edib, cəzasının böyük bir hissəsini çəkən terrorçunu yox, məhz peşəkar bir hərbçini nə üçün azad etməməliydi? Ermənistan tərəfi və onlara havadarlıq edən xarici ölkələrdəki lobbilər bütün verdiyimiz bu suallara səmimi cavablar tapsalar, Azərbaycan tərəfinin bu məsələdə niyə haqlı olduğu onlar üçün gün kimi aydın olacaqdır.


28 ildən artıqdır davam edən Dağlıq Qarabağ müharibəsi və Ermənistanın dünya birliyinə əhəmiyyət vermədən öz işğalına haqq qazandırmaq cəhdləri fonunda Avropa insan hüquqları qurumları və bir sıra beynəlxalq qurumlar heç olmasa obyektivlik naminə bir dəfə də olsa, qonşularına aqressiyası və tarixi nifrəti sərhəd tanımayan bu dövlətin xalq qəhrəmanına çevirdiyi terrorçuların dosyelərini qaldırıb baxmalıdır. Bu qurumlar nəhayət ikilistandart, birtərəfli münasibət göstərmək, hökm çıxarmaqdan çəkinməli və həqiqətən də ümumbəşəri ədalət meyarlarına önəm verdiklərini praktik olaraq sübut etməlidirlər.        


Anar TURAN,
“Xalq qəzeti”

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?