Modern.az

“4 iyun Surət Hüseynov qiyamı”, yoxsa... - VİDEO

“4 iyun Surət Hüseynov qiyamı”, yoxsa... - VİDEO

4 İyun 2020, 21:12

Ölkəmizi vətəndaş müharibəsinin astanasına gətirən o bədnam hadisədən artıq 27 il keçir.

1993-cü ilin 4 iyununda Gəncədə Azərbaycan ordusunun o vaxtkı korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verdi. Ümumilikdə, qiyamçı hərbi qüvvələrlə hökumət qüvvələri arasındakı toqquşmada 35 nəfər həlak oldu. Azərbaycanın 2-ci prezidenti Əbülfəz Elçibəy isə hakimiyyətdən getdi.

 

Hadisə Gəncədə polis postlarını ləğv edən 200 nəfərlik silahlı dəstənin İcra Hakimiyyətinin binasını ələ keçirməsi ilə başladı. Qiyamçılar bundan sonra MTN-in Gəncə şöbəsinə hücum edərək binadakı silah-sursatın təhvilini tələb etdilər.

Artıq saat 16-17 radələrində onlar şəhərin bütün hakimiyyət və hüquq-mühafizə orqanlarını ələ keçirərək  öz adamlarını rəhbər vəzifəyə təyin etmişdi.

Beləcə, Surət Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi əməliyyatı uğursuzluqla nəticələndi. Vəziyyəti düzəltmək üçün Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürüldü.

Əbülfəz Elçibəy iyunun 5-də Gəncə ətrafında yerləşdirilən bütün hərbi birləşmələrin hərəkətinin dayandırılması barədə əmr verməyə məcbur oldu.

Ölkədə xaos hakim idi, bir tərəfdən də cənub zonasında Ələkrəm Hümbətov qondarma “Talış Muğan Respublikası” adlı separatçı qurum yaradırdı.

Gəncə hadisələri ilə bağlı böhran isə dərinləşməkdə idi. Qiyamçı hərbi hissənin rəhbərliyi Baş nazir və Milli Məclis sədrinin, prezidentin istefasını tələb edir, ətraf rayonların icra başçıları zorla dəyişdirirdi.  Surət Hüseynovun qiyamı üzü Bakıya doğru geniş miqyas alırdı.

Belə bir vəziyyətdə dövləti məhv olmaqdan xilas etmək üçün Elçibəy o zamanlar Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyevi Bakıya dəvət edir.

Bir gün sonra Milli Məclis Gəncədəki qiyamda iştirak etmiş şəxslərə amnistiya verilməsi və Gəncə olaylarının araşdırılması üçün deputat-istintaq komissiyasının yaradılması haqqında qərarlar qəbul edir.

İyunun 13-də Gəncədəki hərbi qiyamı yatırtmaq üçün həyata keçirilən uğursuz əməliyyata görə parlamentin sədri İsa Qəmbər istefa verir.

Prezident Elçibəy və digər hakimiyyət rəsmiləri parlament sədri postunu Heydər Əliyevə təklif edirlər.

Lakin H.Əliyev Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə gedəcəyini və yalnız bundan sonra təklifə cavab verəcəyini bildirdi.

Nəhayət, sonralar “Qurtuluş günü” adını alacaq 15 iyun tarixində Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə Milli Məclisin sədri seçildi.

Bununla Azərbaycanın yeni tarixi dövrü başlandı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər