Modern.az

TƏBİB-in mətbuat katibinə diqqətli olmaq tövsiyə edildi

TƏBİB-in mətbuat katibinə diqqətli olmaq tövsiyə edildi

16 İyun 2020, 14:08

“Dövlət qurumlarında çalışan vəzifəli şəxslərin vəzifə təlimatları mövcuddur. Hər kəs öz fəaliyyətini buna uyğun qurmalıdır”.

 

Bunu Modern.az-a “Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev deyib. O qeyd edib ki, vəzifədə olan insanların səlahiyyətlərini icra etdiyi müddətdə bundan kənara çıxması düzgün deyil:

 

“Lakin bu o demək deyil ki, vəzifəli şəxsin özəl həyatı yoxdur. İşdən sonra yaradıcılıqla, şəxsi işləri ilə hər kəs məşğul ola bilər.

 

Sosial şəbəkələrdə paylaşımlara gəldikdə isə iş müddətində vəzifəli şəxsin işi ilə bağlı yayımladığı məlumatlar rəsmi açıqlamalar sayılır. Bu zaman çalışmaq lazımdır, paylaşımları daha çox iş saatı bitdikdə, xüsusilə ictimai deyil, fərdi xarakter daşıyan məlumatları yayımlamaqla həyata keçirsinlər. İctimai xarakter daşıyan məlumatları paylaşan adam məlumat resurslarına malik olan vəzifəli şəxs kimi qəbul olunur. Beləcə, onun paylaşımları səlahiyyətli olduğu qurumun rəsmi məlumatı kimi başa düşülə, yayımlana bilər”.

 

Ə. Nuriyev TƏBİB-in mətbuat katibi Rəvanə Əliyevanın bu günlərdə vətəndaş mövqeyini önə çəkərək yayımladığı statusuna da toxunub. Onun fikrincə, mətbuat katibi “Facebook” statusunda daha çox emosional vəziyyətini çatdırmaq istəyib:



“Bu, statusdan aydın görünürdü. Həmin fikirlərdə mən daha çox vətəndaş yanğısını duydum. Buna baxmayaraq, Rəvanə Əliyeva rəsmi qurumun sözçüsü, konkret səlahiyyətli şəxs olduğu üçün mövqeyi rəsmi qəbul edilə bilərdi. Rəvanə xanımın paylaşımında onun vəzifəsi ilə vətəndaş yanğısı  arasındakı sərhədlər itmişdi. Ona görə, çoxları bunu yayımladı. Bütün bunları nəzərə alaraq, dövlət qurumlarında çalışan şəxslər, xüsusilə informasiya resursu kimi qəbul edilən vəzifəlilər sosial şəbəkə fəaliyyətində daha diqqətli olsalar yaxşıdır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir