Modern.az

Bakı Metropoliteni öz saytında terror aktlarına niyə yer vermir?..

Bakı Metropoliteni öz saytında terror aktlarına niyə yer vermir?..

17 İyun 2020, 08:54

Bakı metrosunda 1990-cı illərdə törədilən terror aktları yəqin ki, hər kəsin yaddaşındadır. 1994-cü il martın 19-da və iyulun 3-də Bakı metropolitenində iki ardıcıl terror aktı törədildi. Həmin partlayışlarda ümumilikdə 27 nəfər həlak oldu, 91 nəfər yaralandı.

1995-ci ildə isə Bakı metrosunda “Ginnesin Rekordlar Kitabı”na düşən dəhşətli yanğın baş verdi. Belə ki, oktyabrın 28-də baş verən yanğında 289 nəfər həlak oldu. Onların 286-sı sərnişin (28-i uşaq olmaqla), 3-ü isə xilasedici idi. Qəzada 270 nəfər yaralandı.

Təəssüflə qeyd etməliyik ki, hazırda həmin dəhşətli hadisələr, onların qurbanları haqqında ətraflı məlumatlar yox dərəcəsindədir. Hətta metro hadisələrində dünyasını dəyişən insanların kimliyini araşdırsaq, geniş siyahı əldə edə bilmərik.

Ən təəssüfləndirici məqam isə Bakı Metropoliteninin rəsmi saytında Azərbaycan tarixində iz buraxan həmin faciələrdən ümumiyyətlə bəhs edilməməsidir.

Bu barədə Modern.az-a danışan  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı bildirib ki, stansiyalarda metro terrorunu əks etdirən xatirə lövhələrinin, yaxud barelyeflərin yerləşdirilməsinə ehtiyac var:


“Metroda törədilən terror aktları Azərbaycanda vəziyyəti daha da gərginləşdirmək üçün erməni xüsusi xidmət orqanları tərəfindən ələ alınmış şəxslər tərəfindən törədilmişdi. Həmin terror aktları zamanı sosial şəbəkələr, internet yox idi.
Terror hadisəsi metroda baş veribsə, bunu həm Bakı metropoliteninin rəsmi saytında yerləşdirmək lazımdır, həm də terrorun baş verdiyi stansiyada qurbanlaın xatirəsi əbədiləşdirilməlidir”.


Deputat hesab edir ki, həmin dövrü yaşamamış gənc nəsil başımıza gətirilən bu müsibətlər haqqında məlumatlandırılmalıdır:


“Həmçinin turistlər, Azərbaycanın qonaqları metrodan istifadə edərkən həmin xatirə lövhələri ilə qarşılaşsalar, diqqət çəkə bilər. Bu erməni vandalizminin ifşası üçün də vacibdir.

Metro hadisələrinin unudulmaması üçün hər ildönümündə anım tədbirləri keçirilməlidir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir