Modern.az

ReAl karantin rejimində qurultay keçirmək istəyir

ReAl karantin rejimində qurultay keçirmək istəyir

17 İyun 2020, 18:18

“Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) ReAl Partiyasının təsis qurultayı üçün yer ayırmayacağı gözlənilən idi”.

 

Bunu Modern.az-a açıqlamasında "ReAl"ın icra katibi Natiq Cəfərli deyib. O qeyd edib ki, partiya istənilən məkan üçün şənbə-bazar günləri icazə verilməsini istəyib:

 

“Koronavirusla bağlı durum şənbə-bazar qurultay keçirilməsini mümkünsüz edir. BŞİH-dən cavabı götürməyə getdikdə qurumun rəsmisi hətta bir növ üzrxahlıqla dedi ki, bu imtina deyil, sadəcə indiki vəziyyətlə bağlı alınmış qərardır. İyulun 1-dən sonra mövcud vəziyyətə də uyğun olaraq, yenidən müraciət edə bilərsiniz. Ona görə, yenidən müraciət etməyi düşünürük. Amma qurultay məsələsinin çox da uzadılmasının tərəfdarı deyilik”.

 

Təsis qurultayının onlayn keçirilib-keçirilməyəcəyinə gəlincə isə Natiq Cəfərli bunun qanunvericilikdə əks olunmadığını söyləyib: 

 

“Təəssüf ki, Azərbaycan qanunvericiliyində onlayn təsis qurultayının legitimliyi nəzərdə tutulmayıb. Qanuna görə, məkanın olması, məkan sahibi ilə müqavilənin bağlanması, Ədliyyə Nazirliyinin nümayəndəsinin fiziki iştirakı və s. tələblər var. İndiki qanunvericiliyə əsasən, onlayn qurultay keçirmək üçün əsas yoxdur. Ona görə, təəssüf ki, bu addımı ata bilməyəcəyik”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir