Modern.az

Cümhuriyyətin daxili işlər, xarici işlər və ədliyyə naziri - VİDEO

Cümhuriyyətin daxili işlər, xarici işlər və ədliyyə naziri - VİDEO

Aktual

19 İyun 2020, 22:12

Fətəli Xan Xoyski. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaradıcılarından biri olan, məşhur Xoyskilər nəslinin davamçısı Fətəli Xan Xoyski. Bu gün onun anım günüdür.

 

Modern.az xəbər verir ki, 1918-ci il, 26 mayda Zaqafqaziya Seymi son iclasını keçirir. Sabahı gün müsəlman-türk fraksiyası Tiflisdə bir araya gələrək, Azərbaycan Milli Şurasını yaradır. Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri, Xoyski isə İcraiyyə Komitəsinin rəhbəri seçilir.

Milli Şuranın ilk iclasında müstəqil dövlətin ilk Baş naziri vəzifəsinə Fətəli xan Xoyski gətirilir. Müxtəlif vaxtlarda Xoyski AXC-nin daxili işlər naziri, xarici işlər və ədliyyə naziri vəzifələrində də çalışıb.

Azərbaycanın görkəmli siyasi xadiminin ölkənin inkişafında mühüm xidmətləri olub.
Baş nazir kimi Xoyski 1918-ci ilin, 30 mayında Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi barədə bir sıra Xarici İşlər nazirlərinə radioqram göndərir.

1918-ci il, 17 iyunda M.Ə.Rəsulzadənin sədrliyi altında Azərbaycan Milli Şurasının iclasında yeni hökumətin təşkil edilməsi Fətəli xan Xoyskiyə tapşırılır. Beləliklə, o, ikinci Nazirlər Kabinetini təşkil etməklə bu işi də uğurla tamamlayır.

Fətəli xan Xoyski Azərbaycanda ali təhsil ocaqlarının yaranmasını təbliğ edən xadimlərdən olub. Azərbaycan Dövlət Universiteti, indiki adıyla Bakı Dövlət Universiteti elə Xoyskinin təşəbbüsü ilə yaradılıb.

Eyni zamanda Xoyskinin başçılığı ilə hökumət çoxpartiyalı parlament sistemi yaradır, pul və poçt markaları buraxır, ana dilində məktəb və seminariyalar təşkil edərək xalqın maariflənməsi siyasətini həyata keçirir.


Xoyskinin böyük işlərindən biri də o zaman xüsusi nüfuza sahib olan ingilis generalı Tomsonu susdurması və Cümhuriyyəti ingilis hökumətinə müstəqil ərazi vahidi kimi tanıtması idi.


Təəssüf ki, Cümhuriyyət yükünü çiyinlərində daşıyyan Fətəli xan Xosykinin dövründə Azərbaycan üçün xoşagəlməz hadisə də baş vermişdi – 1918-ci ilin 29 mayında İrəvan ermənilərə güzəştə gedildi.


1920-ci ilin 27 aprelində Azərbaycan Xalq Cümhuriyyəti XI ordu tərəfindən işğal ediləndə dövlət qurucuları ölkəni  tərk etmək məcburiyyətində qaldılar.


Gürcüstan hələ bolşeviklər tərəfindən işğal edilmədiyinə görə Fətəli xan Xoyski yenidən Azərbaycanın bütövlüyü üçün çalışmaq ümidiylə Gürcüstana üz tutur. Lakin Xoyski bolşeviklər tərəfindən təqib edilirdi.


1920-ci ilin iyunun 19-da Fətəli xan Xoyski Tiflisdə erməni milliyətçisi, qatil Aram Yerkanyanın arxadan açdığı güllə ilə qətlə yetirildi.


İlk milli hökumətimizin rəhbəri Fətəli xan Xoyski Tiflis qəbirsanlığında Mirzə Fətəli Axundovun yanında dəfn olundu.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu