Modern.az

“Biz həmişə Ermənistanın yanındayıq...”

“Biz həmişə Ermənistanın yanındayıq...”

2 Avqust 2020, 11:03

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist
 

Ermənistana yeni təlimdən çıxacaq Azərbaycan ordusunun hədəflərinin bu dəfə şərti deyil, Dağlıq Qarabağdakı həqiqi hədəflər olacağı qandırılmalıdır.   


Tovuz hadisəsində Türkiyənin qəti mövqeyi, onun ardınca isə Azərbaycan və Türkiyə respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirilən hərbi təlimlər, siyasi arenada daim nala-mıxa vuran Paşinyanı daha da pis vəziyyətə salıb. O, gah ölkəsinin üzv olduğu KTMT-nin köməyə gəlmədiyinə görə meydanda tək qaldığını dolayısı ilə etiraf edir, gah Rusiyadan incidiyini açıq biruzə verir, gah da "Rusiya Ermənistan-Azərbaycan sərhəddində yaranmış vəziyyətin sabitləşməsində əsas rol oynadı", - deyərək, ona yaltaqlanır.


Məlum məsələdir ki, Ərdoğanın Putinlə olan son telefon danışığını şərh edən Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalının, "Təhdid haradan gəlir-gəlsin, Türkiyə sonuna qədər Azərbaycanın yanında olmaqda davam edəcək. Prezidentimiz Putinə bunu açıq şəkildə çatdırdı ki, "Biz Azərbaycanın yanındayıq". Bütün bunlar Paşinyanı öz xalqı qarşısında əməlli-başlı bihörmət edib. İndi bu üzdən də o, əlaltından ABŞ-a işləməsinə baxmayaraq, RBK-ya verdiyi müsahibəsində öz adından deyil, məhz xalqının adından hiyləgərcəsinə istifadə edib Rusiyaya qılıqlanmağa cəhd edir.

Diqqət edin, Paşinyanın sözlərinə görə, Ermənistanın özündə olan bir çox vətəndaşlar, habelə xaricdəki ermənilər, guya, "Niyə Azərbaycanın müttəfiqi olan Türkiyə onu birmənalı şəkildə dəstəklədiyi halda, Ermənistanın strateji müttəfiqi olan Rusiya onu bu qədər birmənalı dəstəkləmir?", - deyə, sual verirlər. Əslində Paşinyan bununla özü həyasızlıqla dirəşib demək istəyir ki, Ərdoğan "Biz hər an Azərbaycanın yanındayıq", dediyi kimi, gərək Putun də "Biz həmişə Ermənistanın yanındayıq", - desin. Ancaq bu "ermənibaşı" hələ də qanmır ki, şəxsən ondan zəhləsi gedən Putinə Paşinyan və ya erməni xalqı deyil, sadəcə bu ərazidə öz ölkəsinin geosiyasi maraqlarını qorumaq üçün poliqon lazımdır.

Doğrudur, işğalçı ölkənin baş diplomatı Mnasatkanyan öz "baş"ının nazirini vəziyyətdən çıxarmaq üçün, Türkiyənin Azərbaycanı şərtsiz dəstəkləməsi fonunda Minsk qrupu həmsədrlərinin söylədikləri - "atəşkəsə riayət etmək, danışıqlar yolu ilə həll variantı" kimi ümumi sözlərini ən azı üç ölkənin mövqeyi kimi nəzərdə tutaraq, bunun Ermənistana daha böyük dəstək olduğunu və onun tək qalmadığını diplomatik dillə öz ictimaiyyətinə sırıyıb inandırmağa çalışsa da, ancaq görünən odur ki, törətdiyi təxribat əməlinə görə  Ermənistan beynəlxalq aləmdən təcrid olunub. Onlara kimsə nə yazır, nə də zəng edir. Əlbəttə, bunu yalnız biz müşahidə etmirik, erməni saytı Hayeli.am "Baxın, Əliyev və Ərdoğan bir-birini dəstəkləyir. Ərdoğan daha sonra Putinlə zəngləşir. Birbaşa ölkəmizə aid olan problemləri  müzakirə edirlər. Ancaq heç kim Ermənistan rəhbərliyi ilə, xüsusən də Nikol Paşinyanla danışmır. Nə Putin, nə də Makron zəng edir. Yaxşı, Tramp məşğuldur. Kanadanın baş nazirindən də zəng gəlmir. Görünən budur ki, heç kim Ermənistan rəhbərliyinin mövqeyi ilə maraqlanmır və hətta buna ehtiyac duymur", - yazaraq, öz ölkə rəhbərlərinin düşdükləri biabırçı vəziyyəti etiraf edir.


Ancaq erməni hiyləgərliyini nəzərə alsaq, Paşinyanın Rusiyadan öz incikliyini erməni publisist Ara Nedolyanın dili ilə çatdırmasını da güman etmək olar. Belə ki, Tovuz hadisəsindən sonra Rusiyanın soyuq mövqeyindən, həmçinin, bu ölkədə güya antierməni münasibətdən təsirlənən erməni publisist Lraqir.am saytına bildirdiyi fikrində, "Rusiya ermənilər üçün perspektivli bir ölkə deyil. Diasporamız burada fərqlənmir, ora mühacirət etməyi dayandırmaq daha yaxşı olar. Orada yaşayanların isə  geriyə dönmələrinə və ya başqa ölkələrə köçməsinə heç kim mane olmur", -  deyə, öz qaragözlüyünü ortaya qoyur.  

Ancaq görünür Paşinyan kimi psixoz vəziyyətə düşən Nedolyan da bu mövqeyində nə dediyinin fərqində deyil. Çünki, yuxarıda "Diasporamız burada fərqlənmir", - deyən, publisist az sonra "Mən təəccüb edirəm: məgər cənab Rusiya prezidenti öz xurafatı ilə bilmir ki, Ermənistana sevgi Rusiya hakimiyyəti üçün xoşbəxt bir talismandır, onu itirsələr hər şeyi itirərlər?", - deyərək, mütəxəssislərə istinadən bütün Rusiyanın alovlanacağı proqnozunu dilə gətirir. O, bununla Rusiyadakı erməni lobbisinin çevriliş edəbilməsi ehtimalı barədə sanki, Putinə "sətiraltı" xəbərdarlıq edib, hədə-qorxu gəlir. Amma bu yerdə sual yaranır: diasporası Rusiyada fərqlənə bilməyən ermənilər, bu ölkədə hansı lobbinin gücü ilə çevriliş edə biləcəklər?

Bu arada, ermənilərin Rusiyadan erməni-azərbaycanlı qarşıdurmaları üzündən kütləvi deport oluna biləcəkləri ehtimalı yarandığı barədə xəbərlərin yayılması Nedolyanın çağırışı ilə təsadüfən üst-üstə düşsə də, ancaq "Qafqaz tədqiqatları resursu mərkəzi"nin keçirdiyi sorğuya əsasən, Ermənistan əhalisinin Rusiyanı əvvəlki illərə nisbətən indi daha az dost ölkə hesab etməsi dəqiqdir.

 

Əlbəttə, Ermənistan rəhbərləri və ictimaiyyətinin hansı duruma düşmələrindən asılı olmayaraq, Azərbaycan diplomatiyası indiki halda BMT-nin məlum qətnamələrini və dünən yaranmasının 45 illiyi qeyd edilən Helsinki Yekun Aktının prinsiplərini əldə əsas tutaraq, işğalçı ölkəni dalana dirəməlidir. Əks təqdirdə isə Ermənistana  yeni təlimdən çıxacaq Azərbaycan ordusunun hədəflərinin bu dəfə şərti deyil, Dağlıq Qarabağdakı həqiqi hədəflər olacağı və onu darmadağın edəcəyi qandırılmalıdır.  

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır