Modern.az

Rusiyanın Ermənistana hansı əsaslarla silah satdığı məlum deyil  

Rusiyanın Ermənistana hansı əsaslarla silah satdığı məlum deyil  

Aktual

18 Avqust 2020, 16:00

Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistanın silahlanmasına beynəlxalq birliyin seyrçi qalması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəninin sülh yolu ilə həllinə ciddi maneə yaratmaqla yanaşı, Cənubi Qafqaz bölgəsinin təhlükəsizliyini təhdid altına alır.

 

Bu sözləri Modern.az-a açıqlamasında Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Azər Kərimli deyib.

 

Azər Kərimli qeyd edib ki, Ermənistanın silahlanması Avropada Adi Silahlar haqqında Cinah Sazişinə və işğalçı ölkənin bu sazişə qoşulduğu zaman üzərinə götürdüyü öhdəliklərə ziddir:

 

“Ermənistan sazişə əsasən onun üçün müəyyənləşdirilmiş kvotanı kobud şəkildə pozur. Məhz işğalçı ölkənin və onu qanunsuz olaraq silahlandıran dövlətlərin fəaliyyəti nəticəsində saziş faktiki olaraq öz əhəmiyyətini itirib. BMT Adi Silahlar Registrinə Ermənistanın və bu təcavüzkar dövlətə silah satan ölkələrin təqdim etdikləri məlumatlar, eləcə də ortaya çıxan digər faktlar Ermənistanın şəffaf siyasət yürütmədiyini, beynəlxalq təşkilatları aldatdığını sübuta yetirir. Ermənistan özünün BMT-nin Adi Silahlar registrinə təqdim etdiyi məlumatlarda Rusiyadan yalnız məhdud sayda kiçik çaplı silahlar satın aldığını göstərir. Amma ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan və münaqişənin sülh yolu ilə tənzimlənməsində öhdəliklər daşıyan Rusiya Ermənistana nəinki kiçik çaplı silahlar satır, hətta bu işğalçı ölkəni qarşılıqsız olaraq ağır artilleriya və hava hücumundan müdafiə qurğuları, hərbi texnika ilə təchiz edir. Almaniyada fəaliyyət göstərən “Bonn International Center for Conversion” (Bonn Beynəlxalq Konversiya Mərkəzi - BICC) təşkilatının hazırladığı “Global Militarization Index” (Qlobal Silahlanma İnteksi) məruzəsinə görə, Ermənistan Avropada ən çox silahlanmış dövlətdir”.

 

Azər Kərimlinin sözlərinə görə, Rusiyanın Ermənistana hansı əsaslarla silah satdığı məlum deyil:

 

“Ermənistanın iqtisadi potensialı və resursları, həmçinin bu ölkədə mövcud olan ağır sosial-iqtisadi şərait rəsmi İrəvana salahlanmaya vəsait ayırmağa imkan vermir. Pandemiya dönəmində Ermənistanda iqtisadi tənəzzülün pik həddə çatması isə bu ölkənin onsuz da məhdud olan imkanlarını daha da azladıb. Amma buna baxmayaraq, işğalçı ölkənin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribata əl atmasından sonra - iyul ayının 17-dən avqust ayının 4-nə qədər Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınıb. Nə Ermənistan, nə də Rusiya mətbuatında bununla bağlı müqavilənin imzalandığını təstiqlıyən heç bir fakt mövcud deyil”.

 

Azər Kərimli qeyd edib ki, Rusiyanın Ermənistana məhz bu ölkənin Azərbaycanın dövlət sərhəddi yaxınlığındakı hərbi təxribatından sonra 400 tondan artıq hərbi yük göndərməsi ciddi suallar doğurur və Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi fəaliyyətini tamamilə şübhə altına alır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?