Modern.az

“Ekologiya ili”ndə ekologiyanı necə sağlamlaşdıracaqlar?

“Ekologiya ili”ndə ekologiyanı necə sağlamlaşdıracaqlar?

21 Yanvar 2010, 12:11

Məlum olduğu kimi 2010-cu il Azərbaycanda “Ekologiya ili” elan olunub. Bu il ekologiyanın sağlamlaşdırılması istiqamətində hansı işlər görüləcək? Ekologiya və Təbii Sərvərlər Nazirliyi Ətraf mühit üzrə milli monitorinq departamentinin direktoru Məmmədhüseyin Müslümov Modern.az-a bildirib ki, bu il bir sıra irimiqyaslı işlər görüləcək: “Ölkə Prezidentinin sərəncamına əsasən Bakı və ətraf ərazilərdə 3 milyon ağacın əkilməsi nəzərdə tutulub. Bunun üçün Abşeron yarımadasında 11 ərazi seçilib. Artıq 3 ərazi üzrə yaşıllaşdırma ilə bağlı layihələr hazırlanıb. Zığ gölü və ətrafı, Zığ gölü-Heydər Əliyev adına Beynəlxalq Hava Limanı arası,  II Zabrat-Kürdəxanı arası ərazilərin yaşıllaşdırılmasına başlanılıb. Zirə-Binə arası, Əzizbəyov-Sabunçu dairələri, Binəqədi, Xırdalan, Biləcəri, Balaxanı, Müşfiqabad, Pirəküşkül, Qızıldaş sahələrində isə yaşıllaşdırma işlərinin görülməsi üzrə layihə tamamlanmaq üzrədir. Əlavə olaraq Bayıl yamacı və 20-ci Sahə deyilən ərazi üzrə də layihə hazırlanır. Yaxın zamanlarda burada da işlərə başlanılacaq”.

M.Müslümov Ekologiya Nazirliyinin  priroritet istiqamətləri artıq müəyyənləşdirdiyini bildirib: “Bu, bütün mühitləri əhatə edir: Monitorinqlərin aparılması, atmosferə atılan tullantıların azaldılması, şəhər mühitinin yaxşılaşdırılması, məişət tullantılarının idarə olunması, Bakının atmosfer çirklənməsində əsas rolu olan neft emalı müəssisələrinin şəhər hüdudlarından kənara çıxarılması və həmin ərazilərin abadlaşdırılması, parkların salınması, yolların genişləndirilməsi nəzərdə tutulub”.

Bu il çirklənmiş torpaqların təmizlənməsi üçün də geniş işlər görüləcək: “Abşeron yarımadasında yüz ildən artıq müddət ərzində çirklənmiş torpaqların təmizlənməsinə başlanılacaq. Əvvəllər bu torpaqların idarə olunması mükəmməl tətbiq edilməyib. İlk dəfə olaraq bu il Abşeron yarımadasında torpaqların əsas çirklənmə mənbəyi olan lay sularının düzgün idarə olunması istiqamətində müasir texnologiyaların tətbiqinə başlanılacaq”.

2010-ci ildə Xəzər dənizinin mühafizəsi istiqamətində də işlər görüləcək: “Kür və Araz çayları boyunca məskunlaşan əhali 2007-ci ilə kimi bu sulardan təmizlənmədən istifadə edirdilər. Əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təmin olunması ilə əlaqədar nazirlik tərəfindən bu günə qədər 224 min sakin üçün 122 yaşayış məntəqəsində ən müasir texnologiyalara əsaslanan modul tipli təmizləyici qurğular quraşdırılıb və istifadəyə verilib.

Xəzərin çirklənmədən mühafizəsi geniş vüsət alacaq”.

M.Müslümov məişət tullantılarının azaldılması istiqamətində də yeni texnologiyanın tətbiq ediləcəyini deyir: “Hesablamalara görə, bu günə qədər Azərbaycanda 60 milyon ədəddən artıq polietilen paket hazırlanılıb satılıb və istifadə edildikdən sonra ətraf mühitə atılıb. İlk dəfə olaraq bu il məişət tullantılarında polietilen bağlama paketlərin utilizasiyası və onların zərərsizləşdirilməsi üzrə texnologiyanın tətbiq olunması nəzərdə tutulub”.

 

Günay MUSAYEVA

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı