Modern.az

74-lərin faciəsi: müharibənin qucaq açdığı nəsil

74-lərin faciəsi: müharibənin qucaq açdığı nəsil

23 Oktyabr 2020, 21:24

"Qoy bizim nələr yaşadığımızı hiss etsinlər", "Qoy anlasınlar ki, evindən hər şeyini atıb çıxmaq nə deməkdir", "Görəsən Azərbaycan Ordusunun zərbələrini hiss edən, uşaqlarımızı öldürən erməni qatillər nə hisslər keçirirlər"...

 

Ordumuzun qələbələrini eşitdikcə təqribən belə fikirlər hər gün beynimdən gəlib keçir, hər gün 30 il əvvəl yaşadıqlarımı bir daha xatırlayıram, bir daha nələr yaşadığım gözlərimin önünə gəlir. Bu günlərdə əksər jurnalistlər kimi, mən də erməni mətbuatını daha sıx izləyirəm. Başdan ayağa dezinformasiya olmağını bir kənara qoyub diqqətimi çəkən başqa bir məqamdan danışacam. Bir çox erməni portallarında artıq Dağlıq Qarabağdan kütləvi köçün başlandığını, hətta o tərəflərdə mülki sakinlərin qalmadığı açıq bildirilir. Gözümün önünə 27 il əvvəl yaşadıqlarım gəldi. Eynisini rus ordusunun köməyi ilə bizə yaşatmışdı ermənilər.

 

Erməni saytlarında mənim əsas diqqətimi çəkən başqa bir məqam ölən hərbiçilərin siyahısıdır. Hər gün dərc olunan bu siyahıda əksəri 2000 -2001-ci il təvəllüdlü gənclərdi. Özümüzü xatırladım! İlk Qarabag savaşında ən çox şəhid olanlar 1973-1974-cü təvəllüdlülər idi. İndi ermənilər yaşayır eynisini! Hamı da şahiddi ki, bunu Paşinyankimilər istədi, getmədilər, qaytarmadılar yurdlarımızı və nəticəsi də bu oldu!

 

Mən bu günlərdə azad olunan Cəbrayıldanam. Daha dəqiqi desəm, Cəbrayılın ən böyük əhalisi olan kəndlərindən birindən, Horovludan. 1974-cü ildə doğulanlardanam. O, 74-lərdən ki, yaşının ən gözəl çağı müharibə dövrünə düşdü.

 

Qarabag hadisələrinin başlanması ilə xəyalları məhv, arzuları darmadağın oldu.

O, 74-lər ki, çoxu Qarabağda ya şəhid, ya qazi oldu. Bu gün 74-lərdə doğulan nə gədər qızlarımız var ailə qurmayıb. Bilirsiz, bu nəyin nəticəsidir? Bax elə ilk Qarabag savaşının yaşatdığı demoqrafik problemin.

 

Yadımdadı, 1993-cü ildə bir gecədə 17 şəhid tabutu gəlmişdi horovluların müvəqqəti sığındığı Biləsuvardakı köçkün şəhərciyinə. Əksəriyyəti də 74-lər idi, mənim yaşıdlarım, ya sinif yoldaşlarım, ya da paralel sinifdə oxuduqlarım, ya bir sinif yuxarı, aşağı tanıdıqlarım idi. "Gəncə Batalyonu"nun könüllü döyüşçüləri olmuşdu onlar.

 

Bu gün azad etdiyimiz torpaqlarımız uğrunda son damla qanlarınadək döyüşərkən şəhid olmuşdu onlar.

Elə o şəhid oğullarla birlikdə 74-lərdən olan 17 qızın gəlinlik duvağı da qara torpağa gömüldü.

 

Yaşıd oğlanlarımız cəbhədə, Qarabağ uğrunda döyüşlərdə həlak oldu, bizlər isə evimizdən, yurdumuzdan didərgin, köçkün düşdük. İlk Qarabağ savaşının travması həyatımızı sözün tam mənası ilə iflic etdi və bunun təsiri illərlə keçmədi. Beləcə ölkədə böyük demoqrafik problemlər yarandı.

 

Ən gərgin, ən çətin dönəmlərini yaşayan 74-ün qızlarının əksəriyyəti ailə qura, övlad sahibi ola bilmədilər. Olanlarının da çoxu övladları ilə sevgini, nəvazişi, sığalı qucaqladığı şəhid məzarlarında tapdı.

 

1988-ci ilədək biz 74-lər " Beynəlmiləl" marşının sədaları altında böyüyən, yay tətillərində SSRİ -nin ən fəal və əlaçı şagirdi kimi Krımda "Artek" yay düşərgəsində istirahət edən məktəblilər idik. 1988-ci ilin 20 fevralında Xankəndi mərkəzi xəstəxanasında təcrübə keçən iki azərbaycanlı tələbə qızımızı erməni dığaları zorlayanadək bu beləydi. İlk dəfə o xəbəri eşidəndə, yadımdadı, qorxudan titrəmişdim. Çünki Cəbrayılın, ya Füzulinin şəhər mərkəzinə gedərkən avtobusda eyni skameykada əyləşdiyimiz erməni dığaları zorlamışdı azərbaycanlı olduğu üçün tələbə qızlarımızı.

 

Mənim MDU-da oxumaq arzum da ürəyimdə qaldı, atam hadisələrin elə vaxtında gözdən - könüldən uzaqda deyil, məhz öz ölkəmizdə təhsilimi davam etdirməyi məsləhət gördü və beləcə Moskva xəyallarımın üstündən xətt çəkildi.

 

Bizim o vaxtadək güvəndiyimiz bir evimiz var idi - Sovet İttifaqı. Azərbaycanın gələcək həkim qızları Xankəndində alçaldıldıqdan sonra həmin o güvənimiz itdi, həmin o evimiz başımıza uçdu!

 

Elə bu hadisə gərginliyi artırdı, iki gün sonra azərbaycanlılarla ermənilər arasındakı Əskərandakı ilk qarşıdurmada yenə zərərçəkən biz olduq. Ermənilər iki azərbaycanlı gəncimizi öldürdü. Sonra məlum Sumqayıt hadisələri, azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası və Qarabağ müharibəsi başladı və bir- birinin ardınca yaşanan faciələr.

Bütün bunlar bizim, 74-lərin həyata atılmaq ərəfəsində başladı - amma müharibə onlara qucaq açdı.

Onlar könüllü yazıldı müharibəyə, ordusu olmayan bir ölkənin könüllü batalyonlarında pərakəndə və nizamsız döyüşlərdə qəhrəmancasına şəhid oldu yaşıdlarımız.

 

Əvvəldə erməni tərəfin bu gün bizim torpaqlarımızda qoyub getdikləri ən çox 2000 - 2001 doğumlu əsgərlərinə təsadüfən diqqət çəkməmişdim. 1993-də 1973 -1974-lərin yaşadığının eynisini bu gün onların 2000-2001-ləri yaşayır!

 

Yaşadıqlarımızın heyfini bu gün Azərbaycan Ordusu düşmənə vurduğu ağır zərbələrlə alır! Alır ki, 92-93-lərdə yaşadığımlz o kütləvi itkilərin eynisini qarşı tərəf, düşmən yaşasın və yaşayır da!

 

İndi də onlar gəncliyinin vaxtından tez qocalmasının nə olduğunu biləcəklər. "Mifik ideyalardan ötrü dəyərdimi bu acıları yaşamaq" deyəcəklər, bəlkə də artıq deyirlər.

 

Bu davada bizim onlardan fərqimiz çox böyükdür! Biz haqq savaşındayıq, onlar özgə torpaqlarında yurd axtarışında! Bu axtarış 90-cı illərdəkinə bənzəmir artıq! Onlar indi Qafqazın ən güclü bir Ordusu ilə qarşı-qarşıyadırlar! Bu gün qəhrəman Azərbaycan Ordusu, 21-ci əsrin ən böyük lideri, ən güclü sərkərdəsi, Ali Baş Komandanı ilə torpaqlarımızın azadlığı uğrunda rəşadətlə savaşdadır! Haqq uğrundakı bu savaşdan alnı açıq, şərəflə çıxacağımıza bütün xalqımız əmindir! O gün yaxındadır! Qələbə bizimlədir! Qarabağ Azərbaycandır, Qarabağ Vətəndir!    

 

Aygün Həsənova

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?