Modern.az

Qarabağ dünyanın sevinci olsun

Qarabağ dünyanın sevinci olsun

27 Oktyabr 2020, 14:52

Bundan 30 il əvvəl Krım tatarlarının qürbət ellərdə çəkdikləri uzun və ağır əsarətindən sonra Vətənə böyük qayıdışları yenicə başlayanda, Azərbaycanın böyük şairi Məmməd Aslan mənim adıma “Dünyanın Krım dərdi” adlı bir məqalə həsr etmişdi. Həmin məqalədə dünyanın Ana kimi bütün övladlarına bir gözlə baxmalı olduğu halda,  Krımın dərdini duymadığını incələmişdi.

Bu o zamanlar idi ki, Azərbaycanda hələ fəlakət başlamamışdı... Kaş ki, heç başlamayaydı. Ülvi Bünyadzadə kimi gənc şairlər vaxtsız ölməyəydi, bu günün gəncləri isə dərdən-açıdan deyil, sevgi haqqında şeirlər yazaydılar. Kaş ki, bir gecənin içərisində gənclər qocalmayaydı, nişanlı qızların  barmaqlarındakı üzüklər üzülüb barmaqlarından düşməyəydi, talelərindən küsməyəydilər, uşaqlar ata-analarının gözlərini yaşlı görməyəydilər.

Bir təsəvvür edə bilərsinizmi, qərib ölkədə deyil, öz yurdunda qaçaq olmaq, əynindəki gecə paltarında bütün mal-mülkünü qoyub çanını qurtarmaq üçün Qarabağdan çıxırsan, ağlaya-ağlaya doğma kəndindən, evindən ayrılırsan... kaş bu mücadilələr olmayaydı.

Biz Krım tatarları qürbətdə yaşamaq, evindən-yurdundan qaçaq düşmək dərdinin nə olduğunu yaxşı bilirik. Bu bəla başımıza təkcə 1944-cü ildə gətirilmədi. Biz Krım tatarları ötən əsrin əvvəllərində də bir dəfə yurd-yuvamızdan sürgün olunduq. O ağır müsibətli illərdə Azərbaycan Krım tatarlarına Vətən oldu. Zatən, Azərbaycan və Krım tatarlarının  bir-birinə bağlılıq kökləri çox dərinə gedir. Ta qədim dövrlərdən hələ İsmayıl Qaspralı, Əlimərdan bəy Topçubaşov, Həsənbəy Zərdabi, Nəsibbəy Yusifbəyli, Bəkir Çobanzadə və bir çox ziyalılar  Krımı  zəbt edən təcavüzkarlardan canlarını qurtararaq, Azərbaycana pənah apardılar. Azərbaycan onlara Ana oldu.


Qocaman Türk dünyası bu gün ulu atamız İsmayıl Qaspralının vəsiyyət etdiyi kimi “Dildə, fikirdə və işdə birlik” şüarına rəğmən birləşib  dünyanın gözlərini Qarabağa yönəltməlidir. Lakin gəlin görək belədirmi? Təəssüf ki, “Qarabağ Azərbaycanın əzəl torpağıdır” deyə bilən, səs çıxara bilən dövlətləri öz yanında görmür. Azərbaycana maddi və mənəvi dəstəyini açıqdan açığa göstərən təkcə Böyük Türkiyədir. Görəsən Azərbaycanın müqəddəs savaşına digər türk və türkdilli ölkələri niyə göz yumur, açıq dəstək olmurlar?

Otuz ildən bəri Qarabağ tək Azərbaycanın deyil, bütün türk dünyasının  qanayan dərdidir. Lakin bizlər bu dərdin sağalmasına məlhəm olmadıq, məsələnin çözülməsi üçün əlimizdən gələni etmədik. Dünyanı ədalətli olmağa çağırmadıq. Hamımız bir yumruq olub ayağa qalxmadıq. Hərdən bir yazdığımız yazılarla boynumuzun yükünü atmış olduq, Azərbaycanı öz dərdi ilə baş-başa buraxıb, bu fəlakəti seyr etdik.

Şükür Allaha ki, otuz ildən bəri közərən od yenə alışdı. Allah qoysa, bu atəş daha kimsəni yandırmasın, təki isindirsin, dostlar-qonaqlar üçün  yemək bişirən ocaq olsun!

Ona inanıram ki, azərbaycanlılar erməniləri kəsib-atmaq dərdindən uzaqdırlar. Azərbaycanlıların heç kimin toraqlarına möhtac deyillər, işğal etmək siyasətləri yoxdur. Azərbaycan öz ölkəsində doğma və tarixi torpaqlarını qaytarmaq arzusu ilə yaşadı və inşallah bu arzusuna da çatar!

Mən buna inanıram. Hər gün əllərimi açıb Tanrıya dua edirəm ki, Qarabağı öz Anasının qoynuna qaytarsın, sevdiklərinə qovuşdursun. Və daha Qarabağ nə  Azərbaycanın dərdi olsun, nə də dünyanın. Bundan sonra Qarabağ Azərbaycanın, dünyanın yaraşığı olsun! Səninləyik, can Azərbaycanım!

Zera BEKİROVA,
Krım tatar yazıçısı,
Krım, Ağməscid şəhəri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir