Modern.az

Deputat qızı: "Ola bilər gələcəkdə deputat olum"

Deputat qızı: "Ola bilər gələcəkdə deputat olum"

25 Yanvar 2010, 11:52

Modern.az-ın suallarını millət vəkili Pənah Hüseynin qızı Günay Hüseyn cavablandırır

- Mümkünsə, özün haqqında qısa məlumat ver. - Günay Hüseyn. 25 yaşım var. Ailənin ikinci övladıyam. 1999-cu ildə orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil oldum. Bakalavr pilləsini bitirəndən sonra 2003-cü ildə magistraturaya daxil oldum.  2005-ci ildə isə Milli Elmlər Akademiyasının Tarix İnstitutunun aspiranturasına qəbul olundum. Hazırda müdafiəyə hazırlaşıram. Aiələliyəm. - Adətən ailənin sonbeşik övladları ərköyün böyüyür... - Mən qətiyyən  ərköyün olmamışam. - İxtisas seçməyin də kimin rolu olub? - Heç kəsin. Universitetə daxil olan il tarix üzrə ən çox balı mən toplamışdım. - Gələcəkdə ixtisasın üzrə işləyəcəksən? - İnşallah geniş elmi fəaliyyətlə məşğul olmağı planlaşdırıram. Universitetdə müəllimə işləmək ən böyük arzularımdan biridir. - Deyəsən QHT sektorunda da çalışırsan? - 2006-cı ildə “Demokratiya və Qadın Təşəbbüsləri” İctimai Birliyini yaratmışam. Əsasən qadın hüquqlarının qorunması ilə məşğul oluruq. Bundan başqa faydalı ictimai işlərimiz də olur. İndiyə kimi bir neçə layihə reallaşdırmışıq. - Tələbəllik illərində universitetdə səni necə tanıyırdılar? - Keçmiş Baş nazirin qızı kimi. - Müəllimlər güzəşt edirdi? - Mən çox yaxşı oxumuşam, güzəştə ehtiyac olmayıb. - Deputat övladı olmaq sənə nə verib? - Deputat övladı olmaq deməzdim xüsusi bir imtiyazdır. Nə verib ki, heç bir şey. Fəaliyyətimə də heç bir maneçilik törətməyib. - Deputat qızı olmağın xeyirli və ziyanlı tərəfləri varmı? -  Bunu xüsusi hiss etməmişəm. Düzünü desəm, zərərini də görməmişəm. Deputat qızı yox, Pənah Hüseynin qızı olmaq başqa şeydir. - Maraqlıdır, Pənah Hüseyn ata kimi necədir? - Atamla çox yaxınıq. Ata və övlad kimi münasibətlərimiz həddən artıq yaxşıdır. Pənah Hüseyn ata kimi çox mehribandır. - Nə vaxtsa atanın adından istifadə edibsən? - Atamın adı mənə heç nə verməyib. Ancaq atamın adı ilə məni təqdim edəndə hər zaman qürur hissi keçirmişəm. Elə bir insanın övladı olmağımla fəxr edirəm. - Olubmu ki, kimsə deputat qızı olduğuna görə səninlə dostluğa can atsın? - Xeyr. Mənimlə ancaq Günay olduğuma görə dostluq etmək olar. - Deputat uşaqları ilə əlaqələrin var? - Mən tanıdıqlarımın övladları kiçikdir. Demək olar ki, əlaqəm yoxdur.  - Ən yaxın dostun kimdir? - Hazırda Moskvada yaşayan rəfiqəm, adaşım Günaydır. Buradakı dostum isə İlahədir. - “Facebook”- da dostların var? - Ümumiyyətlə çatla maraqlanmıram. Əvvəllər bəzən daxil olurdum. Sonra ehtiyac görmədim. Buna vaxt lazımdır. Mənim də vaxtım yoxdur. - İnsanlarda hansı keyfiyyətlərə üstünlük verirsən? - Mənəvi keyfiyyətlərə çox üstünlük verirəm. Yalan danışmasın, ədalətli olsun. - İdealın var? - İdeal insan görməmişəm. Fikrimcə, ideal ancaq Allahdır. - Həmyaşıdlarından nə ilə fərqlənirsiniz? - Mən həm orta məktəbdə, həm də universitetdə davranışımla, yaxşı oxumağımla, həm də mübariz olmağıma görə digərlərindən seçilmişəm. Hətta bəzən mənə “diktator” deyirdilər. - Bu xüsusiyyətlərinə görə kimə oxşamısınız? - Məncə, özümə. - Siyasətlə maraqlanırsan? - İctimai sektordayamsa demək, maraqlanmalıyam. -Atanla diskussiyalarınız olur? - Hə, bəzən olur. Yeri gələn də mübahisə də edirik. Birdə görürük səsimiz ucalıb. - Şou-bizneslə necə maraqlanırsan? - Xeyr, maraqlanmıram. - Azərbaycan müğənnilərindən kimləri dinləyirsən? - Röya, Alim Qasımov, Brilliant Dadaşova. - Bəs xaricilərdən? - Xarici estrada ilə çox da maraqlanmıram. Ancaq türk müğənnilərindən bəzilərinin mahnılarını dinləyirəm. - Xarici ölkələrdə olmusan? - Ancaq Rusiyada olmuşam. Çünki ailə həyatı qurandan sonra bir az çətin oldu. Getmək şansım yaransa da, imkan olmayıb. - Xarici dillərdən hansını bilirsən? - Rus, ingilis. - Muzeylərə getməyə necə baxırsan? - Bakıda olan bütün muzeyləri gəzmişəm. Hara getsəm, birinci muzeyə baş çəkməliyəm. - Azərbaycan telekanallarından hansıları izləyirsən? - ANS-ə baxıram. Digər kanallarda isə xəbərləri izləyirəm. Türkiyə kanallarına daha çox baxıram. - Kinoteatra gedirsən? - Hə. Kinoteatra getməyi çox xoşlayıram. Fantastik kinolara daha çox baxıram. Həmçinin Azərbaycan kinolarını da çox sevirəm. - Mütaliə ilə aran necədir? - Çox yaxşı. Xüsusən də bədii əsər oxumağı çox sevirəm. Sonuncu dəfə uşaqlarla bağlı maraqlı bir kitab oxumuşam. - Ev işlərinə vaxt qalır? - Evin bütün işləri mənim üzərimdədir. - Mətbəxdə çox olursan? - Məni tanıyanlar bilir ki, mən usta aşbazam. -10 il sonra özünü harada görmək istərdin? - Elmlər namizədi dərəcəsini alandan sonra doktorluq, professorluq səviyyəsinə yüksəlmək istərdim. Ancaq ictimai sektorda da uğurlarımın çox olmasını istəyirəm. - Bu ən böyük arzundur? - Xeyr. Ən böyük arzumu demək istəməzdim. - Gələcəkdə deputat olmaq fikrin var? - Zaman göstərər. Ola bilər gələcəkdə deputat olum. 

 
 
Söhbətləşdi Günay MUSAYEVA
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir