Modern.az

Bakıda Denis adlı vətənpərvər bir oğlan var idi - FOTOLAR

Bakıda Denis adlı vətənpərvər bir oğlan var idi - FOTOLAR

19 Noyabr 2020, 10:53

Modern.az saytı “Torpağı azad edən şəhidlər” silsiləsindən növbəti yazını təqdim edir...

2020-ci ilin 7 oktyabrına qədər Denisi Həzi Aslanov qəsəbəsindəki  yaşayış massivindəki uşaqlıq və gənclik dostları, bir də ki, həmin günə qədər ailəsi ilə birlikdə yaşadığı “Xalqalr dosluğu” metrostansiyasının yaxınlığındakı məhəllədə tanıyırdılar. Özü də ki, elə belə yox ha... Təcili yardım kimi hər kəsin harayına yetən, darda olan dostlarının,  hətta tanımadığı insanların da yanında olmağı bacaran birisi kimi.


İndi həmin Denis Pronin - Əliyevin yaşadığı məhəllədə onun şərəfinə Azərbaycan bayrağı dalğalanır. 
Mən də Denisi Vətən müharibəsində şəhid olandan sonra tanıdım. Sosial şəbəkələrdə gördüyüm şəkillərindən ürəyimə işıq seli axdı. Mas-mavi gözləri vardı Denisin. Boylu-buxunlu, yaraşıqlıydı. Oxuduğum xəbərlərdən bildim ki, general Polad Həşimov şəhadətə qovuşandan sonra, hərbi komendaturaya gedib könüllü döyüşə getməyə yazılmışdı.


İndi mən Denis Əliyevin yaşadığı ünvandayam. O ünvan ki, oradan 20 sentyabrda könüllü olaraq hərbi çağırış məntəqəsinə getmişdi. Denisin həyat yoldaşının rəfiqəsi Marina Platova deyir ki, onu yola salmağa gedənlər arasında olub.

“Bikef idik. Denis həmişə deyib-gülən olduğundan bizim kefimizi açmaq üçün yenə xoş zarafatlar etdi, şadyanalığından qalmadı. Dedi ki, üz-gözünüzü turşutmayın, qayıdıb- gələcəm, yenə bir yerdə olacağıq... Biz onu sevinclə yola saldıq.  Arxasınca göz yaşı axıtmadıq”.



Samirə Həsənova: “Mən Aynurə müəllimə ilə 2000-ci illərdən rəfiqəyik. Biz ikimiz də 145 saylı məktəbdə  müəllimə işləyirik və ailəvi dostuq. Denisi cəbhəyə yola salan gündən Aynurənin gözləri gülmədi. Elə qayğılı görünürdü ki...  Mən 8 oktyabrda zəng vurdum, hal-əhval tutum, dedi ki, Denis həlak olub... Sözün bitdiyi yer... “Atəş düşdüyü yeri yandırar”-  deyirlər. Dərhal yığışıb Aynurəgilə gəldik... Və bu gün də Aynurənin yanındayıq...  Hər sözümüz, söhbətimiz Denisli xatirələrimizdir. Denis  dostlarımız arasında lider idi. O daim bizi başına yığar, şənliklər təşkil edərdi. Denis üçün yeyib-içib, şənlənmək üçün  məclis təşkil etmək an məsələsi idi... Gedəndə demişdi ki, qayıdım, birlikdə yenə yığışıb məclis təşkil edərik... Hələ də inanmaq çətindir”.


Denisin kasıb evinin içərisi bu gün də dostları və qonaqları ilə dolub-boşalır. Lakin bu qədər gəlib-gedənin içərisində Aynurə özünü tənha hiss edir. Gözləri bir cüt bulaq misalıdır. Elə hey yaş tökülür yanaqlarından üzü aşağı...


- Denis evimizin sonbeşiyi idi, - bacısı Natalya Pronina deyir. Aynurəyə təsəlli verir, sonra da söhbətinə davam edir:


- 9-cu sinfi bitirdi. Ailəmizin yükü ağır idi. Bizi təmin etmək üçün işləməyə başladı. Bir gün  işdən gələndə yanında bir “bomj” gətirmişdi ki, küçədə yaşayır, yazıqdır. Həmin oğlanı çimizdirdi, geyindirdi, yedirib-içirdi. 1 həftə də evimizdə saxladı. Deniz belə insan idi.  Mənim nənəm və babam da Bakıya Böyük Vətən müharibəsi illərindən sonra gəliblər.  Atam və anam da bakılıdırlar. Bakı bizim Ana Vətənimizdir. 1941-1945-ci ildən sonrakı quruculuq işlərində babam və nənəm də yaxından iştirak edib. Nənəm  Kotseruba Nadejda İvanovna  əmək və müharibə qəhrəmanı idi. Həzi Aslanovda ailəmizin yaşadığı evi də vaxtı ilə əmək və müharibə qəhrəmanı olduğuna görə  nənəmə  Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev hədiyyə vermişdi.  Hətta Sovet sistemi dağılandan sonra da Bakıdan köçüb gedənlər oldu, bizim heç vaxt ağlımızın ucundan belə keçmədi ki, nə vaxtsa, bu şəhəri arxada qoyub harayasa getmək olar.

Bütün adi ailələr kimi ömür sürmüşük. Evdə 4 uşaq idik: 2 bacı, 2 qardaş. Biz əsl azərbaycanlı adət-ənənələri ilə böyüdük. Ailəmizdən təkcə Denisin bir qızı var. Bizim hamımız çoxuşaqlıyıq.  Denis hərbi xidmətini Gəncədə çəkdi. Qardaşım dünyaya yaxşılıq etmək üçün gəlmişdi. Mənim ən böyük dayağım idi. İndi heç bilmirəm necə olaca? O ən yaxşı qardaş idi. Biz həmişə bir-birimizi qorumuşuq. Denis kimi qardaşı itirmək çox ağırdır”.


Natalya danışdıqca açıq şabalıdı rəngli saçını hörükləyib çiyninə atan Aynurənin  gözləri bir məchul nöqtəyə dikilib, uzaqlara baxır. Sonra otağa bir mübhəm səssizlik çökür. Elə bil ki, hamı nəyəsə bənddir. Hər kəs bu səssizliyi pozmağa qorxur. Bu vaxt divanda oturan Sfinks cinsindən olan pişik gəlib Aynurənin  yanında dayanır. Aynurə onu qucağına alır. Bu pişik Aynurənin çiyninə saldığı şalın altında gizlənir. Aynurəyə sığınır.

Aynurənin rəfiqəsi Marina Platova səssizliyə bir qəmli ahəng qatır:


- Bu pişiyi görürsünüz də... Adı Denidir. Mən 3 il bundan əvvəl onu Alinanın doğum gününə hədiyyə gətirmişdim. O Denisdən ayrı durmurdu. Bilirdik ki, yatanda da onun qoynuna qısılır. İndi Deni Aynurəni tək qoymur. Denisin tabutu bu otağa gətirilmişdi.  Pişik Deni elə çığırırdı, özünü evin divarlarından çölə atmaq istəyirdi, sonra gəlib tabutun yanında keşik çəkdi.  Denisi biz dəfn edəndən sonra da, bax beləcə, Aynurənin qoynuna sığınıb...



Aynurənin isə gözləri hələ də bir nöqtəyə zillənib qalıb. Yəqin ki, 2010-cu ilin 17 oktyabrını xatırlayır.  Bəli onlar həmin gündə tanış olmuşdular. Aynurə həmin vaxt  yaxın rəfiqəsi Marina ilə “Torqoviy”da gəzirmiş. Həmin gün Denis Pronin də  şəhərə gəzməyə çıxmışdı. Uzaqdan diqqətini bu  uzun hörüklü, çox sadə və gözəl qız cəlb etmişdi. Heç bir tərəddüd etmədən  hər iki qıza yaxınlaşıb, şirin dilini işə salmışdı. Danışmışdı, gülmüşdü. Hətta Aynurədən telefon nömrəsi də istəmişdi, Aynurə verməmişdi nömrəsini. Günlərin bir günündə sosial şəbəkədə axtarış verib tapmışdı Aynura Əliyevanı. Ona A.S.Puşkinin şerini yazmışdı:


Mən gözəl bir anı xatırlayıram,

Hardansa qarşımda sən peyda oldun.

Elə bil ilğımdın o axşümüstü,

Təmiz nəfəs kimi qəlbimə doldun.

 

Beləcə görüşləri başlamışdı. Aynurə də sadə, zəhmətkeş bir ailənin qızı idi. Ata nənəsi Ağdamın Qiyaslı kəndinə gəlib. Babası isə 1944-cü ildə Vətən müharibəsində itkin düşüb.  Atası da Ağdamın Gülablı kəndində doğulub. Atası İldırımla anası da Bakıda tanış olub evlənmişdilər.   Ailələrində təlim-tərbiyə, əməyə və böyüklərə hörmət, vətənə və dövlətə məhəbbət əsas meyar olub.

Aynurə bir anlığa xəyallardan ayılmış kimi, başını qaldırıb, divarın bir küncündəki Denisin şəkilləri bəzəyən guşəyə baxı, ah çəkir və  söhbətə qarışır:


- Hə, əl çəkmir məndən, Deni. Harada otururam, gəlib mənə sığınır. Dili də yoxdur danışsın, bəlkə Denisin ruhu ilə danışa bilib, nəsə deyəcəyi var...  Denis artileriyaçı idi.  Ölkədə qismən səfərbərlik elan edilən gündən Denis də gedib yazıldı.  Sentyabrda çağırış gəldi və bir həftə təlimə getdi. Sonra isə Füzuli tərəfdə dislokasiya oldular. Evə tez-tez zəng edirdi. Deyirdi ki, buradakı uşaqların içərisində mən hamıdan yaşlıyam. Hamı mənə hörmət edir, “Qoca” deyirlər.  

Təlimə başladığı günlər Denisin əyninə hərbi forma tapa bilmirdilər. Çünki çəkisi 120 kilo, boyu isə 1 metr 86 sm idi. Döyüşlərdə olduğu müddətdə  hərdən zəng vururdu. Ən sonuncu zəngi oktyabrın 6-sı oldu.  7 oktyabrda qızımız Alinanın 9 yaşı tamam olacaqdı.  Həmişə deyib-gülən, səsində sevinc çağlayan Denisin bu dəfə kefi olmadığını hiss elədim.  Soruşdum ki, niyə kefsizsən. Dedi heç nə yoxdur, sadəcə buralar çox soyuqdur, üşüyürəm. İndi Denisin o sözünü unuda bilmirəm. Elə bilirəm ki, torpağın altında da üşüyür. Mənə də soyuqdur. Mən də üşüyürəm. Soyuqdan qorxuram.


Aynurə qollarını sinəsində çarpazladı. Sıxılıb yenə də balacalaşdı. Elə bil ki,  özünü soyuqdan qorumaq istəyirdi.


Nə fikirləşdisə, durub  otaqdan çıxdı. Başdan-ayağa qara uzun ətəki  bir paltarı var əynində. Böyük bacısı Nigar deyir ki, Aynurənin əynindəki qara uzun ətəkliyi Denislə birlikdə seçib-almışdılar. Denis bəyənmişdi o qara paltarı ki, Aynurə dərsə gedəndə geyinsin.


Aynurəyə diqqətlə baxanda rus yazıçısı Çernışevskinin  gözəl qadını səciyyələndirməsini xatırlayıram. Çernişevskidən soruşurlar ki, gözəl qadın sizin təsəvvürünüzdə necə olur? O deyir ki, var əndazəni aşan şəhərli gözəllər, bir də ki, Tanrının verdiyi bütün gözəllikləri  özündə yaşadan kənd gözəli. Mən Aynurəni ilk gördüyüm andan həmin o gözəl rus kəndinin  gözəlini xatırlayırdım. Uzun hörüklü, uzun ətəkli, çiynində də şal. Sadəcə mənim yaddaşımdakı tablodakı rus gözəli bağlı-bağçalı bir yerdə, allı-güllü paltarda bir kənd çığırından keçirdi həmişə... Aynurə isə əlində çay dəstgahı ilə qayıtdı. Əynindəki paltarlar isə qap-qara.  Və biz söhbətimizə davam etdik.


- Aynurə, Alinanı necə ovundurursan?


- Alinanın dünyaya gəlişi Denis üçün ən gözəl hədiyyə olmuşdu. Bütün gənc atalar kimi  o da qızımızla nəfəs alırdı. Özünüz bilirsiniz ki, qızlar atalarına çox bağlı olurlar. Bir də ki, mən bəlkə də sənətimlə əlaqədar qızımıza qarşı çox tələbkar idim. Atası isə onun nazı ilə oynayardı. Bir də ki, yəqin ki, siz də oxşatdınız, Alina atasına çox oxşayır. 
İndi Alina  qətiyyən atasının adını çəkmir. Susur, danışmır. Ümumiyyətlə atası haqqında bir kəlmə də söyləmir. Elə bil ki, məni incidəcəyindən qorxur. Elə bil ki, atasını xatırlamağa qorxur.  Bilirsiniz necədir? Biz 10 ildir ki, ailəliyik. 17 oktyabrda tanışlığımızın 10 ilini qeyd etməliydik. İndi Denis yoxdur. Biz evdən həmişə birlikdə çıxardıq. Denis məni işə həmişə özü aparırdı.  Gözləmədiyimiz halda sürprizlər etməyi xoşlayırdı. Onun kimi kabab çəkən, samovar qaynadan, yemək bişirən  yox idi ətrafımızda. Bütün dostlarımızın hamısından fərqli olaraq,  onun hazırladığı yeməklər dadlı olurdu.



- Denisin ata soyadı Pronin Aleksandroviçdir, eləmi?

- Bəli. Biz tanış olduq. Sonra evləndik. Evliliyimizi rəsmiləşdirəndə dedi ki, mən Heydər Əliyevi də, İlham Əliyevi də çox sevirəm. İstəyirəm ki, soyadım onların soyadından olsun. Ona görə də mənim soyadımı götürdü,- deyə Aynurə azacıq gülümsəyir.  

Yəqin ki, həmin  anları xatırlayır yenə. Sonra söhbətinə davam edir:


- Həmin gün mən qızımla gedib  dükandan əsgərlər üçün  xeyli isti  papaq, əlcək, corab almşdıq ki, biz də Ordumuza nə iləsə kömək edək.  Gecə bizə zəng vurub Denisi soruşdular. Mən şübhələndim. Sonra dedilər ki, qara xəbərimiz var.

Sonra tabutu gətirdilər. Açıb baxdım. Denis arıqlamışdı. Sifəti bumbuz idi. Ancaq gülürdü. Həmin gülüşü üzündə idi. Elə bil ki, dərin yuxuya getmişdi. Xoşbəxt bir yuxuya...  Axı Denis vidalaşmadan evdən getməzdi... Bu dəfə heç kimlə vidalaşmadı. 

Oktyabrın 9-da Bakıdakı Müqəddəs Arxangel kilsəsində Denis Pronin-Əliyevi əsl vətən qəhrəmanı kimi qarşıladılar. Onun tabutunun önündə yüksək mənsəbli arxiyepiskop Aleksandr, protoierey Andrey Bezotosnıy dualar oxudular. Denisi son mənzilə yola salmağa gələnlər arasında Rus icması, tanınmış ziyalılar da var idi. Sonra Denisi Keşlədəki Şəhidlər Xiyabanında öz təzə dostlarının yanında dəfn etdilər.

“İndi ən böyük arzum Denisin həlak olduğu  Füzuli rayonuna gedib, o torpağı görüb qucaqlamaqdır. Orada Denisin qanı axıb. Orada Denisin nəfəsini hiss edəcəm...” – şəhidimizin həyat yoldaşı deyir.



Doğulub boya-başa çatdığı Azərbaycan torpaqlarının azadlığı uğrunda həlak olan Denis  Pronin–Əliyev haqqında bu xatirə yazısını bacısı Natalya Proninanın  sözləri ilə bitirmək istəyirəm:


“Mənim qardaşım və digər Azərbaycan oğullarının qanı bahasına alınan torpaqlarla qürur duyuram. Bura Azərbaycandır. Bura mənim Vətənimdir. Ancaq fikirləşəndə bu insanların taleyinin  yarımçıqlığı, bu müharibəyə səbəbkar ermənilərdir, çox pis oluram. Onlar tarakan kimidirlər. Özgə torpaqlarını işğal ediblər, qəbul olunan qətnamələri yerinə yetirmirlər. Tarakan kimi haraya yığılırlarsa, deyirlər ki, elə bizimdir. Harada doğuldularsa, oranı özəlləşdirmək istəyirlər. Alınan torpaqların hər qarışı bizə əzizidr, doğmadır. Bizim dövlət onun qızı Alinanı  öz balası kimi böyüdəcək. İndi onun atası Azərbaycan dövlətidir!  Mən istəyirəm ki, qardaşımın da adı Azərbaycanın tarix kitablarında yazılsın. Desinlər ki, Bakıda Denis adlı vətənpərvər bir oğlan var idi...”.


Aida Eyvazlı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi