Modern.az

Azərbaycanın etnik mənzərəsi: narahatçılığa əsas varmı? - IV yazı

Azərbaycanın etnik mənzərəsi: narahatçılığa əsas varmı? - IV yazı

27 İyul 2012, 13:25

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) İnstitutu yarandıqdan sonra bu qurumun bölgələrdə yaradılan ofislərinin biri də milli azlıqların kompakt  yaşadığı Quba rayonu ərazisində fəaliyyət göstərməyə başladı. Hazırda Ombudsmanın Quba regional ofisinə yaxın olan və milli azlıqların yaşadığı digər rayonların əhalisi də müraciət edə bilirlər. Çox maraqlıdır ki, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Hesabatında (2 iyun 2004, Bakı şəhəri.) bildirilir ki, regional ofisə daxil olan şikayətlərin heç biri milli zəmində olmamışdır.

Bu gün müxtəlif milli azlıqların nümayəndələri Azərbaycanın dövlət qurumlarında geniş təmsil olunurlar. Milli azlıqların sıx yaşadığı ərazilərdə yerli əhalinin nümayəndələri yerli hakimiyyət orqanlarında rəhbər vəzifələri tutur. Milli azlıqlara mənsub şəxslər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, Milli Məclisdə, Nazirlər Kabineti, Konstitusiya məhkəməsi, Mərkəzi seçki komissiyası, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarında çalışır. Milli azlıqların nümayəndələri Milli Məclisin bəzi Daimi komissiyalarının sədri və ya sədr müavini vəzifəsində çalışır.

1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarına hörməti təmin edir. Azərbaycan Respublikasının suverenliyi haqqında Konstitusiya aktı Azərbaycan Respublikasının bütün vətəndaşlarının Qanun qarşısında bərabər olduğunu təsdiq edir.

Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən, Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən və mənşəyindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqların bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

Konstitusiyasının 44-cü maddəsinə əsasən, “hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz”.
”Mədəniyyət haqqında” Qanunun 11-ci maddəsində milli mədəniyyətin inkişafına və qorunub saxlanılmasına yardım nəzərdə tutulur. Dövlət Azərbaycan xalqının milli mədəniyyətinin inkişafına və qorunub saxlanılmasına, eləcə də Azərbaycan Respublikasının ərazisində yaşayan bütün milli azlıqların mədəni kimliyinə təminat verir.

“Azərbaycanda yaşayan milli azlıqlar və etnik qrupların hüquq və azadlıqlarının qorunması, həmçinin dilinin və mədəniyyətinin inkişafına dövlət yardımı” haqqında Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 16 sentyabr tarixli Fərmanı milli azlıqlar arasında əlaqələrin yaxşılaşdırılması və hüquqi dövlətin yaradılmasına onların cəlb olunmasının səviyyəsinin artırılması məqsədini daşıyır.

Daxili qanunvericiliyin bu müddəaları ilə yanaşı, Azərbaycan Respublikasının 1996-cı il 31 may tarixində qoşulduğu İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, Aparteidin qarşısının alınması və onun cəzalandırılması və Genosidin qarşısının alınması və onun cəzalandırılması haqqında BMT Konvensiyaları kimi beynəlxalq sənədlərin müddəaları da tətbiq olunur.

2000-ci ilin iyun ayında Azərbaycan Respublikası Avropa Şurasına üzv olmamışdan çox-çox əvvəl Milli azlıqların qorunması haqqında Çərçivə Konvensiyasına qoşulmuşdur. Konvensiyanın 25-ci maddəsinə əsasən Azərbaycan 2002-ci il iyunun 4-də milli azlıqlara mənsub olan şəxslərin hüquqlarının qorunmasına dair vəziyyət barədə milli hesabatını təqdim etmişdir. Milli azlıqların qorunması haqqında Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitə sözügedən hesabatın baxılması məqsədilə xüsusi işçi qrupu tərtib etmişdi. Bu qrup Dövlət hesabatını yoxlamaq məqsədilə 2003-cü il martın 29-dan aprelin 4-ə qədər Azərbaycana səfər etmişdir. Bu tədbirlər Azərbaycanın milli azlıqlara yönəlmiş siyasətinin beynəlxalq standartlara cavab verməsinin əyani göstəricisidir.

Heydər Əliyevin milli azlıqların vəziyyəti ilə bağlı müvafiq hesabatın hazırlanması barədə Sərəncamı (2001-ci il noyabrın 1-də) bir ildən bir az çox müddət ərzində yerinə yetirildi. Azərbaycan Xarici İslər Nazirliyi milli azlıqlara mənsub olan şəxslərin hüquqlarının qorunması üzrə mövcud vəziyyət barədə Avropa Şurasına göndərdiyi hesabat məktubunda ölkədə milli azlıqlara tolerant münasibətdən bəhs olunur. Hesabatda qeyd edilir ki, Azərbaycan müxtəlif etnik və dini qrupların ənənəvi dözümlülük və harmonik birgəyaşayışı üzərində qurulmuş və həyata keçirilən milli siyasətin aparıldığı çoxmillətli və çoxdinli ölkədir. Qanun mənşəyindən, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.

Bir neçə əsr ərzində milli azlıqlara mənsub olan şəxslər Azərbaycanda Azərbaycan xalqı ilə sülh və harmoniya şəraitində yaşamış və yaşayırlar. Azərbaycan tarixən unikal çoxmillətli cəmiyyət olduğu üçün bu multimədəniyyətli, multietnik irs hətta bu gün də Azərbaycanda qorunub saxlanılmaqdadır.

Ölkəmizin 20% ərazisini işğal etmiş qonşu Ermənistanla 12 illik silahlı münaqişə nəticəsində mövcud olan çətinliklər, erməni silahlı qüvvələri və terrorist qruplaşmalarının təşkil etdiyi etnik təmizləmənin qurbanları olan Azərbaycanlılarla yanaşı müxtəlif milli azlıqlara mənsub olan şəxslərdən ibarət (kürdlər, ruslar, yəhudilər və s.) təxminən 1 milyon qaçqın və məcburi köçkünün, həmçinin keçid dövrünün problemlərinin mövcudluğuna baxmayaraq, Azərbaycan hökuməti milli azlıqların hüquqlarının qorunması üzrə ardıcıl siyasətini davam etdirir.

Milli azlıqlar öz milli mədəni mərkəzlərini, assosiasiyalarını və digər qurumlarını yaratmaq hüquqlarından tam istifadə edirlər.

Milli azlıqların sıx yerləşdiyi ərazilərdə həvəskar cəmiyyətlər, milli və dövlət teatrları, həvəskar assosiasiyalar və maraq qrupları fəaliyyət göstərir. Məsələn, Qusar rayonunda Ləzgi, Qax rayonunda isə Gürcü Dövlət teatrları, Astara və Lənkəran rayonlarında Talış folklor qrupları fəaliyyət göstərir. Dövlət bu qurumları imkanı dairəsində ölkə büdcəsindən və Prezident Fondunun hesabına maliyyə yardımı ilə təmin edir və mənşəyindən, mədəniyyətindən, dilindən və dinindən asılı olmayaraq, bütün şəxslər arasında qarşılıqlı anlaşma, dözümlülük və hörməti gücləndirməyə yardım göstərir. Milli azlıqların cəmiyyətin həyatında, eləcə də ölkə səviyyəsində keçirilən birgə tədbirlərdə fəal iştirakları Azərbaycanda mövcud olan qarşılıqlı hörmətin əyani göstəricisidir. İslam, Ortodoks və Yəhudi dini konfessiyalarını birləşdirən “Üç qardaş” təşkilatı artıq qeydiyyatdan keçmiş və hazırda ölkədə fəaliyyət göstərir. “Links” təşkilatının (Böyük Britaniya) rəhbərliyi altında Milli Azlıqların Resurs Mərkəzi də Azərbaycanda fəaliyyət göstərir.

Azərbaycanda həyata keçirilən milli siyasətə münasibət...

Azərbaycan ATƏT kimi başqa beynəlxalq təşkilatlarla da milli azlıqlar məsələsində əməkdaşlıq edir. ATƏT-in Milli azlıqlar üzrə Ali komissarının siyasi müşaviri milli azlıqların hüquqlarının qorunmasına dair vəziyyətə müşahidə etmək məqsədilə Azərbaycana bir neçə dəfə səfər etmişdir.

Dünya birliyinin Azərbaycanda həyata keçirilən milli siyasətə münasibəti ölkəmizin Avropa Şurasındakı nümayəndəliyinin təşəbbüsü ilə təşkil olunmuş Dəyirmi masa zamanı özünü qabarıq şəkildə büruzə verib. Bu barədə Avropa Şurasının Azərbaycan nümayəndəliyinin əməkdaşı İnkeri Arnio Lvoff hələ 2002-ci ildə "Etnik qruplar arasında dialoq" mövzusunda Zuğulbada keçirilən tədbirdə çıxış edərkən məlumat verib. Respublikada milli azlıqlar arasında dialoqun inkişafı və genişləndirilməsi üçün müvafiq işlər görüldüyünü nəzərə çatdıran xanım İnkeri Avropa Şurasının bu sahə üçün nəzərdə tutulan standartlarının Azərbaycanda mərhələ-mərhələ həyata keçirildiyini söyləyib. 

2002-ci il sentyabrın 18-də "Azərbaycanda milli azlıqlar: gerçəkliklər və perspektivlər" mövzusunda Strasburqda keçirilən bu tədbirin məqsədi Azərbaycan gerçəkliklərinin AŞ-da dərindən öyrənilməsi olub. Məhz bu gerçəkliklər AŞ mütəxəssislərinin diqqətini çoxdan cəlb edirdi. Elə buna görə də tədbirin keçirilməsi AŞ tərəfindən böyük razılıqla qarşılanıb. AŞ rəhbərliyi bunu ilk qaranquş adlandırdı. Çünki qurumun təcrübəsində belə tədbir ilk dəfə keçirilirdi. 

Tədbirdə Azərbaycanda milli siyasət sahəsində böyük məktəbin formalaşdığı qeyd olunub. AŞ mütəxəssislərinin fikrincə, bu təcrübə öyrənilməli və Şərqi Avropa ölkələrində də tətbiq olunmalıdır. Dəyirmi masa 2 saatdan çox çəkmişdir. Tədbirdə milli məsələlər üzrə sabiq dövlət müşaviri Hidayət Orucov çıxış etmişdir. H.Orucov məruzə etmiş və milli azlıqların vəziyyəti ilə yanaşı, Ermənistanın ölkəmizə təcavüzü barəsində də məlumat vermişdir. H.Orucov onu da qeyd etmişdir ki, bəzi hüquq müdafiəçilərinin AŞ-ya qeyri-obyektiv məlumatlar ötürməsinə baxmayaraq, qurumda Azərbaycana qarşı çox işgüzar, normal, düzgün münasibət var. H.Orucov milli siyasət sahəsindəki tərəqqini Azərbaycanın bu sahədə də vətəndaş cəmiyyətinə doğru addımlaması və ölkəmizdə vətəndaş cəmiyyətinin bərqərar olması ilə əlaqələndirdi. "Bu gün Azərbaycanda "milli azlıqların hüquqlarının qorunması" arxaik ifadəyə çevrilib. Çünki milli mənsubiyyətdən asılı olmayaraq hər bir vətəndaşın hüquqları qorunur. Düzdür, milli azlıqların dilinin, mədəniyyətinin inkişafında müəyyən problemlər var. Milli çoxluğun da problemləri var. Azərbaycan gücləndikcə, şübhəsiz ki, bu məsələlər öz həllini tapacaq".

Ölkəmizdə səfərdə olan Avropa Şurasının Milli Azlıqların Müdafiəsi Haqqında Çərçivə Konvensiyası üzrə Məşvərət Komitəsinin nümayəndə heyəti 2003-cü ilin aprelin 2-də ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür. Görüşdə F.Məmmədov Prezident Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən demokratik islahatlar, milli azlıqların hüquqlarının etibarlı müdafiəsinə yönəlmiş tədbirlər, o cümlədən Azərbaycanın bu sahədə mühüm beynəlxalq konvensiyalara qoşulması, azsaylı xalqların ictimai birlikləri barədə ətraflı məlumat vermiş, xalqımızın öz tarixi ənənəsinə sadiq qalaraq milli azlıqlara və onların hüquqlarına daim hörmətlə yanaşmasını qeyd etmişdir.

Azərbaycanda milli azlıqların hüquqlarının etibarlı müdafiə edilməsinin şahidi olduqlarını bildirən nümayəndə heyətinin başçısı Asbyorn Eyde (Norveç) bu sahədə qanunvericiliyimizin təkmilləşdirilməsini razılıqla vurğulamış, əhalinin hüquqi maarifləndirilməsi üzrə aparılan iş yüksək qiymətləndirilmiş, Milli Azlıqların Müdafiəsi Haqqında Çərçivə Konvensiyası müddəalarının həyata keçirilməsi məsələlərinə toxunmuşdur. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub