Modern.az

Gömrükçülər 13 narkoqrup zərərsizləşdirib

Gömrükçülər 13 narkoqrup zərərsizləşdirib

Ölkə

27 Yanvar 2010, 17:56

Azərbaycan Respublikası gömrük orqanları 2009-cu ildə 3005 hüquqpozma faktı aşkar ediblər. Bu faktlardan 162-i cinayət xarakterli faktlar olmuş və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər predmetlərin dəyəri 688 min 686 manat təşkil edib. Cinayət əməllərinin törədilməsində təqsirli bilinən 160 nəfərin cinayət təqibi üzrə müvafiq tədbirlər görülüb. Modern.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin məlumatına görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 65 fakt aşkar olunub. Bu faktlar üzrə 319 kq 907 qram narkotik, o cümlədən 208 kq 825 qram həşiş, 61 kq 870 qram heroin, 48 kq 885 qram tiryək, 326,92 qram marixuana, 1 kq 982 qram psixotrop maddə (ampul, kapsul və həb şəklində), 1,65 qram metadon, 10,819 qram metamfetamin maddəsi tutulub. Bu faktlar üzrə 66 nəfəri kişi, 15 nəfəri qadın olmaqla ümumilikdə 81 nəfər məsuliyyətə cəlb olunub.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar tutulan şəxslərin 39-u Azərbaycan, 17-si İran, 7-si Pakistan, 6-sı Rusiya, 4-ü Özbəkistan, 2-si Nigeriya, 2-si Türkiyə, 1-i Gürcüstan, 1-i Hindistan, 1-i Litva, 1-i Kamboca vətəndaşı olub.

2009-cu ildə aşkar olunmuş faktların və əməliyyat məlumatlarının təhlili narkoqaçaqmalçıların ən çox İran-Azərbaycan-Rusiya və İran-Azərbaycan-Çin marşrutundan istifadəyə cəhd göstərdiklərini təsdiq edir.

Aşkar olunmuş faktların təhlili son illər mütəşəkkil cinayətkar dəstələr tərəfindən törədilən narkoqaçaqmalçılıq hallarının çoxaldığını göstərir. Belə ki, 2009-cu ildə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 13 mütəşəkkil cinayətkar dəstə və narkoqrup aşkar olunaraq zərərsizləşdirilib.

2009-cu il ərzində aşkar olunmuş 2843 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 596 hüquqi şəxs (o cümlədən 150 xarici hüquqi şəxs) və 2238 fiziki şəxs (o cümlədən 887 xarici) inzibati məsuliyyətə cəlb edilib. Göstərilən şəxslərə qarşı 1 milyon 790 min manatdan çox cərimə, 750 min 215 manat dəyərində müsadirə tətbiq olunub.

Valyuta qanunvericiliyinin pozulmasına qarşı gömrük orqanları tərəfindən görülən tədbirlər nəticəsində 2009-cu ildə hüquqpozma predmeti kimi külçə və zinət əşyaları şəklində 3 kq 721 qram qızıl, 313 ədəd gümüş əşyalar, 236 000 ABŞ dolları tutulub.

Aksiz markasız  və ya digər qanunsuz yollarla keçirilməsinə cəhd göstərilən 1 milyon 640 min ədəddən çox xaricdə istehsal olunan siqaret, 113 litr spirt, 9480 ədəd spirtli içki saxlanılıb.

Mədəni sərvətlərin qanusuz yolla ölkədən çıxarılmasının qarşısının alınması sahəsində həyata keçirilən tədbirlər nəticəsində mədəni və tarixi əhəmiyyət kəsb edən 5 ədəd mətbəx əşyaları və 1 ədəd fiqur hüquqpozma predmeti kimi götürülüb.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində aşkar olunmuş 1 fakt üzrə 43 kq 118 qram zəhərli maddə olan civə qanunsuz dövriyyədən götürülüb və toplanmış materiallar istintaq aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Bundan əlavə gömrük orqanları tərəfindən hüquqpozma predmeti kimi 1 ədəd "QLOK-19" tipli tapança və onun 31 ədəd 9 mm-lik patronu, 45 ədəd patron, 2 ədəd hərbi təyinatlı radiostansiya, 1334 ədəd mobil telefon, 1038 ədəd dini məzmunlu kitab, 6695 ədəd DVD disklər, 14 kq qara kürü, 500 litr neft məhsulu, 13,8 kq Ermənistan istehsalı olan və orqanizm üçün zərərli sayılan qəhvə tutularaq barələrində müvafiq tədbir görülüb.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir