Modern.az

Müharibədən qayıdan jurnalist: “Tarix gözlərim önündə yazıldı” - FOTOLAR

Müharibədən qayıdan jurnalist: “Tarix gözlərim önündə yazıldı” - FOTOLAR

Media

26 Yanvar 2021, 11:26

44 günlük Vətən müharibəsində 30-a yaxın jurnalist də döyüşçü kimi iştirak etdi... Onlardan biri də "Baku TV"nin əməkdaşı Yelmar Məmmədlidir. Həmkarımız müharibə xatirələrini Modern.az-la bölüşüb.


“Bizim hərbi hissə Fizuli istiqamətində döyüşürdü”

- Tovuz hadisələrindən sonra mən də bir Azərbaycan övladı kimi cənab Ali Baş Komandanın çağırışına qoşularaq, səfərbərlik xidmətində könüllü olaraq qeydiyyatdan keçdim. 2020-ci il sentyabrın 21-də təlimlərə cəlb olundum. 6 günlük təlimlərdən sonra sentyabrın 27-də bizim hərbi hissə Fizuli istiqamətində döyüşlərə qatıldı. Dekabrın 27-də isə ən son cəmlənmə məntəqəmiz olan Cəbrayıl rayonundan tərxis olundum.


“Tarix gözlərimiz önündə yazıldı”
 

- Ümumiyyətlə, cəbhə həyatının hər dəqiqəsi, saatı, günü heç vaxt unutmayacağımız bir xatirə kimi bizim ömrümüzə həkk olundu. Tarix bizim gözlərimiz önündə yazıldı.

Təsəvvür edin, gecənin bir yarısı - saat 3-4-də artilleriya silahlarının səsindən yer-göy lərzəyə gəlir və bu səsdən necə dik atılırsan. O səs bizə toy-bayram səsi kimi gəlirdi, biz hər atılan mərmidən sonra “daha birini də atın!” deyə qışqırıb sevinirdik. Bu zaman keçirdiyimiz qürur, sevinc hisslərini ifadə etmək çətindi. Biz tərəfdə qürur hissi keçirməyimizə səbəb olan top səsi, mərmi atışı, düşünün ki, düşmən tərəfdə necə qorxuya, panikaya səbəb olurdu. Bir zamanlar paradlarda, hərbi təlimlərdə izlədiyimiz bu texnikaların indi düşmənin başını əzməsini görmək, yeri-göyü titrədən səsin bizi böyük məqsədimizə tezliklə çatdıracağını bilmək... Biz bunları yaşadıq.



“Müharibənin başlayacağını anlamışdım"


- Jurnalist fəaliyyətimdə daha çox siyasi, hərbi mövzularla maraqlanmışam, süjetlər hazırlamışam. Bu baxımdan Ermənistan tərəfinin ard-arda törətdiyi təxribatlar, hərbi hərəkətlilik, bunun nəticəsində artan hərbi ritorika fonunda mən müharibənin başlayacağını başa düşürdüm. Evdə ailəmlə və yaxud dostlarımla söhbətləşəndə “tezliklə öz haqqımız olanı geri qaytaracağıq” deyirdim. Dostlarımla görüşəndə elə hey arzu edirdik ki, kaş biz də müharibədə iştirak edək.

Günlərin bir günü sentyabr ayının 21-i səhər saat 7-də qapımız döyülüb  təlimlərə cəlb olunmağım barədə məlumat veriləndə, mən artıq həmin anın çatdığını bildim. Evdəkilərə heç narahat olmamalarını, hər şeyin tezliklə yaxşılığa doğru dəyişəcəyini deyib, səfərbərlik xidmətinə yollandım. Bu arada könüllü qeydiyyatdan keçdiyimi də ailəmə deməmişdim. İdarədə olarkən yaxınlarla, dostlarla görüşüb sağollaşmağa imkan olmadığından telefonla zəng vurub halallıq aldım, sağollaşdım. Onlar isə mənə get, İnşallah arxanca biz də gəlirik dedilər.

Cəbhədə olduğum günlərdə isə ümumiyyətlə ailəmə hər şeyin qaydasında olduğunu, tez biz zamanda alnıaçıq, üzüağ geri qayıdacağımızı deyirdim. Şükür ki, belə də oldu.


“Dostum şəhid oldu”


- Təlimlərə qonşumuz, dostum Samir Əhməd oğlu Xəlili ilə getmişdim. Təlim günlərində bir yerdə idik. Müharibə başlayanda isə ayrı-ayrı bölmələrin tərkibində Fizuli istiqamətində gedən döyüşlərə qoşulduq. Samir müharibənin 4-cü günü - sentyabrın 30-da qəhrəmancasına şəhid oldu. Orada olduğum müddətdə Samir haqqında heç bir məlumat ala bilmirdim. Pis olmayım deyə, evdən də məndən gizlətmişdilər. Və nəhayət tərxis olunub evə qayıdanda Samirin - mənim əziz dostumun o yüksək zirvəyə çatdığını bildim.



“Çox istərdim ki, sənədli filmlər hazırlayım”


- Sözün düzü hələ cəbhədə yaşadıqlarımı yazmağı düşünməmişəm. O günlər bir yuxu kimi gəlir mənə. Həsrətində olduğumuz torpaqlar, orada keçirdiyimiz günlər, dostlarım, hərbi hissəmizdən olan şəhidlər, qazilər, onların göstərdikləri qəhrəmanlıqlar, eşitdiklərim, gördüklərim - bunlar hər biri yaddaşımda silinməz izlər buraxıb. Əlbəttə, çox istərdim ki, gələcəkdə zabitlərimizin, əsgərlərimizin müsahibələrindən, yaşadıqlarımızdan ibarət sənədli filmlər hazırlayım.


“Çox istəyirdim ki, həmin anları videokameraya çəkim”

- Təsəvvür edin, bir jurnalist kimi gözünün qarşısında tarix yazılır. Qəhrəmanlıqlar görüb, qəhrəmanlar tanıyırsan. Real döyüş səhnələri baş verir. O torpaqlara hələ heç kimin, heç bir jurnalistin ayağı dəyməmiş, mən artıq oradayam. Çox istəyirsən ki, həmin dəqiqə əlində mikrafon, bir də videokamera olsun. Və ilk olaraq sən qışqıra-qışqıra aləmə car çəkəsən ki, ordumuz müqəddəs borcunu yerinə yetirir, doğma Qarabağımızı geri qaytarır. Bundan əvvəl dediyim artilleriya silahlarının, hərbi texnikaların möhtəşəm səsini, əsgərlərin sevincini, xalqımızın igid övladlarını hamısını xalqa ilk sən çatdırasan, tanıtdırasan. Lakin sonra başa düşürsən ki, müharibənin öz qanunları var və sənin burada missiyan, məsuliyyətin tamam fərqli və daha böyükdür.



“Ailəm üçün darıxırdım”

- Qayıdanda dostlarım, iş yoldaşlarım, həmkarlarım məni bayraqlarla qarşılamağa gəlmişdilər. Evdəkilərə isə gələcəyim barədə heç bir məlumat verməmişdim. Həyətə daxil olanda maşınların siqnalından, bayraqlardan, səs-küydən ailəm, qonşularımız gəldiyimi bilmişdi. Şükür qovuşdurana. Anamın, atamın, bacı-qardaşımın o həsrətlə qucaqlamaları, kövrəlmələri gözümdə canlanır. Cəbhədə olanda ən çox ailəm üçün darıxırdım. Bacardıqca zəng vururdum. Bacımın, qardaşımın uşalarının səsini eşitmək istəyirdim. Bilirdim ki, doğmalarım məndən nigarandılar.


“Müharibəyə ilk gündən son günədək şahidlik etdim”

- Son olaraq onu demək istəyirəm ki, mənim qismətimdə əldə mikrafon müharibənin informasiya cəbhəsində iştirak etmək də ola bilərdi. Mən eşitdiklərimi, aldığım müsahibələri, oğullarımızın yazdığı tarixi elə onların dilindən xalqımıza çatdıra bilərdim. Amma taleyimdən çox-çox razıyam ki, mənə ələ silah alıb, bu şanlı tarixin yazılmasında birbaşa iştirak etmək, bu qələbəni birbaşa müharibəyə qoşulmuş əsgər kimi yaşamaq qismət oldu. Çox sevinirəm ki, müharibə başlayandan sonra yox, müharibədən 6 gün əvvəl bu tarixi prosesə cəlb olundum, ilk günündən son gününədək bütün anları yaşadım. Xoşbəxtəm ki, ümumilikdə 100 günə yaxın Qarabağda oldum. Fizuli, Cəbrayıl, Xocavənd, Şuşa, Xocalı kimi torpaqlarımıza 27-28 il sonra ilk dəfə ayaq basdım. Elimin-obamın, ailəmin, bütövlükdə mənə inananların başını uca elədim.


Mehri QURBAN

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar