Modern.az

Azərbaycan muğamlarının fəlsəfəsi miniatürlərdə - III

Azərbaycan muğamlarının fəlsəfəsi miniatürlərdə - III

Mədəni̇yyət

14 Fevral 2021, 18:56

Buludxan Xəlilov,
 filologiya üzrə elmlər doktoru, professor


(əvvəli burada)


Fəxrəddin Əlinin bir rəssam kimi muğam barədə öz intusiyaları vardır. O, intusiyasını əsaslı etmək işində rahatlıqla söz demək üçün, daha doğrusu, miniatürlərini nümayiş etdirmək üçün muğamın geneologiyası ilə bağlı araşdırmaya xüsusi önəm verir. Yenə də muğamın geneologiya ağacını, deyərdim ki, nəzəriyyəsini əsaslı hesab edərək, məhz Tariyel Azərtürkün “Muğamın geneologiyası ağacı”ndan bir rəssam kimi elmi-nəzəri və mənəvi cəhətdən qidalanır. Və yeri gəlmişkən Tariyel Azərtürkün bu fikri bir çox qaranlıq məqamlara aydınlıq gətirir və kökü şumerdən gələn muğamın geneologiyası barədə yazır: “...kökdə Cıqqır At məbədindən başlayan ulu Azərbaycan muğamı durur. Babilan Mesopotamiyasında ərsəyə gəlib, Arran Mesopotamiyasında (Qarabağda) və Azərbaycan Şirvanında öz apogeyinə çatmış muğam musiqisi özünü əsaslandıran metamusiqidir. Bu mənada muğamı “Ana musiqi” adlandıranlar yalnız həqiqəti demiş olurlar. Lakin bu ideyanı söyləyənlər muğamın Ana musiqi funksiyasının, bəlkə də, təkcə Azərbaycan musiqisinə aid olduğunu deyirlər. Doğrudan da, Azərbaycan bayatıları, layla, ağı, mahnı, kantata, xor, konsert, digər növ musiqi əsərləri, hətta simfoniyaları belə – hər şey muğam ladları çərçivəsində yaranır. Muğamdan kənarda Azərbaycan musiqisi yoxdur. Çünki onun ən azı 7 min illik yaşı var. Ataerkil xalqın ataerkil musiqisidir muğam – qocaldıqca cavanlaşır”. (bax: Yenə orada. s.20) Tariyel Azərtürkün yaratdığı muğamın geneologiya ağacı belədir:

                                    

Tariyel Azərtürk Şərq xalqları musiqisindəki melodiya, ritm, temp, dinamika, harmoniya və s. oxşarlıqların ümumi köklərini axtarır, belə bir qənaətə gəlir: “Muğam təkcə Azərbaycan musiqisi üçün deyil, həm də bütün Şərq və bəzi Qərb xalqlarının musiqisi üçün də Ana musiqi sayılmalıdır. Bütün dediyimiz oxşarlıqlar ona görədir ki, onlar öz köklərini nə vaxtsa ümumi olmuş çox yüksək bir sivilizasiyadan alıblar. Ona görə də Muğamın geneologiya ağacı bizi təəccübdə buxovlamamalıdır.

Türk, hind, ərəb, yəhudi, yunan, fars xalqlarının musiqisinin eyni kökdən olduğuna şübhə edən azdır. Burada beyinləri bir sual məşğul edib həmişə: bu heksaqonun kökündə kim durur? Mixi yazılı faktiki materiallar sübut edir ki, Azərbaycan (türk) – muğam homoloji xromosomu – muğam heksaqonunun əsas yaradıcı genidir”. (bax: Yenə orada. s.21)

 

Tariyel Azərtürk muğamın geneologiya ağacına yəhudi, yunan, ispan flamenqo rəqs musiqisini də daxil etməyi məqbul sayır. O, muğamı bizim genetik kodumuz hesab edir.

Fəxrəddin Əli öz miniatürlərini nümayiş etdirmək üçün muğamlar barədə insanı düşündürən bir çox məsələləri dəfələrlə öyrənib, mənimsəyib və sonra rəssam qənaətini ortalığa qoyub. Məsələn, o, Tariyel Azərtürkün aşağıdakı fikirlərini öyrənib və mənimsəyibdir:

  • “Səmayi – Şəms” Günəş səthində baş verən partayışların, maqnit qasırğalarının Yerdə muğam səsi ilə ifadəsidir”.
  • “Azərbaycan muğam ifaçılarının mütləq atributu sayılan Azərbaycan dəfi Günəş Allahının Yerdəki mikromodelidir - əsl Günəş simasıdır – Simayi-Şəmsdir”.
  • “Niyə dəf muğam oxunan zaman çox vaxt qaldırılıb gah sağ, gah sol üzə tutulur? Muğam göy qübbəsindən endikcə onu daima öz işığna-şəfəqinə boyayıb mixi yazılarda Şəməş adlandırılan Şəms”.

 

  • “Kim bilir, bəlkə, hələ yerdən qaldırılmamış, yaxud qaya səthində aşkar edilməmiş, Babilanda aşkarlanmış muğam şəhadətnaməsi Aran (Azərbaycan) Mesopotomiyasında – Qarabağda da mövcuddur? Niyə Dəclə və Fərat düzənliyindən tapılmış və əlimizdə tutarlı yazılı sənəd ola-ola, biz belə bir sənədin Kür-Araz düzənliyində də mövcud ola biləcəyi fikrini ortaya atırıq? Çünki onlar, yəni Muğam və Qarabağ bir-birindən ayrılmaz bir vahidin (hər halda, son min ildə) iki tərkib hissəsidir”.
  • “...Qara və ya Kara, siyahdan əlavə, həm də qədim türk dilində quru, torpaq, kontinent, materik deməkdir. “Karaya ayak basdım” deyəndə Anadolu türkü “torpağa ayaq basmağ”ı, “gəmidən enib quruya, materikə ayaq basmağ”ı nəzərdə tutur. Anadolu türklərində belə bir atalar sözü də var: “Karada (quruda) kaplan, dənizdə aslan”. Vaxtilə üç qitədə imperiyasını qurmuş Osmanlı türklərinin şərəfinə deyilmiş metaforadır, yəqin. “Qura” sözünə, dediyimiz anlamda, Səməd Vurğun poeziyasında – onun “Qafqaz” (1928) əsərində də rast gəlinir:

“Bilsin axtaranım, tanışım, dostum,

Eşitsin dənizlər, qaralar məni”.

... Odur ki, “Qara” və ya “Kara” – quru, torpaq; “Bağ” – bağ, üzümlük, bağ, vətər-anatomik termin kimi, əlaqə, sarğı kimi anlamlarda işlənir. ...Ona görə də regionun adı Bağ Torpaq, yaxud Bağlar məkanı, obrazlı desək, Cənnət torpaq, Cənnət yer, Cənnətməkan adlanır”.

  • Səhv olaraq müasir avropa lütü adlandırılan musiqi aləti (“uzunqollu lüt”) qədim tardan törəmişdir.

 

Yəni müasir avropa lütünün də, tarın da kökü eynidir. Hər iksinin kökü qədim tardır.

  • 8 min il öncəki piktoqramda (şəkil-yazıda) zurnaya və ondan törəmiş mixi yazı işarələrinə rast gəlinir.

 

Fəxrəddin Əlinin “Azərbaycan muğamı miniatürlərdə” kitabında Azərbaycan türklərindən olan iki istedadlı musiqiçi barədə də məlumat verilir. Onlardan biri Səfiəddin Urməvi, digəri isə Əbdülqədir Marağayidir. Fəxrəddin Əli hər iki istedadlı musiqiçinin miniatürünü orijinal şəkildə nümayiş etdirir. Bununla da Fəxrəddin Əli bir rəssam kimi öz istedadını da və istedadının səviyyəsini də təqdim etməyi bacarır. Zövqü oxşayan hər iki istedadlı musiqiçinin miniatüründə rənglərin harmoniyasını, əlaqəsini, vəhdətini, bir-birini tamamlamasını, bir-birini görünüş və görkəmə çıxarmasını görməmək mümkün deyil. Hər iki musiqiçinin yaşadığı dövrə, mühitə baş vurmaq və oradakı reallıqları dərk edərək, mənimsəyərək, əxz edərək hər bir miniatürün özəlliyini yaşatmaq istedad, zəhmət tələb edən bir işdir. Fəxrəddin Əli də öz istedadı və zəhməti ilə bu miniatürlər vasitəsilə də öz sözünü orijinallıq baxımından yüksək səviyyəyə qaldırmışdır.

Fəxrəddin Əlinin “Azərbaycan muğamı miniatürlərdə” kitabında klassik muğam, onların süjet xətti və hər bir muğamın şöbələri süjet xəttinə uyğun olaraq tablolarda, miniatürlərdə nümayiş olunur. Gərgin zəhmət, diqqət tələb edən bu miniatürlərdə “Şur”, “Rast”, “Segah”, “Çahargah”, “Mahur-hindi”, “Şüştər”, “Humayın” muğamları və onların şöbələri rəsmlərdə öz əksini tapır. Miniatürlər, rəsmlər olduqca təsirli, canlı və diqqəti cəlb edəndir. Əslində Fəxrəddin Əlinin bu kitabı muğamı miniatürlər vasitəsilə öyrətməklə bağlı ilk mənbədir. Oxucu bu miniatürlərə bir-bir baxmaqla muğamlarımızda və onun şöbələrində olan süjet xətlərini, incəlikləri dərindən mənimsəyə biləcəklər. Bizim hər birimiz muğamlarımızı dinləyirik, muğamlarımıza qulaq asırıq və qulaq yaddaşı ilə muğamlarımızı mənimsəyirik. Muğamlarımız bu yolla bizim hər birimizi kamilləşdirir. Ancaq miniatürlər əsasında muğamlarımızı öyrənmək, bu yolla kamilləşmək ilk təcrübədir, ilk işdir. Bu mənada Fəxrəddin Əli öz işi ilə (kitabı ilə) muğamı bir pedaqoq kimi öyrətməyə çalışır. Muğamı öyrədən bir pedaqoq rolunda çıxış edir. İnanırıq ki, muğmşünaslar da, muğam ifaçıları da “Azərbaycan muğamı miniatürlərdə” kitabından əxz edəcəkləri az olmayacaqdır. Məsələn, Fəxrəddin Əli miniatürlərdə muğamları və onun şöbələrini əks etdirməklə muğamşünasları da, muğam ifaçılarını da məsuliyyətli olmağa, muğamın bütün incəliklərini dərindən öyrənməyə dəvət edir. Fəxrəddin Əlinin miniatürlərində muğamların süjet xətti aydın, anlaşıqlı bir formada öz ifadəsini tapır. Bu, göz yaddaşı ilə muğamı və onun fəlsəfəsini öyrədə bilir. Hər şeydən əvvəl, Fəxrəddin Əli muğamların fəlsəfəsini miniatrülərdə elə açır ki, miniatürlərə baxan hər kəs muğamın musiqi mədəniyyəti tarixində oynadığı kök rolunu əyani şəkildə görə bilər.

Fəxrəddin Əlinin miniatürlərində muğamın fəlsəfəsinin açımına önəm verildiyini xüsusi olaraq qeyd etmək istəyirik. Muğamın bu cür açımı, məhz fəlsəfi mahiyyətinin açımı muğamı asan bir yolla öyrətmək deməkdir. Bəlkə də çoxları, o cümlədən muğam ifaçıları muğam adlarının hansı məna daşıdığını, onun şöbələrinin adlarını və mənasını, şöbələrin sistemli ardıcıllığını o dərəcədə də bilmirlər. Bu mənada Fəxrəddin Əli miniatürünü çəkdiyi muğamlar və muğam adlarının mənasına, süjet xəttinə uyğun gələn rəsmləri ilə əyaniliyi daha da güclü edir. Məsələn, “Şur”un qədim adı “Busəlik”dir. “Şur”un “məhəbbət”, “şan-şöhrət”, “səs-küy”, “tərəddüd” mənalarını bildirir. “Şur”un bu mənaları bildirdiyi həm “şur” muğamına, həm də onun şöbələrinə çəkilmiş rəsmlərdə açıqlanır. Hər bir rəsmin əvvəlində açıqlama, izah verilir. O cümlədən “Şur”un rəsmi ilə bağlı açıqlamada yazılır: “Ala çadırların arasında şan-şöhrət sahibi kimi, düz qamətlə oturmuş şah və ya sərkərdə el-obaya olan məhəbbətə görə düşmənə sinə gərmək üçün döyüşqabağı düşüncəyə qərq olmuş vəziyyətdə təsvir edilmişdir. Düşmən ordusunun döyüşqabağı yaratmış olduğu səs-küy onun döyüşə necə başlayacağını götür-qoy etməsini ciddi şəkildə tələb etdiyi üçün o, düşüncə içindədir”. (bax: Yenə orada. s.34)

Fəxrəddin Əli “Şur” muğamının “Bərdaşt”, “Mayə”, “Şur-Şahnaz”, “Bayatı-Türk”, “Şikəstə” və ya “Şəikəsteyi-fars”, “Nişibu Fəraz”, “Əşiran”, “Səmayi-Şəms”, “Sərənc”, “Qəməngiz”, “Ayaq” şöbələrinin adlarını izah edir, hər birinin məzmununa, süjetinə uyğun rəsmlər çəkir. Və bu rəsmlər vasitəsilə “şur” muğamının şöbələrinin əsas qayəsi, mənası öyrədilir. Məsələn, “Bərdaşt”ın intonasiyaları, melodik quruluşun inkişaf xətti çağırış nidaları altında qurulub”. “Şur”un “Mayə”sində ölkədə baş verən hadisələri əyanlar sakit tərzdə, təmkinlə şaha söyləyirlər”. “Şur-Şahnaz” isə “şur” üstündə olan “Şahnaz” deməkdir. “Şahnaz” sözü şahın nazını çəkmək, onu əyləndirmək mənasına uyğun gəlir” və s.

Fəxrəddin Əlinin miniatürlərində muğamlarımızın həyatla, məişətlə bağlılığını əks etdirən məqamlar saysız qədərdir. Məsələn, “Rast” muğamının “Novruz-Rəvəndi” şöbəsi “baharın gəlişi” mənasındadır. “Segah” muğamının “Muyə” şöbəsi “qəm-qüssə”, “kədər”, “nalə” mənasında olmaqla gənclərin məhəbbət alovu ilə yanan qəlblərinin qəm-qüssəsini əks etdirir.

Fəxrəddin Əlinin miniatürlərindən insanın yaranışı, həyatı, fəaliyyəti, ətrafdakılara münasibəti barədə çoxlu informasiyalar almaq mümkündür. Məsələn, “Mahur-Hindi” dəstəgahı barədə oxuyuruq: “Mahur-Hindi” dəstəgahına “Mahur” da deyilir. “Mahur” insanın öz yaranışı haqqında qoşduğu himndir. Bu dastanda insan musiqi dili ilə öz yaranışını vəsf edir”. (bax: Yenə orada. s.142)

 

Fəxrəddin Əli “Mahur-Hindi” dəstəgahının “Bərdaşt” şöbəsini miniatürdə elə əks etdirir ki, göylə yerin ayrılması və Yer kürəsində həyat üçün münbit şəraitin yaranması öz əksini inandırıcı şəkildə göstərir.

 

“Maye” şöbəsində insanın Allah tərəfindən gildən yaradılması, eyni zamanda Adəmin Uca Tanrıya tək-tənha olmaması barədə müraciəti, Adəmin qabırğasından Həvvanın yaranışı və Yer üzündə insan həyatının təməlinin qoyulması rəsm vasitəsilə səhnələşdirilir.

 

“Üşşaq” şöbəsində Adəm və Həvvanın dünyaya övlad gətirmələri, sevinc dolu həyatları canlı bir tablodur.

 

“Hüseyni” şöbəsində insan Allaha öz minnətdarlığını bildirmək üçün “Allah evi”nin tikilməsini həyata keçirir ki, bu da inandırıcı bir səhnə kimi əks olunur.

 

“Vilayəti” şöbəsində Adəm və Həvvadan olan oğul, uşaq, nəvə, nəticə və kötükcələrin yaşamaq üçün özlərinə Yer üzündə yeni torpaqlar, məskənlər axtararaq qəbilə, tayfa şəklində məskunlaşmaları miniatürdə az qala dil açır, dillənir.

 

“Şikəstə” şöbəsində “Şikəstə”nin muğama aşıq yaradıcılığından gəldiyini bir ozanın əlində saz tutması ilə tabloya çəkmişdir.

 

“Mübərriqə” şöbəsində mifoloji və şumer mətnlərində “həyat ağacı”nı əlində tutaraq irəliləyən bir kişi ildırımın işığında insanları öz doğma vətəninə çağırır ki, bu da vətənə dönüşə, qayıdışa səsləyən tablo kimi diqqəti cəlb edir.

 

“Əraq” şöbəsində böyük dağıntılardan, təlatümlərdən sonra qəmli, fikirli bir sarbançı öz ailəsini dəvə ilə sakit yerə aparmaq məcburiyyətində olduğu təsvir olunur. Bir daha aydın olur ki, “Əraq”ın mənası indiki İraq ölkəsi deməkdir. Bu ölkə Şumer dövündə ilk sivilizasiyanın mərkəzi olmuşdur.

 

“Qərayi” şöbəsində (müəllifin fikrincə, həm də Gərayi, Gəraylı) narahat, gərgin olan insan vətənə qayıtmaq üçün öz istəyini, duyğularını dinamik bir şəkildə təcəssüm etdirir ki, bu da “Mahur-Hindi”nin ən yüksək, kulminasiya pərdəsi kimi rəssam tərəfindən insanın əhvalına təsirediciliyi ilə nümayiş olunur.

 

“Ayaq” şöbəsində insanların sakit həyat tərzinə qayıtması, qürbət görmüş bir qrup insanın yenidən vətənə dönməsi rəsmdə, tabloda həm də bir bayatı ilə də ifadə olunur:


Əzizim, vətən yaxşı

Geyməyə kəta yaxşı

Gəzməyə qərib ölkə

Ölməyə vətən yaxşı.


Fəxrəddin Əlinin muğamlarımıza çəkdiyi miniatürlərdən şəhərlər, vilayətlər, ölkələr, xalqlar, təriqətlər, dünyagörüşlər, inam və etiqadlar, müxtəlif mövzular (dini, əxlaqi, maddi, mənəvi və s.) barədə məlumatları da öyrənmək mümkündür.

Muğam bəşəriyyətin musiqisinin kökündə dayanmaqla insan yarandığı gündən onu müşayiət edib, onunla birgə addımlayıb, bəşəriyyət özü zənginləşdiyi kimi, o da zənginləşib, yeniləşib, ancaq özülünü, təməlini, əsasını qoruyub saxlayıbdır. O, xalqın öz genetik kodu ilə bağlı olduğundan onun ətrafInda insanlar kamilləşmək istəyi ilə dünya durduqca birləşəcək, mənəvi bir tələbat kimi ona ehtiyac hiss edəcəklər. Bəxtiyar Vahabzadənin sözləri ilə desək:

Daş ürəklərdə yanıb daşları sındırdı muğam,

Haqqa düşmən olanı haqqa tanıtdırdı muğam.

 

Nə güman eyləmisən ondakı tilsimləri sən?

“Kürü ahıyla qurutdu”, “Salı yandırdı” muğam.

 

Onun hər guşəsi bir xatirə, bir canlı kitab,

Keçilən yolları hərdən bizə andırdı muğam.

 

Su çilər kinli ürəklərdə qəzəb tonqalına,

Neçə qəsdin önünü kəsdi, dayandırdı muğam.

 

O, ürək yanğısı, göz yaşları, bir çəngə bulud,

Oyadıb yaddaşı, vicdanı utandırdı muğam.

 

Dəfn edin siz məni Zabul segahın mayəsinə,

Deyirəm, bəlkə məni bir gün oyandırdı muğam.

 

Çox kiatblar oxudum, zənn elədim, bəxtiyaram,

Mənə çox mətləbi ahəstəcə qandırdı muğam.

 

Fəxrəddin Əlinin “Azərbaycan muğamı miniatürlərdə” kitabı muğam sənətinə ən qiymətli hədiyyədir. İnanırıq ki, yaxın gələcəkdə Fəxrəddin Əli digər muğamlarımızı da bu cür miniatürlərə çəkəcək qədirbilən oxuculara təqdim edəcəkdir.

 

23.07.2015-ci il

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir