Modern.az

Əhalinin 2,8 milyon nəfəri 14-29 yaşındakı gənclərdir

Əhalinin 2,8 milyon nəfəri 14-29 yaşındakı gənclərdir

Ölkə

1 Fevral 2010, 14:49

2 fevral Azərbaycanda Gənclər günüdür. Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, 2010-cu ilin əvvəlinə ölkə əhalisinin 2,8 milyon nəfərini və ya 31 faizini 14-29 yaşında olan gənclər təşkil edir. Onların 49 faizi kişilər, 51 faizi isə qadınlardır. Son 5 ildə gənc analar tərəfindən doğulan uşaqların sayı təxminən 9 faiz artıb və bütövlükdə doğulan körpələrin 82,3 faizi gənc ailələrdə dünyaya göz açıb.

 

2009-cu ildə ölkədə nikaha daxil olanların 75,1 faizini gənclər təşkil edib və son beş ildə nikah bağlayan gənclərin sayı 12 faiz artıb. Ölkə üzrə ilk dəfə nikaha daxil olan kişilərin orta yaşı 27, qadınların orta yaşı isə 23-dür. 2009-cu ildə erkən nikaha (18 yaşa qədər) daxil olan qadınların sayı əvvəlki ilə nisbətən 10,4 faiz artaraq 6,9 faizə çatıb. Ağsu, Şamaxı, Qəbələ, Göyçay, Hacıqabul, Siyəzən, Quba, Zərdab, Masallı rayonlarında erkən yaşda nikaha daxil olan qadınların sayı digər rayonlara nisbətən daha çoxdur. Boşananların arasında gənclərin xüsusi çəkisi 22,6 faizdir. Ötən il bütün beynəlxalq yarışlarda gənc idmançılarımız tərəfindən 619, o cümlədən 249 qızıl, 176 gümüş, 194 bürünc medal qazanılıb ki, onlardan da 174-ü olimpiya idman növləri üzrə olan medallardır. Dövlət Statistika Komitəsi tərəfindən aparılan statistik müayinələrin nəticələrinə görə, bu gün gənclərin 93 faizi öz sağlamlığını yaxşı qiymətləndirir.

Gənclərin təhsil səviyyəsi də ilbəil artır. Cari tədris ilinin əvvəlinə Azərbaycanda 53 min tələbənin orta ixtisas təhsili aldığı 58 dövlət və 4 qeyri-dövlət orta ixtisas təhsil müəssisəsi və tələbələrinin sayı 138 min nəfər olan 37 dövlət və 16 qeyri-dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərir.

Son 5 ildə orta ixtisas təhsil müəssisələrində təqaüdlərin məbləği 7 dəfə, ali təhsil müəssisələrində isə bakalavr və magistrlərin təqaüdləri müvafiq olaraq 6 və 5 dəfə artırılıb.

Xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan Azərbaycan gənclərinin sayı da ilbəil artır. Son 5 ildə dövlət xətti ilə xaricdə oxuyan azərbaycanlı tələbələrin sayı 2 dəfə artaraq 2081-ə çatıb. Onlardan 57 faizi Bakı şəhərinin orta məktəblərinin, 43 faizi isə digər şəhər və rayonların orta məktəblərinin məzunlarıdır.

Ölkənin elmi potensialında gənclərin sayında da artım müşahidə olunur. Hazırda elmi müəssisələrdəki tədqiqatçıların 18 faizini gənclər təşkil edir.

Azərbaycanda narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi və gənclərin idmanla məşğul olması üçün hərtərəfli şərait yaradılması, sağlam həyat tərzinin geniş təbliği nəticəsində narkotiklərlə bağlı cinayətlərdə iştirak etmiş gənclərin sayı azalıb və bu göstərici 2004-cü ildəki 25,8 faizdən 2009-cu ildə 23,5 faizə enib.

  

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir