Modern.az

Azərbaycanlıların Türkiyədə pulsuz oxuması məsələsi Bakıda müzakirə ediləcək

Azərbaycanlıların Türkiyədə pulsuz oxuması məsələsi Bakıda müzakirə ediləcək

Ölkə

30 Avqust 2012, 18:23

Türkiyədə baş nazirin müavini Bülənt Arınç 2012-2013-cü təhsil ilində universitetlərə qəbul olan tələbələrin pulsuz oxuyacaqları barədə məlumat verdi və bu barədə sərəncam imzalandı. Bununla da 2012-2013-cü ildə ilk dəfə ali təhsil alan və distant təhsil alan tələbələr universitetlərdə ödəniş etməyəcəklər. Bundan əlavə, qanunda bildirilir ki, “Dövlətlərarası qarşılıqlı anlaşma çərçivəsində, Türkiyə universitetlərinə xarici ölkələrdən qəbul edilən tələbələrdən də ödəniş tələb olunmayacaq”.

Bəs bu qanun azərbaycanlılara necə şamil olunacaq?

Təhsil Nazirliyinin Xarici əlaqələr, informasiya və koordinasiya şöbəsinin müdiri Tamilla Əliyeva Modern.az-a açıqlamasında bildirib ki, bu haqda məlumatı ancaq saytlardan oxuyub. Onun sözlərinə görə, həmin qanun layihəsində bu necə və hansı tələbələrə şamil olunacağı bilinmir.

T. Əliyeva qeyd edib ki, Türkiyə hökuməti nümayəndələrinin yaxın vaxtlarda Azərbaycana gəlişi gözlənilir:

“Elə həmin vaxt bu məsələlər müzakirə olunacaq və iki dövlət arasında tələbə mübadiləsi ilə bağlı qarşılıqlı anlaşmalar olacaq”.
O, qeyd edib ki, bu il Türkiyə dövlət xətti ilə Azərbaycana yer verməyib, keçiriləcək iclasda bunun səbəbləri də aydınlaşdırılacaq.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva ödənişli təhsilin tərəfdarı olduğunu bildirib.
“Mən ödənişli təhsilin olmasına pis baxmıram. Bizdə  psixologiya var ki, təhsil ödənişlidir. Amma xaricdə valideyn əgər övladını ödənişli təhsildə oxudursa, bir o qədər övladından daha yaxşı oxumasını, davranmasını tələb edir”-deyə, millət vəkili qeyd edib.

K.Əliyeva deyib ki, Türkiyədə təhsil pulsuz olduqdan sonra azərbaycanlı tələbələrin oraya axını arta bilər. “Amma mən buna pis baxmıram. Xaricdə təhsilin nəyi pisdir ki? Belə bir qanun qəbul olunsa, yəni azərbaycanlılar da Türkiyədə pulsuz ali təhsil ala biləcəksə, bunun nəyi pisdir?!”, – deyə o, əlavə edib.

Sevinc İltifatqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar