Modern.az

Azərbaycanın dövlət universitetlərində ödənişli təhsil ləğv oluna bilər

Azərbaycanın dövlət universitetlərində ödənişli təhsil ləğv oluna bilər

4 Sentyabr 2012, 10:00

Millət vəkili: "Azərbaycan dövlət universitetlərində pullu təhsili ləğv etmək iqtidarındadır"

Bir müddət əvvəl Türkiyədə təhsil haqının ləğv olunması Azərbaycanın da dövlət müəssisələrində ödənişli təhsilin ləğv edilməsini gündəmə gətirdi. Uzun müddətdir qonşu Gürcüstanda da bəzi tələbələr illik təhsil ödənişindən azad olunublar. Belə ki, həmin ölkədə hərbi xidmət keçmiş gənclər qiyabi və ya əyani təhsil almağından asılı olmayaraq, ödənişdən azad olunublar. Amma qonşu Gürcüstan və Türkiyədən fərqli olaraq, Azərbaycanda ödənişli təhsil qalır. Baxmayaraq ki, Azərbaycan iqtisadi çəhətdən heç də adıçəkilən ölkələrdən geri qalmır. Bir vaxtlar Azərbaycan investisiya yatırılan ölkə idisə, artıq invesitisiya qoyan ölkəyə çevrilib.

Hələ vaxtilə mərhum dövlət başçısı Heydər Əliyev də dövlət ali məktəblərində ödənişli təhsilin müvəqqəti olduğunu söyləmişdi. Amma üstündən 18 il ötməsinə baxmayaraq, dövlət universitetlərində təhsil haqları azalmaq əvəzinə ildən-ilə daha da yüksəlir.    

Məsələyə münasibət bildirən millət vəkili Məlahət İbrahimqızı bu gün Azərbaycanda dövlət universitetlərinin ödənişli təhsili ləğv etmək iqtidarında olduğunu söylədi. Onun sözlərinə görə,  belə bir addım yaxın vaxtlarda gerçəkləşə bilər:

“Ümumiyyətlə təhsil hər bir dövlətin strateji sahəsidir. Hər hansı bir ölkənin səhiyyəsinin və digər sahələrinin yüksək səviyyəsi onun təhsilindən asılıdır. Deməli təhsil yaxşı olan yerdə,  səhiyyə də yaxşı olur, digər sahələr də. Ona görə də hər bir dövlətin vətəndaşına təhsil verilməlidir. Bu Konstitusiyada da öz əksini tapıb”.

Bir neçə il bundan  öncəyə kimi Azərbaycanda dövlət təhsil müəssisələrində ödənişli təhsilin olmasını normal hesab edən millət vəkilinin dediyinə görə, hələ ölkədə vəziyyət ağır olduğu vaxtlarda “Əsrin müqaviləsi” bağlansa da, bu müqavilənin ölkəyə  gəlir gətirmək imkanı yox idi:

“Azərbaycanda beş il bundan əvvəl də, indi də əsas gəlir mənbəyi təbii resurslar -  neft və qazdır. Həmin vaxt dövlət başçısı gözləyə bilməzdi ki, on ildən sonra neft, qaz gəlir verəcək və o gəlirdən sonra biz təhsilimizi düzəldəcəyik. Yadınızdadırsa,  on il bundan qabaq universitetlərin, orta məktəblərin tədris hissələri yox idi. Maddi-texniki bazası da sıfır vəziyyətində idi, bütün infrastruktur dağılmışdı. Həmin illərdə ödənişli təhsil sisteminə keçidlə bağlı qərarın qəbul olunması yerindəydi. Çünki vəziyyətdən çıxmaq lazım idi. Nəticədə ödənişli təhsilin sayəsində universitetlərin maddi-texniki bazası xeyli yaxşılaşdı və onlar zəruri ehtiyaclarını təmin etdilər”.

Bu gün ölkəmizin yardım alandan, yardım verən ölkəyə çevrildiyini deyən millət vəkilinin sözlərinə görə, Azərbaycan artıq Avropaya da investisiya qoyur.

“Son illər xaricdə təhsil alan tələbələrimiz üçün dövlət vəsaiti ayrılır. Azərbaycan tələbələri Türkiyə, Avropa, Amerikanın ən bahalı universitetlərində təhsil alırlar. Dövlət buna külli miqdarda pul xərcləyir. Belə olan halda Azərbaycanın dövlət müəssisələrində ödənişli əsaslarla  təhsil alan tələbələrin təhsil haqından azad olunmasının vaxtı çatıb. Mən elə gəlir ki, belə bir humanist qərar verməklə nə universitetlərimiz, nə dövlətimiz ciddi sıxıntı keçirəcək. Əksinə, belə bir addım xalq və millət üçün  böyük avantaj olacaq. Ona görə də hesab edirəm ki, dövlət müəssisələrində ödənişli təhsil yaxın zamanlarda gerçəkləşəcək”.

Gültəkin ƏLƏSGƏR  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür